Qadınlar və qızlar dünyası
Səhər saat 7-də xəlifənin nümayəndəsi Asəf Azərbaycandan gələn heyət ilə bərabər kənizlər və cariyələrin tərbiyəsi ilə məşğul olan və eyni zamanda kənizlər və cariyələr satmaqla məşhur olan Fənhas müəssisəsinə yola düşdülər. Fənhasın müəssisəsi “Bəndəfruş” bazarının şərq tərəfində düşən kiçik bir şəhərdən ibarət idi.
Qapını vurdular. Fənhas müəssisəsinin xidmətçilərindən Həyyan qapıya gəldi. Asəf xəlifənin fərmanını göstərib səyahətçilər gəldiyini xəbər verdi. Fənhasın nəvəsi Mərhəş cübbəsinin ətəklərini yerlə sürüyə-sürüyə qapıya gəldi, fərmana və fərman gətirənlərə baş əyib qonaqları içəri buraxdı.
Qonaqlar geniş və əlvan güllər əkilmiş həyətin axırına qədər gedəndən sonra qəsrin böyründəki böyük bir qapıdan içəri girdilər. Bura qul və kənizlərin ümumi göstəriş yeri idi.
Bura geniş, dəyirmi və üstüörtülü bir meydança şəklində idi. Dəyirmi binanın hər tərəfi kiçik otaqlardan ibarət idi ki, bunların sayıhesabı yox idi. Fənhas müəssisəsinin müdiri səyahətçilərə bu meydança və ətrafındakı otaqlar haqqında məlumat verərək deyirdi:
– Buranı Rəşid xəlifənin vaxtında rəhmətlik Fənhas tikdirmişdir. Buranın adına o zamanlar “Qadınlar və qızlar dünyası” deyirlərmiş. Ən adi zamanlarda burada iyirmi minə qədər kənizlər, cariyələr və qulamlar bəslənir və satış üçün tərbiyə olunurmuş. Hazırda isə yeddisəkkiz mindən artıq kəniz, qul və cariyəsi yoxdur. İndi buyurub otaqları və cariyələri tamaşa edə bilərsiniz, – dedi və səyahətçilərin qarşısına düşdü.
Meydançanın ətrafında cariyələrə, kənizlərə və uşaq ikən pul ilə alınan qullara tərbiyə vermək və ixtisas öyrətmək üçün müəssisədən maaş alan üç yüzə qədər müxtəlif ixtisas sahibi düzülüb səyahətçiləri salamlayırdı.
Meydançanı gedib başa çıxandan sonra birinci hücrəyə daxil oldular. Burada bir dəstə ağ irqdən qız var idi, yaşları çox az idi. Ən çox yaşda olanları on yaşdan artıq olmazdı. Bu qızlar təqribən tamamilə çılpaq idi. Onların önlərinə tutduqları bir parça bezdən başqa heç bir libasları yox idi.
Onların səyahətçilərdən qorxması, dəhşət və həyəcan göstərməsi səhra xalqlarından olduqlarını göstərirdi. Qıvrım saçlarının bir-birinə qarışması saçlarının daraq görmədiklərini bildirirdi. Lakin bu qızların çöhrələrində təbii bir gözəllik oxunurdu. Üzlərinin ağ və qırmızılığı, tər və təzəliyi bu bədbəxt gənclərin tamamilə sağlam olduqlarını göstərirdi. Gözlərinin görünüşü isə müxtəlif idi; bəzisi qara müşk rəngində, bəzisi mavi, bəzisi də alagözlü idi. Saçlarının rəngi də gözlərinin rəngi ilə həmahəng idi.
Qapı açılarkən, onlar səyahətçiləri gördülər. Vəhşi ahular ovçunu görən kimi hürküşməyə başladılar. Onların məsum gözlərindən qorxu süzülüb tökülürdü. Onlar qaçmaq üçün yer axtarırdılar. Nəhayət, səyahətçilərin gözlərinə görünməmək üçün biri digərinin arxasında gizlənməyə çalışırdı. Bəziləri isə üzlərinə baxılarkən, gözlərini qapayırdılar.
Fəxrəddin bu mənzərəni görərkən təəccüb etdi. Müəssisə müdirinin üzünə dərin bir diqqətlə baxdı. Müdir dərhal o baxışın mənasını anladı və dedi:
– Mənim ağam, bu vəhşiləri görürkən təəccüb etməyin. Sizin xəlifə saraylarında təsadüf etdiyiniz qəşəng kənizlər, oxuyan qızlar və xəlifənin diqqətini cəlb edən nadir və gözəl cariyələr, gözəl səslərilə Bağdad dünyasını silkələtdirənlərin hamısı əvvəlcə bu hücrədə gördüyünüz vəhşilər kimi idi. Onların hamısı əvvəlcə bu hücrəyə girməyə məcbur idilər. Mən sizi qəsdən bu otağa əvvəlcə gətirdim ki, siz Bağdadda gördüyünüz gözəllərin, oxuyub-çalanların üzərində nə qədər zəhmət çəkildiyini təyin edə biləsiniz.
Siz bu mənzərəni nəzərə aldığınız zaman, kənizlərin və bütün Şərqdə şöhrət qazanan gözəllərin ibtidai həyatını öyrənə bilərsiniz.
Bunların içərisindən elə qabiliyyətli və gözəl kənizlər çıxa biləcəkdir ki, Bağdad bazarında on min dirhəm qızıl qiymətinə satılacaqdır.
Həmin bu cür vəhşilərin içərisindən vaxtilə mərhum Fənhas Fəridə kimi dünya gözəlini hazırlayıb Bağdad saraylarına buraxmışdı. Fəridənin özü də əvvəlcə bunlar kimi vəhşi idi. Sizin fikrinizcə, vaxtilə bütün Bağdadın ruhunu yığıb öz əlində saxlayan Dürrətülbağdad anasından o şəkildəmi, o qabiliyyətdəmi doğulmuşdu? Dürrətülbağdadın özü də əvvəlcə həmin vəhşilər kimi olmuş və bu hücrədə yaşamışdır.
Fəxrəddin müəssisə müdirinə sual verdi:
– Bunları nə vasitə ilə ələ gətirirsiniz?
– Qul və kəniz alverçiləri Türküstanı, Rumu və sair vilayətləri dolanır, çox əziyyətlər çəkir, hətta bəzən ölümlə də üz-üzə durur, nəhayət, bunları ələ gətirirlər.
– Bunları nə vasitə ilə ailələrindən alırlar?
– Bəzilərini müharibə zamanı əsir götürüb satırlar, bəzilərini ata-analarından az bir para müqabilinə alırlar. Vergi hesabına alınanlar da vardır.
Fəxrəddin nifrətedici bir halda sual verdi:
– Məgər bunları ata-analarından ayırmağı günah bilmirsinizmi? Bunları uşaq ikən qürbət vilayətlərə sürməkdən utanmırlarmı?
Müəssisə müdiri bu suala gülə-gülə cavab verdi:
– Mənim ağam, nə üçün də utansınlar. Bir halda ki, bunlar üçün səadətli və rahat gələcək düzəltməyə çalışırlar, nə üçün də utanmaq!.. Çünki bu bədbəxtləri zillət və əziyyətin və vəhşiliyin əlindən alıb şəhərə gətirirlər, mədəni insanlar arasına girməyə hazırlayırlar. Onlar burada rahatlığa və asayişə çatırlar, adam olurlar. Bəzən onların nail olduğu rahət və səadətə Bağdadın şahzadələri və əyanları belə nail ola bilmirlər. Hərgah onların gözəllikləri ilə bərabər səsləri də olursa, səadətin ən uca dərəcəsinə çata bilirlər. Belələri ancaq əlli nəfərdən birisi ola bilər. Musiqi ixtiraçısı, şairlər və başqaları da bu vəhşi hesab etdiklərinizin cərgələrindən çıxır. Burada qızların ixtisas qabiliyyətləri yoxlanır, layiq olduqları ixtisaslara təhkim olunurlar. İndi bunların arasında hazırladığımız hər cür kənizləri görəcəksiniz.
Müdirin bu sözlərindən sonra Fəxrəddin dərin düşüncələrə dalaraq öz-özünə:
“Xudavənda, biz gör necə bir əsrdə yaşayırıq ki, bədbəxt insanlar səadət dünyasına əsirliyin içərisində əzilə-əzilə aparılır” – deyirdi.
Müəssisə müdiri səyahətçiləri başqa bir hücrəyə getirib qapını açdı. Orada qara rəngli, qıvrım tüklü və dodaqları sevirik uşaqlar var idi. Bunlar zəncilərdən və afrikalılardan ibarət idi. Bunlar əvvəlinci hücrədəki uşaqlardan daha vəhşi idilər. Müdir səyahətçilərin buradan da tez çıxmaq istədiklərini dərhal hiss etdi və dedi:
– Bunları qul alanlar çox müxtəsər bir qiymətə alırlar, yaxud da biyabanlardan özləri ovlayıb gətirirlər. Biz bunları alıb alçaq işlərə öyrədərik. Çöl işləri, həyətçilik, mehtərlik, tövləçilik və ağ kənizlərə xidmət eləmək kimi xidmətləri öyrədib sonra satarıq.
Müdir səyahətçiləri üçüncü otağa getirdi.
– Bu otaqdakılar bərbərilərdir. Bu qızları qul və kəniz alanlar Afrikadan alıb Bağdada gətirirlər. Məlumunuz olmalıdır ki, bunların əksəriyyəti cərimə, vergi və hərb təminatı müqabilində alınan qızlardır; çünki qəbilələr bir-birini məğlub etdiyi zaman ələ keçirdikləri qızları və oğlanları satırlar.
Başqa bir otaqda Kiçik Asiyadan gətirilən qızlar toplanmış idi. Bunları görmək Fəxrəddinin xoşuna gəlmədiyindən tez çıxıb başqa otağın qapısında dayandı.
Müdir onları ümumi bir otağa gətirərək dedi:
– Bunlar bəzəkçilik, lələlik, aşpazlıq, dərzilik öyrənmiş qızlardır. Bağdad xalqının bir çoxu buradakı qızlardan alıb özləri üçün qadınlığa qəbul edirlər. Olduqca tərbiyəli və namusları düzgün qızlardır.
Başqa bir otağa girdilər. Müdir izahat verərək dedi:
– Bu qızlar məzhəkəçilik və nədimlik öyrənmiş qızlardır. Bunlar ölüləri güldürməyə qadirdirlər. Bağdad kübarlarının hərəmxanalarında mütləq məzhəkəçi qızlardan olmalıdır. Bunların qiymətləri də böyükdür.
Fəxrəddin onların üzündə məzhəkəçiliyə və nədimliyə dair baxışlar oxuyurdu. Asəf səyahətçilərin yorulduğunu hiss edərək:
– Cavan və gözəl kənizlər olan otaqları göstərin, – dedi.
Buna görə də müdir bir neçə otaq keçdikdən sonra bir otağın qapısını açdırıb:
– Buyurun, – dedi.
Səyahətçilər içəri girdilər. Bu otaqdakılar on beş yaşından iyirmi yaşına qədər olan yetişmiş qızlar idi. Lakin onlar əvvəlki otaqda olanlar kimi qorxmurdular. Özlərini şən və məsrur göstərməyə çalışırdılar.
Onlar boyunlarında qiymətli boyunbağıları, qulaqlarında zümrüd sırğalar daşıyır və səyahətçilərin diqqət-nəzərini cəlb edirdilər.
Fəxrəddin nə qədər göz gəzdirdisə də Dilşadı orada görmədi. Otaqdan çıxmağa tələsirdi. Qızların səyahətçilərdən utanıb qızarması da gözəlliklərinə başqa bir gözəllik əlavə edirdi.
Fəxrəddinin nəzərini gözəl və şux bir qız cəlb etdi. Bu qızın fitnəli və əsrarəngiz gözləri var idi. Haman qız bütün səyahətçilərin qəlbini özünə məftun etmişdi.
Fəxrəddin qızı farsca çağırdı, lakin qız cavab vermədi, utandığından qolunu üzünə hayil etdi, müdir isə izahat verib dedi:
– Bu qızlar satılmaq üçün deyil, xəlifə üçün göndərilən qızlardır ki, burada tərbiyə veririk. Haman siz səslədiyiniz qız nə ərəb, nə də fars dillərini bilir, yavaş-yavaş öyrədirik, çünki qız azərbaycanlıdır.
Fəxrəddin daha danışmadı, qəlbində məqsədinə yaxınlaşdığını kəsdirib durdu. Müdir ziyarətçilərə tərəf dönərək:
– İndi sizə elə gözəllər göstərəcəyəm ki, əvvəl gördüklərinizi tamamilə unudacaqsınız, – deyə qapını açıb səyahətçiləri içəri buraxdı və:
– Bu kənizlər Bəsrə, Kufə və Şamdan gətirilən kənizlərdir. Bunların şirin ləhcələri, duzlu danışıqları, mütənasib əndamları və alıcı, xumar və mərğub gözləri vardır.
Fəxrəddin, önündə cənnət qapısı açıldığını hiss etdi. Qızlardan bəziləri qısa qamətli, bəziləri arıq, bəziləri kök idi. Lakin hamısı öz yerində gözəl və sevimli idi. Qızlar Şam və Bağdadın ən nəfis ipəklərindən paltar geymişdilər.
Sonra müdir səyahətçilərə tərifləyə-tərifləyə dedi:
– Sizə elə gözəl və kök bir kəniz göstərəcəyəm ki, başından böyük bir kuzə su töksən bədəninin bir tərəfini islatmaz. Bu qız gözəllik tarixində məşhur olan Təlhənin qızı Aişəni həm köklükdə, həm də gözəllikdə keçmişdir.
Müdir səyahətçiləri Bumi kənizlərin otağına getirdi.
– Görünür ki, ağaları yordum, indi bir az dincinizi almaq üçün şeir oxuyan və musiqi çalan kənizlər olan otağa buyurun, – dedi və zəngin xalılarla döşənmiş böyük bir otağın qapısını açdırdı. Otaqda ətraflarda yumşaq balışlardan ibarət bağlamalar qoyulub, bağlamaların qarşısında məxmər örtülü yumşaq döşəklərin üstündə, tükləri müşkdən daha qara olan ən gözəl qızlar oturmuşdu.
Qızlar alınlarına zərlə tikilmiş yaşıl və saçaqlı dəsmallar bağlamış, dəsmalların saçaqlarından qırmızı yaxut dənələri asılmışdı.
Onlar saçlarına zinət verməklə bərabər, özlərini Şərqin ən qiymətli ətirlərilə ətirləmişdilər.
Bu qızların içərisində ən gözəli qaragözlü bir qız idi. O, üzünü çevirəndə buxağının altı günəş kimi işıqlanırdı. Qızın o tərəf bu tərəfində iki başqa qız da oturmuşdu. Bunların hamısının libası bir qiymətdə, bir əndazədə və bir ölçüdə idi. Müdir aralıqda oturan qızı səslədi:
– Qalx, xəlifənin qonaqlarına salam ver, – deyincə, qız qalxdı, lakin kök olduğu üçün çox çətinliklə ayağa qalxdı. Ayağa qalxdığı zaman yaşıl ipək donunun ətəkləri ayağına dolaşırdı.
Müdir Fəxrəddinə müraciət edib dedi:
– Qurban olum, bu qızı danışdırın, çox xoşləhcə qızdır.
Fəxrəddin ona rəsm-təarif göstərincə, qız da ona səfa gəldin etdi. Fəxrəddin qızın haralı olduğunu soruşduqda, müdir:
– Bəsrədə böyümüşdür, lakin əslən gürcüstanlıdır. Bunu uşaq ikən almışıq. Əvvəlcə haman hücrədə gördüyünüz uşaqlar kimi idi, lakin huşyar, qabiliyyətli qız olduğunu gördüyümüz üçün Bəsrəyə göndərdik. Orada Quran, ədəbiyyat və şeir öyrəndi, sonra onu mənim yanıma gətirdilər. Səsinin xoşluğundan və ləhcəsinin şirinliyindən heyrətləndik. Hazırda bunun musiqi elmindəki məharəti bütün Bağdad oxuyanlarının arasında məşhurdur.
Fəxrəddin müdirə bir daha sual verdi:
– Onun özünün dediyi şerlərindən hazırda vardırmı?
– Vardır. Alnına çaldığı ipəyin üstünə zərlə tikdiyi öz şerləridir.
Qızın alnına baxdıqda ipək çalmanın üstündə ərəbcə bu şerləri gördülər:
Leysə hüsnülxəzab, zina ləkfi,
Hüsni kəfa zina likülli xəzab
Fəxrəddin bu şeirdən həddən artıq xoşlandı və müdirə dedi:
– Afərin olsun bu çalmanı ixtira edən və bu şeri yazan qıza!
Müdir dedi ki:
– Çalma qızın öz ixtirası deyil. Bunu Rəşid xəlifənin bacısı Aliyə xanım ixtira etmişdir. Zinət dünyada ancaq qadınlara minnətdardır.
Qızlar bu zaman divarın dibinə çəkilib öz gözəlliklərini aynada yoxlayırdılar.
Müdir qızları tərif edib dedi:
– Vaxtilə Əmirəlmöminin Rəşid xəlifə bu cür qızların birisini yüz min dinara alırdı.
Müdir otaqlarının bir çoxunun haqqında qapını açmadan məlumat verib keçirdi. Fəxrəddin isə bunların heç birisinə əhəmiyyət vermirdi. O ancaq Dilşadı axtarırdı. Nəhayət, müdir yenə sözə başlayıb dedi:
– Yaxın zamanda Bağdad dünyasına məşhur oxuyan, eyni zamanda misli görülməyən bir gözəl qədəm qoyacaqdır. O qız, Möhtəddinin tərbiyə üçün bura göndərdiyi Dilşad adlı bir qızdır.
Fəxrəddin Dilşada rast gəlmək istəmədi, çünki o, Dilşadın özünü ələ ala bilməyəcəyini və ağlamaqla sirləri açacağını yəqin edirdi. Buna görə də Dilşadla görüşməkdən vaz keçdi.
Müəssisə müdiri gözəl bir bağçalıqda səyahətçilər üçün yemək və şərbət hazırlamışdı, çünki naharın vaxtı keçirdi, Əmin qəsrinə qayıtmaq isə çox uzun çəkəcəkdi. Səyahətçilər müəssisə müdirinin verdiyi ziyafətdən olduqca məmnun qaldılar, çünki onlar vaxtlarını gözəl kənizlər, oxuyanlar və çalanlar ilə keçirdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-qadinlar-ve-qizlar-dunyasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vəliəhd və onun köməkçisi Nizamülmülk Təbrizə gəldikləri gündən alış-verişə başlamışdılar. Onlar yavaş-yavaş Azərbaycan şəhərlərinin hökumətlərini müəyyən paraya satırdılar. Lakin bu alışverişə çar konsulu imkan vermirdi. Mahal hakimləri tamamilə çarın sadiq nökərləri olduğu üçün onları dəyişdirmək və yerlərinə başqa adamlar təyin etmək mümkün deyildi.Bu məsələ Təbrizə gələn təzə hökumət təşkilatı ilə çar konsulu arasında ixtilafın mərkəzini təşkil edirdi. Bu barədə heç bir tərəf birbirinə güzəştə gedə bilmirdi. Çar hökuməti öz nökərlərini itirmək istəmir, vəliəhd hökuməti isə öz qazancını buraxa bilmirdi, çünki mahallara qubernatorlar göndərmək təzə hökumətin gəlir mənbəyi hesab olunurdu. Onlar mahalların varlı və böyük olmasına görə, ora göndəriləcək qubernatorlardan da qabaqcadan böyük pullar alırdılar. Bu adət məşrutədən əvvəl olduğu kimi, indi də davam edirdi...
QorxuTəbrizdə işləyən çar agentləri və casusları qorxuya düşmüşdü. Onlardan bir çoxu, hətta konsulun özü də elə bilirdi ki, Təbrizdə işləyən gizli təşkilatın işləri intibahnamə buraxmaq, məscid və ziyarətgahlardakı xalqın arasında təbliğat aparmaq və sairədən ibarətdir. Çar konsulu Rzabala və Rəfizadə kimilərin edam olunduqları zaman o qədər də düşünməmişdi, onlar bu edamlarin bir təşkilat tərəfindən yox, tək-tək şəxsiyyətlər tərəfindən düzəldiyinə inanırdılar. Lakin sərdar Rəşidin ölmü, çar konsulunun Təbrizdə çalışan gizli təşkilat haqqındakı fikrini tamamilə dəyişdirdi. Doğrudan da, o, bu əsrarəngiz şəhərdə «qorxulu və nadinc? adamların yaşadığını yəqin etdi.Sərdar Rəşidin ölümündən iki gün sonra konsul bütün konsulxana işçilərinə, tanınmış çar təbəələrinə və öz sadiq agentlərinə silah paylamış və onlara ehtiyatla dolanmağı tapşırmışdı.
Mahrunun toyuO, sözlü adama bənzəyirdi, göz qapaqlarını qaldırıb üzümə baxır, yenə də nəzərlərini dizlərinə çevirib sakit dururdu.Onun qəlbini öz sözünü deməkdən də qabaq bilirdim. Mahru xanım sərdar Rəşid öldürüldükdən sonra artıq onun evində və onun adı altında yaşamaq istəmirdi, çünki sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında təqsim etdikdən sonra orada Mahru üçün heç bir şey qalmırdı. Varislər evdə qiymətli şeylər, daş-qaş və nəqd pul tapmadıqlarından Mahruya acıqlanaraq ona öz əyin paltarlarını belə vermək istəmirdilər. İndiyə qədər bütün Təbrizdə sərdar Rəşidin bacısı kimi şöhrət tapan Mahrunun varislik məsələsi aralığa gəlirkən, sərdar Rəşidin atası aldığı ikinci arvadının yanınca gətirdiyi yetim bir qız olduğunu hər kəs eşitdi.
Knyaginya Osipova1915-ci ilin noyabrında vəziyyət qismən dəyişməyə başlamışdı. İngiltərə və Rusiya arasında İranın bitərəf qalması üçün lazım olan şərtlər müzakirə edilirdi. Rusiyanın xariciyyə naziri Sazanov Petroqraddakı ingilis səfirinə verdiyi xəbərdarlıq məktubunda belə yazmışdı:«İran dövləti dünya müharibəsində bizim mənfəətimizə bitərəf qalmaq üçün 1907-ci ildə Rusiya ilə İngiltərə arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb edir, lakin bu, qətiyyən ola bilməz”.
Стихи других поэтов
Batan günəşinson şüaları kimi
Məsnəvi: Ey cəfapişə ki ayini-vəfa bilməzsənEy cəfapişə ki ayini-vəfa bilməzsən,Rahi-birahə gedib qeyri cəfa bilməzsən
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Könlüm istərKönlüm istər bir yol salam,Yenə ellərdən-ellərə.