Cülus günü
Fəxrəddin xəlifənin cülus günü münasibəti ilə təşkil etdiyi ziyafətə daxil olduğu vaxt, hökmdarların oturduğu kürsülərə nə qədər göz gəzdirsə də, Toğrulu orada görə bilmədi. Toğrul Atabəy Məhəmməd Bağdada daxil olmadan qabaq, xəlifənin cülus gününü gözləməyərək Bağdaddan çıxmışdı.
Ziyafət geniş və böyük bir balkonda düzəldilmişdi. Onun böyüklüyünü qısa bir cümlə ilə təsvir etmək üçün “bu başda oturan adamlar o biri başda oturanların kim olduğunu tanıya bilmirdi”, – demək lazım gəlirdi. Balkonun yuxarı başındakı bir qədər yer boş idi, bura “hərim” deyirdilər. Balkonun baş tərəfində olan zənginlik və ora döşənən qiymətli xalçalar, qızıl ilə işlənmiş və fil sümüyündən qayrılmış taxt, burada xəlifənin oturacağını anladırdı. Taxt çox da uca deyildi, yalnız iki alçaq pillə ilə ona çıxmaq mümkün idi. Taxtın ətrafında ən zərif və qiymətli kürsülər qoyulmuşdu. Səndəllərin hamısına yumşaq və məxmər balışlar olduqca müntəzəm bir surətdə qoyulmuşdu. Balkondakı fərşlərin üzərində “ədim” adlanan uzun bir süfrə açılmışdı. Süfrənin o biri tərəfində ipəkdən toxunmuş başqa bir süfrə də var idi. Süfrənin üzərində tünklər, büllur və qızıl qablar, içi buzlu şərbətlə dolu rətllər qoyulmuşdu. Süfrədəki halvalar, mürəbbələr və sair yeməklər təsvirin xaricində idi. Balkonun fəzasını ətirli şərbətlərin, zəfəranlı yeməklərin qoxusu doldurmuşdu.
Xəlifə, ətrafında hökmdarlar, balkona daxil oldu. Balkondakı beş min nəfərin başı birdən əyildi.
Hökmdarlar xəlifəni taxtın qarşısına qədər müşayiət etdilər. Onun bir qolundan Atabəy Məhəmməd, o biri qolundan Səlahəddin Əyyubi yapışıb taxtın üstünə qaldırdılar.
Xəlifə taxtın üstündə oturduğu zaman balkonu gözdən keçirdi. Xəlifə bayrağı altında olaraq Şərqi idarə edən iyirmi səkkiz hökmdarın əllərini döşlərinə qoyub hüzurunda durduqlarını gördü. Bir neçə dəqiqədən sonra xəlifə sağa və sola işarə verdi. Qonaqlar yerə oturdular. Sonra da xəlifə taxtın sağ və soluna işarə edərək – əyləşin, – deyən kimi, on dörd hökmdar taxtın sağında, on dörd hökmdar isə taxtın solunda qoyulmuş bəzəkli və qiymətli kürsülərin üzərində oturdu.
Əvvəlcə əcnəbi məmləkətlərdən gələn hökmdar nümayəndələri xəlifənin cülus gününü təbrik etdilər. Xəlifə onların hər birisinə təktək cavab verib onlar üçün Allah dərgahından səadət və dövlət rica edəcəyini və duasını onların barəsində şamil edəcəyini vədə verdi. Qısa bir xütbə oxunduqdan sonra, müsəlman olmayan nümayəndələr qalxıb özləri üçün hazırlanmış salona keçdilər. Çünki peyğəmbərin xəlifələrə buraxdığı müqəddəs miras məclisə gətiriləcəyindən müsəlman olmayanların məclisdə oturması yaramazdı. Bir az keçəndən sonra qabaqca Bağdad qazısı, onun dalınca da ruhanilər ziyafət məclisinə daxil oldular. Bütün qonaqlar, hökmdarlar, hətta xəlifənin özü də ayağa qalxdı. Cülus rəsmi başlandı. Bağdad qazısı əlindəki ağ ipək boğçanı taxtın qarşısında sərilmiş xalçanın üzərinə qoyub açdı.
Qazı əvvəlcə peyğəmbərin əmmaməsini götürüb xəlifənin başına qoydu. Ziyafət məclisindəkilər bir səslə peyğəmbərə salavat göndərdilər.
Qazı əlini boğçaya aparıb ən adi bir qılınc götürüb xəlifənin belinə bağladı və üzünü məclisə çevirib:
– İnna fətəhna ləkə fəthən mübina, – dedi. Məclisdəkilər isə peyğəmbərə bir daha salavat göndərdilər. Qazı boğçadan peyğəmbərin əbasını da çıxarıb xəlifənin çiyninə saldı. Yenə də salavat səsləri ucaldı.
Qazı boğçadan peyğəmbərin əbasını da çıxarıb xəlifənin çiyninə saldı. Yenə də salavat səsləri ucaldı.
Qazı, Məhəmmədin əqiq üzüyünü götürüb xəlifənin barmağına taxdı və sonra kiçik bir qutunun içərisindən peyğəmbərin təsbehini götürüb öpdü və xəlifəyə verdi.
Xəlifə əllərini göy tərəfinə qaldırıb dua oxudu və Allaha şükür etdi, sonra peyğəmbərə salavat göndərib xəlifəliyini qəbul edib müsəlman xalqını sülh və müsalimat içərisində yaşadacağına və islamın qanunları dairəsində iş görəcəyinə and içdi.
Bu anda iyirmi səkkiz hökmdarın başı birdən xəlifənin önündə əyildi, onlar da xəlifənin göstərdiyi yol ilə rəftar edib, islam məmləkətlərini islam dini əmrləri əsasında idarə edəcəklərinə and içdilər.
Xəlifə taxtından enib getmək istəyərkən, hökmdarlar da onu müşayiət edərək məclisdən getdilər. Qonaqlar oturdular. Hökmdarlar süfrədə iştirak etmək üçün balkona qayıtmadılar. Məclisdən birisi uca səslə “bismillah!” – deyən kimi yenə də beş min baş birdən süfrəyə əyildi. Yüzlərcə gözəl cariyə əllərində əlvan yeməklər dolu xonçalar içəri daxil oldu, yemək-içmək sel-su kimi süfrənin üzərinə töküldü.
Fəxrəddin ancaq bu mənzərəni görəndən sonra Azərbaycan xalqının nə səbəbə ac qaldığını təyin etdi. İyirmi səkkiz hökumətin ancaq bir nəfəri idarə etmək üçün qarət olunduğunu təyin elədi.
Yedilər, içdilər, yenə də süfrə başından birisi “əlhəmdülillah!” – deyincə qonaqlar ağır nəfəs ala-ala başlarını süfrədən yuxarı qaldırdılar. Xonçalar götürüldü, yüzlərcə qız, əllərində qızıl aftaba-ləyənlər balkona daxil oldular. Təam duası oxundu. Əllər yuyuldu. Ondan da sonra təfrih salonuna keçdilər.
Müsəlman olmayan qonaqlar da burada iştirak edirdilər. Salonun yuxarı hissəsində taxt və taxtın yanında səndəllər qoyulduğundan xəlifənin özünün də, hökmdarlarının da bu məclisdə iştirak edəcəyi bəlli idi.
Xəlifə və hökmdarlar daxil oldular. Xəlifəni bu dəfə Xarəzm şahı ilə Hindistan elçisi taxta qaldırdı. Bir neçə saniyə keçəndən sonra salona indiyə qədər Fəxrəddinin görmədiyi iki gözəl qız daxil oldu. Qızların ikisi də bir-birinə oxşayırdı. Qızların qövsi qaşları və sehirli gözləri qaralırdı. Onlar əllərində dəvə quşunun qanadlarından ipəklə işlənmiş yelpik olaraq, xəlifənin taxtına tərəf irəliləyirdilər. Onlar taxtın dalısında qoyulan alçaq kürsülərin üstündə durub xəlifəyə yelpik çəkməyə başladılar. Qızlar hərdənbir əllərindəki ipək dəsmal ilə də xəlifənin üzünün tərini silirdilər. O çox tərləyirdi, şarab içdiyi çöhrəsindən bəlli idi.
Salonda oturanların hamısı bu qızların gözəlliyinə heyran qalmışdı. Bu qızların hər ikisi xəlifənin məşuqələri idi.
Bir azdan sonra məclisə bir dəstə gözəl qız daxil olub, elçilərin və hökmdarların başına yelpik çəkməyə və tərlərini silməyə başladılar.
Fəxrəddin fikir dəryasına qərq olmuşdu. O, bu qədər şöhrətpərəst və kənizpərəst xəlifənin paytaxtından qızları nə cürə qurtara biləcəyi barəsində düşünürdü. Hər halda o, xəlifəyə bu təklifi etməkdən həm qorxur, həm də xəcalət çəkirdi. Xüsusən Atabəy Məhəmməd də burada olduğundan Fəxrəddin məsələni açmağa cəsarət etmirdi.
Yüzlərcə zəfəran rəngində paltar geymiş oyunçu uşaq cürbəcür oyunlar çıxarıb xalqı güldürürdüsə də, bu oyunlar Fəxrəddini zərrə qədər məşğul etmirdi. Nəhayət, məzhəkə məclisi Fəxrəddinin fikirləri və kədərləri altında bitdi. Azərbaycan həyətinin üzvləri qalxıb getmək istədikdo, Atabəyin xüsusi pişxidməti gəlib Atabəyin nümayəndələri hüzura istədiyini xəbər verdi.
Atabəy üçün xəlifənin qəsrində mənzil hazırlanmışdı.
Atabəy heyət üzvlərini çox məhəbbətlə qəbul etdi. Xüsusən Fəxrəddinin əlini sıxıb dedi:
– İndi ki, zəhmət çəkib Azərbaycandan Bağdada gəlmisiniz, burada bir yaxşı ad qoyub getməyiniz məsləhətdir. Sabah ad qazanmaq günüdür. Xəlifənin hüzurunda çövkan və top oyunu təşkil ediləcəkdir. Azərbaycanlılar da orada iştirak etməlidirlər.
Heyət üzvlərinin hamısı gözünü döyürdü, lakin Fəxrəddin belə bir fürsəti çoxdan axtarırdı; o, ancaq bu vasitə ilə xəlifəyə yanaşa biləcəyinə ümid bəsləyirdi. Fəxrəddin Dürrətülbağdadın qonaqlığında xəlifə Müstərşidbillahın qızları Mütərra və Aliyə xanımlara çövkan oyununda iştirak edəcəyinə söz vermişdi.
Buna görə də Atabəy Məhəmmədə təzim edərək:
– Hərgah Atabəy həzrətləri icazə verərsə, mən iştirak edərəm, – dedi.
Atabəy Məhəmməd Fəxrəddinin bu sözündən şadlandı və:
– Elə isə mən sənin adını yazdıraram. Amma bilmirəm tanış olmayan bir atla oyuna çıxa biləcəksənmi? – dedikdə, Fəxrəddin:
– Özümlə bərabər gözəl Qarabağ atları gətirmişik, mən öz atımla iştirak edərəm, – dedi. Atabəyə baş endirib otaqdan çıxmaq istəyəndə Atabəy ondan soruşdu:
– At, Kür qırağında gördüyüm atdırmı?
– Bəli, haman atdır.
– Lakin onu da bilməlisən ki, təzə xəlifə at maraqlısıdır. Atın xoşuna gəlsə, onu səndən ala da bilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-culus-gunu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bugünkü iclasda xalça fabriklərində iş aparmaq məsələsi müzakirə edilirdi. Mən bütün küstar sənaye müəssisələrinin təşkili məsələsini də gündəlik müzakirə sırasına keçirdim.Bu vaxta qədər bizim xalça fabriklərindən başqa heç bir müəssisə ilə əlaqəmiz yox idi.
İraidanın həbsindən sonraSəhər saat 7-də qapımız vuruldu. Gələn Nina ilə sərdar Rəşidin kiçik xidmətçisi idi.Qapını açan kimi, Nina saxta bir təşvişlə dedi:
Məqsədə doğruMüharibənin yaxınlaşdığı şayiələr bir həqiqət olmuşdu. Osmanlı məmləkəti hüduduna göndərilən çar orduları sel kimi axıb gəlirdi. Amerika konsulxanasında bir məlumat olub-olmadığını bilmək üçün miss Hannanın evinə getməyim lazım idi.Xidmətçi qadın qapını açaraq məni evə buraxdıqda, miss Hanna stol başında oturub nə isə bir şey yazırdı. O məni görüncə yazdığı kağızı kitab altına soxub qalxdı. Mən gülümsünərək:
Hacı Səməd xanın sağ əli və sol əliBu gecə iş qurtarmalı idi. Mahmud xan ilə Qulusultan arasında yaradılan düşmənlik bir nəticə verməzsə, Tütünçüoğlu aldığı təlimat üzrə Mahmud xanı öldürməli idi.Mahmud xanla Qulusultan arasında çarpışmanın vücuda gələcəyi şübhəsiz idi, çünki onların hər ikisi anlaşa bilməyən dayaz və həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi.
Стихи других поэтов
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən