Qubernator Nakaşidze vuruldu
Страница 2 из 3 · 33%
Elan
«Əziz və hörmətli dostum cənab general-qubernator Nakaşidzenin faciənə ölümünü bütün dost və aşnalara kəmali təəssüflə xəbər verirəm. Mərhumun təziyə məclisinə gəlmək istəyən Bakı əhalisi, Hacı Zeynalabdin Tağıyevin Gorçakovski küçədəki evinə buyurmalıdırlar».
Hacı qəzetə elan göndərməmişdən əvvəl öz dostlarına telefonla bu barədə xəbər vermişdi. «Əziz dostlar» bir yerə toplandıqdan sonra Bakı üləmasının iştirakı ilə bir iclas çağırılması qərara alınmışdı.
Əlimərdan bəy Topçubaşev qələm, kağız götürüb yazmağa başladı. O ancaq Hacı göstərdiyi adamları yazırdı:
Axund Molla Yusif Talıbzadə.
Mir Məhəmməd Kərim-qazı.
Əlizadə.
Hadizadə...
Siyahı bitdikdən sonra, bunların hər birisinin adına xüsusi bir məktub göndərildi.
Məclisə çay gətirildi. Hacı stəkanını qarışdırarkən, fabrikdən nümayəndələr gəldiyini xəbər verdilər. Hacı üzünü yanındakılara çevirib dedi:
– Bu tərbiyəsizlərin nə üçün gəldiyini çox gözəl bilirəm.
Fəhlə nümayəndələri fabrik fəhlə və işçilərinin iyirmi dörd maddədən ibarət olan tələblərini gətirmişdilər.
Nümayəndələr çərkə ilə Hacının qabağında durmuşdular.
Hacı onlardan soruşdu:
– Oğlanlarım, nə üçün dəzgahınızı buraxıb gəlmisiniz?!
Hacının görmək belə istəmədiyi bir fəhlə irəliləyib dedi:
– Hacı, bizi sizin yanınıza fəhlələr göndərmişlər.
– Onlar nə istəyirlər? Hərkəs sizi cənab qubernatorun vəfatı münasibəti ilə mənə başsağlığı vermək üçün göndərmişlərsə, məndən onlara razılıq aparın, deyin ki, Hacı sizdən çox razıdır.
Nağıyev:
– Xeyr, — dedi, — fəhlələr bu barədə bizə heç bir söz deməmişlər.
– Bəs nə üçün göndəriblər?
– İşləmək mümkün deyil, yaşayış çox ağırdır!
– Məsələn, yaşayışın hansı tərəfi ağırdır?
– Hər tərəfi! Fabrikdə yaşamaq mümkün deyil.
– Nə üçün?
– Fəhlə kazarmaları çox çirklidir, darısqaldır. Bir kiçik kazarmada altmış fəhlə yerləşmişdir. Təmizliyə diqqət verilmir. Xəstəlik fəhlələri qırıb qurtarıbdır. Doktor yoxdur. Hacı özü bilir ki, az vaxtda fabrikin yanında böyük bir qəbristan düşmüşdür. Bunun özü göstərir ki, fabrik sahibi fəhlələrin salamatlığı ilə hesablaşmır. Fabrikdə bu qədər fəhlə üçün bir nəfər feldşer var, o da heç bir şey bacarmır. Xəstə fəhlələrin doktora getməyə pulu yoxdur. Buna görə də vaxtsız-vədəsiz ölürlər. Arvadlar üçün mama yoxdur. Bir həftə içində səkkiz qadın uşaq üstündə ölmüşdür. Mama olmadığı üçün onlar evarası mama gətirirlər. Beş nəfərlik, altı nəfərlik ailə kiçik bir otaqda yerləşibdir. Fabrikdə məktəb yoxdur. Bu qədər fəhlə uşağı gələcəkdə dilənçimi olacaqdır? Gərək buna Hacı da razı olmasın.
Havalar istiləşdikcə fabrikin havası xarablaşır. Çirkab suları küçələrə çıxır, qoxuyur; evlərin qabağından keçmək mümkün deyil; xəstəlik törəyir, yazıq fəhlə balaları qarışqa kimi tələf olurlar. Xüsusilə maaşların azlığı fəhlələrin salamatlığına pis təsir edir. Sizin fabrikdə açdırdığınız dükan fəhlələri açıqdan-açığa qarət edir. Yemək şeylərinin qiyməti özgə dükanlara nisbətən yarıbayarı bahadır. Ay başında əlimizə bir qara qəpik də vermirlər. Bir çoxları gələn ayın maaşını bu aydan yeməyə məcbur olur. Belə davam edərsə, fəhlələr buna tab gətirə bilməyəcəklər. Onlar acından qırılmaq istəmirlər.
Sizin fabrikdə iş günü başqa fabriklərə nisbətən bir saat uzundur, maaşlar isə başqalarına nisbətən otuz faiz azdır. Fəhlələr yarı ac, dilənçi kimi yaşayırlar. Fəhlələrin əmək qabiliyyətlərini itirməmələri üçün onların iqtisadi vəziyyəti yaxşılaşdırılmalıdır, çünki fəhlə layiqincə yemədikcə, layiqincə işləyə bilməz.
Bunları nəzərə alıb biz sizə vermək üçün fəhlələrin iyirmi dörd maddədən ibarət tələbnaməsini gətirmişik. Fəhlələr bu tələbnaməyə Hacıdan cavab gözləyirlər, lazımı cavab almasalar işi buraxmağa məcbur olacaqlar. Biz fabrikin müdiri Hacı Məmməd Hüseynə bu barədə müraciət etdik, amma heç bir nəticə əldə edilmədi. Axırda özümüz sizin yanınıza gəlməyə məcbur olduq.
Hacı gözlərini sildi. Əlini saqqalına çəkdi, fabrikdən gələnlərə dedi:
– Oturun, oğlanlarım! Müsəlman milləti erməni və başqaları kimi mədəni olsaydı, həmin bu günləri nəzərə alıb, Hacının yanına bu tələbnaməni gətirməzdi. Çox heyif olsun ki, bizimkilər bu cür müsibətli bir gündə öz qarınlarının həşirinə düşüblər, özgə millətlərdən ibrət götürmək istəmirlər. Siz bilirsiniz ki, bu gün nə günüdür?
Cəbi cavab verdi:
– Bu gün çaharşənbə axşamıdır.
– Çaharşənbə axşamı olduğunu mən də bilirəm. Mən soruşuram ki, bu gün necə bir gündür? Bu gün müsəlman millətinin nin ikinci aşurasıdır. Bu gün Nakaşidze kimi kişinin öldürüblər. Bu ölümün səbəbini bilməyən adamın milli namusu, milli düşüncəsi yoxdur. Siz bilirsiniz ki, bu kişi sizin yolunuzda qurban oldu? Mən indi başımı itirmişəm, heç bilmirəm ki, müsəlmanlar nə cür Bakıda baş saxlaya biləcəklər. Heç bilmirəm ki, biz bu rəhmətlikdən sonra kimə arxalana biləcəyik, siz də bir tərəfdən tələbnamənizi gətirib, məni xırda işlərlə məşğul etmək istəyirsiniz. Siz bilirsiniz ki, mən müsəlman millətinin tərəfdarı olduğum üçün yetmiş iki millət əzmini cəzm eləyib, məni yerimdən qoparmaq istəyir? Bunun səbəbi nədir? Səbəbi budur ki, məni dağıda bilsələr, müsəlman millətini birçə ildə yerdən götürə bilərlər. Mənim qeyrətim bunu qəbul etmir. Nə qədər canım sağdır, müsəlmanların başından bir tük çəkilməsinə razı olmayacağam! Müsəlmanların zəlil olmasına imkan verməyəcəyəm! Bu dövləti bir qəpiyə qədər müsəlmanların yolunda xərcləyib qurtaracağam. Nə qədər ki, Hacı Zeynalabdinin nəfəsi gəlir, müsəlmanların gözünü püfləməyə heç kəsdə cürət olmayacaqdır. Mən olmasaydım, xariçilər çoxdan müsəlmanları ayaqları altına almışdılar. Fabriki nə üçün açdım? Səbəbini bilmirsinizmi? Fabriki ondan ötrü açdım ki, müsəlmanlar gedib xariçi məzhəblərə boyun əyməsinlər, onların özünün fabriki, zavodu olsun. Siz də gərək çalışasınız ki, bu cür zavodların, fabriklərin sayı gündən-günə artıq olsun. Onda xariçilər gəlib sizə boyun əyər və sizin fabriklərinizdə, zavodlarınızda işləməyə möhtac olarlar. Heyif olsun ki, siz də xariçilərə qoşulub məni yerdən götürməyə çalışırsınız. Heç sözüm yoxdur, gedin fabriki yandırın. Gəlib bu evləri də, pasajı da, bankı da yandırın görək mənim cibimdən nə gedir? Heç zad! Çünki bu var-dövlət mənim deyil, müsəlman millətinindir. Mən bu var-dövləti müsəlman millətinin yaman günü üçün saxlamışam. Bu var-dövlət, bu cahı-cəlal fəhlələrin iftixarıdır. Mən də sizin kimi bir fəhlə babayam: bir əynimdir, bir də qarnım. Fəhlələr bilsələr ki, fabrik nə qədər zərər verir, heç də danışmazlar. Mən evlərin, passajın, balıq vətəkəsinin, bankın və Yevlaxdakı əlli min desyatin torpağın gəlirini fabrikin üstünə qoyuram ki, müsəlman fəhlələrinin başı xariçilər yanında aşağı olmasın, onlar deməsinlər ki, on minlərcə müsəlman bir fabriki saxlaya bilmədi. Gərək müsəlman fəhlələri o dinsiz, o babı bolşeviklərin sözünə baxmasınlar. Onların rus olanları dinsizdir, müsəlmanları da babıdır. Onlar müsəlman dininin, malının, canının düşmənidir. Neçə ki, deyirəm, eləcə də gedib fəhlələrə xəbər aparın. Mən şapalaq ilə üz qızardıram, xariçilər elə bilirlər ki, Hacının qızılı daşır. Qoy elə də bilsinlər! Bu, müsəlmanın başının ucalığıdır. Gərək fəhlələr də öz işlərini, əyiblərini açıb xariçilərin qabağına tökməsinlər. Xariçilər doğrudan da məni özlərindən varlı bilirlər. O ki, qaldı bu tələbnamə, — mən bunların hamısını bir-bir yerinə yetirəcəyəm. Mən fabriki necə ki, dedim, qazanc etmək üçün açmamışam. Mənə «millətin babası» adını müsəlmanlar deyil, xariçilər qoymuşlar, çünki mən müsəlmanları qanadımın altına alıb, onların yolunda da çalışıram. Mən bu vəzifəni lazımınca yerinə yetirmişəm, yenə də yetirəcəyəm.
Nümayəndələr Hacının sözünə çox diqqətlə qulaq verirdilər. Hacı sözünü bitirdikdən sonra, nümayəndələrdən biri dedi:
– Hacı, siz buyuran sözlərin heç birisinə etiraz etmirik. Eybi nədir, qoyun belə olsun. Ancaq bu sözləri fəhlələrə xəbər verməklə fəhlənin halı yünkülləşmir. Onlar neçə ki, indi yaşayırlar, daha belə yaşamağa gücləri yoxdur. Biz onların yazılı tələbnamələrini sizə tapşırıb gedirik. Onlar bu tələbnamənin cavabını sabah saat on ikiyə qədər gözləyəcəklər. Cavab göndərilməsə və kifayətverici razılıq əmələ gəlməsə, fabrik tətil edəcəkdir.
Nümayəndələr getdilər. Hacının məclisində olanlar bu hadisədən çox heyrətləndilər. Onlar Hacının uzun danışıqlarının təsirsiz qalmayacağına, fəhlə nümayəndələrinin sakit olacağına ümid edirdilər.
Hacı Zeynalabdin yanındakılara tərəf dönüb dedi:
– Gördünüz ki?! Bunlar haman adamlardır ki, vaxtı ilə öküz kimi başlarını aşağı salıb işləyirdilər. İndi bunlar rus və erməni fəhlələrindən də həyasız olublar. Bunları qudurdan bolşeviklərdir. Nə fayda, rəhmətlik general çox yaşamadı! Onun özü mənə demişdi ki: «Fəhlələrin beyninin qapağını götürüb onun içindəki mürdar fikirləri dağıdacağam». İnşallah, sağlıq olar, gec-tez onun bu fikri həyata keçər.
Hacı cənazənin nə zaman qaldırılacağını öyrəndikdən sonra telefonoqramma yazdırdı: birisini toxucu fabrikinə, o birisini də qız məktəbinə göndərdi. Sonra dəstəyi götürüb Hacı Məmmədi telefona çağırdı:
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-qubernator-nakasidze-vuruldu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İranda Müşirüddövlə kabinəsinin yıxılması, Rzaxan diktaturasının məhkəmlənməsi səbəbilə şah yenə də Avropa səfərinə hazırlaşır.*Gülməz bu üzüm doğrusu İrana gələndə,
Balaca felyetonNəcəf şəhərindən Tehrana xəbər verirlər ki, burada bir nəfər molla qəribə bir makinə icad eyləmişdir. Makinəyə barmaq ilə hərəkət verəndə içindəki havaya qalxır. (İran qəzetlərindən)*Ağalardan birisi dün gecə idrarə çıxıb
Hindistanda vəba– Pəncab şəhərində əlli minə qədər insan vəba və taundan tələf olmuşsa da, ingilislər bir tədbir görmək istəməyir.*Nə qədər öldürə hind əhlini taun, vəba,
Yeni dövranMüttəfiq Şuralar cümhuriyyətlərini İngiltərə hökuməti təsdiq etdi. Buna görə də ağ qvardiyaçılarda həyəcan başlanmışdır.*Eyvah ki, bimərhəmət olmuş yeni dövran
Стихи других поэтов
Sahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
Ay ağalar, bir nigarın odunaAy ağalar, bir nigarın oduna,Dəli könlüm yana-yana düşübdür.
Hər nəfəs gündin yədi-beyza edər izhar sübhHər nəfəs gündin yədi-beyza edər izhar sübh,Belədür dəvayi-ecaz etsə Musavar sübh.
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,