Страница 3 из 5 · 40%

Mən darıxırdım, bir yerdə otura bilmirdim, durub salonda dolaşmaq istədim, polkovnik Smirnov da sərdar Rəşidin söhbətindən doyub ayağa qalxdı, mənə qoşuldu, söhbət etməyə başladıq.

– Doğrudan da, Şərqiniz əsrarəngiz Şərqdir, gözəl Şərqdir. Mən şairlərin, yazıçıların cənnət deyə yazdığı bir çox ölkələri gəzmişəm, lakin yazılarda, şeirlərdə tərif edilən cənnətlə həyatda gördüyüm cənnət arasında bir münasibət olmadığını təyin etmişəm. Bəzən yazıçılar kiçik bir hissiyyata qapılaraq, dünyanın nifrət etdiyi bir ölkəni cənnət yapmağı bacarmışlar. Lakin Şərq haqqındakı yazıların, şeirlərin tamamilə əksinə yazıldığını bir daha Təbrizdə təcrübədən keçirdim. Bura cənnətdən artıq sevgilər, məhəbbətlər ölkəsidir, yazıçılar isə buranı başqa şəkildə göstərmişdir. Mən çox yerlər gəzmişəm, Almaniya səfarətində attaşe müavini, isveçdə attaşelik vəzifəsini daşımışam. Peterburqda əlahəzrət imperatorun xasə alayında komandanlıq vəzifəsində bulunmuşam. Peterburqun bütün kübar ailələrinə yolum olmuşdur. Lakin Təbrizdə gördüyümü heç bir yerdə görməmişəm. Təbrizdə sevdiyimi də heç bir ölkədə, hətta bütün ömrümdə sevə bilməmişəm.

Polkovnik bu sözləri deyib, düşünməyə başladı.

Mən onu danışdırmaq və Mahru xanımla nə vasitə ilə tanış olduğunu öyrənmək istədiyimdən:

– Sevmişsiniz? – deyə soruşdum.

– Mən ömrümdə sevməmişdim, lakin sevilmişdim. Gözəl gənc idim, məni sevənləri təhqir edər və gülərdim, bu uyğunsuz hərəkətlərimə 18 yaşımdan başlamışdım. Mənə öz eşqini elan edənləri, ağlayanları yamsılardım. Peterburqda bir qızı, hətta birinci gözəl sayılan qızı bir həftədən artıq sevməz və görüşməzdim, çünki artıq başqa bir qızın məhəbbəti ilə məşğul olardım. Mən qadın və qız fikrini müvəqqəti bir fikir sayar, nədənsə onları özümdən uzaqlaşdırmağa çalışardım. Odur ki, atamın-anamın təkidinə baxmayaraq, yaşım otuz beşə varıncaya qədər evlənmədim. Mənim düşüncələrim boşa çıxdı, nəticədə mən sevdim, hətta başqalarının sevə bilmədiyi bir şiddətlə sevdim. Sanki mənim taleyim İran inqilabı kitabında yazılmışdı, sanki keçirdiyim həyat və yaşadığım mühit bir ilan olub arxama düşmüşdü, mən onun əlindən qurtarmaq üçün Şərqə qaçmalı idim. Mən Şərqə gedərkən bir canavarın qoynuna girdiyimi hiss edirdim. Lakin iş tamamilə bunun əksinə idi, gözəl Şərqin qoynuna bir canavar kimi girirdim. Mən də başqa silah arkadaşlarım kimi Şərqi əzməyə, didməyə girirdim, belə də əmr olunmuşdu: «vəhşilər mərhəmət sevməz, onlara kötək lazımdır», – deyə bizə əmr verilmişdi. Biz Şərqdə canavarlığın son dərəcəsinə qədər varıb çıxdıq: mən yoldaşların etdiyi həyasızlıqları arxada buraxıb daha artıq fənalıqlar yapdım, hətta bir köpəyin xatirinə qoca bir şərqlinin başını da dağıtdım.

Polkovnik bunu deyərkən əti çimçəşdi, vücudu titrədi. Mən indi Smirnovu tanıdım. Mərənddə qatığı qabı ilə baqqalın başına vuran bu idi.

– Əfv edərsiniz, – dedim. – Sevimli köpəyiniz qalırmı?

– Xeyr, daha o köpək yoxdur, – deyə, o mənim üzümə baxdı və köpəyini haradan tanıdığımı soruşdu.

Mən Təbrizə gəlirkən şahid olduğum səhnəni ona nəql etdim.

– O köpək daha yoxdur. Sevgilim köpək sevmədiyi üçün vurub öldürdüm, – deyə polkovnik əlimi sıxdı. – Siz bir şərqli olduğunuz üçün məni əfv ediniz. Artıq mən Şərqin düşməni deyil, dostuyam! Mənim burada sevmədiyim heç bir şey yoxdur, çünki mənim sevgilim şərqlidir. Hər kəsə baxarsam, onun gözünü, onun çöhrəsini, onun varlığını görürəm, eşitdiklərim də onun səsini xatırladır. Mənçə, sevgilim də bu xüsusiyyəti daşıyır, çünki o da məni sevir.

– Siz Mahru xanım ilə tanış olarkən çoxmu əziyyət çəkdiniz?

– Xeyr, çox asan bir surətdə tanış olduq. Mən sərdarın yaxın tanışlarındanam, bu tanışlıq vəzifəmlə də əlaqədardı, biz cənab konsulun evində tanış olmuşuq. Biz öz silah arkadaşlarımızla, hətta onların qadınları ilə birlikdə sərdarın verdiyi ziyafətlərdə iştirak etmişik. Mən Mahrunu bir neçə kərə uzaqdan görmüşdüm, onun mənə görünmək istədiyini hiss edirdim. Günlərin birində bizim kiçik zabitlərdən Semyonovun ad günü idi, onun ziyafətində idik. Arvadı Olqa söz arasında:

– Siz indi şərqlisiniz. Çünki Şərqin gözəl bir qızı sizi sevmişdir, – dedi.

Mən çox təəccüb etdim və – o gözəl qız kimdir? – deyə soruşdum.

– O qız sərdar Rəşidin bacısı Mahru xanımdır, – dedi.

Bu sözdən mən həyəcana düşərək:

– Rica edirəm, bunu bir yerdə söyləməyin, sərdar Rəşidin qulağına yetişərsə, tanışlığımıza toxunar, onun məhəbbətini itirərəm, – deyə yalvardım. Sonralar rəsm-keçidlərdə, məşqlərdə, Şahzadə bağının ətrafına toplanan Təbriz qadınlarının içərisində uzunboylu bir qız görürdüm. Nədənsə, bu qız bütün qadınlardan seçilirdi. Onu tez-tez, hətta tək halda da görürdüm. Qız sanki mənim Şahzadə bağından çıxdığım vaxtı bilirmiş, çünki həmişə qızı öz yolumun kənarında görürdüm. Mən konsulxanaya, yaxud general yaşadığı yerə gedərkən qız da mənim kölgəm kimi gah dalımca, gah da yanımca gəlirdi. Doğrusu, mən bu qızdan şübhələnirdim – bura Şərqdir, sirlərin, tilsimlərin, caduların, hiylələrin Şərqidir, deyirdim, bu qız kimdir? Bəlkə də, bu qızı çar siyasəti ilə rəqabət aparan ikinci bir dövlət öyrədib göndərmişdir? Bəlkə də, bununla dinçi Şərqdə ruslara qarşı namus və din üsyanı düzəltmək istəyirlər, – düşünürdüm ki, bu düşüncə də məni əzir və yorurdu. Düşüncə getdikcə artırdı, çünki qız çox tez-tez gözümə dəyirdi. Bu barədə heç kəsə bir söz deyə bilmirdim, qızı o tərəflərdən rədd etmək üçün heç bir vasitə tapa bilmirdim. Mən o qızı təzə ipək çarşabda görürkən qara bir kabusu görən kimi titrəyir və əqlimi şaşırırdım. O qızı uzaqdan görürkən addımlarımın sürətini artırır, ondan uzaqlaşmaq istəyirdim. Lakin qız da sürətini artırır və məni gözdən buraxmırdı. Mən dəli olmaq dərəcəsinə gəlirdim, çünki bu vəziyyət çox uzun çəkmişdi. Günlərin birində konsulxanada çağırılmış iclas çox uzun çəkdi. Mən sevinirdim, bəlkə də, qaranlıq olduğu üçün qadına «təsadüf etməyəcəyəm» – düşünürdüm. Çünki bunun əlindən qurtara biləcək bir vasitə tapa bilmirdim, hətta mən bir gün öz soldatlarım vasitəsilə qadını oğurlayıb məhv etdirmək və beləliklə də, xilas olmaq yolunu düşünürdüm. Başqa çarə yox idi, bu iş bu gün də olmasa, yarın həyata keçəcək idi. Konsulxanadan çıxdım. Heç kəsi görmədim. Şahzadə bağına qədər təsadüf etdiyim qadınların içərisində onu görməyərək sevindim. Lakin bağa yetişərkən dar bir döngədə durub məni gözlədiyini gördüm. Quruyub qaldım, nə geriyə dönmək, nə də irəli getməyi bacarmadım, onun qarşısından keçməyə məcbur idim. Geriyə dönə bilməzdim, alaydakı vəzifəmin vaxtı yaxın idi. O mənə anlamadığım bəzi sözləri deyirdi. Onun səsində də bir cadu və əfsun hiss edərək şaşırmışdım. Küçə qaranlıqlaşırdı. Azançı minarədə son sözlərini deyib bitirmək üzrə idi, cənnətə bənzəyən Şərq evləri də xam kərpicdən qayırılmış palçıq divarların çirkin qoynuna girib uyumaq istəyirdi. Şərqin dar və keçilməz küçəsində idim, qarşımdakı qaraltı axşam qaranlığına qarışaraq böyüməkdə idi. Fənər yox, lampa yox, işıq namınə bir şey varsa, o da uzaqdan görünən Şahzadə bağının fənəri idi. Mənim taleyimə gülən axşam ulduzları, bir də çarşabın altından parıldayan iki məchul və füsunkar gözdən ibarət idi. Qara çarşablı qadın yenə də bəzi sözlər deyərək, mənə yaxınlaşmağa başlarkən mən qışqıraraq qılıncımı çəkdim, onu vurmaq istədikdə onun çarşabı üzündə tutan əlləri dəhşətindən yanlarına düşdüyü üçün üzü açıldı, mən ömrümdə görmədiyim bir çöhrə gördüm. Onun iki qılınca bənzəyən qaşlarını görürkən öz qılıncımı yerinə necə taxdığımı da bilmədim. Bütün həyatımda gördüyüm gözəlləri bir anda xatırladım, lakin onlar buna, bu da onlara oxşamırdı. Onlara qarşı nifrətim, qarşımda duran əsrarəngiz qıza isə məhəbbətim artırdı. Mən indi kitablarda oxuduğum Şərq gözəlini, hərəmləri bəzəyən bu canlı zinətləri həyatda görür və ona inanırdım. Qız bir neçə söz daha dedi, məndən bir cavab almadığından qaranlığın qoynuna girərək gözümdən uzaqlaşmağa, hətta məğrur addımlarla getməyə başladı. Mən uzun bir müddət o qızı görmədim. Görünüşündən qorxduğum bu qızı bir daha görmək üçün çox gəzdim, hətta ümidim gəlməyən, Təbrizdə olduğum müddətdə gəzmədiyim küçələri də gəzib qızı axtardım, görə bilmədim. Mən onu sevməyə başlayırdım, bu duyğum get-gedə artırdı, onun çöhrəsini təxmini olsa da, xatırlayırdım, alovlu gözlərini unuda bilmirdim. Uzun bir müddət keçdi. Novruz bayramı idi, arkadaşlarımızla sərdar Rəşidin görüşünə gəldik. Paltolarımızı haman bu eyvanda asmışdıq. Gedərkən paltolarımızı geydikdə mən cibimdə bir məktub gördüm, küçədə onu açdım, məktub rusca olmadığından oxuya bilmədim. Bağa gəldikdə alayın podratçısını çağırıb məktubu oxutdum. Məktubda belə yazılmışdı:

«Şərq qadınları kişilərdən qaçırsa, Qərb kişiləri qadınlardan qaçırlar. Mən sizi aylardan bəri axtarıb bir söz demək istədim, siz isə məni öldürmək istədiniz. Sevgiyə qarşı qılıncla müqabilə etdiniz. Mən sizi sevirəm. Buna müsbət cavab vermək istəsəniz, qardaşım sərdar Rəşid ilə danışmalısınız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XXV. Bolşeviklər Həştərxana gedir

«Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam.Petrov

5 мин
XXVI. «Üçüncü Bahadır şah»

Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.

5 мин
XXVII. «General Denster-Vil gəlir»

İngilislərin Bakıdakı müvəffəqiyyətsizliyi onları Bakıya dəvət edən Mərkəzi Kaspi Diktaturasının fəaliyyətsizliyi, türklərin Bakını işğal etmək fikrindən vaz keçmələri, Londonda olduqca pis təsir bağışladı.Ənzəlidə oturub Bakının vəziyyəti ilə məşğul olan və Bakıdakı ingilislərə rəhbərlik edən Denster-Vil, Bakı məsələsinin bir neçə günə həll olunacağını bilməmiş deyildi. Çünki ingilislər Bakıya gəldikləri gündən bəri vəziyyəti dəyişə bilməmişdilər. Onlar hələ yerli qoşunu təşkil etməmiş, türklərin Bakıya hücum üçün başladıqları hazırlıq bitmişdi.

6 мин
XXVIII. Cəbhədə

Ayın 15-də gecə saat birdən başlayaraq Palçıq vulkanı ətrafında sakitlik bərpa edilmişdi. Türk səngərlərindən bir dənə də güllə atılmırdı. Bu sükut, birinci mövqedə yerləşmiş ingilislərə geniş nəfəs almaq imkanı verirdi.Bahadır xan gecə rahat yatmışdı. O, səhər saat səkkiz tamamda yuxudan qalxıb çayını içmədən Leyla xanıma məktub yazmağa başladı:

10 мин

Стихи других поэтов