Страница 3 из 4 · 50%

Mən bu cinayətləri həyata keçirdiyim zaman heç də qorxmurdum. Çünki bu cinayətləri həmişəlik bir səadətin müjdəsilə həyata keçirirdim. Mən istəyirdim Azərbaycanda qəhrəmanlıq möhrü Fəxrəddinin adına yox, sənin adına vurulsun.

Mən səni bir qəhrəman kimi deyil, bir mələkənin möhtərəm əri kimi dünyaya tanıtdırmaq istəyirdim. Mən istəyirdim ki, minlərcə fəxrəddinlər sənin qarşında diz çökub əmrini gözləsinlər, əcəba sən nəyi düşünürsən?!

Hüsaməddin bu sözlərə çox böyük əhəmiyyət verirdi. Çünki Qətibə onu acı təhdid qarşısında qoyur, həm də şirin vədlərlə yüksəklərə qaldırırdı. Buna görə də qəlbini əhatə edən dəhşətlər qismən azalırdı, onun nəzərində Qətibənin verdiyi hər bir vədə gözəl və nəşəli tablolar kimi canlanırdı. Doğrudan da Hüsaməddin bir neçə gündən sonra həyatın tamamilə dəyişəcəyini zənn edirdi.

Bu fikirlərin təsirində də Hüsaməddin cavab verdi: – Məni heç bir təhlükə qorxuda bilməz, məni qorxudan bir məsələ varsa, o da səni Toğrul kimi bir alçağın qolları arasında görməkdən ibarətdir. Mən o dodaqları bir keflinin dişləri arasında görə bilməyəcəyəm, o, mənim şərəf və vicdanım üçün bir cəhənnəm əzabıdır. Buna inan, mələkə!

Mən Şərqin ən qiymətli bir gülünü qoxulamaq üçün, Şərqin iki böyük hökmdarını həyat səhnəsindən qopartdım. Lakin indi...

Qətibə onun sözünü yarıda kəsərək:

– İki böyük hökmdarı məhv edən bir adam, üçüncüsünü də məhv edə bilər, – dedikdə Hüsaməddin də:

– Bəli, məhv edə bilərəm. – dedi.

Qətibə bir daha onun dodaqlarından öpərək:

– Toğrulu öz səadətin xatirəsinə məhv edəcək, Nizami ilə Fəxrəddini isə mənim xatirimə öldürəcəksən.


Günəş həməl bürcünə yaxınlaşdığı dəqiqədə Sultan Toğrulun qapısında vurulan kərənayxanə novruz bayramı mərasiminin başlandığını xəbər verdi. Səhərin ruzigarı Gülüstana əsdiyi zaman, çəmənlər donunu dəyişir və həməl bürcündə isə günəşin qırmızı ələmini qaldırırdılar.

Şadlığın gəlini saçlarını daramaqda, bülbül isə güllərin minbərində oturub bahar büsatının şənliyinə həsr etdiyi bəstələrini oxuyurdu.

Bahar yeli bağa girən kimi, şaxələrin ağ ipəyə bürünmüş gəlinləri ilə öpüşür və onları təbrik edirdi.

Çəmənin qızları Süleymani büsatın üzərində rəqs etmək üçün büdqeys gülünün dalınca elçi göndərirdi.

Baharın ilk sultanı qızıl taxtının üzərinə cülus etdiyi zaman, bənövşələr təzim rəsmini yerinə yetirmək üçün boyunlarını çiyinlərinə qoyub durmuşdu.

Süsən gülü ağzını açaraq bahar sultanına yazdığı şeirlərini oxumağa başladı. Sünbüllər isə səhər ruzigarının tərənnümləri altında saçlarını dalına tökub rəqs etməyə həvəslənirdi.

Serv ağacı yaz paltarını geydiyi və əlini əlinin üstündə qoyub bahar sultanının qarşısında qamətini çəkib durduğu zaman, qönçələr də gülüstan məclisinin saqiləri kimi piyalələri doldurmağa, yasəmənlər isə saçlarını üzünə töküb sərxoşluğa başlayırdı.

Lalələrin ağzından “İçin! Nuş olsun!” səsləri eşidildiyi zaman, nərgiz gülü də özündə dərin bir xumarlıq hiss edərək başını süsənbərinin çiyninə söykəmişdi.

Novruz bayramı mərasiminin başlanması üçün aralıqda su ilə dolu olan qızıl teştə salınan balıq hələ arxası üstünə çönməmişdi. Zəfəran üzərinə oxunacaq və sonra qızıl teştin suyuna qarışdırılacaq qırx yasin oxunub qurtarmamışdı.

Baş ruhani zəfəran suyu ilə yazdığı bərəkət duasını yazıb bitirməmişdi.

Nəhayət, “balıq arxası üstünə çöndü”, qırx yasin oxunub qurtardı, bərəkət duası zəfəran suyu ilə yazılıb bitdi, təcili surətdə kərənayxanaya xəbər verildi. Təbil və şeypur səsləri ilin təhvil olduğunu Təbriz xalqına bildirdi.

Salamlıq rəsmi başlandı. Şəhərin əyan və nücəbası, sərkərdələr və yüksək vəzifədə olanlar dəstə-dəstə hökumət dairəsinə gəlib Sultan Toğrulu salamladılar, sonra da padşahın vəkil etdiyi müəyyən adamlar və müəyyən siyahı üzrə seçilmiş adamlar novruz ziyafətini keçirmək üçün salona dəvət olundu. Salona daxil olanlar bir-birinin əlini sıxıb, sonra da öz barmaqlarını alnına və dodaqlarına qoyaraq:

“Əyyamüküm Səidə!” – deyərək özlərinə məxsus yerlərdə oturdular.

Sultan Toğrulun sağ tərəfində Qütlüğ İnanc, sol tərəfində isə Zəhir Bəlxi oturmuşdu.

Toğrulun işarəsilə Həmədan qazısı ayağa qalxıb Sultan Toğrulun Qətibə ilə izdivac edəcəyini elan etdi:

“Məmləkət və dövlətin rifah və səadəti ay ilə günəşin birləşməsini tələb edirdi. Odur ki, bu gün əlahəzrət Sultan Toğrul ilə əlahəzrət Qətibə xatunun izdivac bayramını elan edirəm” – deyərək məclisə müraciət etdi.

Qətibə tərəfindən vəkil edilən Zəhir Bəlxi və Kəmaləddin mələkənin bu izdivaca razılıq verdiyini bildirəndən sonra, qazı nikah siğəsini oxudu. Bütün salondakı xalq ayağa qalxıb Sultan Toğrula baş endirib təbrik etdilər.

Ən əsas məsələ Qütlüğ İnancın vəliəhd elan ediləcəyi məsələ idi. Lakin Azərbaycan nümayəndələri yubandığı üçün bu iş bir az təxirə düşmüşdü. Nəhayət, Azərbaycan nümayəndələri başda Nizami olaraq gəldi. Onlar özlərinə məxsus kürsülərdə oturandan sonra, Zəhir Bəlxi ayağa durub Toğrulun Qütlüğü vəliəhd elan etməsinə dair fərmanı oxudu:

“Zəvalpəzir olmayan əziz və uca Allah adəm sinfinin palçığını səlsal suyunda yoğurdu və onun vücudunun ayinəsini ruhun təcəlliyayi ilə bəzəyib həyat dünyasına bir peyğəmbər kimi atdığı zaman, ona belə bir fərman verdi: sən öz vəliəhdini tanımalısan. Onu özündən sonra gələnlər üçün vəsi təyin etməlisən.

Onlara heç bir xəyanət və cinayətlə məşğul olmağı tapşırmalısan.

Onlara göydən gələn asimani kitabları və yezdani hökmləri Allahın bəndələrinin arasına yaymaq əmrini verməlisən.

Buna görə də Adəm peyğəmbər: Şeys İdrisi, İdris Musanı, Musa Yuşəi, Yuşə İlyası, İlyas Əlyəsə peyğəmbəri özünə vəliəhd təyin elədilər.

Həmin bu qayda ilə də peyğəmbərlik vəzifəsi axırıncı peyğəmbərin əlinə yetişdi və o da Adəm peyğəmbər kimi özünə vəliəhd təyin etdi. Bundan sonra da Allahın əmrini insanlar arasında intişar etmək vəzifəsi xəlifələrə və xəlifələrdən sonra hökmdarlara, sultanlara tapşırıldı. Padşahlar vəliəhdliyə layiq olanları öz övladı və qohumları arasından seçməyə başladılar.

Hazırda bu vəzifə uca olan və iqtidarlı sultanımız əlahəzrət Toğrulun əlinə çatıbdır. Buna görə də tacdar həzrətləri, Allahın bəndələrini sülh və salamətə dəvət etmək və məmləkətə səadət vermək üçün Eldəniz xanədanının ən şüurlu və fəaliyyətlisi olan bir zatı vəliəhdliyə təyin etmək qərarına gəlmişdir. O zat, sizin hüzurunuzda oturan Qütlüğ İnanc həzrətləridir.

Cahan pəhləvan Atabəy Məhəmmədin böyük oğlu sayılan bu zat cahandarlıq və sultanlıq qabiliyyətinə malik olduğunu bir neçə ildən bəri göstərdiyi xidmətlərində aləmə tanıtmışdır”.

Zəhir Bəlxinin oxuduğu vəliəhdlik fərmanına qarşı heç bir tərəfdən etiraz eşidilmədi, çünki nümayəndələrdən bir çoxu, hətta Azərbaycan nümayəndələri belə məsələni əvvəldən bilirdilər.

Qütlüğ İnanc ayağa qalxıb Sultan Toğrulun taxtının qarşısında yeri öpdü, Toğrul isə onun çiyninə zəngin bir xələt salınmasına əmr verdi.

Rəsmi məsələlər bitəndən sonra məclisə şərbət gətirildi. Saqilər içəri girib şərbət piyalələrini paylamağa başladığı zaman Hüsaməddin bir dəqiqə sonra baş verəcək facia haqqında düşünürdü. O, son dəqiqələr bir daha xəyalını gələcəyə çevirib deyirdi:

“Tutalım ki, Toğrul öldü, Azərbaycan nümayəndələri də Nizami başda olmaq üzrə zəhərləndi, bununla mən nə qazanmış olacağam? Heç bir zaman o hiyləgər qadın mənim olmayacaqdır. Mənim olsa belə onun dəyəri nədir?! Bir zaman o gənc idi, onu sevirdim, lakin o məni sevmirdi, halbuki onun atası mənə söz vermişdi. O, zəngin və şöhrətli bir ər tapdı, lakin mən ondan intiqam almaq əvəzinə, başqalarından intiqam almaq üçün ona kömək verdim. Otuz ildir ki, mən özüm-özümü aldadıram. Hər gün bu Qətibə dünənki Qətibədir – deyərək nazını çəkirəm. Artıq o, əlli yaşına çatmışdır. Mən ondan səadət gözləməməliyəm. Çünki bu səadət onun özündə də yoxdur. Onun başladığı mübarizə bununla bitməyəcəkdir. Hazırda bir neçəsinin meyitini aralıqda görməkdənsə, bir nəfərin meyitini görmək daha yaxşıdır.

Bəlkə də mənim burada oturan Fəxrəddini və böyük şair Nizamini ölümdən qurtarmağım günahlarımı azaldar, bəlkə də azərbaycanlılar mənim günahlarımdan keçərlər. Bəlkə də mən bu qədər cinayətdən sonra Azərbaycanda bir daha vətəndaşlıq hüququ qazana bilərəm”.

Hüsaməddin bunları düşündüyü zaman saqilər şərbət piyalələrini paylayırdılar. Əvvəlcə piyaləni Toğrula, sonra vəliəhdə, bundan sonra Zəhir Bəlxiyə və sairələrə verdilər. Nizami ilə Fəxrəddin piyaləni əlində saxlayıb Toğrulun içməsini gözləyirdilər. Hüsaməddin bu vəziyyəti görüncə cinayət onun gözündə bir daha bütün dəhşətilə canlandı. O, dəli kimi yerindən qalxdı və qeyri-adi bir halda qışqıraraq dedi: “Azərbaycanlılar! Vətəndaşlar! Əlinizdəki piyalələri içməyin, o ölüm şərbətidir! Əziz vətəndaşlar! Şərbəti hər yerdə tapmaq mümkündür. Lakin həyat və namusu hər yerdə və hər kəsdə aramaq mümkün deyil. Burada məni tanımayan yoxdur. Lakin təəssüf olsun ki, məni yaxşı tərəfdən tanıyan çox azdır. Çünki mən öz yolumu azmışdım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Hüsaməddinin həbsxanadan qaçması

– Bu işlər dəyişəcəkdir. Sən bilirsən ki, bu dövran daima bir nəfərin arzusu ilə dolanmayacaqdır. Bayram edilən evlərin bir gün yasa batması da təbiidir.Sən bilirsən ki, bu dünya bir topdur, o hər gün bir hökmdarın çövkanının başında oynayır. Fələyin çərxi hərlənir, ondan asılı olan insanların bir gün qalxıb, bir gün də düşməsi bəllidir. Bu gördüyün dünya bir güzgüdür. Burada hər kəs növbətlə öz çöhrəsini görməyə məcburdur.

17 мин
İslahat və nəticələr

Qızıl Arslan islahatı birinci növbədə paytaxdan başladı. O, hökumət qanunlarını nəzərdən keçirməyə başladı. Çünki bütün kəsirlərin üsul-idarədən doğduğunu bilirdi. O, bacardıqca hökumət qanunlarının icraiyyə işlərini qəzavətxanalardan alıb hökumət idarəsinə tapşırmağa çalışırdı. Hökumət məhkəmələri təşkilinə başladığı zaman ruhanilər arasında böyük dedi-qodu başlandı.Qızıl Arslan torpaq vergisi işlərini tamamilə dəyişdirmək üçün geniş bir komisyon təşkil etdi. Çünki vergi qanunları olduqca ibtidai idi. Bu qanunlar, ərəblərin vaxtında qoyulmuş qanunlar idi ki, bunun vasitəsilə də kəndlilər təpəsindən dırnağına qədər soyulurdu. Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı<sup>1</sup>.

26 мин
Mədain xərabələrində

Böyük şairləri istiqbal etmək üçün Qızıl Arslan xüsusi əmr vermişdi. Fəxrəddin bu əmri alar-almaz yüz nəfər Azərbaycan atlısı götürüb Sər-sər mənzilinə qədər getdi. Şairləri böyük bir təntənə ilə Bağdada daxil edib Qızıl Arslanın yaşadığı Əmir qəsrində düşürdülər. Sarayda şairlərin şərəfinə böyük bir ziyafət təşkil edildi. Ziyafətdə Qızıl Arslanın vəzirləri, qoşun sərkərdələri və Bağdadda olan azərbaycanlılar iştirak etdilər.Qızıl Arslan şairlərlə bərabər köhnə asarları, kitabxanaları, xəlifələrin qəsrlərini ziyarət etdi.

9 мин
İnad

Əlaəddin və Fəxrəddindən Qızıl Arslana gələn bir məktubda Toğrulun Qızıl Arslanın verdiyi göstərişlərin əleyhinə hərəkət etdiyi yazılırdı:“Əlahəzrətin əmrinə görə Hüsaməddin Həmədana gəlib təcili surətdə Rey şəhərinə göndərildi. Zəhir Bəlxi və Kəmaləddin bir həftədən bəridir ki, Həmədana gəlib Səlcuq sarayında yerləşiblər. Əlaəddin Sultan Təkişin nümayəndələri əlahəzrət tərəfindən iki dəfə qəbul edilmişdir. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. Sürgün edilmiş adamların bir çoxu əlahəzrət tərəfindən verilən icazə ilə Həmədana köçürülür. Şəhərdə nadinc adamların sayı çoxalır.

13 мин

Стихи других поэтов