Həmdünyan
Страница 1 из 3
Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.
Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.
Toğrulun bu hərəkəti Şirvan və Gürcüstan dövlətlərinin də rahatsızlığına səbəb olmuşdu. Onlar da hər bir ehtimala qarşı sərhədlərdə hazırlığa başlamışdılar.
Bunları nəzərə alaraq aranlılar Gəncədən bir heyət göndərmək və vəziyyəti Toğrula anlatmaq qərarını çıxartdılar. Bir neçə gün əvvəl Toğrulun Təbrizdən Gəncə hakiminə göndərdiyi məktubunda:
“Bir neçə gün Püsəran kəndində qardaşım Məhəmmədin ailəsinə qonaq olacağam” – sözləri yazılmışdı. Buna görə də Gəncədən göndərilən heyət birbaş Püsəran kəndinə yola düşdü. Heyət Fəxrəddinlə Nizami başda olmaq üzrə on iki nəfərdən ibarət idi. Toğrulun dəstələri hələ gəlib çıxmamışdı. Heyət üzvləri Toğrulun bu təxirindən şadlandı, çünki Toğrul gəlincəyə qədər vəliəhd ilə bəzi məsələləri həll etmək lazım idi.
Evdə Gözəlin qoca atası Canpoladdan və onun qoca qadınından başqa heç kəsi görmədilər. Nizami və heyətin başqa üzvləri bundan heyrətə düşdülər. Lakin Fəxrəddin Püsəran kəndi xalqının adəti ilə tanış olduğundan izahat verib:
– Bu kəndin adəti belədir. Bütün iş bacaranlar səhər yeməyini yeyəndən sonra işə çıxmalıdır.
Nizami qadına sual verdi:
– Vəliəhd və şahzadə Özbək haradadır?
Qoca qadın gülümsəyərək cavab verdi:
– Vəliəhd və şahzadə sözü bu kənddə işlənmir, burada hər kəs kəndlidir, hər kəs də bu torpaqda çalışmalıdır. Nəvələrimin hər ikisi Özbək də, Əbubəkr də çalışan və yorulmayan kəndlilərdirlər.
– Bəs Təliə xanım haradadır?
– Təliə də, onun qayınanası Gözəl də işdədirlər.
– Demək ki, evin bütün ağırlığı sizin üzərinizdədir?
– Xeyr, bizim üzərimizdə heç bir ağırlıq yoxdur, altmış yaşına çatan kəndlinin istirahətdən başqa bir məşğuliyyəti ola bilməz. Yeməklər ümumi mətbəxdə hazırlanır, geyim isə bir dərzixanada tikilir. Hər kəs və hamı bir fikirdə, bir işdə, bir qiyafədə, bir paltardadır.
Qadının söhbətləri Nizamini heyrətə saldı. O, Azərbaycanda belə bir şən həyata təsadüf etdiyindən qəlbən sevinirdi. O, xalqların həyatına hamıdan artıq tanış olduğuna baxmayaraq, Püsəran kəndində təsadüf etdiyi həyatı heç bir xalqın tarixində oxumamışdı.
Canpolad Nizaminin fikrə getdiyini görüb sükutu pozdu:
– Bizim həyatımız beladir, böyük şair! – deyə təəssüfedici bir vəziyyətlə sözünə davam etdi. – Lakin bu həyatı davam etdirməyə qoymurlar. Hökumət kəndimizin məişət və iş şəraiti qanunlarını pozur. Çünki hökumət üçün xalqın dincliyi və birliyi əlverişli deyil. Hökumət rəiyyətin nadincini sevir, çünki onlar cəriməni ancaq nadinc adamlardan ala bilərlər. Bizim kəndə isə nadinclik yoxdur. Adam döymək, adam öldürmək, birisinin malına və torpağına təcavüz etmək yoxdur. Çünki mal da, torpaq da, evlər də, evlərdəki şeylər də ortaq malıdır. Hökumət bizim məişətimizi pozmaq üçün bizə ağır vergi qoyur. Vergini veririk, sözümüz yoxdur, çünki biz torpaqdan istədiyimiz qədər məhsul ala bilərik. İçimizdə tənbəllər yoxdur, hər kəs özünə tapşırılan vəzifəni yerinə yetirə bilir. Biz vergini də verə bilərik. Gəlirimiz öz ehtiyacımıza çatır. Lakin hökumət bizim ehtiyacımızla hesablaşmır. Gəlirin çox miqdarını bizdən cürbəcür bəhanələr ilə alır, xalqımızın ehtiyacına sərf olunacaq gəlirə də toxunur. Neçə ildir ki, bir sürü tənbəli yaşatmaq məcburiyyətindəyik. Şəriət məhkəməsinin üzvləri, vergi yığan məmurlar və sairləri bu xalqın zəhməti hesabına yaşayırlar. Halbuki biz haman vergini aparıb hökumətin göstərdiyi yerdə təhvil verə bilərik. Şəriət məhkəməsinin qapısını açan yoxdur. Çünki bizim xalqımızın buna ehtiyacı yoxdur.
Məhkəmələrin qapısını açmaq və məhkəmə işçilərinə iş tapmaq üçün xalqımızın əxlaqını pozmaq istəyirlər. Bu tarixi bir cinayətdir.
Mən sizin əsərlərinizi nəvələrimdən eşidirəm, onlar oxuyurlar, mən də qulaq asıram. Köhnə tarixlər ilə və tarixi adamlar ilə tanış oluram. Əsərləriniz olduqca qiymətlidir, biz orada keçmişi görə bilirik, lakin orada gələcəyin yolunu göstərmək işinə çox az diqqət verirsiniz.
Rica edirəm siz burada bir neçə gün qalın, bizim həyatımızla yaxından tanış olun, sonra da bizim həyatımızı Azərbaycan xalqı arasında təbliğ edin. Bilmirəm, böyük şair bizim rəhbərimiz Əxi Fərrux ilə tanış ola bilmişdirmi?
Nizami Əxi Fərruxun adını eşidərkən ayağa qalxıb yenə də oturdu və Canpoladın sualına cavab verdi:
– Mən onunla da, o möhtərəm zatın böyük fikirləri ilə də tanışam.
– Bəs nə üçün kəndlilərin və kəsbkar sahiblərinin qardaşlaşması uğrunda yazmırsınız?! Siz bilirsiniz ki, tökülən qanları dayandırmaq üçün xalqı qardaşlaşdırmaq və birləşdirməkdən başqa bir çarə yoxdur. Siz bilirsiniz ki, insanları xoşbəxt yaşatmaq üçün onları vahid bir ailə şəklinə salmaq lazımdır.
Nizami dərin bir ah çəkdi və bir az fikirləşəndən sonra dedi:
– Belə bir sərbəst və xoşbəxt həyatı sevməyən və xalqın qardaşlıq ittifaqı arzusunda olmayan bir adam, şair ola bilməz! Mən bu əqidəni ən birinci sevənlərdənəm. Mən Əxi Fərruxun fikirləri üzərində böyük və qiymətli əsərlər yazmışdım, lakin onları sizin kürəkəniniz Atabəy Məhəmməd məhv etdirdi, onların külünü göyə sovurdu. Lakin mənim fikirlərim yenə də o əqidənin ətrafında coşur, mən yenə də yazacağam, bəlkə də bir gün o əsərləri oxuyan tapıldı.
Söhbət burada yarımçıq qaldı, çünki nahar vaxtı olduğundan kənd xalqı işdən qayıdırdı.
Qızların və oğlanların nəğmələri eşidildiyi zaman evdə oturan qocalar dışarı çıxdılar.
Çöldən isə nəğmə səsləri eşidilirdi:
Çayır quşlarını səsi gələndə,
Sövdalı bülbüllər girəndə kəndə,
Buludlar gülzara ətir səpəndə,
Çıxar gül seyrinə səfalı qızlar.
Mehli gecələrdə, sərin səhərdə,
Güllər yanağından atanda pərdə,
Bülbüllərin qəlbi gələndə dərdə,
Gül seyrinə çıxar səfalı qızlar.
Bağlar bürünəndə al-yaşıl örpək,
Meşələr geyəndə çiçəkdən köynək,
Çayda çimən zaman yaşılbaş ördək,
Gül seyrinə çıxar səfalı qızlar.
Bir neçə dəqiqə keçəndən sonra vəliəhd, qardaşı Özbək və anaları Gözəl ilə bərabər içəri girdilər. Gözəl şairə təzim etdikdən sonra qardaşı Fəxrəddini öpdü. Vəliəhd ilə Özbək isə Nizaminin əlini öpüb ayaq üstündə durdular.
Qoca Canpolad oturmalarına icazə verəndən sonra hamıdan aşağıda oturdular. Bir az keçəndən sonra Təliə otağa girib salam verdi və əlində gətirdiyi yemək süfrəsini yerə sərdi.
Yenə də Canpolad sözünü davam etdirib dedi:
– Möhtərəm şair, bu saat min evdən ibarət olan Püsəran kəndinin hansı bir evinə girərsə, həmin bu rəngdə bir süfrənin aralığa salındığını görə bilər. Beş mindən ibarət olan bu ailə eyni bir saat və eyni bir anda əlini süfrəyə uzadır, – dedi.
Təliə süfrəni yerə açıb qayıtdı, bir azdan sonra onunla bərabər ağ ipəklərə bürünmüş bir dəstə qız içəri girib əlvan xörəkləri, ətirli və sərin şərbətləri süfrəyə düzdülər.
Xörəklər yerə qoyulandan sonra Canpolad sözünü davam etdirdi:
– Hər şey birdir, ayrılıq yoxdur. Bir fərq varsa, o da xörəklərin növündədir, – dedikdə Nizami soruşdu:
– Əcəba, hər kəs üçün verilən xörəyin növü başqalarına verilən xörəklərdən fərqlidirmi?
– Hər ailə nə kimi xörək yemək istəyirsə, axşamdan öz küçəsindəki ümumi mətbəxə xəbər verir. Ona görə də yemək hazırlayırlar. Xəyanət əli toxunmayan nemətimiz aşıb-daşır, özümüzə də, gələn qonaqlarımıza da kifayət edir.
Bu kənd salınanından bu günə qədər oğurluq hadisəsi görünməyibdir. Çünki xalqın artıq şeyə ehtiyacı yoxdur. Lakin bu həyatın düşmənləri həddindən artıqdır. Bu həyatın genişlənməsinə imkan vermək istəmirlər. Çünki bu həyatın içərisində tərbiyə tapmış xalqı istismar etmək çox çətindir.
Nahar yeməyindən sonra əsas söhbətə başladılar. Nizami heyətin nə məqsədlə gəldiyi barəsində danışıb dedi:
– Toğrulun Gəncə səyahətinin kölgəsində başqa bir xəyanət gizlənmişdir. Onun burada düşüb qonaq olmaq fikri bir xəyanətin məhsuludur. Buna görə də Toğrul öz ordusu ilə bura gəlməmişdən əvvəl, vəliəhd öz qardaşı və öz qadını Təliə ilə bərabər Gəncəyə köçməlidir. Toğrul belə bir xain fikri daşısa belə, onu Gəncədə həyata keçirə bilməz. Çünki Gəncə xalqının hamısı vəliəhdin tərəfdarıdır.
Nizaminin bu fikrini Fəxrəddin də təsdiq etdi. Vəliəhdin anası Gözəl də bu məsləhətlə razılaşdı. Hətta qoca Canpolad da bu barədə təşəkkür etdi.
Canpoladın əmrinə görə dərhal kəndin üç nəfər ağsaqqalı çağırıldı, vəliəhdin qardaşı və ailəsilə bərabər Gəncəyə getməsi üçün onların icazəsi alındı.
Vəliəhd və Təliə köçüb Gəncəyə gedəndən bir gün sonra Toğrulun Püsəran kəndinə yaxınlaşdığı xəbər verildi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-hemdunyan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həmədanın məşhur mülkədarı sayılan Əmiri-Əfxəmin hərəmxanasında mühüm bir təbəddülat olmuşdu. Hər kəs, «hərəmxanaya yeni bir qız gətirilmişdir» deyə danışırdı.Hərəmxana xidmətçilərinin dediyinə görə, yeni gətirilən qız, Əmiri-Əfxəmin özü üçün yox, böyük oğlu Səndüddövlə üçün gətirilmişdi. Hər halda Əmiri-Əfxəmin hərəmləri buna inana bilmirdi. Çünki Əmiri-Əfxəm heç bir vaxt gözəl və tərifli bir qızı əlindən buraxmazdı.
XL. Doktor YusifidisLeyla hələ zəhərin təsirindən yaxasını qurtara bilməmişdi. Onun müalicəsi dörd ildən bəri Həmədanda müalicəxana düzəltmiş yunanlı doktor Əlisaus Yusifidisə tapşırılmışdı. Doktor qızın müalicəsinə artıq diqqət verirdi. Xəstə iki həftə içərisində tamamilə sağalmışdı. Əmiri-Əfxəm də öz növbətində Leyla xanımı Həmədandan çıxarmaq və hərəmlərin fitnəsindən qurtarmaq üçün hazırlıq görürdü. Leyla yaxın günlərdə Əmiri-Əfxəmin «Murad bəy dərəsi» adlı yaylasına köçürüləcəkdi. Leylanın hər yerdən ümidi kəsilmişdi. Məsələni gənc doktor Yusifidisə anlatmaq və ondan nicat istəməyi qət etmişdi. Günün birində Leyla doktora müraciətlə dedi:– Siz mənə Biçeraxov dəstəsinin harada olduğunu deyə bilməzmisiniz?
XLI. Tez-tez görüşlərƏmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!
XLII. QəzvindəBiçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.
Стихи других поэтов
Yarəb nə şurdur ki tutubdur cahanı pul,Vurmuş biri-birinə zəmin və zəmanı pul.
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.