Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:

«Möhtərəm Leyla xanım!

Mən çox təşəkkür edirəm ki, siz Əmiri-Əfxəmin həbsxanasından nicat tapdınız. İndi isə həmin həbsxanaya məni salmışlar.

Dünən gecə saat 12-də gəlib məni evimdən apardılar. Əmiri-Əfxəmin əmrinə görə, məni anbara salıblar, nökərlərinin dediyinə görə məni sabah saat 12-də döydürəcəklər. Mən bu xəbəri sizə yetirmək üçün saatımı nökərlərin birinə vəd verib, məktub göndərdim, mümkünsə mənə kömək edin!

Doktor Yusifidis».

Leyla xanım bu məktubu oxudu, tükləri biz-biz oldu. Haman saat o ayağa qalxıb əmisini çağırdı və doktorun məktubunu göstərdi. Savlayev məktubu cibinə qoyaraq ərkani-hərbə getdi. Bir saat keçmədən Savlayev doktor Yusifidis ilə bərabər evə qayıtdı. Savlayevin Leylaya verdiyi məlumat üzrə Biçeraxov şəxsən özü işə müdaxilə edərək, Əmiri-Əfxəmə 2 maddədən ibarət tələbat verdi:

  1. Əmiri-Əfxəmin sazişə qarşı hərəkət edərək, Biçeraxov himayəsində olan doktoru həbs etdiyi üçün 25 min tümən cərimə olunması.

  2. Doktor Yusifidisə təhqir və həbs olunması üçün 5 min tümən nəqd pul verilməsi.

Pullar yarım saat keçmədən gətirilib təhvil verildi.

Biçeraxov doktor Yusifidisin Həmədanda qalıb çalışa bilməyəcəyini nəzərə alaraq, onu öz dəstəsinin xəstəxanasına qəbul etdi. Bu təyinatdan həm Leyla xanım, həm də doktorun özü razı qaldı. Bu günlərdən başlayaraq, doktor boş vaxtını Leyla xanımla keçirirdi. İstər doktor, istərsə Leyla xanım öz qəm və kədərlərini daima bir-birilə bölüşdürür, bir-birinin qeydinə qalırdılar.

Bəzən doktor nahar və şam yeməyini də Savlayev və Leyla ilə birlikdə yeyirdi. Savlayev daima doktoru gördükdə:

– Mən də, mənim qızım da sizə minnətdarıq.—deyərdi.

Leylanın doktorla olan tanışlıq tarixi uzandıqca onların söhbətlərinin də məzmunu dəyişirdi. Onların əvvəlcə arqadaşlıq zəminəsində başlanan əlaqələri getdikcə sevgi münasibəti şəklini alırdı. Nəhayət, bu söhbətlər bir mərkəzdə, yəni sevgi mərkəzində dayanaraq yekrəng və yeknəsəq bir şəkil aldı.

Leyla bu kimi söhbətləri əsas tutaraq doktora sual verdi:

– Mənim söhbətlərim sizi yormadımı?

Doktor dedi:

– Mən gəncliyə aid bütün mənəvi ləzzətləri ancaq sizin söhbətlərinizdən alıram.

– Nə edəcəksən?.. Siz bir rum, mənsə bir islam qızı, buna görə də söhbətlərimizin istiqbalı yox kimidir.

Doktor bu sözdə Leylanın əllərini sığallayaraq dedi:

– Mən zənn edirəm ki, danışdığınız sözlərə, qəlbiniz heç də razı deyildir. Çünki sevginin tanımadığı bir şey varsa, o da din fərqindən ibarətdir. Xüsusən sizin özünüz də sadə və avam qızlardan deyilsiniz. Söhbətlərimizin nəticəsizliyi və ya nəticəsi bizim özümüzdən asılıdır. İcazə versəydiniz, mən söhbətlərimizin səadətli bir istiqbal ilə nəticələnəcəyinə çalışardım.

– Belə bir icazəni vermək üçün uzun müddət düşünmək lazımdır. Lakin bunu da deməliyəm ki, bizim bu yaxınlığımızın sevindirici bir gələcəyi yoxdur. Rum qızları türk ailələrində yaşayırsa da türk qızlarının rum ailələrində yaşaması indiyə qədər görünməmişdir. Kim bilir, bəlkə buna türklərlə rumlar arasında olan siyasi mübarizələr də təsir etmişdir. Hər halda bu məsələnin həlli uzun bir müddət tələb edir.

– Mən sizin dönüb rum olmanızı təklifə cəsarət etmirəm. Lakin mənim bir türk gənci olmağım çox da çətin deyildir.

Leyla bu sözlərdən, doktorun yanından qalxaraq:

– Qüsur mənim özümdədir,—dedi,—çünki mən sizinlə sevgi söhbətini çox açıq və vaxtından əvvəl başladım.

Leyla xanım doktorun ona bənd olduğunu və eyni zamanda sözlü bir adama bənzədiyini hiss edirdi. Doktor onun görüşünə çox tez-tez gəlirdi, bəzən ən sadə, ən adi və lazımsız işdən ötrü Leyla ilə görüşməyə çalışırdı.

Leyla isə hər zaman doktoru görəndə deyirdi:

– Sizin rumluğunuz mənə mane olmasaydı, mən sizə öz mühüm bir sirrimi verərdim.

Nəhayət, bir neçə gün keçdi. Həmədanda tif xəstəliyi yayıldığından, doktor Yusifidis Leylaya iynə vurmağa gəldi. Leyla qolunu köynəyindən çıxardıqdan sonra doktorun içəri girməsinə icazə verdi.

Doktor onun qoluna iynə vurarkən, bütün vücudu titrəyirdi. Leyla ona sual verdi:

– Siz qorxurmusunuz?

– Xeyr!

– Bəs nə üçün titrəyirsiniz?

– Bilmirəm.

– Bilməmiş deyilsiniz, səbəbini deyin.

– Mən deməyəcəyəm, qoy mənim qəlbimi bu hərəkətlərim və daxili inləyişlərim sizə oxusun.

– Siz sevmiş bir adama bənzəyirsiniz.

– Əcəba, bu günahmıdır?

– Xeyr, günah deyil. Lakin mən bu sevginin kimə bəsləndiyindən xəbərdar deyiləm.

– Xəbərdarsınız, lakin onun nə dərəcədə sarsıdıcı və əzabverici olduğundan xəbərdar deyilsiniz.

– Siz öz sevdiyiniz bir şeyi mənim sevgimə fəda etməyincə mən sizə inanmayacağam. Bilmirəm, sizdə belə bir fədakarlıq cəsarəti vardırmı? Hərkah belə bir fədakarlığa meyliniz varsa, mən də sizə inanmağa və fədakarlıq göstərməyə söz verirəm.

Doktorun vücudu əsdi. Leyla isə hələ öz qolunu köynəkdə gizlətməmişdi, doktor onun əlini tutaraq dedi:

– Mən buna hazıram! Siz mənə inanın, öz qəlbinizi mənə verin.

– Siz ingilislər ələyhinə mənimlə bir işləməyə söz verirsinizmi?

Doktor gülümsünərək dedi:

– Məqsədinizi anladım. Lakin bu düşmənliyin nə sahədə həyata keçirilməsini aydınlaşdırmalıyıq.

– İngilislərin bu səfərinə əngəl törətməliyik.

– Bundan nə nəticə çıxacaq?

– Türklərin Bakıya hücumuna asanlıq yaratmaq lazımdır. Sizin mühüm vəzifəniz türklərlə əlaqəyə girməkdən ibarət olmalıdır, bunu həyata keçirə bilərmisiniz?

– Bəli, həyata keçirə bilərəm.

– İndi isə biz sizinlə əməkdaşlıq şərtlərini təyin etməliyik:

  1. Siz mənim sevgimin səmimi olmasına inanmalısınız.

  2. Siz bu sevginin nəticəsini ancaq vəzifəmizin qələbə ilə nəticələndiyi zaman görəcəksiniz.

  3. Sizin özünüz səbəb olmasanız, mən bu sevgini başqa bir sevgi ilə əvəz etməyəcəyəm.

  4. Qələbə gününə qədər bizim sevgimiz indiki nöqtədə durmalıdır. Siz heç vaxt bu çərçivədən kənara çıxmayacaqsınız.

  5. Siz heç bir zaman qısqanmayacaq və mənim azad hərəkətimə mane olmayacaqsınız.

  6. Mən özüm sizə söyləmədən, siz başqa-başqa işlərimin səbəbini soruşmayacaq və məndən hesab istəməyəcəksiniz.

  7. Bizim bu əlaqəmiz haqqında nə mənim əmim, nə də başqaları bilməməlidir. Belə bir hadisə üz versə, şübhəsiz ki, siz məndən əvvəl məhv olacaqsınız. Bunların hamısına razımısınız?

– Razıyam!

Doktorun bu sözündən sonra Leyla ipək köynəyinin qolunu salmaq istərkən:

– Qolum çox ağrayır,—deyə çılpaq qolunu doktorun dodaqlarına uzatdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов