XL. Doktor Yusifidis
Leyla hələ zəhərin təsirindən yaxasını qurtara bilməmişdi. Onun müalicəsi dörd ildən bəri Həmədanda müalicəxana düzəltmiş yunanlı doktor Əlisaus Yusifidisə tapşırılmışdı. Doktor qızın müalicəsinə artıq diqqət verirdi. Xəstə iki həftə içərisində tamamilə sağalmışdı. Əmiri-Əfxəm də öz növbətində Leyla xanımı Həmədandan çıxarmaq və hərəmlərin fitnəsindən qurtarmaq üçün hazırlıq görürdü. Leyla yaxın günlərdə Əmiri-Əfxəmin «Murad bəy dərəsi» adlı yaylasına köçürüləcəkdi. Leylanın hər yerdən ümidi kəsilmişdi. Məsələni gənc doktor Yusifidisə anlatmaq və ondan nicat istəməyi qət etmişdi. Günün birində Leyla doktora müraciətlə dedi:
– Siz mənə Biçeraxov dəstəsinin harada olduğunu deyə bilməzmisiniz?
– Nə üçün deyə bilmirəm?
– Sizin onlarla əlaqəniz vardırmı?
– Mənim onlarla nə kimi bir əlaqəm ola bilər. Mən bir doktoram, onlar isə hərbi adam!
– Doğrudur. Lakin mənim sizdən bir ricam var.
– Nə kimi ricanız vardır?!
– Bilmirəm, bu yaxşılığı edə biləcəksinizmi?
– Hərkah əlimdən gələn bir iş olsa əsirkəmərəm.
– Mənim Biçeraxovun hərbi dəstəsində bir əmim vardır.
– Adı nədir?
– Cənab Nurəddin bəydir.
– Doğrusu, o dəstəyə yaxın deyiləm.
– Bəlkə də o sağ deyil, çünki ona böyük bir fəlakət üz vermişdir. Hərkah o sağ deyilsə, mənim sifarişimi Biçeraxov cənablarının özünə də yetirmək mümkündür. Siz mənə bir yaxşılıq edin. Mənim bu ağır vəziyyətimi Biçeraxova anladın!
– Nə kimi ağır vəziyyətinizi? Şükür ki, səhhətiniz özünüzə qayıdır. Cənab Əmiri-Əfxəm isə şəhərin birinci varlısı və nüfuzlusudur. Heç şübhə yoxdur ki, o sizi rahat yaşatmaq üçün əlindən gələni əsirkəməz.
– Siz yaxşı düşünün! Məhv oluram, məni bu həbsxana əzəcəkdir. Məni məhv etmək üçün də bura gətirmişlər, məni məhv etmək üçün «Murad bəy dərəsi»nə köçürürlər.
– Əcəba, siz Əmiri-Əfxəmin hərəmi deyilsinizmi?
– Xeyr, məni bu evə yol kəsənlər gətirmişlər.
– Necə yol kəsənlər? Nə söyləyirsiniz?
– Bəli, yol kəsənlər!
Doktor Yusifidis bir az düşünərək:
– Söyləyin görüm!—dedi.
Leyla uzandığı yerdə əlini qaldırıb başının altına qoydu və başına gələnləri söylədi.
Doktor Leyla xanımı çox diqqətlə dinlədi və dedi:
– Bəli! Sizin fəlakətiniz böyükdür. Sizə bu barədə yardım göstərməmək olmaz. Lakin bu da olduqca qorxuludur, ingilislər bir az şübhələndiyi adamı tutub birbaş Hindistana və Malta adasına göndərirlər. Elə gün yoxdur ki, bir yük maşını iranlı göndərilməsin, çünki bununla da ingilislər öz arxalarını təmin etməyə çalışırlar. Siz bilirsiniz ki, Əmiri-Əfxəm nə qədər nüfuzlu bir zatdır. O, ingilislərin ən yaxın adamıdır. İngilislər Əmiri-Əfxəmin sözü ilə bir nəfəri deyil, bir şəhəri və bir neçə kəndi də xaraba qoymağa hazırdırlar. Lakin yunanlı olduğuma baxmayaraq, türklər arasında yaşadığımdan məndə xalis bir türk ruhu var. Mən heç vaxt bir türk qızının məhv olmasına imkan vermərəm. Bunun müqabilində isə siz də öhdənizə bir vəzifə götürməlisiniz.
Leyla soruşdu:
– Nə kimi vəzifə? Əlimdən gələn bir vəzifə olsa, ifa etməyə hazıram.
– Siz mənim arxadaşlığımdan heç bir zaman çəkinməyəcəksiniz və lazımi vaxtında mənə yardım göstərəcəksiniz.
Leyla gözlərini doktorun sirlərlə dolu gözlərinə dikmişdi. O, titrək əlini uzadaraq doktorun əlini sıxdı və dedi:
– Razıyam! Səmimi söz verirəm!
Əmiri-Əfxəmin qapısında iki fayton durmuşdu, xidmətçilər faytonların içinə zərif xalçalar salırdı. İşsiz camaat isə vaxtını keçirmək üçün uzaqdan durub bu vəziyyətə tamaşa etməkdə idi. Lakin burada fövqəladə heç bir şey yox idi. Faytonlar, Əmiri-Əfxəmin özünə hərəm etmək üçün ələ gətirdiyi Leylanın «Murad bəy dərəsi» adlı yaylağa köçürmək üçün gəlmişdi.
Faytonlar hazırlandığdan, çamadanlar və sair şeylər yerbəyer olduqdan sonra qara atlaz çarşaba bürünmüş bir qız çıxdı, iki nəfər xidmətçi qadın onun qolundan tutmuşdu. Faytona qadın oturanda dönüb ətrafı gözdən keçirir, kimi isə axtarırdı.
Camaat qaçışmağa başladı, bu halda bir dəstə kazak Əmiri-Əfxəmin evini mühasirə etdi. Bir azdan sonra bir avtomobil qapıya yanaşdı. Bu zaman, Əmiri-Əfxəm də öz nökərləri ilə faytonun ətrafında durmuşdu.
Leyla maşında Nurəddin Savlayevin gəldiyini görərkən:
– Əmi can, sağmısan? Məni qurtar!—deyə başından çarşabını atdı, Nurəddin onu alıb maşına qoydu.
Əmiri-Əfxəm həbs edilərək faytonda Biçeraxov ərkani-hərbinə götürüldü. Lakin onun evi hələ kazakların mühasirəsi altında idi. Nə içəriyə, nə də eşiyə kimsə buraxılmırdı! Bu xəbər bir anda Həmədana yayıldı. Əmiri-Əfxəmin evindən Biçeraxov ərkani-hərbi yerləşən binaya qədər bütün küçələr, camaatla dolmuşdu. Hadisəni hər kəs öz bildiyi kimi təbir edirdi. Məsələni öz xeyrinə uyğun bir şəkildə mənalandıranlar da vardı.
– Çar kazakları axırda müsəlmanların evindən əvrətini çəkib aparır. Camaat, nəyə durub baxırsınız? Bəs sizin müsəlmanlıq namusunuz haradadır?
Bu sözləri deyən Əmiri-Əfxəmin tərəfdarları idi. Başqa birisi buna cavab olaraq dedi:
– Qoy çəkib aparsınlar, hələ içəridə on iki imamın adına on iki arvadı vardır. Onu allahın bəlası tutubdur. Xalq acından qarışqa kimi qırılır, amma bu haramzada əlli anbar buğdanın qapısını bərk-bərk bağlayıb deyir «dünya qırılıb qurtarmasa qapıları açmayacağam».
Başqa birisi deyirdi:
– Din əldən gedir, şəriətimiz xaricilərin ayağının altında paymal olur. Sənin kimi adamlar da öz qarınlarının hayına qalıblar. Bu saatda Nəcəf müctəhidlərinə teleqraf vurmaq lazımdır.—Başqa birisi də:
– Çarçını bazara göndərmək lazımdır. Qoy camaat məscidə yığılsın.
Bir nəfər də bu adamı dümsükləyib:
– Bəs bizim öz hökumətimiz harada qalıbdır?—deyə soruşdu.
– Çənəni boş qoyub yava-yava danışma.
– Necə yəni yava-yava danışma? Balam, biz hansı ölkədəyik, hərkah bura İran torpağıdır, bəs hanı İran hökuməti?!
– Savadın varmı?
– Necə ki yoxdur? Əlbəttə vardır.
– Farsca bilirsən ki?
– Bəli, bilirəm!
– Ay əblah, nə üçün uzun danışırsan. Bizim hökumət dünya müharibəsi başlandığı zaman, bir kərə demiş ki: «Ağa, ma bitərəfim!» İndi anladın ki?!
Xalqın bu cür söhbətləri əsnasında Həmədanda olan İngiltərə missiyasının sədri Denster-Vil və yaveri miralay Sonders maşını ilə gəlib Biçeraxovun ərkani-hərbinə getdi, bunların ötməsi yenə də söhbətlərin mövzusunu dəyişmişdi. Birisi dedi:
– İnsan rəiyyət də olsa ingilis rəiyyəti olmalıdır!
Biçeraxov ərkani-hərbinin qapısında, camaat bir-birinin boynuna minirdi, içəridə nə kimi alışveriş getdiyindən heç kəsin xəbəri yox idi. Bir müddət sonra general və yaveri, Biçeraxov ərkani-hərbin dən çıxıb Əmiri-Əfxəmi ingilis maşınında öz evinə yola saldılar.
İngilis dostları bu vəziyyəti görərkən, ağızlarını camaata açaraq:
– Allahümmə səlli əla Mühəmməd və ali Mühəmməd!—deyə ucadan qışqırdılar. Bu səs bütün Həmədan şəhərini titrətdi, sanki şəhərdə bir möcüzə baş vermişdi. Hər tərəfdən: «Zindəbad, padşah ingilisan» səsləri eşidilirdi.
Generalın maşını çox yavaş gedirdi, çünki maşının ətrafında minlərcə ingilis tərəfdarları (anqlofillər) və ingilis casusları yürüyürdü.
General bu səslərə cavab verməyə bilməzdi, o maşını saxlatdırıb ayağa qalxdı və ucadan: «Salamun ələyküm əhaliyi-Həmədan. Dövləti ingilisan həmiyi-həqiqiyi-müsəlmananəd!».
Bu sözlər Həmədanın bikar və şüursuz xalqına müsbət təsir bağışladı. Camaat maşının çarxları altına soxulacaq qədər yaxında gedirdi.
Generalın avtomobili Əmiri-Əfxəmi öz evinə qədər müşayiət etdi və eyni zamanda Biçeraxov da evin mühasirəsinə təyin edilmiş kazakları geri çağırdı.
Əmiri-Əfxəm Biçeraxov ərkani-hərbində saat yarımdan artıq qalmadı, ingilislər bu az müddət içərisində Əmiri-Əfxəmlə bir ay müddətində həll etmədikləri bütün məsələləri həll etdilər.
Əvvəl Biçeraxov Əmiri-Əfxəmə öz tələblərini təqdim etdi:
Əmiri-Əfxəm martın 7-də qarət olunan avtomobilin zərəri hesabına 25 min tümən verməlidir.
Avtomobildən aparılan hökumət şeylərinin hesabına 100 min tümən verməlidir.
İki kazakın öldürülməsi üçün onların ailəsinə 50 min tümən verməlidir.
Şofer Safonovun ailəsinə 25 min tümən verilməlidir.
Leylanın oğurlanmasına və Əmiri-Əfxəmin onu almaq istədiyinə və ona zəhər verildiyinə cəza olaraq, Əmiri-Əfxəm 100 min tümən verməlidir.
Savlayevin yaralanması və Əmiri-Əfxəmin bunda iştirakı və caniləri gizlətməsi üçün Əmiri-Əfxəm güllələnməli idi. İngilislərin təşəbbüsü sayəsində bu cəza 200 min tümən nəqd pul ilə əvəz edilir.
Nurəddin Savlayevin yaralanması və onun xüsusi şeylərinin aparılması üçün 50 min tümən verməlidir.
Göstərilən pullar üçün Əmiri-Əfxəm, ingilis bankında olan nəqd pullarına çek verdi. Hələ Əmiri-Əfxəm Biçeraxov ərkani-hərbində ikən pullar ingilis avtomobilləri ilə gətirilib Biçeraxova təhvil verildi.
İngilislər isə bu sazişdə vasitəçi rolunu mükafatla öz öhdələrinə aldılar:
Əmiri-Əfxəm ingilis himayəsinə qəbul edilir.
Əmiri-Əfxəm ingilislərin Həmədanda təşkil etdiyi «aclara yardım» cəmiyyətinin fəxri sədri təyin edilir.
Əmiri-Əfxəm Həmədanda üç, Kənkavərdə iki, Əsədabadda isə bir taxıl anbarını taxıllar ilə bərabər «aclara yardım» cəmiyyətinin ixtiyarına verir.
Əmiri-Əfxəm öz ixtiyarında olan anbarlardan bazara taxıl çıxardığda, bazar qiymətindən 20 faiz güzəştlə ingilislərə satmalıdır.
O, bütün əmanət pullarını ancaq ingilis bankında saxlamalıdır.
Əmiri-Əfxəm ehtiyac hiss olunduğu vaxt ingilis qoşunlarını öz binalarında yerləşdirməli və buna qarşı binaların təmirinə lazım olan miqdar pulu, vəsiqələr təqdim etdikdən sonra almalıdır.
İngilis hökuməti neçə İran, elə də başqa hökumətlər tərəfindən Əmiri-Əfxəmə qarşı hücum olunduğu zaman onu müdafiə etməlidir.
Əmiri-Əfxəm özü istədiyi zaman İngiltərə təbəəliyini qəbul edə biləcəkdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-xl-doktor-yusifidis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*
Beşinci pərdəVaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir.*Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər.*
Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməabİranın dövri-istibdadını, Nəsrəddin şahın üsuli-idarəsini, dövləti-mütləqənin İrana nə kimi fəna tə’sir bəxş etdiyini, Müzəffərəddin şahın əhdi-səltənətində əhalinin tərzi-məişətini, üləmanın elmə, fünunə dair olan iştibahını göstərən bir facieyi-aşiqanədir.*Əş’ar
Təbriz şəhərinin havası və təmizliyiYay fəsli Təbriz şəhərinin havasında mövcud olan təbii lətafət yayın şiddətli-hərarətindən mütəəssir olan isti ruzkarlar ilə mübarizə edirdi. Hər halda günün hərarəti havanın lətafətinə layiq gəlirdi. Zira bazar damlarında, hamam qabaqlarında, yainki küçələrdə tökülən heyvanat çəmdəklərindən qalxan kəsif qoxular da günün hərarətinə müavinət edərək ikisi birlikdə Təbriz havasındakı lətafətin əleyhinə nümayiş yapırdılar. Hərçənd təbiət və lətafətin xidməti hərarət və kəsafətin qarşısında sinə gərmişdi, lakin şəhər içində olan qəbiristanlardan qalxan üfunət də hərarət və kəsafətin tərəfini iltizam etməkdə idi. Məhazə təbiətin qüvvəyi-mö’cüznümasını e’lan etməklə xəfif ruzkar yenə əsməkdə idi. Lakin ruzkarda bir təbəddülat dəxi mülahizə olunurdu. Ruzkar xəfif isə də yenə Rzaqulu xanın otağındakı çilçıraqların billur avizələrini bir-birinə çırpıb xanənin içində mükəmməl bir musiqi dəstkahı kimi əfradi-ailəni kafətən məşğul etmiş idi. Xanənin istisi bütün əfradi-ailəni tərlətmiş, hər kəs əlində bir dəsmal tərini silir, Böyükxanım da ağ ipək mə’cərini köyləyinin yaxasından basaraq sinəsinin tərini silir, gah da çıxarıb öz tərini qoxuluyurdu. Rzaqulu xan dəxi bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub İran kəndlərinin üryanlığını təsvir edirdi.Lakin ruzkarda olan təbəddülat İranda bir təbəddülati-əzimənin zühurunu göstərdiyi üçün Rzaqulu xanı dərin-dərin düşündürməkdə idi. Əlində dəmir qələmi barmaqlarının arasına alaraq dirsəyi yazı stolunun üstündə, digər bir əlini çənəsinə təkyə edib ruzkarı fikrilə qarşılamaqda idi. Ağuşqaların qabağında ağacların meyvəsi şişələrə çırpır, ara-sıra qoparıb tökür, gah ruzkardan mühib kurultular çıxır, gələcəkdə Azərbaycan inqilabını büsbütün müayinə göstərməkdə idi.
Стихи других поэтов
Çoxdan ayrı düşdük biz yar elindən,Əcəb o yerlərdə “biz deyən” varmı?
EyləməynənNəfs ilə mərifət durab cahada,Mərfət deyir: – Belə kar eyləməynən!
Biri mənəm, biri, yarəb, kim olaFələyin əlindən qılan ahu zar,Biri mənəm, biri, yarəb, kim ola?
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?