Bu gün Xanəgeyn şəhəri ingilis və çar bayraqları ilə bəzənmişdi. İngilislərin Bağdadı işğal etməsi münasibətilə bayram elan edilmişdi. Bağdadın işğalı Almaniyanın cahangirlik planındakı Berlin-Bağdad məsələsini nəticəsiz qoyur və Almaniyanın İngiltərə müstəmləkələrinə yaxınlaşmaq yolunu kəsirdi.

Gömrükxana bağında yerləşən Biçeraxov qərargahı nəfərləri də bugünkü bayramda iştirak edirdi. Bağ bəzənilmişdi. Limu, narınc və portağal ağaclarından yüzlərcə əlvan fənərlər asılmışdı. Bağın hər tərəfində ikinci Nikolay və onun xalası oğlu beşinci Keorkinin rəsmi asılmışdı.

Xurma və nar bağlarının hamısından oynamaq və oxumaq səsi gəlirdi. Çünki kazak çadırları bağlar içində qurulmuşdu. Gecə saat 2-də Savlayev öz əsirlərini xatırladı. O, bayram münasibətilə əsirlərə də pay vermək istədi. Savlayev, əsirlər salınan tövlənin qapısını açdırdı və beş nəfər kazakla içəri girdi. Əsirlərə üç kisə yemək gətirmişdilər. Birində suxarı, digərində xurma, üçüncüsündə də şirin limu var idi. İki gündən bəri yemək görməyən əsirlərin hərəsinə iki xurma, bir limu, bir parça da qara suxarı paylandı. Savlayev əsirləri gözdən keçirərək dedi:

– Əsirlərin biri yoxdur.

O, qarovul duran kazaka açıqlandı. Çünki bəzən kazaklar əsiri ya öldürür, ya öz yaxın adamlarına satırdılar.

Qarovul içəri girdi, əsirləri gözdən keçirtdi və tövlədə olan araba çarxları və əski qazanların dalını araşdırmağa başladı.

Leyla araba çarxlarının dalında büzüşüb oturmuşdu. O yaralı idi, yarasını sarıyan belə yox idi.

Qarovul, onun qolundan tutaraq:

– Şeytanın balası buradadır!—deyə Leylanı yerə tulladı, onun başı da yaralandı. Qan axmağa başladı. Əsirlərdən heç biri cürət edib ona yaxın gəlmədi. O, yerdə uzanırkən qarovul ona əyri-əyri baxaraq dedi:

– Üzümə yaxşı bax, yoxsa parça-parça edərəm!

Savlayev qızın ağır vəziyyətini görərək kazaka çox mülayim bir səslə dedi:

– Belə hallarda bir az ehtiyatlı olmaq lazımdır.

O, irəli gəlib qızın başını qaldırıb yarasına baxdı. Savlayev doktor çağırmaq üçün adam göndərdi və doktor gəlincəyə qədər də Leylanın başını əlində saxladı. Savlayevin vəhşi bir adam olduğunu bilən, onu tam mənasilə rəhimsiz tanıyan kazaklar, onun bu mərhəmətinə təəccüb etməyə başladılar.

Doktor içəri girərkən Savlayev ona müraciətlə:

– Pyotr Kuzmiç—dedi,—əsir bir qızın yarası çox ağırdır. Zənnimcə yardım etmək lazımdır.

Doktor muayinə edərkən Biçeraxovun özü də əsirləri gözdən keçirmək üçün gəldi. O, əsirləri gözdən keçirərkən Leylanı da gördü, o Savlayevə dedi:

– Sabahdan etibarən əsir qadınların hamısını buraxarsınız. Bu qız isə xəstəxanaya aparılmalıdır. Hər halda qadınları əsir götürdüyünüz zaman ehtiyatlı olmalı və ağır yaralamamalısınız.

Leylanı xəstəxanaya götürdülər, onu Savlayevin özü apardı. Yaralarının bağlanması işində də iştirak etdi. Onun tək bir otaqda saxlanmasını və yanına bir şəfqət bacısı verilməsini tapşırıb qayıtdı.

Leyla uzun zaman Xanəgeyn xəstəxanasında yatdı. Çünki ingilislərin, Bağdad ilə Xanəgeyn arasındakı məsafəni doldurmaq üçün lazımi qüvvələri yox idi. Buna görə də ingilislər bir tərəfdən Baratov ordusunun Bağdada girməsinə mane olur, o biri tərəfdən də Baratova Bağdad ilə Xanəgeyn arasındakı Yəqubə və Şəhrəban şəhərlərinin müdafiə edilməsini tapşırırdı.

Leylanın yaraları hələ yaxşılaşmamışdı. O, Xanəgeyn xəstəxanasında yatırdı. Savlayev özü çox rəhimsiz və alçaq bir zabit olsa da, qəlbində xəstə əsirə qarşı bir məhəbbət hissi bəsləyirdi. Leyla xanım onun mərhəmət və iltifatına baxmayaraq həmişə Savlayevi gördükdə titrəyir və haldan çıxırdı.

Savlayev ona öz yaxın adamı kimi nəvaziş edir, qəlbini ələ almağa çalışırdı. Leyla isə onun üzünə soyuq nəzərlərlə baxırdı.

Savlayev xəstəxanaya gəldikdə Leylanın yanında oturur, gətirdiyi limu, portağal və sair hədiyyələri ona təqdim edirdi. Leyla yenə də onun bu hörmətini daxili nifrətlə qarşılayırdı. Savlayev onun saçlarını sığalladığı və yarasını muayinə etdiyi zaman sanki Leylanın vücudunda bir ilan dolaşırdı.

Bu vəziyyət uzun zaman davam etdi. Leyla artıq Savlayevin sözlərinə alışmışdı. Ondan qorxmur və suallarına da cavab verirdi. Bir gün Savlayev Leylanın otağına girərkən:

– Salaməleyküm!—deyə Leylaya əl vermək istədi. Qız isə, qara gözləri ilə ona baxdı və dedi:

– Əleykəsəlam! Əcəba, siz müsəlmansınızmı?

Savlayev onun titrək əlini ovcuna aldı və cavab verdi:

– Bəli, mən quran əhliyəm! Buna heç şübhələnməyin!

Leyla ona təəccüblə baxaraq düşündü, sonra soruşdu:

– Siz müsəlmanları sevirsinizmi?!

Savlayev pozuq türk dilində cavab verdi:

– Mən müsəlmanları sevər. Onlar mənə din qardaş!

– Osmanlılar da islammı?

Leyla bu sözü dedi, sonra peşiman oldu və Savlayevə verdiyi sualdan qorxmağa başladı.

Savlayev yarı türk, yarı rusca cavab verdi:

– Osmanlı müsəlman, yaxşı müsəlman, mən səni bilirəm nə dedi. Müsəlman başqa iş, voyenni iş başqa iş. Sən vnimaniya vermə! Mən müsəlman, özüm də çox möhkəm müsəlman. Sən rəhmim gəlir. Yaxşı qız, yaraların yaxşı. Sən qorxmas. Sən yanındakı qulluqçudan rus dili öyrən, yaxşıdır. Onda danışarsan. Bu günlər Kirmanşah gedər. Bura ingilislər gələr. Bura ingilisdir. Kirmanşah uzaq. Sən mənim qızım, sənə yaxşı baxar, qorxma sən. Mən razı qalarsan?..

Savlayev uzun-uzadı danışdı. Özünün xalis müsəlman olmasından, osmanlıları sevməsi, bu günlərdə Xanəgeyndən Biçeraxov dəstəsinin Kirmanşaha keçmək istəməsindən, İngiltərə işğalından, Leylaya öz qızı kimi baxacağından danışdı. Vidalaşıb getdikdə, xidmətçi qadına tapşırdı:

– Bu qızla yaxşı rəftar et! Ona rus dili öyrət. Gələcəkdə ona ancaq rus dili lazım olacaqdır.

Leyla xanım yenə də adəti üzrə ağladı və ata-anasının faciəli ölümünü xatırladı...

...Baratovun ordusu İraqdan çıxırdı. İngilis hərbi komandanlığının tələb və təkidinə baxmayaraq, qoşun çox da sürətlə çəkilə bilmirdi...

Ordunun nəqliyyatı tamamilə pozulmuşdu. Mərkəzdən minlərcə kilometr uzaq olan ordunu nəqliyyatsız geri çəkmək olduqca çətin idi.

İkinci tərəfdən, İraq şəraitinə və oranın ab-havasına öyrənmiş bir ordunu, isti paltarsız İran Kürdüstanına qaytarmaq mümkün deyildi, xüsusən Kirmanşah tərəflər olduqca soyuq idi. Baratov ordusunun maliyyə vasitələri də çox idi. Mərkəzdən maliyyə vəsaiti almayan Baratov ordusu, ingilislərin mərhəmətinə sığınmışdı.

Baratov, qayıdacağı İran ölkəsinin iqtisadi vəziyyətini də nəzərə alaraq ordunun köçürülməsini qorxulu sayırdı. Çünki Baratov İran—Rusiya sərhəddindən, İran və əski Osmanlı sərhəddi olan Xanəgeyn şəhərinə qədər bütün kəndləri soyub ordunu bu hesaba saxlamışdı. İndi isə, onun Rusiyaya qayıdacağı yollar dəhşətli aclıq içərisində idi.

Dördüncü bir səbəb də çar generalının, gözü açılan və bolşevikləşməyə başlayan bir ordunu idarə edib-edə bilməyəcəyi məsələsi idi. Ordu nəfərləri artıq çar zabitlərinin əmr və fərmanına boyun əyən və qorxusundan titrəyən adamlar deyildi. Gündə mitinqlər başlanır, generala tələbat verilir və çılpaq saldatların qarlı və tufanlı dağlardan aşıb getməsi üçün vəsait istənilirdi. Lakin general Baratov üçün ingilislərin buyruğu saldatların tələbatından daha qiymətli idi. O nə təhər olsa saldatları İraq torpağından çıxarmalı idi. Çünki ingilislər rus saldatı olan yerlərə ingilis saldatı gətirmək istəmirdilər.

İngilislər rus ordusundakı inqilabçıların ingilis saldatlarına təsir edəcəyindən qorxurdular. General Baratov öz silah və ordusunu inqilab ölkəsinə—Rusiyaya aparmamaq və saldatların silahlarını ingilislərə satmaq, özlərini başlı-başına buraxmaq istəsə də ingilis komandanlığı buna razı olmurdu. Buna görə də Baratov öz ordusunu hissə-hissə də olsa soyuq və aclıq olduğuna baxmayaraq Şəhrəban, Yəqubə və Dəyalə nəhri sahillərindən çəkərək İran sərhəddinin o biri tərəfinə daşımağı qət etdi.

Ordu olduqca yoxsul idi. Nəqliyyat vasitələri yox idi. Ləvazimatı daşımaq mümkün deyildi. Buna görə də vətənə dönmək istəyən ordu nəfərləri müstəsna fədakarlıq göstərirdi.

Xanəgeyn şəhərindən Qəsr-Şirin və oradan da, Mahdəst və Kirmanşaha qədər yollar, yorğun, xəstə, ac saldatlarla dolu idi. Yol kənarında sınıq arabalar, at ölüsü, aş qazanları vardı.

Baratov ordusu köçdüyü zaman, Xanəgeyn şəhər xəstəxanası da Kirmanşaha köçmüşdü.

Biçeraxovun dəstəsi də Kirmanşahda yerləşərək irəli hərəkət etmək və dəstəsini İrandan çıxarmaq üçün nəqliyyatı islaha başlamışdı. Şiddətli yanvar soyuqları hökm sürməyə başladığı zaman, Baratov ordusu qismən Kirmanşahdan Həmədan tərəflərinə köçmüş, qismən də Kirmanşahdakı qədim karvansaralarda tökülüb qalmışdı. Köçmək üçün nə nəqliyyat, nə maliyyə vasitəsi, nə də ərzaq var idi.

Əski çar ordusunun vaxtilə İranda başladığı hərəkəti yürütmək, kəndlərə qoşun dəstələri çıxarıb talan etmək və mal-qara gətirmək də mümkün deyil. Çünki bir dəfə çar ordusunun keçdiyi yerlərdə, islahat qalmırdı. Artıq bolşevikləşmiş saldatlar, qarətkarlığa, qamçı və tüfəng gücünə İran kəndlisindən ərzaq yığmağa razı olmurdular.

Qarlı və tufanlı gədiklərdə ölməkdən qorxmayanlar, silahını alıb parça-parça dəstələrlə yola çıxır və inqilabi Rusiyaya getməyə can atırdılar. Kirmanşahda qalan çox idi. Bunların böyük bir hissəsi zabitlər idi ki, Biçeraxov dəstəsinə qoşulurdular.

Kirmanşahın üstüörtülü bazarlarını gəzdikdə köynəyini, ayaqqabısını, müharibədə ələ keçirdiyi yərsiz qənimətləri, ölənlərin cibindən çıxardığı papiros qutusunu və sair bu kimi şeyləri satmaqla məşğul olan çar saldatına təsadüf etməmək mümkün deyildi, lakin bu şeyləri alan yox idi, çünki hər əsrdə bir neçə kərə ucuzluqdan dağılan və məhsulunu sata bilməyərək iflas edən İran kəndlisi, hazırda qıtlıqdan, bahalıqdan, iş mallarının yoxluğundan dağılıb getmişdi. Buna görə də Kirmanşah bazarında hamı satırdı, lakin bir nəfər də alan yox idi. Dünya müharibəbəsinin törətdiyi ən müdhiş fəlakət səhifələrini Kirmanşah şəhərində görmək və hər bucaqda bir bədbəxtə rast gəlmək mümkün idi. Baratov ordusunun dilənçi və ac saldatları yerli dilənçilərə qarışmışdı. Dilənçilərə kömək edən yox idi. Çünki camaatın çoxu ac idi.

Baratov ərkani-hərbinin xəyanəti nəticəsində, İraq ilə həmhudud olan İranda, taxıl tacirlər vasitəsilə topladılıb, İraqda yerləşən ingilis qarnizonuna göndərilmişdi, çünki osmanlılar da İraqdan çıxanda ingilislər əlinə keçəsi ərzaq qoymamışdılar. Hindistandan taxıl gətirə bilmirdilər. Oraların ərzağın çoxdan cəbhələrə daşınmışdı.

Buna görə də ingilislər Bağdad qarnizonunu saxlamaq üçün yenə də İrana ümid bağlamışdılar.

Yuxarıda göstərilən xəyanətlər nəticəsində Kirmanşahın karvansara səkilərində acından və xəstəlikdən ölən və inləyə-inləyə can verən yüzlərcə rus işçi və kəndlisinə təsadüf etmək olurdu.

Belə ağladıcı vəziyyətləri görən yerli xalq, xüsusən yerli qadınlar, rus saldatının bu vəziyyətini qanlı göz yaşları ilə qarşılayır və çar zabitlərinin keçmiş vəhşi hərəkətini xatırlamadan gənc saldatların başı üzərində bir ana, bir bacı kimi ağlayırdılar.

Cümə axşamlarında dilənçilər qəbiristanlara və məscid qapılarına gedirdilər.

Baratov ərkani-hərbi Həmədanda yerləşmişdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Fitr bayramı

Gəncə hakiminin ürəyi iki hiss ilə çırpınırdı, birisi şadlığından, ikincisi isə qorxusundan idi. Bir tərəfdən Bağdad xəlifəsi göndərilən qızların yetişməsini Əmirə yazıb razılıq vermişdi. Xəlifə xüsusi olaraq Dilşadın gözəlliyindən şadlandığını qeyd etmişdi.Lakin Əmirin aldığı ikinci xəbər onun qorxusuna səbəb olmuşdu. Atabəy Məhəmmədin Azərbaycan səyahətinə çıxması xəbəri gələndən bəri Əmir öz müqəddəratının nə cür həll ediləcəyi barəsində düşünürdü. O bilirdi ki, Atabəy ayağını Şimali Azərbaycanın sərhədinə qoyan kimi ona minlərcə ərizə veriləcəkdi. Çünki o, xalqın hazırlıq gördüyünü çox yaxşı bilirdi.

18 мин
Leyli və Məcnun dastanı

Şirvan xaqanı tərəfindən Gəncəyə bir heyət gəlmişdi. Atabəy Məhəmmədin Gəncə səyahətinə çıxmasını eşidən Şirvan xaqanı Atabəyi istiqbal etmək üçün aparılacaq hazırlıqda iştirak etmək arzusunu irəli sürmüşdü. Buna görə də hələ Atabəy Təbrizdən Şimali Azərbaycana hərəkət etməmişdən əvvəl Şirvan xaqanı başda Nəcməddin olmaq üzrə Gəncəyə böyük bir heyət göndərmişdi ki, bununla da xaqan Atabəyə qarşı bəslədiyi dostluq duyğularını nümayiş etdirmək istəyirdi. Heyətin sədri Nəcməddin Gəncəyə gəldiyinin ikinci günü, Nizamiyə belə bir məktub göndərmişdi:“Möhtərəm və sənətkar şair!

19 мин
Hiylə

Atabəy Məhəmmədi istiqbal etmək üçün düzələn təntənə olduqca mütəşəkkil keçdi. Atabəyi görmək və ona şikayət etmək, hətta əlini yuxarı qaldırıb ərizəsini göstərmək heç bir kəsə mümkün olmadı. Qarabağdan Gəncəyə qədər olan yolların ətrafında düzülüb təzə hökmdarı ziyarət etmək arzusunda olan on minlərcə əhali hələ Atabəy gəlib keçmədən öz evlərinə, öz kəndlərinə qayıtmağa məcbur oldular. Çünki Qarabağdan Gəncəyə qədər olan yol üzərindəki kəndlilərin bir çoxu həbsə alınmışdı.“Atabəyə sui-qəsd etmək üçün gizlin bir cəmiyyət var imiş” – deyə hər tərəfə şayiə buraxılmışdı. Bu şayiələrin dalınca da “gizli cəmiyyətin üzvüdür” – deyə yüzlərcə adamların həbsə alınması bütün Aran xalqını qorxu altına almışdı.

4 мин
Təsadüf

– Sən heç vaxt ruhdan düşmə, bu hadisəyə məğlubiyyət adı vermək olmaz, çünki mübarizə hələ bitməmişdir. Son cəbhəyə kimlərin sahib olacağı bəlli deyildir. İki döyüşən qüvvət növbətlə qələbə əldə edə bilər. Lakin mübarizənin sonunda hər kəs qazandığı qələbəni əlində möhkəm saxlamağı bacarsa, həqiqi qalib odur. Əmir isə əldə etdiyi qələbəni hələlik möhkəmləndirə bilməmişdir. Mən elə zənn edirəm ki, bu qələbə, nəhayət, onun ifşa edilməsilə nəticələnəcəkdir.Nizami bu sözləri Fəxrəddinə deyirdi. Lakin Fəxrəddin bir daha qələbə əldə edə biləcəyinə əmin deyildi. Onun fikrincə, Atabəy məmləkətin vəziyyətini öyrənmədən və xalqın həyatı ilə tanış olmadan Arandan gedəcəkdi.

7 мин

Стихи других поэтов