“Yalançı Dilşad”
Страница 1 из 4
Azərbaycan heyətinin üzvləri səhər yeməyini Əmin qəsrində yeyəndən sonra, Bağdad şəhərini gəzmək üçün hazırlaşdı. Qulamlardan birisi gəlib Fəxrəddinə baş endirib dedi:
– Bizim möhtərəm ağamızı bir nəfər qadın qapıda durub gözləyir.
Qulam getdi. Fəxrəddin tələsik geyindi. Onun fikrincə, onu qapıya çağıran həmin tanış olduğu qadın idi. Lakin Fəxrəddin qapıya çıxdığı zaman, Səba xanımın qapıda durduğunu gördü, təəccüb etdi. Səba xanım irəli gəlib salam verdi və ağladı.
Fəxrəddin onun salamını alaraq sual verdi:
– Nə üçün ağladın? Sənə bir müsibətmi üz vermişdir?
– İki gün idi ki, səni axtarırdım, tapa bilmirdim. İndi isə sevindiyim üçün ağlayıram.
– Sən Bağdada nə üçün gəldin?
– Mələkə neçə müddətdir ki, Bağdaddadır. Vəliəhd Həmədanda mənim yanımda qalmışdı, anasız yaşaya bilmədi, Atabəyin əmri ilə onu götürüb Bağdada gətirdim. Bu günlərdə mən də, mələkə də Həmədana qayıtmağa hazırlanırıq.
– Xəlifənin cülus günündə iştirak etmək mələkə üçün maraqlı deyilmidir?
– Maraqlı olsa da əlahəzrət qayıtmasına əmr vermişdir, çünki Atabəyin özü cülus günündə iştirak etmək üçün Bağdada gəlməlidir.
Təəbiidir ki, mən bunları demək üçün sənin yanına gəlməmişəm, məqsədim səni görmək idi, köhnə tanışlığımızın xatirəsi bunu məndən tələb edirdi, eyni zamanda sənə bir xidmət etmək də istəyirəm. Hərgah sənin Dilşad haqqındakı məhəbbətin baqidirsə, o zaman sizi görüşdürmək üçün kömək edə bilərəm.
Fəxrəddin Səba xanımın nə qədər macəraçı və yalançı olduğunu yəqin etsə də, yenə Dilşadın adını eşidərkən hər bir şeyi unutdu və Səba xanımın əlini sıxaraq:
– Gözəl Səba, – dedi, – sən məni bu xidmətinlə minnətdar edirsən. Söylə Səba, söylə, hazırda Dilşad haradadır?
Səba xanım o tərəf bu tərəfə baxaraq yavaşdan dedi:
– Özün düşün, harada ola bilər? Vəfat etmiş xəlifənin sarayındadır.
– Səba xanım! Sən nə qədər mərhəmətli bir qızsan. Neçə gündür ki, hər gün Xüld sarayının qapısını kəsib durmaqdayam, lakin orada Dilşaddan bir iz tapa bilməmişəm. Əcəba, o bir saat da olsa saraydan dışarı çıxmırmı?
– Əlbəttə, o məhbus deyildir. O istədiyi zaman hər bir tərəfə gedə bilər. Lakin mələkə sizin Bağdadda olduğunuzu eşidərək o qızın qəsrdən kənara çıxmasını qadağan etmişdir.
– Onda bəs necə olsun?
– Dünyada mümkün olmayan heç bir iş yoxdur. Mən hər nə olursa olsun, sizin görüşünüzü düzəldə bilərəm. Sən Dilşada bir məktub yaxıb mənə verməlisən, çünki məktub olmadan Dilşad sənin Bağdada gəldiyinə inana bilməz. Məktubu aparandan sonra vaxt təyin edərik. Mələkə qəsrdən çıxıb şəhərə getdiyi zaman Dilşadı saraydan sənin görüşünə gətirə bilərəm. Amma bunu sənə demək istəyirəm ki, Dilşadı görsən tanımayacaqsan. O qədər gözəlləşmiş, o qədər tərbiyələnmişdir ki, hazırda Bağdad gözəllərinin içərisində birinci gözəl sayılır. Yazıq qız mənim Bağdada gəldiyimi görüb o qədər sevindi ki, təsəvvürə gətirə bilmirəm. Gecə-gündüz bir otaqdayıq, səhərə kimi dərdləşirik, çünki bizim ikimiz də bədbəxt olduq. Qızın ağzı, dili və fikri ancaq Fəxrəddindir.
Fəxrəddin qızın ağır vəziyyət keçirdiyini eşidərkən, nə edəcəyini və qıza nə kimi vasitələrlə nicat verəcəyini bilmirdi. O, həyəcanlı bir ifadə ilə əlini-əlinə vurub:
– Bilmirəm o həyasız Qətibə bədbəxt qızdan nə istəyir? Onun gorbagor atasının qızın səadətini əlindən aldığı bəs olmadımı? Qızı vətənindən, məmləkətindən aparıb Bağdad saraylarına göndərdiyi kifayət deyildimi? Əcəba, yazıq qıza əsirlikdədəmi rahatlıq vermək istəmir? Heç bilmirəm mən öz intiqamımı o həyasız qadından nə vasitə ilə alacağam.
Səba xanım onu sakit edərək:
– Bu cür sözlərin yeri deyil. Sən bu sözləri hey kəsin yanında danışma. Sən bilirsən ki, düşmənin çoxdur. Xüsusən Hüsaməddin ilə olan düşmənliyini unutmamalısan. Bura Bağdaddır, burada hər cür gizli işlər ola bilər. Səndən rica edirəm, tanımadığın yerlərə getmə. Mən bir sözü bilməsəm danışmaram. Burada gözəl qadınlar, minlərcə qızıl dinar qiymətinə alınmış və misli görünməmiş cariyələr vardır. Onlar səni aldadıb şəhərin tanınmaz bir guşəsinə çəkib həyatdan məhrum edə bilərlər.
Səba xanım Fəxrəddini öz sədaqətinə inandırdı. Buna görə də Fəxrəddin Dilşada məktub yazıb Bağdadda olduğunu bildirmək qərarına gəldi.
Səba xanım məktubu Fəxrəddindən almaq üçün Əmin qəsrinin qapısında durub gözləyirdi. Fəxrəddin məktubu çox qısa yazdı, çünki Səba xanım uzun məktub yazmamasını tapşırmışdı.
Fəxrəddinin yazdığı məktubun məzmunu bundan ibarət idi:
“Mənim ruhum Dilşad!
Bağdaddayam, səninlə tezliklə görüşəcəyəm.
Fəxrəddin”.
Səba xanım məktubu alıb yola düşdüyü zaman Fəxrəddindən soruşdu:
– Sən günün nə vaxtını burada olursan?
– Səhərlər, bir də nahar yeməyindən sonra.
– Bəlkə də sabah gecə səni görüş üçün gəlib apardım.
Fəxrəddin Səba xanıma təşəkkür etdi və iyirmi qızıl da ovcuna basdı. Səba xanım pulları alıb cibinə qoyandan sonra:
– Məgər mən bu xidməti pul üçün bitirmək istəyirdim? – deyərək ayrıldı.
...Qətibə Xüld qəsrində oturub Səba xanımın yolunu gözləyirdi. O qəlbində: – “Atamın qatilini burada məhv etməsəm, heç bir yerdə məhv edə bilməyəcəyəm. Bu cür işləri həyata keçirmək üçün Bağdaddan əlverişli bir yer tapa bilmərəm. Onu əcəl dolandırıb bu şəhərə gətirmişdir” – deyirdi.
Qətibə bu fikirlə gəzinir və tez-tez Səba xanımın gəlib-gəlməməsini soruşurdu. Nəhayət, cariyələrdən birisi Səba xanımın qayıdıb gəldiyini xəbər verdi. Qətibə onun təcili surətdə otağa göndərilməsini əmr etdi.
Səba xanım içəri girdiyi zaman onun gözlərində böyük bir qələbənin şadlığı oxunurdu. Qətibə Səba xanımın danışmasına imkan verməyərək soruşdu:
– De görüm, Səba, nə xəbər gətirdin?
Səba xanım cavabında:
– Xanım düşündüyünü onun düşməni düşünürmüş.
– De görüm, o nə düşünür?
– O neçə gündür ki, Xüld qəsrinin ətrafında qarovul çəkib mələkənin dışarı çıxmasını gözləyirmiş.
– Onun mənimlə nə işi vardır?
– O, mələkəni oğurlatdırıb məhv etmək istəyir. O, keçən gecə qəsrin qapısında imiş. Sabah gecə də burada olacaqdır.
– Onun özü də bu məqsəddə olduğunu sənə söylədimi?
– Onun aldığı məlumata görə siz Bağdada gələn kimi Dilşadı həbsə aldırmışsınız. Bunun üçün də sizdən intiqam almağa çalışır.
Qətibə bir az düşündükdən sonra yavaşdan dedi:
– Baxıb görüm kim kimdən intiqam ala biləcəkdir.
Səba xanım durub Qətibənin əlinə baxırdı. O bu xidmətinə görə Qətibədən mükafat gözləyirdi. Qətibə fikrə cummuşdu, mükafat vermək məsələsini xəyalına belə gətirmirdi. Buna görə də Səba xanım:
– Mənim canım da mələkəyə qurbandır. Bu xidməti ancaq mələkənin xatirəsi üçün bitirdim. Onun qəhrəmanlığına baxmayaraq gətirib tora salacağam.
Qətibə başını qaldırıb Səba xanımın üzünə baxıb təbəssümlə dedi:
– Ay tamahkar şeytan, sənin nə dediyini bilirəm. Sən pulsuz və mükafatsız peyğəmbərə salavat çevirməzsən. Al, sənə bir az mükafat verim. Böyük mükafatı isə məqsədim həyata keçəndən sonra.
Qətibə bunu deyərək Səba xanıma yüz qızıl verdi. Səba xanım isə qızılları cibinə saldığı zaman qəlbində: “Bu alış-veriş yaman olmadı”, – dedi və Qətibəyə müraciətlə:
– İndi isə bir neçə kəlmədən ibarət məktub yazmalısan.
Qətibə soruşdu:
– Nə kimi bir məktub?!
– Dilşadın tərəfindən Fəxrəddinə belə bir məktub yaz:
“Mənim ruhum! Bağdadda olduğun zaman, eşqinlə bütün varlığını qurban etməyə hazır olan əsirini unutma, tez-tez görüşə gəl”.
Qətibə qələmi götürüb Səba xanımın dediklərini yazdı və imzasını atıb Səba xanıma verdi və Hüsaməddinlə görüşüb məsələni ona demək üçün başqa bir otağa keçdi. Səba xanım isə Qətibədən aldığı kağızın aşağısını kəsib imzanı götürdü və qəhqəhə ilə gülərək dedi:
– Bu vəsiqə də yaman vəsiqə deyil! Bu məktubun Qətibə tərəfindən Hüsaməddinə yazıldığına kim inanmaz? Əcəba, Atabəy öz qadınının xəttini tanımırmı?! Yaman olmadı, bu alış-veriş qazanclı alış-verişdir. Qətibənin Hüsaməddin ilə əlaqədə olmasını sübut etmək üçün bundan da möhkəm bir vəsiqə ola bilməz.
Səba xanım getdi. Bir az sonra Qətibə ilə Hüsaməddin birlikdə otağa girdilər. Qətibə pəncərənin arasında oturub çox ehtiyatlı bir vəziyyət almaqla dedi:
– O da biz düşündüyümüzü düşünürmüş.
Hüsaməddin təəccüblə soruşdu:
– Necə yəni “o da biz düşündüyümüzü düşünürmüş?”.
– Elə bu saat Səba xanım onun yanından gəldi. İki gecə imiş ki, o məni öldürmək üçün Xüld qəsrinin yanında dolanırmış.
– O bunu bacarmaz, burası Bağdaddır. Lakin biz bacararıq.
– Səba xanım onu müəyyən bir vaxtda sarayın qapısına gətirəcəkdir. Onun şərrini birdəfəlik başdan eləmək lazımdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-yalanci-dilsad
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hacı Səməd xan konsula məktub yazdırmaq üçün məni öz yanına dəvət eləmişdi. Gecə saat 12-də oradan çıxdım, faytonçumuz Balaqurban məni orada gözləyirdi.Evə gəldim. Məşədi Kazım ağa məni şam yeməyinə gözlədiyini söylədi. Həsənağa da burada oturub məni gözləyirmiş.
Ninanın ad günüNinanın ad gününü təbrikə gedənlər saat üçdə mənim mənzilimdə olmalı idi. Məşədi Kazım, onun gəlinləri Töhfə, Sənubər, Tütünçüoğlu və Həsənağa getməyə hazırlaşmışdı. Faytonlar qapıda bizi gözləyirdi.Həyətə düşmək üzrə idik. Qapıda başqa bir fayton dayandı, faytonçumuz Balaqurban yüyürərək gəldi:
İntibahnamələrƏmir timçəsindən keçdiyim zaman Həsənağaya rast gəldim. O mənə yanaşaraq:– Anam, sizi təcili surətdə çağırır, – dedi.
İraida oğurlandıBugünkü iclasda xalça fabriklərində iş aparmaq məsələsi müzakirə edilirdi. Mən bütün küstar sənaye müəssisələrinin təşkili məsələsini də gündəlik müzakirə sırasına keçirdim.Bu vaxta qədər bizim xalça fabriklərindən başqa heç bir müəssisə ilə əlaqəmiz yox idi.
Стихи других поэтов
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Ala gözlü nazlı dilbərAla gözlü nazlı dilbər,Nur yağıbdı qabağından.
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Qəzəl: Gülzari-məlahətdə gözüm bir gülə düşdüGülzari-məlahətdə gözüm bir gülə düşdü,Ruxsari ara xali-siyəh sünbülə düşdü