Страница 3 из 4 · 50%

– Möhtərəm xanımdan çox rica edirəm mənim bu kiçik hədiyyələrimi qəbul etsin, – dedi.

Teyyibə birinci olaraq güldanın üzərindən örtünü götürdü. Qadın güldana baxarkən heyrətə düşdü, bu qədər zəngin və zərif bir güldanın özünə hədiyyə gətirildiyinə inanmadı. Təxminən yarım saatdan artıq güldana tamaşa etdi, onun üzərindəki tabloların nəliyini və kimliyini öyrəndi.

Qadın Fəxrəddinə təşəkkür edərək dedi:

– Belə nadir bir hədiyyə Bağdad saraylarının heç birisində yoxdur. Bilmirəm, ağanın gətirdiyi bu qədər zəngin bir hədiyyəni qəbul etməyə səlahiyyətim vardırmı?!

Fəxrəddin qadının cavabında:

– Xanımın dərəcəsi bundan da ucadır. Haqqımda göstərilən hörmət və nəzakətin qiyməti yüzlərcə bu kimi hədiyyələrdən qiymətlidir. Tanışlığımız davam edərsə, bu böyük borcun altından çıxacağam, – dedi.

Bu sözlərdən sonra cariyələrdən Müəlla xalçanı açıb göstərdi. Qadın xalçanın üzərində xəlifə Müttəqibillahı görüncə titrədi və:

– Ah, mənim ağam! – deyərək xalçanı qucaqladı və dəhşətlə ağladı. Fəxrəddin onu sakit edərək:

– Xalçanın sizə bu qədər fəna təsir etdiyini bilsəydim, onu sizə göstərməzdim, – dedikdə, qadın iki əllərilə Fəxrəddinin əlini sıxaraq:

– Haşa, mənim ağam, haşa! Siz məni bu xalça ilə öz gəncliyimə qaytardınız. Xəlifə daima xalçada olduğu kimi mənim nəzərimdə canlandı. Sənin bu hədiyyənlə mən bir daha Bağdadın məşhur qadını olacağam, mənim evim bədbəxt xəlifə tərəfdarlarının ziyarətgahı olacaqdır.

Bu söhbətlərdən sonra Teyyibə Çin xələtini açıb xanıma nişan verdi; xanım isə sevinərək:

– Mən çoxdan bəri belə nəfis bir xələtin arzusunu çəkirdim, – deyə xələti götürüb otağına çəkildi, bir azdan sonra xələt əynində balkona çıxaraq, Fəxrəddinə yanaşdı və əlini onun çiyninə qoyub dedi:

– Sanki mənim öz boyuma biçilmişdir. Sizin mənə bu qədər qiymət verdiyinizi bilmirdim. Sizin buradan gedəcəyiniz də mənim üçün bir dərd olacaqdır, – dedikdə, Fəxrəddin də:

– Mən hələ uzun müddət buradayam. Gedəndən sonra da istədiyiniz zaman hüzurunuzda olmağa söz verirəm, – dedikdə, qadın bir ah çəkərək:

– Kişilərin bir eybi orasındadır ki, qadınlardan ayrıldıqları zaman öz ürəklərini də bərabər götürüb gedirlər. Çünki onlar ürəklərini başqa bir qadına verməyi adət etmişlər, – deyərək güldü.

Fəxrəddin də gülərək:

– Hərgah qadını da öz ürəklərilə bərabər götürüb getsələr necə olar? – dediyi zaman qadın da:

– O zaman hər kişinin yüz nəfər qadından ibarət bir hərəmxana saxlaması lazım gələrdi.

– Elələri azdırmı?

Qadın bir az düşündükdən sonra fikirli bir surətdə dedi:

– Bağdadın iqbal dövrünü söndürən və xəlifələrin əxlaqını pozan da bu olmadımı?! Bütün dünyanın gözəl qadınları Bağdada gətirildi. Bütün dünyanın qızılları Bağdada axıb gəldi. Hamısı da qadınlara, hərəmlərə, eyş-işrətə sərf olundu. İndisə xilafətə əyləşənlərin hökmranlıq edəcəyi müddət o qədər qısalmışdır ki, bir qadının hamilə olaraq doğmasına da kifayət vermir. Xəlifə Məstəkfibillah xilafətindən endiriləndən sonra iyirmi səkkiz qadını bir ildə doğmuşdu. Gəl bu məhəbbətləri bir tərəfə buraxıb, bir az da dünyanı unudaq, – deyərək Teyyibəni səslədi və dedi:

– Teyyibə, süfrəni açın, şərab gətirin, sən də, Müəlla da gəlib oturun, əziz qonağı məşğul edin, çünki mən öz söhbətlərimlə onu kədərləndirdim.

Süfrə qaranlıq düşənə qədər davam etdi. Bağdad gecəsinin qara saçlı qızı qara ipək əbasını üstünə saldığı zaman, qadın da qara saçları gözünün üstündən kənara ataraq Fəxrəddini dərin nəzərlərlə süzürdü. Qadının qarşısında iyirmi beş yaşlı və kişiliyə məxsus xüsusiyyətlərin hamısını mənimsəmiş gözəl, yaraşıqlı, ədəbli, məlumatlı və mədəni bir gənc oturmuşdu.

Bağdad mühitində böyümüş, əsrinin incəsənət sahəsində ən yüksəklikləri əldə etmiş, bir şair qəlbi kimi həssas qəlbə malik olan bu qadın, Fəxrəddin kimi vüqarlı və zəngin bir gənci sevməyə bilərdimi?! Hələ Fəxrəddinin Bağdadda bərabəri olmayan bir qadına, bir gözələ baxmaması da, qadının Fəxrəddinə olan meyl və marağını coşdururdu, çünki Fəxrəddin öz məqsədini uduzmamaq üçün qadına qarşı ehtiyatlı və etinasız davranırdı. Fəxrəddinin fikrincə, qadına öz sevgi hisslərini duydursaydı, qadın onu başqalarına qısqanacaq və Dilşadın tapılması işinə əngəl törədə biləcəkdi.

Dürrətülbağdad cariyəsi Teyyibəni səslədi:

– Teyyibə, sən də, Müəlla da, Bəşarət də hazırlanın, mən bu gecəni ağanın xidmətinə və Dəclənin səyahətinə sərf edəcəyəm, – dedi.

Qaranlıq hər tərəfi bürümüşdü. Fəxrəddinlə xanım və üç nəfər də cariyə Dəclə çayının kənarına düşdülər. Gəmilərdən ən birinci sinifli olan bir gəmini çağırdılar. Gəmi körpüyə yanaşırkən qadın:

– Bizdən başqa heç bir kəsi götürməyəcəksən, – dedikdə, ərəb:

– İtaətimiz var, – deyərək taxtanı qoydu.

Cariyələr yanlarınca götürdükləri hazırlığı yelkən gəmisinin kiçik mizi üzərinə döşədilər. Qadın baş örtüsünü götürüb cariyəsinə verəndən sonra səyahətə lazım olan bütün vasitələri sahmana salmağa başladı və Fəxrəddinə tərəf dönüb:

– Mənim ağam! Allaha and olsun on beş ildən bəri səyahət məqsədilə bir dəfə də olsa gəmiyə oturmamışam. Bədbəxtliyimin tarixi on beş ilə çatır. Hələlik o tarixi sizə danışmayacağam, çünki insan nə qədər daş ürəkli olursa olsun yenə də mənim bədbəxtliyim tarixindən kədərlənə bilər. Hərgah dostluğumuz davam edərsə, başıma gələn hadisə haqqında sizə danışaram. Hələlik Bağdad gecəsinin Dəclə səyahəti üçün hər nə lazımsa yerinə yetirəcəyəm. On beş ildən bəri Dürrətülbağdadın səsini eşitməyən Bağdad şəhəri, bu gecə əziz qonağın şərafinə düzələn səyahətin səbəbinə haman səsi eşidəcəkdir.

Dəclənin suyu pəncərələrdən düşən əlvan şamların şəfəqi altında balıq beli kimi parlayırdı. Əlvan rəngə çalan dalğaların üstündə üzən yelkənlər, ağ qanadlı kələbəklər kimi titrəyə-titrəyə gedirdi. Hər yelkəndən bir səs, hər gəmidən bir nəğmə eşidilirdi. Qadın piyalələri doldurmuşdu. O, təbəssümlə Fəxrəddinə müraciət edərək dedi:

– Udun pərdələri yerindədir. İndi də ruhun pərdələrini kökləmək lazımdır. Çünki barmaqlar ancaq ruhun mənəvi sövqü altında olaraq pərdələri danışdıra bilər. Mənim ağam! Mən musiqi dərsi keçmişəm. Başqa musiqiçiləri bilmirəm, mən öz fikrimi və öz düşüncəmi söyləyirəm. Bu deyəcəyimi məktəbdə keçməmişəm, lakin bilirəm ki, udu səsləndirən ipək tellərin bir ucu da musiqiçinin qəlbindədir. Qəlbimlə udun telləri arasındakı rabitə kəsilərsə, udun telləri danışmaz, danışsa da eşidicilərə zövq verə bilməz.

Bir neçə piyalə içdikdən sonra qadın udu danışdırmağa başladı və oxudu:

Bərahi Dəclə şəbəm ruzi rövşənəst im şəb,
Zi rəngi badə müradəm müzəyyənəst im şəb

Bir anda Dəclə üzərindəki yelkənlərdən gələn nəğmə səsləri kəsildi, yelkənlərin hamısı Dürrətülbağdadın gəmisinin sağında, solunda və arxasında gedirdi. Yelkənlərin burnuna toxunan suyun xışıltısından başqa bir səs eşidilmirdi. Sarayların, qəsrlərin pəncərələrindən minlərcə baş çıxıb Dəcləyə baxırdı.

Qadın bir daha şərab piyaləsini doldurub Fəxrəddinə verdi və:

– Al iç, mənim ağam! Bir neçə kəlmə də ərəblər üçün oxuyacağam, kim bilir, bəlkə bu gecəki Dəclə səyahəti son səyahətimdir, – dedi və udu çalmağa başladı:

Və nəhrün müşrüqün lovnü
Kəən sədyahü hoqqanun
Və məşuqun bizişadün
Kəən yeynahü zəbyanün

Qadın bu şeri oxuyub udu yerə qoyandan sonra, qoca gəmiçi qadına tərəf üzün çevirib:

– And olsun kəbənin Allahına, sizin səsinizin məlahəti ancaq Dürrətülbağdadda ola bilər. Zalimlər onu Bağdad xalqının əlindən aldılar, – dedi və ağlamaq istərkən boğazı qəhərləndi. Fəxrəddin gəmiçiyə sual verdi:

– Nə üçün onu Bağdad xalqının əlindən aldılar?

Gəmiçi oğlunu sükanın başında qoyub mizə yaxınlaşdı və söhbətə başladı:

– Onlar bir dəstə qız idi, Reydən xəlifə Müttəqibillah üçün hədiyyə göndərilmişdilər. Onların içində kiçik yaşlı olan Dürrə adlı bir qız var imiş. O çox ədəbli, kamallı, qabiliyyətli və gözəl qız imiş. Xəlifə qızı bu cür qabiliyyətdə gördəndən sonra Bağdadda məşhur qul, kəniz və cariyə satan Fənhasın oğlanlarına müraciət edib, qızın qabiliyyətini yoxlamağı əmr etdi. Fənhasın oğlanlarından Harun bu işdə çox mahir bir adam idi. O, qızın xasiyyəti və qabiliyyəti ilə tanış olandan sonra, gəlib xəlifəyə demişdi ki, bu qızın musiqi və nəğmə üçün çox böyük qabiliyyəti vardır. Hələlik Bağdad oxuyanlarının arasında onun səsinin bərabəri görülməmişdir.

Bunun üçün xəlifə qızı, çalıb-oxumaq öyrənmək üçün, Fənhasın tərbiyəxanasına tapşırmışdı.

Qız Fənhasın tərbiyəxanasına verildiyi zaman on dörd yaşı var imiş. Qız dörd ilin içərisində Bağdadın ən məşhur oxuyub-çalan bir qızı olur. O çox gözəl imiş, onun üzünə baxan bir daha gözünü onun üzündən götürmək istəməzdi. Nə başınızı ağrıdım, Harun qızı çox qiymətli libaslar və daş-qaşla bəzəyib xəlifənin sarayına aparır. Harun qızı tərbiyəxanadan götürüb xəlifənin hüzuruna gedən zaman cariyələrin hamısı bir-birilə pıçıldaşıb deyirlər ki:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов