I

Əbədi yanmayır yanan hər ocaq –Bir zaman parlayan, bir zaman sönür.Qədim kaşanələr, böyük saraylarYıxılır, dağılır, torpağa dönür...

Biri: “Möhkəm yapış – deyir – bu gündən!..”Digəri söyləyir: “Bu dünya puçdur”.Uçdu yadigar Qurban kişinin,Elə bil başıma dünyalar uçdu...

Ah-fəğan etməyin mənası yoxdur.Gördün ki, bir evi “uçurur fələk”.Bina bünövrədən çökürsə əgərOnu sona qədər uçurmaq gərək!

Uçurmaq çətindir, ancaq nə etmək?Əzəldən belədir “hökmü həyatın...”Düşdükcə boz daşlar qalın divardan,Uçdu varaqları min xatiratın...

Divar söküldükcə qopdu, töküldüKöhnə bir kitabın səhifələri –Gözümün önündən keçdi ömrümünQayğılı, qayğısız dəqiqələri...

II

Qazdıqca qazırıq, dərin kalafaYamanca qorxudur məni doğrusu.Bu, köhnə dam yeri, samanlıq yeri,O da – samanlıqda arpa quyusu...

– Baban varlı olub, şair, görünür, –Cavanlar söz atıb gülüşür hərdən –Quyu həm dərindir, həm də çox enli,Daş-qaş əskik olmaz heç belə yerdən.

– Ehtiyyatla eşin – deyirəm – bəlkə,Qızıl gizlədibdir vaxtilə qoca!– Yox, yox, qızıl nədir, rəhmətlik baban,Quyuda arpa da qoymayıb azca...

– Yer dəmyə, xış qırıq, öküzlər arıq,Qoca yaz sürəndə, payız sürməyib.Uşaq çox, məhsul az, kim bilir bəlkə,O quyu ömründə arpa görməyib...

– Xəzinələr qoyub yerin altındaSiz Topal Əhmədi elə bilməyin...Deyirəm – Bu daxma yerinə, oğlum,İndi siz qürurla baxıb gülməyin!

Bizim babaların məskəni olmuşYağışda, yağmurda, boranda, qarda.Neçə-neçə uzun ömür-gün keçibKalafası qalmış bu daxmalarda!..

Böyük bir şəhərdə ağ otaqlarıİndi özüm üçün etsəm də məskən,Haman bu torpaqda, haman bu yerdəBu qara daxmada doğulmuşam mən!..

Atamın qaşları çatılmış o gün.Titrəmiş dodağı, gözünün altı.Deyib ki, – işə bax, biri də oldu,Beşin beş dərdi var, altının altı.

Deyirlər ki, nənəm asıb nənnimiÇardağın his basmış dirəklərindənMənə bir çit köynək tikə bilməyibKöksünü ötürmüş anam dərdindən...

Dilim söz tutsaydı deyərdim o vaxt“Yaşamaq çətindir, nahaq doğuldum!Abdulla kişinin ağırdır yükü,Bir yük də yenidən ona mən oldum...”

Uzun karvanını çəkib fəsillərGah qarlı, gah güllü dağdan aşdılar –Neçə gün, neçə ay öpüb üzümdən,Uşaqlıq çağımdan uzaqlaşdılar.

Sonra tay-tuşumdan geri qalmadımNə bir əyləncədə, nə bir oyunda.Əlim çomaq tutdu...Köməyim dəydi,Muzdur qardaşlara malda, qoyunda...

Dövlətli qonşunun gümrah, qayğısızÖmrü dağlı keçdi, aranlı keçdi.Mənimsə uşaqlıq günlərim ağır,Cavanlıq illərim boranlı keçdi...

Dövlətim tək bircə kasıblıq oldu.Deyirdim, “İlahi qismətim bumu?”Gözüm bir qapıda qaldı, heyif ki,Heç görə bilmədim sərvi boylumu.

Özünü yandırır yoxsulun odu –Kim çatır hayına – yandım, deməklə?Var-dövlət ölkələr fəth edən zamanGəl ürək fəth elə tək-bir ürəklə!..

Dayanıb üstündə bu samanlığın,Heykələ döndüyüm yadıma düşdü.Gecələr yağımda yanıb sübhədək,Şam kimi söndüyüm yadıma düşdü...

Nə dağlar çəkibdir mənə dağ yolu!Yaşadım cibim boş, ürəyim dolu,Qəlbim fırtınalı, başım alovluBaşına döndüyüm, yadıma düşdü...

İndi gülürsünüz, gülməyə nə var,Bu yüngül zarafat olsa da bəsdir!Bir ölüb gedənə, bir də keçmişəAğlamaq lazımdır, gülmək əbəsdir!

Çox ucuz qiymətə alıb satarlar,Doğma beşiyimi mən ucuz tutsam,Ömrümü unutmuş olardım, əgərO qara daxmanı bir gün unutsam.

Mən son nəvəsiyəm Qurban kişinin,Qürurla çəkirəm hər vaxt bu adı.Hərdən çox “təəssüf” edirəm, lakinQızıllı, gümüşlü babam olmadı...

Bəzən tutulmadı sapdı yağılar –Pullu balıq kimi əldən sürüşdü...Harda fürsət tapdı ötürmədi heç –Qızılla, gümüşlə irəli düşdü...

Yox, yox! Düz demədim təəssüf niyə?Niyə qibtə etdim mən o yadlara!Vəzifə, ixtiyar, ehtikar üçünBizimlə “həmməslək” olan qurdlara?!

III

Ev uçdu, ümidim uçmadı ancaqLay-lay söküldüsə uca daş-divar:Əyilib sinəmə düşəndə başım,Başıma toplaşdı dostlar, tanışlar.

Deyən düz demişdir – yaxşılıq itməz! –Bir gün itən qızıl tapılacaqdır!Ürək-dirək vermək heç az iş deyil,Adama dar gündə böyük dayaqdır.

Gəlib daş daşıyan, ağac daşıyan,Boz əhəng tozunu udan da oldu.Evin xım yerini qazıb kürəklə,Torpağını çölə atan da oldu.

Qiyməti böyükdür, bilirəm, özüm,Dosta sədaqətin, yara ilqarın:

Mən də zəhmətini az çəkməmişəmBizə kömək edən o qohumların.

Minnətli çörəyi yemək çətindir.Ölsəm də yemərəm onu acından!Burda gördüyünüz ağacın, daşınÖzüm yapışmışam ağır ucundan...

Mən bu sadə evi tikdiyim zamanDuydum ürəyimdə qürur, ehtişam.Çünki bu binanın möhkəm özlünü –Bünövrə daşını özüm qoymuşam.

Bir də ona görə belə şadam ki,Heç xilaf çıxmadım könlüm deyənə,Gəzdimsə dünyanın dördə biriniÖz doğma yurduma qayıtdım yenə.

Haman bu torpaqda mənim əlimləUzun qərinələr, illər görüşdü –Kimsənin yurdunu məskən etmədim –Binam öz babamın yurduna düşdü...

Sarıvəlli kəndi, avqust, 1964

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов