Dostunuz gəlir
Buludlara bürünməsin başınız,Bilin, dağlar, bilin, dostunuz gəlir!Məni görüb çatılmasın qaşınız,Gülün, dağlar, gülün, dostunuz gəlir!
Görüşmədik bizlər xeyli zamandı,Hər bir dərddən hicran dərdi yamandı.Yollarınız bağlanmasın amandı,Bilin, dağlar, bilin, dostunuz gəlir!Gülün, dağlar, gülün, dostunuz gəlir!
Başımızdan sıx buludlar çəkilsin,Boz sürülər qar üstündən çəkilsin,Qara naxır yurd yerinə tökülsün,Bilin, dağlar, bilin, dostunuz gəlir!Gülün, dağlar, gülün, dostunuz gəlir!
Bir zaman bu yaylaqlara köçmüşəm,Quzqulaqlı quzeyləri biçmişəm.Suyu sərin bulaqlardan içmişəm.Bilin, dağlar, bilin, dostunuz gəlir!Gülün, dağlar, gülün, dostunuz gəlir!
Bu yerlərdir dost könüllər oylağı,Oyuqlunun, Muncuqlunun bulağı.Boz Dəvədaş, göy Divəkli yaylağı,Bilin, dağlar, bilin, dostunuz gəlir!Gülün, dağlar, gülün, dostunuz gəlir!
Ocaq dağı dinmə desən, dinmərəm,Ancaq bil ki, mən alışsam, sönmərəm!Dost-tanışla görüşməmiş dönmərəm.Bilin, dağlar, bilin, dostunuz gəlir!Gülün, dağlar, gülün, dostunuz gəlir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-dostunuz-gelir
Клавиши ← → для перехода, R — случайное стихотворение