Köçəryanın yuxusu
Son zamanlar ermənilərlə bağlı yuxular görməyə başlamışam. Hərdən eləsin görürəm ki, vallah yazmağa da, danışmağa da qorxuram. Deyirəm, Allah eləməmiş, səlahiyyətli bir adamın beyninə düşər ki, verin bunu məhkəməyə, yuxusunda erməni görür. Amma açığını deyim ki, birinci yuxumu qəzetdə yazanda məni heç tutub eləmədilər. Sonra öz-özümə fikirləşdim ki, əşşi, yuxuya görə adam tuturlar?
Yuxuda görmüşdüm ki, Qarabağ əvvəlki kimi yenə bizdədir. Və yenə erməni-müsəlman qardaşcasına bir yerdə yaşayır. Amma Qarabağın ayrı-ayrı rayonlarına hələ icra hakimi təyin olunmayıb. O yerlərə adam tapmağı guya tapşırıblar mənə və qarşıma belə bir şərt də qoyublar ki, əmin-amanlığın qorunması naminə həmin adamlar yarı erməni, yarı azərbaycanlı olmalıdır. Mən də radio vasitəsilə belə bir elan verirəm ki, hansı azərbaycanlıda erməni qanı varsa, səhər saat 10-da gəlsin filan binanın qabağına, amma ürəyimdə fikirləşirəm ki, axı bu nə işdir, tapşırdılar mənə. Bakıda belə adam yoxdur axı?! Təmiz ermənilərin olduğunu bilirdim. Onu televizorda dəfələrlə eşitmişdim. Amma qarışıq... nə bilim. Səhər saat 10-da dediyim yerə gələndə gördüm burada o qədər adam var ki, gəl görəsən. Adamları aralaya-aralya elə birinci mərtəbənin eyvanına çıxıb, tribuna əvəzi ordan danışmağa bşladım. Dedim, ay camaat, doğurdanmı siz hamınız o mən deyənnəsiz? Yerlərdən qışqırdılar ki, bəli, bəli. Lap elə sən deyənnənik, heç ora-burası yoxdur. Hərə cibindən bir sənəd çıxarıb başı üstündə yelləməyə başladı. Biri dedi, atam ermənidir, o biri dedi xalis erməniyəm. Özü də hamısı samballı yerlərdə işləyən adamlar idi. Dedim yəqin bunlar məni ələ salırlar. Başladım bir-bir sənədlərini yoxlamağa. Gördüm düzdür. Amma inanmadım. Dedim sənədləriniz saxtadır. Vəzifə xatirinə düzəltdirmisiniz hamınız, yalançısınız. Gördüm izdiham yavaş-yavaş yeriyir üstümə. Aradan çıxmaq istədim, alınmadı. Tutub məni o qədər döüdülər ki, ayılanda gördüm çarpayıda yox, yerdəyəm. Başım da partdaq-partdaqdır. O gündən sonra yenə ermənilərlə bağlı bir neçə yuxu gördüm. Amma sırağagün gördüyüm yuxunun qəribliyi indiyəcən məni öz təsirindən saxlaıb. Dedim qoy qəzetə yazım ki, bəlkə bir yozan tapıldı.
Görürəm ki, Köçəryan gəlib Bakıya. Respublika stadionunda camaat qarşısında çıxışa hazırlaşır. Görkəmi çox məhzun və yazıqdır. Üz-gözünü tük basıb. Hündür bir yerdə dayanıb. Yerdən onun ünvanına lənətlər və söyüşlər yağdırırlar. O, dinmir, susur. Mən isə ağ bir buludun üstündə əlimdə qələm-dəftər oturmuşam. Guya qəzet üçün reportaj hazırlayıram. Nəhayət, Köçəryanın səsi eşidilir:
–Ey müsəlmanlar! Mənə quoaq asın. Bir neçə gün bundan qabaq gördüyüm bir yuxu məni sizin hüzurunuza gətirib çıxardı. Və sizdən üzr istəmək məcburiyyətində qoydu. Yuxuda gördüm ki, babam məni qarşısında oturdub uşaq kimi danlayır. Keçmişləri nəql edə-edə, bir çox həqiqətləri başa sala-sala Qarabağı sizə qaytarmağımı təkid edir. Görürəm ki, o, mənə belə deyir: «Robert, oğlum, müsəlmanlarla işin olmasın. Onları incidənlərin, torpaqlarını zəbt edənlərin, qanlarını nahaqdan tökənlərin həmişə başına böyük fəlakətlər gəlib. Bunu mən gözlərimlə görmüşəm. 1918-ci ildə ermənilər Şuşada müsəlmanları vəhşicəsinə qırırdı. Zülm ərşə dayanmışdı. Ermənilər iri bir hovuzda müsəlmanların kəsilmiş başlarını yığmışdılar. Başlardan axan qanlar getikcə hovuza doldurulurdu. Əsr namazının vaxtı idi. Ermənilər mömin müsəlmanları döyə-döyə qabaqlarına qatıb hovuzun kənarına gətirdilər. Və onları qanla dəstəmaz almağa məcbur etməyə başladılar.
Elə bu zaman yer göy titrədi, ildırım çaxdı. Dağlardakı əks-sədadan bir neçə erməni elə yerindəcə canını tapşırdı. Göylər aralandı. Göylərin yarılması ilə yerdə ağ paltarlı, əlm qılınclı bir ağ atlının peyda olması göz qırpımında oldu. O vaxt Şuşada azərbaycanlılar ilə ermənilərin yaşadığı ərazini, eni iki metrə yaxın olan yol bir-birindən ayırırdı. Bu yol Şuşanın bir başından o biri başına kimi gedirdi. Həmin atlı peyda olduğu yerdə əlindəki qılıncı yerə necə vurdusa, Şuşanın ermənilər yaşayan tərəfini dəhşətli alov tutdu. Atlı yolun başlanğıcında necə peyda oldusa, yolun sonunda qeybə çəkildi. Bunu mən gözlərimlə gördüm. Elə həmin gündən ermənilər Şuşaya yaxın düşmədilər. Babamın dediyinə görə, həmin ağ atlı müsəlmanların qeyb olmuş imamı Sahib Zaman idi. Zülmün ərşə çıxdığını görüb müsəlmanlara köməyə gəlibmiş. Və babam dedi ki, deyilənlərə görə bir də o, 2000-ci ildə gələcək. Ey müsəlmanlar, mən bu yuxudan çox qorxuya düşdüm. Və Qarabağı davasız-filansız sizə qaytarmaq qərarına gəldim. Baxın əsir qızlarınızı da özümlə gətirmişəm. Keçin mənim günahımdan. Köçün dədə-baba yurdunuza».
Bayaqdan bəri Köçəryana heyrət içində qulaq asan izdiham sanki yuxudan oyandı, camaat arasında pıçhapıç başladı. «O, nə dedi?», «Qarabağa qayıtmaq?», «Bəs Bakı?», «Bəs burada tikdirdiyimiz villalar?» «Bakı bağlarında ucaltdığımız binalar necə olsun?», «Bəs vəzifələr, verilən pullar?» Bu nə danışır? Başı xarab olub? 11 ildən sonra ora qayıtmaq olar? Özümüzxü elə təzə bərkidirik ki? Burda deyiblər ey, söhbətin şirin yerində erməni gəldi...
Köçəryan heyrət içində camaata baxırdı. Nədənsə heç onun gözlədiyi kimi olmadı. Heç kəsdən bir müsbət rəy eşitmədi. Birdən yadına düşdü ki, bəlkə pul məsələsi... Dedi, pulnan aldığımız torpaqların pulunu da qəpiyinə kimi qaytaracağam, heç nicaran qılmayın. Mən sözübütöv adamam. Gördü yox,Ö heç öu söz də camaatın vecinə gəlmədi. Yaman pərt idi. Yerlərdən səslər eşidilməyə başladı: «Sənə deyən var idi ki, biz Qarabağı istəyirik?», «Xırda-xırda ATƏT-MATƏT vasitəsilə yaddan çıxırdı da», «Torpaqdır da, almısınız-almısınız, da halal xoşunuz!», «Müharibədə belə olur da, biri udur, biri uduzur», «Ayə sənin atanın yuxusunun lap içinə...»
Köçəryan izdihama ağır-ağır göz gəzdirib başını bir neçə dəyə tərpətdi. Nə dünündüyü bilinmədi. Gözləri yol çəkdi. Əsir qızları da götürüb ağır-ağır addımlarla ordan uzaqlaşdı. Onlar gözdən itincəyə qədər camaat yarıutancaq, yarışən baxışlarıyla onları müşayiət etdi. Hərdən əsir qızlar dönüb geri baxır və yenə yollarına davam edirdilər.
Yuxudan oyanıb, «Allah xeyirə calasın», dedim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-koceryanin-yuxusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ya düz yola keç ömrü boyu qatdan özünçün,Ya əyrini seç, dəhridə rahatdan özünçün.
Girsən onun vedrəsinəBir əsər yazdı fələk qoydu həyat səhnəsinə,Bizi ifaçı yaratdı, onun hər pərdəsinə.
Pünhanı şişirdirlərBöhtanlara qatmaqçün, nöqsanı şişirdirlər,Zindanlara atmaqçün, böhtanı şişirdirlər.
Ötdü cavanlıq QarabağCanavar nəslinə sərf etdi dumanlıq QarabağKi, ola onlara hər dəmdə yavanlıq Qarabağ.
Стихи других поэтов · Сатира
Yerdə əyyami-məhərrəm, şiələr qan ağladı,Ay tutuldu nalədən, göydə qəmər qan ağladı.
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
Bimərhəmət ə’yanlarına şükr, xudaya!За твоих бессердечных дворян, боже, слава тебе!За набивших до края карман, боже, слава тебе!
İnsan vəzifəni bəzəsin gərəkOturub dörd divar arasında sən –Yüz yerə zəng vurub əmrlər verdin.