Mən yenə qonağın oldum, ay Krım,Güldü gözlərimdə ulduz, Ay Krım!Qoy, sənə sevgimi, sənə haykırım.

Seyrinə qoyulsam ömrüm boyunca,Demərəm, mən sənə baxdım doyunca.

Adıma bir zaman dastan yazmışam,Qohumdan, qardaşdan, dostdan yazmışam,Bayramdan yazmışam, yasdan yazmışam.

Deyirəm, nə olar bir daha yazsam,Ürəyim boşalmaz, yazsam, ha yazsam!

Yadların əliylə olub yağma sən,Qoynunda görmüsən sıxma-boğma sən,Sən bilsən nə qədər mənə doğmasan!

Sən mənim yarımsan, yarım, ay Krım,Sən yarı canımsan, Krım, ay Krım!

Görüb meyvələri şaşırır adam,Qarpız, alma, gilas, alça, tut, badam,Mənmi bu üzümlü bağlara yadam.

Mənimsən, hər bitkin, hər nemətinlə,Havanla, suyunla, təbiətinlə.

Sevimli ünvanlar, sevgili adlar,Mehriban soyadlar, əziz soyadlar,Ruhunu nə qanar ruhuna yadlar?!

Sən söylə, kiminsən, Krım, ay Krım,Necə bu tilsimi qırım, ay Krım!

Suların mərcandır, qumların almaz,Desəm, söz olacaq, deməsəm, olmaz,Kim sənin eşqinlə dərdə tutulmaz?!

Ölsün bu dünyada talançı kəslər,Ziyançı, yabançı, yalançı kəslər!

Gəmilər yollanır hara dənizdən?Açıla bilərmi ara dənizdən?Hara boylanırsan Qara dənizdən?

Görürəm, nə qədər canında can var,İçində sürəkli bir həyəcan var.

Çəkilsin havanın ağır bürküsü,Dinir radioda könül türküsü,Könül türküsünün yoxdur ürküsü.

Səni mənim kimi duyanların var,Harayçıların var, hayanların var.

Yaşa güllərinlə, çiçəklərinlə,Dalğalar adlayan küləklərinlə,Dağlarda qılınc çək şimşəklərinlə!

Alovlu qəlbində çarpsın ildırım,Sənə qurban olum, Krım, ay Krım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе