Nizami şeirinin özünəməxsusluğu
Страница 2 из 2 · 50%
Zənaşuyi be həm xorşid-o-məhra,
Rəhəm bəste be zadən sobhgəh-ra.
Nizami yalnız şairanə təsvirlərində deyil, fəlsəfi hökmlərində də eyni istiarə və məcaz sənətindən faydalanır. Hər hansı cəmiyyətdə yüksək məqam tutanların məsuliyyət dərəcələrini anlatmaq üçün, Nizami əsən şiddətli küləkdən otların asudə olduğu halda, sərvlərin əziyyət çəkdiklərini göstərir:
Ze badi k-u kolah əz sər konəd dur
Giyah asude başəd, sərv rəncur.
Əşyaların canlı təsəvvür edilməsi Nizaminin təşbehlərini daha da təsirli edir. Məsələn, gül, Nizami şerində sadəcə olaraq açmır, “köynəyini yırtır”; bülbül yalnız ötmür, “eşqini bəyan edir”; yasəmən bir çiçək ikən “türk” olur və səhrada “çadır qurur”. “Lalə bir hindudur – atəşə tapınır”. Aşağıdakı beytdə isə, çiçəklərin kefcil (əyyaş) adamlar kimi eyş-işrətlə məşğul olduğunu görürük:
Səmən saqi vo-nərges bade dər dəst
Bənəfşə dər xoçar-o-sorxqol məst.
Bu məcazi təşbehlər Şərq ədəbiyyatında Nizamiyə məxsus olmasa da, Nizamidə bu sənətdə ustada layiq yüksək bir səviyyədədir.
Nizami yaradıcılığının xüsusiyyətlərini qeyd edərkən, şairin işlətdiyi dil üzərində də dayanmaq yersiz olmaz. Nizami poeziyasının ruhunda Firdovsidəki farslıq təəssübünün heç bir izi olmadığı kimi, “Xəmsə”də də “Şahnamə”dəki xalis fars dili meyli yoxdur. O, “Əcəmi diriltmək” və əski Kəyanilərin dəbdəbəsini yenidən canlandırmaq niyyətində deyildir. Ərəb təsiri ilə mübarizə edən fars dehqanlarının, yəni feodal aristokratlarının siyasi ideallarına xidmət edən İran millətçisi Firdovsi üçün farslıq təəssübü təbii ola bilərdi. Halbuki, Nizaminin istədiyi, ideal nümunəsini ancaq türk dövlətində gördüyü sosial ədaləti təmin etmək və ona layiq olduğu şərəfli yeri verdirməkdir. Bu işdə bir mütəfəkkirə yerli fars dehqanlarına və onlara qoşulmuş saray xadimlərinə deyil, İslam mədəniyyətini qərəzsiz olaraq dərindən mənimsəmiş şəhərlilərin hisslərinə tərcüman olmaq gərək idi. Bunun üçün də o, əski (arxaik) fars dilini deyil, dövründəki oxuyub-yazan mühit üçün təbii olan canlı bir dili işlədirdi. Bu mövqedən, Nizami ərəb kəlmələrini işlətməkdə heç bir eyib görmürdü. Nizami poeziyasında yalnız ərəb deyil, türk kəlmələrinə də təsadüf olunur. Nizami dil xüsusunda milli təəssüb göstərmişdir. Bu təəssübü göstərdiyi və bunun üçün şərait olsaydı, bəlkə də sevgili yurdunun danışdığı və özünün də, obrazlı şəkildə “həqiqət dili” dediyi türk dilində yazardı.
Nizaminin dilini çətin hesab edənlər də vardır. Bu dil, həqiqətən də asan deyildir: cinaslar və istiarələrlə dolaşdırılmışdır. Fəqət onunla müasir olmuş şairlərin, o cümlədən, Xaqaninin baş çıxarılmaz müəmmalı dili ilə müqayisə edildikdə, Nizaminin “təqidinə” (dolaşdırılmasına) rəhmət oxumaq lazımdır. Bu çətinlik əslində şairin “tapmaca” bir dil işlətməsindən irəli gəlmir. Əsl səbəb onun təşbeh və istiarələrini anlamaq üçün o dövrdəki şərait, məfhum və biliklər haqqında məlumatımızın qıtlığıdır. Nizamini asanlıqla başa düşməkdən ötrü o dövrdəki maddi-mənəvi bütün biliklərin bir ensiklopediyasına malik olmaq, o zamankı şəraiti lazımınca araşdırmaq lazımdır. Bu iş görülməyincə, Nizamini anlamaq təbii ki, çətin olacaqdır. Yoxsa Nizaminin dili, müasir olan digər şairlərə nisbətən, ən asan oxunan bir dildir.
Nizami yaradıcılığında elmin rolu da böyükdür. Şair zamanının bütün biliklərini: bədii əsərləri, folkloru, mifologiyanı, tarixi, dini, fəlsəfi və əxlaqi təlimlərini mənimsəmişdi, qədim-yeni müxtəlif dilləri bilirdi.
Nizaminin coğrafiya sahəsində göstərdiyi peyğəmbərlik bir sıra Avropalı müəlliflər tərəfindən qeyd olunmuşdur. Bertelsə görə, Nizami Nil çayının mənbəyini, yalnız təqribən XIX əsrdə təsbit olunan bir yerdə təsəvvür etmişdir. Coğrafiya sahəsində olduğu kimi, şairin etnoqrafiyaya aid məlumatı da heyrətamizdir. Məsələn, Qırğız çöllərindəki daş qadın heykəlləri barədə etnoqrafların verdiyi məlumat eynilə Nizamidə də mövcuddur. Şairin yaşadığımız günlər üçün son dərəcə aktual və maraqlı olub, siyasi iqtisadla bağlı bir mülahizəsini də qeyd edə bilərik. Qafqazın qurtuluşu uğrunda vuruşan İskəndər, məğlub olmuş ruslardan aldığı çoxlu kürk və dəridən ibarət qənimətlər içərisində qupquru və tüksüz bir dəri parçasının diqqətlə qorunduğunu görür: maraqlanan İskəndərə əsir ruslardan biri bu dərinin başqa kürk və dərilərdən nə üçün daha üstün tutulduğunu izah edir. Məlum olur ki, bu dəri ruslarda mübadilə rolunu oynayırmış: bütün kürklər və dərilər ancaq bu quru dəri parçası ilə satın alınırmış. Bu hekayə üzərində dayanan Nizami, İskəndərə “siyasətə baxınız ki, quru bir dərini gümüşdən daha mötəbər etmişdir!” – cümləsini söylədir.
Görünür ki, qızılın, o zaman üçün gümüşün yalnız mübadilə vasitəsi olduğu üçün mötəbər olması fikri artıq XII əsrdə Nizaminin iti zəkasını məşğul etmişdir. Zəmanəmizdə əsl dəyərin əməkdə olduğunu düşünən iqtisadçılar kimi, Nizaminin İskəndəri də, “Dərini gümüş yerinə keçirən” siyasət üzərində heyranlıqla düşünmüşdür.
Nizamidə biz astronomiya elminə aid mühüm bir qeydə də rast gəlirik. Keçmiş insanlar dünyanı, mərkəzi yer olmaqla, bir göy çevrəsindən ibarət bilirdilər. Ulduzlar göyə “bərkidilmiş” işıqlar sayılırdı. Bunlardan günəş də daxil olmaqla, yalnız yeddi səyyarənin yerin ətrafına fırlanmaq şərtilə dövr etdikləri təsəvvür olunurdu. XVI əsrin əvvəllərində Kopernik fələyin əsas quruluşu haqqındakı təsəvvürü dəyişdirməklə, onun yer deyil, günəş ətrafında fırlandığını iddia etdi. Daha sonra gələn alimlər, dünyanın bir deyil, çox olduğunu və ulduzların ayrı-ayrı bürclər halında öz günəşləri ətrafında fırlanan sistem təşkil etdiklərini söylədilər. İlk dəfə olaraq, XVI əsr astronomlarından Cordano Bruno ulduzların müstəqil bir aləm olmaları fikrini irəli sürmüşdür. Nizami isə, vəziri Büzürgümmidə suallar verən Xosrov Pərvizə dedirtdiyi:
Eşitdim mən ki, hər ulduz cahandır
Ki hər biri ayrı yer, asimandır!
– beyti ilə bu kəşfin Kopernik və Brunodan da 400 il əvvəl peyğəmbərliyini etmişdir.
Nizami intuisiyasının kimya ilə bağlı bir nümunəsindən də bəhs edə bilərik. Baxmayaraq ki, qeyd edəcəyimiz bu məsələ daha çox Nizami dövründəki elmi biliklərə daxil məlumatlardan sayılmalıdır. Şair beytlərindən birində:
Aslan ol da, qorxma mətbəx pişiyindən,
Təlq ol da, qorxma cəhənnəm atəşindən.
deyir. “Təlq” sözünün, “Xəmsə”nin haşiyələrində oddan qorxmayan və yanğına davamlı mineral bir maddəni bildirməsi qeyd olunur. Yanmayan qablar və atəşə davamlı başqa cihazlar dövrümüzün texniki yeniliklərindəndir. Bu cihazların qayrılmasında işlənən yanmayan maddələrdən azbestin tərkibindəki elementlərdən biri də təlqdir.
Ənənəvi biliklərdən başqa, şair dövründəki müxtəlif ağıl və güc idmanlarına da yaxından bələddir. Hekayələrində olduğu kimi, ayrı-ayrı misralarında da bu bələdliyin izi və əksi görünür. Məsələn, şətrənc (şahmat) şairin əsərlərində terminləri bol-bol işlədilən bir oyundur.
Bir sözlə, şair öz dövrünün ensiklopediyasıdır. Heç bir şeydən bilik qədər zövq almır. O, bütün gecələrini və gündüzlərini aramaq, düşünmək və yaratmaqda keçirmişdir. Həyatda sevinci də bundadır. “Təbinin xəzinəsi zəngin, qapısı da qıfılsızdır: bu xəzinədəki incilərdən birini çıxarmayınca yatdığı bir gecə də olmamışdır”.
Nizaminin gecələr onu yatmağa qoymayan bu biliksevərliyi, kainatın varlığında gizli olan sirləri anlamaq istəyi ilə şərtlənmiş bir böyüklük və dərinlikdədir. Şairə görə, dünyanın gərdişi və həyatın gedişi müəyyən bir səbəbə bağlıdır. “Əsl dəyərli söz, bu səbəbi tapıb göstərən sözdür”.
Təlimi və bədii bütün əsərlərində filosof Nizami, müxtəlif şəxslərin dili ilə və müxtəlif misallar gətirmək yolu ilə, daim, həyat nədir, ölüm nədir, ilk yaradılmış hansıdır, dünyada həyat mümkün ikən axirətə ehtiyac varmıdır, səmadakı “səyyah”ların dövrünü nizama salan və gördüyümüz ulduzları bir qaydada saxlayan nədir, ulduzlar özlüyündə bir aləmdirmi, cəsədsiz can (ruh – red.) təsəccür etmək olarmı, röya nədir, düşünmək nə deməkdir kimi bir sıra suallara cavab olacaq “söz” axtarmaqdadır.
Həqiqi alim bu araşdırmaya bağlanmış bir insandır. Belə bir insanın, yəni alimin məqamı, Nizaminin gözündə, bütün məqamlardan yüksəkdir. Necə ki, İskəndərin dili ilə o, “bir insan digərindən yalnız biliyi ilə üstün olur: nə qədər yüksək məqam olursa-olsun, bir alimin yeri o məqamdan yüksəkdədir” – deyir.
Dövrünün hər cəhətdən alim və fazil şəxsiyyəti olan Nizami yaradıclıq yolunda heç kəsi örnək götürməyən orijinal bir şairdir. Özünün təbirincə, “zamanın heç bir gülünə, ondan daha xoş səsli bir bülbül qonmamışdır”. Hər elmdə bir dəftər, hər mənada bir əsərə malik olan şair, özündən yaxşı bir “gülbün” (gül ağacı) tanımır və orijinallığını nəzərdə tutaraq, “mənliyimi özümdə tapdım” – deyir.
Şairin özü barədəki bu iddiası bütün tədqiqatçılar tərəfindən qəbul edilməkdədir. “İskəndərnamə”nin bir yerində dediyi kimi, “yanan ilhamı, Məryəm ana kimi, bakirə ikən doğmaqdadır”.
Klassik İran ədəbiyyatında Azərbaycan dövrü mühüm bir mərhələ təşkil edir. Nizaminin yaşadığı bu dövrdə əmələ gələn ədəbi məktəb, Azərbaycandan əvvəl Xorasanda, daha əvvəl isə Xarəzmdə yaranmış ədəbiyyatın bütün yüksək keyfiyyətlərinin həqiqi varisi idi. Yaxın Şərq ədəbiyyatı tarixində müstəsna bir yer tutan bu dövr ədəbiyyatı nümayəndələrinin ən görkəmliləri, əsərimizdə, Nizaminin müasirlərindən bəhs olunarkən qeyd edilmişlər. Həmin qeydlərdən göründüyü kimi, o zamankı Azərbaycanda şer sənəti bütün poetik formalarda ən yüksək zirvəyə qalxmışdır.
O zamankı şəraitdə şairlər həyat və şöhrətlərini saraylara, zamanın iqtidarını əllərində cəmləşdirən hökmdarların iltifat və bəxşişlərinə borclu idilər. Sənətkarlığının bütün imkanlarını yaltaq mədhlərə sərf etmək məcburiyyətində qalan bir şair, əsərin məzmun və mündəricəsindən ziyadə, şəkil və formasına əhəmiyyət verirdi. Ona görə qəribə deyil ki, qiymətlərini ancaq saraylarda hökmdarlardan gözləyən bu dövr sənət əsərlərinin çoxu qəsidə şəklində olurdu. Bu forma zamanın ən dəbdə olan şəkillərindən sayılır və şairin qiyməti bu növdə göstərdiyi qüdrət və məharətlə ölçülürdü. Mücir Beyləqani, Əbül-Üla-Gəncəvi, Qivami Mütərrizi və bunların hamısından üstün, Xaqani Şirvani belə qəsidəçilər idilər. Ağır şəraitdə yaradılan bu dövr ədəbiyyatı yalnız sənət üçün yaradılır, qəsidə formasındakı ən parlaq nümunələri ilə məzmun baxımından sönür, hər cür ciddi mənadan məhrum olurdu.
Şerin texnika və poetikasında müasirlərinə bərabər və hətta onlardan üstün olan Nizami təbiətindəki özünəməxsusluq və şəxsiyyətindəki müstəqillik sayəsində özünü sarayların əzici təsirindən qurtararaq, ədəbiyyata məhrum olduğu məzmunu verə bildi və bununla da böyük bir islahatın (reformanın) banisi oldu. O, sarayın fərdi zövq və şıltaqlıqlarına deyil, cəmiyyətin sosial və mənəvi ehtiyaclarına üz tutdu.
“Xəmsə”dəki məsnəviləri ilə Nizami yalnız Firdovsi üslubundakı qəhrəmanlıq dastanını eşq əfsanəsi şəklinə salmaqla kifayətlənmədi, eyni zamanda o, yüksək poetik forma daxilində böyük sosial ideyalar təlqin edən və ali siyasi məqsədlər güdən ölməz əsərlər yaratdı.
Nizami şer ilə hikməti, sənətkarlıqla ideyalılığı, uğurlu bir şəkildə birləşdirərək, sənətkarlıq baxımından əsrindəki böyük boşluğu doldurmuş ideyalı və mücahid bir şairdir. Onun şerləri daxili və zahiri gözəlliyin ahəngindən yaranmış misilsiz əsərlərdir.
“Xəmsə”dəki ölməz məsnəviləri ilə Nizami məqsəd üçün yaradılan sənətin imkanlarını parlaq şəkildə isbat etdi və özündən sonra gələn əsrlər üzərində bildiyimiz böyük təsiri göstərdi. Onun əsərləri Yaxın Şərqin ən böyük ustadları üçün təqlid edilən bir örnək oldu.
Nizaminin ədəbiyyatdakı islahatı yalnız mənzum roman formasına aid xüsusiyyətlərlə bitmir; o, əsl gözəl zahiri formanı yüksək daxili mənalarla canlandıran bir sənət məktəbi olmaqla qiymətlidir.
Nizaminin “Məryəm ana”ya bənzətdiyi bakirə ilhamı bizə məhz belə “İsa” doğmuşdur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resulzade-azerbaycan-sairi-nizami-nizami-seirinin-ozunemexsuslugu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
MÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
NövhəYenə fitnə alıb meydan,Müftinlər sürür dövran.
Stalinlə ixtilal xatirələriKitab Məmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cüildə Türkiyədə çap etdirdiyi seriya məqalələrindən ibarətdir. Buraya böyük
Стихи других поэтов
(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Neylərəm ol cənnəti içində dildar olmasaNeylərəm ol cənnəti içində dildar olmasa,Qoy anı viranə qalsın bağçada bar olmasa.