Страница 1 из 3

Qafqaz döyüşündə rus sərkərdəsi
Qıntalın əsgərlərinə müraciətindən:

Udarıqsa bu döyüşü əgər,
Bu dəfəki zəfər cahana dəyər.

Alarıq ərzi iqtidarımıza
Qoyarıq taci-şahı başımıza.

N i z a m i

Azərbaycanlı Nizami əsərlərini farsca yazmış olduğu halda, ondan yarım əsr sonra dünyaya gəlmiş “Pələng dərisi geymiş pəhləvan” dastanının müəllifi, gürcü Şota Rustavelidən daha artıq qafqazlıdır. Şərq İslam mədəniyyətilə İran ədəbiyyatının və xüsusən Nizaminin təsirinə məruz qalması alimlər tərəfindən qeyd olunan bu böyük gürcü şairinin ölməz əsərində dildən başqa hər şey yaddır: mövzusu bir hind dastanlarından alınmışdır; şəxs adları və hadisələrin baş verdiyi yerlər də yaddır. Təkcə Gürcüstan deyil, bütün Qafqaz şəraitilə mənzumənin açıq bir bağlılığı yoxdur. Halbuki, dil baxımından millilikdə Rustavelidən geri qalan Nizami, mövzuları nəzərdən keçirilərsə, ondan daha milli, daha yerlidir. Bu baxımdan Qafqaz Nizaminin yaradıcılığında çox mühüm bir yer tutur.

Nizamidə Qafqazın yalnız coğrafi bir məfhum deyil, geopolitik baxımdan – bütün etnik, ictimai və siyasi ünsürlər ilə bir mövzu olaraq da inikası vardır.

Şairin ilk lirik əsəri olan və Nizami adını dünyaya tanıdan “Xosrov və Şirin” mənzuməsindəki hadisələrin mühüm bir qismi Ermənistanda, Azərbaycanda və Muğanda baş verir. Şirin bir erməni şahzadəsidir – qış sarayı Arranın mərkəzi Bərdədə yerləşən hökmdar Şemiraminin vəliəhdidir. Könlünü Şirinə vermiş Sasani şahzadəsi gənc və gözəl Xosrov “eşq həyatının ilk baharını” Muğanın ilıq havasında və Bərdənin mülayim qış gecələrində keçirir. Burada insanlar gözəl, azad və xoşbəxtdirlər. Qadınlar-qızlar kişilər kimi sərbəstdirlər: at minir, ova çıxır, yarışlarda iştirak edirlər. Şah Şemiraminin və ondan sonra xüsusən Şirinin idarə üsulu, Nizaminin təxəyyülü ilə ən ədalətli və humanist bir idarə kimi təsvir olunur.

Azərbaycan şairinin yaradıcılığında Qafqazın tutduğu mühüm yeri xüsusən “İskəndərnamə” əsərində görmək olar. Tarixi həqiqət olmasa da, Nizami idealizə etdiyi Makedoniyalı İskəndəri iki dəfə Qafqaza gətirmişdir. Birinci gəlişin tarixçəsi belədir:

Daranın məğlubiyyətindən sonra İran taxtına çıxan İskəndərin yanına Azərbaycandakı sərkərdənin göndərdiyi bir nəfər gəlir. Bu adam Ermənistanda atəşpərəstliyin hələ də davam etməsi xəbərini gətirir və təfsilatı danışaraq deyir: “Atəşpərəstlikdə qalmış ermənilər başqa bir padşaha tabe olurlar. Ermənilərin hakimləri Abxaziya (Nizamidə “Abxaz”) çarı Duvaliyə tərəfdardırlar – qədəhlərini onun sağlığına qaldırırlar, məmləkət xəracını ona ödəyirlər”. Bu təfsilatdan sonra azərbaycanlılar İskəndəri ayıq saxlamaq üçün bunu da əlavə edirlər: “qarşısı alınmazsa, tezliklə Azərbaycanı da bürüyər”.

Bu xəbəri alan İskəndər dərhal Ermənistan üzərinə yeriyir. Bu hücumla məmləkəti alır, atəşpərəstlikdən orada bir əsər qoymur. Bundan sonra Abxaziyaya (Gürcüstan) basqın edir. Hadisədən xəbər tutan Duvali çarəni müqavimət göstərməkdə deyil, padşahın istiqbalına çıxmaqda görür. Iskəndər möhtərəm bir qonaq kimi Abxaziyada çox yaxşı qarşılanır. Bir müddət burada qalır. Nizaminin nəql etdiyi rəvayətə görə, Tiflis şəhərini tikdirir.
Burada ikən İskəndər Bərdənin şöhrətini eşidir. Iskəndərin marağına səbəb olmuş bu “tərifi” Nizami bizə də təqdim edir. Bu təsvirə görə, Bərdə və onun ətrafının qışda cənnəti andıran bir mənzərəsi varmış: iyulda çəmənlər çiçəklərlə örtülümüş; qışın da bahar yeli kimi ilıq havası varmış, yaşıllıqlarla bürünmüş yer, İrəm bağında olduğu kimi, müşk qoxuyarmış; qızıl və sudan yoğrulmuş kimi, torpağı zəfəran əkinini xatırladarmış; Kür çayı da burdan keçirmiş. Bu yaşıl diyarda yaşayan insanlarda könül xoşluğundan başqa bir şey yoxmuş; hamısı şən və xoşbəxtmişlər.

Bu “cənnət diyarın” sahibi Nüşabə adlı bir qadındır. Həyatını eyş-işrətlə keçirən bu qadın ağıl və tədbirilə tanınırmış.

Hökmdar Nüşabənin hökm sürdüyü Bərdə, qadınlar tərəfindən idarə olunan bir “şəhri-zənan” imiş. Hökmdarın hüzurunda min bakirə qız xidmət edirmiş; qadın süvarilərdən təşkil olunmuş qoruyucu alaydan başqa, otuz min əli qılınclı kişi əsgərləri varmış.

Nüşabə qadınlardan başqa heç kəsi yanına buraxmaz, kişilərə ehtiyac duymazmış. Sarayında “kədxuda”lardan geri qalmayan “kədbanu”ları varmış.

Iskəndər ordusu ilə gəlib Bərdənin yaxınlığında düşərgə salır. Getdiyi hər yerdə yerli hökmdarlar tərəfindən qarşılanıb, əlinin öpülməsinə və itaət bildirilməsinə alışmış imperator, qadın padşahın onu qarşılamamasından heyrətə düşür. Nüşabə İskəndəri əsla qarşılamır, yalnız ordusu üçün ərzaq göndərməklə kifayətlənir.

Bərdənin abadlığı, ədalətlə idarə olunduğu, əhalisinin rifah və əmniyyət içərisində yaşadığı, məmləkətdəki bolluq və gözəllik haqqında danışılan rəvayətləri eşitmiş İskəndər, bir də Nüşabənin ona qarşı göstərdiyi laqeydliyi gördükdə, bu “gözəllik diyarı”nı öz gözləri ilə görmək, öyrənib eşitdiklərini yoxlamaq qərarına gəlir: bir elçi sifətilə özü Nüşabənin sarayına yollanır. Sarayda İskəndəri qeyri-adi təntənə ilə qarşılayırlar. Dilbər saray gözəlləri min bir izzət və ehtiramla “elçi”ni qəbul salonuna aparırlar. Nəhayət, Nüşabə onu qəbul edir.

“Elçi” ilə hökmdar arasında baş verən görüş səhnəsi gözlənilməzliklərlə dolu, son dərəcə həyəcanlı və maraqlıdır. Hər şeydən əvvəl, hökmdar qonağının hiyləsini alt-üst edir: onun bir “elçi” deyil, İskəndərin özü olduğunu üzünə vurur. Iskəndər isə bunu inkar etməyə başlayır.

Bu barədə dialoq aşağıdakı şəkildə verilir:

İ s k ə n d ə r: (elçi sifətilə) – Böyük hökmdarım salam göndərir və deyir, nə oldu ki, kraliça bizi qarşılamağa gəlmədi? Nə haqsızlıq gördü ki, düşmənimiz kəsildi? Qılıncının daha kəskinliyinəmi, yoxsa oxunun daha itiliyinəmi güvəndi?..

N ü ş a b ə: İskəndərin qılıncından nə danışırsan? Sən öz başına çarə qıl ki, özün İskəndərsən. Pusqunu mənə qurdun, amma özün yaxalandın. Təcrübəli davran, xam olma!

E l ç i (İskəndər) – İskəndər bir dəryadır, mənsə bir çay; kölgəyə günəş deyə xitab etmə!

N ü ş a b ə: Şöhrətin böyük, adın böyükdür! Aslanı canavar dərisində gizlətmə!

E l ç i (İskəndər) – Sənin gözündə böyüyəmsə də, əmin ol, İskəndər deyiləm, yalnız onun elçisiyəm. Bir elçi kimi cəsarətim çox görünməsin: tülkünün yox, aslanın yanından gəlmişəm.

Nüşabə, xidmətçi qızlardan birinə padşahın şəkilləri olan ipək kolleksiyanı gətirməyi əmr edir. Gətirirlər. Kolleksiyanın bir guşəsini açır və İskəndərə: “bax!” – deyir.

Iskəndər, Nüşabənin göstərdiyi guşəni açaraq öz şəklini görür; yaxalandığını başa düşür, fikrə dalır.

N ü ş a b ə: Narahat olma, məni də yad bilmə, özünə düşmən sayma! Zati-alini təqdir edənlərdənəm. Harda olur-olsun, qulluğa hazıram, nəqşini (şəklini – red.) sənə göstərməyim, vurduğum nəqşin (naxışın – red.) tutduğunu göstərmək üçündür; təsəvvür etdiyim bütün naxışlardan könlümə yatanı ancaq səninkidir. Tanrı sağlıq versin. Doğruluğuma özün şahid olacaqsan!

Daha bir çox maraqlı məqamlar və süni yeməklərdən ibarət süfrə kimi gözlənilməzliklərlə dolu olan bu görüş axırda iki tərəf arasında bir ittifaq bağlanması ilə nəticələnir. Nüşabə İskəndər və ordusunun şərəfinə böyük bir ziyafət verir.

Bundan sonra İskəndər Şirvan yolu ilə Dərbəndə gedir. Amma yola düşməzdən qabaq İskəndər bir müşavirə keçirir: bütün sərkərdələrini toplayaraq xalqlar arasında dostluq prinsipinə hörmətlə kraliça Nüşabənin sağlığına qədəh qaldırdıqdan sonra İskəndər bu sözləri deyir:

“Əvvəlcə buradan geri dönüb Ruma getmək niyyətində idim. Indi fikrimi dəyişdim: bütün dünyanı görmək və tutmaq qərarına gəldim!”

Şair, nəzərdə tutulan bu səfərin keçiləcək ilk mərhələsini də bizə göstərir: Bütün dünyanı ələ keçirməyi planlaşdırmış İskəndər “öncə Elbrus dağına yol tapıb bu dağı aşacaq, düzənliyə çıxacaq; daha sonra qoşununu dəniz sahilinə çəkərək, bir həftə ərzində burada balıq və quş ovlayacaq, sonra isə baxacaq: “ürəyi nə istəsə və zaman nə göstərsə, elə edəcəkdir”.

Bu qərardan sonra filosof Bəlisanın tövsiyyəsilə, döyüşçülər əllərindəki qiymətli şeyləri ümumi bir dəfinə olaraq yerə basdırıb, hər şeyin kimə mənsub olduğunu göstərən əlamətlər qoyaraq çıxıb gedirlər (rəvayətə görə, İskəndər ordusunun Ruma qayıtması başqa bir yoldan olmuş və dəfinə burada basdırılı qalmışdır).

Şirvandan keçərkən İskəndərə Dərbənd qalasında məskən salmış bir dəstə qarətçinin yolları kəsərək, karvanları soymaqlarından, bütün məmləkəti qorxuda saxlamaqlarından və əhalini talan etdiklərindən şikayət edirlər. İskəndər yüz min nəfərlik ordu ilə qalanı düz qırx gün mühasirə edirsə də, ala bilmir. Bu işdə düçar olduğu çətinliyi, İskəndər, adəti üzrə, tədbir və sehrlə həll etmək istəyir. Aldığı bir xəbərə əsasən, İskəndər o ətrafda mağarada yaşayan bir “piri-salehi” (“doğruçu qoca” – red.) görməyə gedir. Bu “pir”in duası sayəsində, nəhayət, Dərbənd qalası alınır.

Bu zaman Xəzranilər (“xəzraniyan”) İskəndərin yanına gələrək Qafqaz dağlarının o tərəfində yaşayan köçərilərin onlara hücum etdiklərindən və daim qırıb soyduqlarından şikayət edirlər. İskəndər, bir çarə olaraq, “Səddi-İskəndəri” kimi tanınan Dərbənd divarlarının tikilməsini onlara tövsiyyə edir. Imperatorun əmrilə xəzranilər toplanır, dağ keçidlərini dəmir, çınqıl və ya çaydaşından bir qarışıqla (bir növ, dəmir-beton) tuturlar, dar boğazda möhkəm bir sədd qururlar. Öz tərəfindən bu işə yardım üçün İskəndər “sədd çəkilməsini bilən ustalar və mühəndislər” göndərir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əlimərdan bəy Topçubaşının məzarı başında nitq

Xanımlar, bəylər!Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq.

19341 мин
Hümmət və qeyrət vaxtıdır

İlahi, havaxtacan bizlər gecə-gündüz fikrə qərq və millətimizin dərdini və dalda qalmağını özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə maneə vardır? Bəli, vardır! Nə şeydi bizə mane olub? Hümmətsizlik, kibr və qürur, mədəniyyətə ədəmi-meyl. Müsəlmanam – deyib, oturub, baxmaq. Bəli, bir para əhli-maariflərimiz yeri düşəndə köhnə islam mədəniyyətilə təfaxür edərlər ki, bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər. Zamanımızda millətimizin təfaxür eləməli nəyi vardır? İlahi, nə oldu o günlər? Bu cürə də insaniyyət olarmı? Pəs gündə beş-altı nahaq qan töküyoruz. Bununla belə Allahdan rəhm ümid ediriz?! Va milləta! Bu nə əhvaldır biz düşmüşük? Məgər vaxt gəlməyib ki, bu dərdlərin çarəsini edək?! Bir kərə ətrafımıza baxaq, bizdən səvayi sərgərdan kim qalıb? Qardaşlar! Gəlin hamımız birdən hümmət edək, məktəbxanələr açaq, cəmiyyəti-xeyriyyələr təsis edək, füqərayə əl tutaq. Ta Allah da bizim əlimizdən tutsun. Hədisi-şərifi-nəbəvi varid olubdur ki, füqərayə əl tutmaq insanın ömrünü uzun eylər. Əbəs yerə deyilməyibdir məlum ki, füqəraların məskənləri pulsuzluqdan çirkli və mütəəffin saxlanır və buna görə o yerlərdən bəzi naxoşluqlar hadis olur ki, qonşulara da sirayət edir. Hər ayinə dövlətlilər füqəralara əl tutalar, yəqin ki, onlar da fəqirlikdən xilas olub, öz məskənlərini təmiz edərlər. O naxoşluqların qapısı başlanar. Və qeyrilər də səlamət olar. Pəs nəfəqə insanın ömrünü uzadar. Budur! Axirət səvabı isə daha artıq.Bu vaxta bizə lazım və vacibdir ki, hümmət edib, elm öyrənməyə və öyrətməyə və öyrətdirməyə səy və kuşiş qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir. Elmin fəzilətində bu bəsdir ki, peyğəmbərimiz əleyhissəlam hədisi-mütəəddidə elə bizlərə tapşırıblar, əzon cümlə bu aşağıdakılardır ki, nəzmə çəkmişəm.

19032 мин
Əsli və Kərəm

Milli aşıqlarımızın avamımız üzərində böyük təsirlər icra edərək söylədikləri "Əsli və Kərəm" hekayəsindən iqtibas olunan "Əsli və Kərəm" operasına mən keçən cümə gecəsi birinci dəfə tamaşa ediyordum. Üzeyir bəy arkadaşımızın musiqarlıqdaki birinci əsəri və gərək İslam və gərək Türk aləmində birinci olan "Leyli və Məcnun" operasına tamaşa eləmiş, sonra Bakıdan ayrılmışdım. "Leyli və Məcnun"dan sonra yazılan musiqi əsərlərinin heç birini görməmişdim. Beş il keçmişdir. Tainki keçən dəfə "Fərhad və Şirin”i görmüş, beş ildəki tədənniyə ürəyim ağrımışdı. Fəqət "Əsli və Kərəm" operasının tamaşası bu ağrını sağaltdı."Əsli və Kərəm" operasının misalını təlxis etmək istəməz. Çünki, camaatımız mükərrərən oynanılmış olan bu operanı görməmiş olsalar belə "Əsli və Kərəm" nağılını oxumuşlar və yaxud eşitmişlərdir.

19144 мин
Mirzə Fətəli Axundzadə (məqalə)

Bundan 77 il öncə, 28 Şubat *(fevral)* 1878-də, Mirzə Fətəli Axundzadə vəfat etmişdir. Axundzadə Azərbaycan ədəbiyyatında hürr *(azad)* düşünmə tərzinin ən böyük bir müməssilidir *(nümayəndəsidir)*. Bu günə qədər belə Azərbaycan səhnələrindən düşməyən və mədəni dünyanın bütün dillərinə çevrilmiş bulunan komediyalarında və fəlsəfi-publisistik əsərlərində, Mirzə Fətəli Müslüman dünyasının ictimai və siyasi bütün sahələrində radikal islahata lüzum olduğunu müdafiə ediyordu. Hərarətli bir vətənsevər sifətilə, Mirzənin qəlbi, məmləkətinin geriliyinə acıyordu. Dünya mədəniyyətini bir bütün olaraq tərəqqi edən o, Müslüman millətlərin çağdaş Batı Avropa tərəqqi karvanına qatılmaları yolunu arıyordu. Hürriyyət fikri, insanlıq şərəf və heysiyyəti, düşünüş sərbəstisi və hər türlü istibdad təzyiqindən qurtulma əzmi Mirzənin yaradıcılığında əsas motivi təşkil edirdi. Bu hürriyyətləri imha *(məhv)* və təhdid edən siyasi, ictimai və dini hər növü müəssəsələr, onun, böyük bir məharət və sənətkarlıqla yazılan əsərlərində amansızca xırpılanıyordu *(kiçildilirdi)*. O, on səkkizinci yüz il batısının aydınladıcı fikirlərinin Doğuda bir təmsilçisi idi. Sözün, yazının, dini və fəlsəfi düşünüşün hürriyyət və sərbəstisini savunan (qoruyan) Mirzə Fətəli, qadın-kişi hər iki cinsin, həyatın hər sahəsində, eşit haklara malik olmasını istiyordu. Kişilər də, qadınlar da, onun anlayışına görə, eyni dərəcədə oxur-yazar olur, eyni təhsili görməlidirlər. Elm, yanlış anlaşılmış dinçiliyin məngənəsindən qurtulmalıdır. Dövlət istibdadının da, ölçülü ədalət qanunlarıyla mülayimləşməsini, bütün hərarətiylə tələb ediyordu. Fəlsəfi-publistik əsərlərindən, məşhur "Kəmalüd Dövlənin Cəmalüd Dövlə ilə məktublaşmalarının bir yerində eynilə bu sətirləri oxuyuruq: "... əslinə baxılırsa, iş millətimizin dinsiz və Allahsız olmasında deyildir. İstənilən şey yalnız, indiki dövrün və mədəniyyətin icablarını nəzərdə bulunduraraq, İslamiyyətin islahı, həm də əsaslı bir islahıdır. Bu islah tərəqqinin və mədəniyyətin ruhuna uyğun, insanların hürr və bütün haqq və vəzifələrində tamamilə eşit *(bərabər)* olmaları əsasına dayanmalı, siyasi müəssəsələrinin tədbirli bir şəkildə islahı surətilə Doğu istibdadı tədil olunmalı *(dəyişdirilməli)*, müslüman qadınlarla kişilər üçün ümumi və məcburi təhsil saxlayan bir dövlət rejimi qurulmalıdır". Belə bir rejimin qüvvədən felə keçirilə bilməsi üçün, Mirzə Fətəli, özəl bir qeyrət və əzmlə ərəb hərflərinin latın hərflərinə təbdili *(əvəzetmə, dəyişdirmə)* surətiylə yazımızın islahı xüsusunda təşəbbüsə keçmiş; İstanbula getmiş, Tehrana müraciət etmişdir. Başqalarının haqqını qəsb və tarixi həqiqətləri təhrif etməkdə eşsiz *(misilsiz)* və rəqibsiz olan bolşeviklər, yağmaçılara xas bir küstahlıqla *(həyasızlıqla)*, Mirzə Fətəlini də mənimsəməkdən çəkinmədilər. Hər hanki baxımdan təhlil edilirsə edilsin, ta iliklərinə qədər inanmış bir liberal olan Mirzə Fətəlini, liberalizmin "burjua hürriyyətçiliyi" deyə təzyif *(təqdim edən)* edən bolşeviklərə dost bir insan, deyə göstərmək füzulluqu *(boşboğazlığını)*, ancaq, hürr fikir və kəlam sahiblərinin qafaları patlatılan, mətbuatı inhisar altında bulunduran kommunist diktatorluğunda təsəvvür edilə bilir. Mirzə Fətəli "Şərq istibdadı"nın yumşaldılmasını istiyordu. Halbuki, bolşeviklərin qurduqları diktatorluq rejimi ən geniş fantaziləri belə göl-gədə buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu, tarixdə eşinə *(tayı-bərabərinə)* rastlanmayan bir zülm və mütləqiyyət rejimidir. Mirzə Fətəli, Batı Avropa mədəniyyətini idealizə ediyordu. Sovetlər isə, burjua vəsfini *(tərifini)* verdikləri bu mədəniyyətə arxalarını çevirmiş, ona amansız bir hərb elan etmişlərdir. Avropa mədəniyyətinə intibah etmək niyyətilə Azərbaycan ilə Türkiyə latın hərflərini tətbiqə başladıqları bir sırada, Sovet Azərbaycanı və onunla birlikdə Sovetlər Birliyindəki bütün digər Türk Cümhuriyyətləri kommunistlərin təzyiqiylə, rus əlifbasına keçdilər. Bu hal əsla, nə Axundzadənin xəyalına sığardı, nə də onun Avropalaşma sisteminə uyardı. Bu tədbir ancaq və ancaq Sovetlərin yürütdükləri kültür politikasıyla tam bir ahəng təşkil edir ki, indiki halda bu politika "Sovyet Nasyonalizmi" adı altında formulə edilən bir sistem şəklinə qonmaqdadır. Rus millətinə "ağa-bəyi" rolunu ayıran bu sistemdə, gözlərini insanlıq kültürünə doğru çevirən hər hərəkət "İrticai bir kosmopolitizm" töhmətiylə təlim olunmaqdadır. Kommunizmin ana fikri olaraq tərvic olunan Allahsızlıqdan bəhs edərkən, bolşeviklər, çox dəfə Mirzə Fətəlinin adını anıyorlar. Onun ateistliyindən bəhs açarlar. Bu, bir iftiradır. Bu yalana əsla inanmayınız. Mirzə Fətəli, yuxarıda söyləmiş olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmiyordu. Onun mücadilə etdiyi şey, iman və düşüncəyə müsəlləd *(canı ilə bağlı)* olan isxolastik *(orta əsr)* təfəkkür tərzi idi. Bu növü düşünüş tərzi indi bütün abusluğuyla *(totallığı ilə)* Sovetlərdə hakimdir. O Sovyetlərdə ki, kommunizm xaricində kimsəyə özəl bir dünya görüşünə sahib olmaq haqqı tanınmamaqdadır. Sovyetlər dövlətinin tərvic etdiyi *(rəvac verdiyi)* rəsmi əqidə, bütün Sovyet vətəndaşları, daha doğrusu bolşevik kölələri üçün məcburi bir mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya həbs, ya da toplama kamplarıdır *(sürgün düşərgələridir)*. Əziz Azərbaycanlılar, bir daha təkrar ediyoruz: bolşevik ajanlarının, Sovyet ədəbiyyatçı və sözdə tənqidçilərinin nəqarətlarına əsla inanmayınız! Söz hürriyyətinin, mətbuat sərbəstliyinin, inanış, din və düşünmə istiqlalının, liberal dövlət üsuli-idarəsinin böyük mücahid; şəkilcə də, muhtəvaca *(məzmunca)* da milli və müasir Azərbaycan ədəbiyyatının qurucusu və latın əslindən gələn yeni Türk əlifbasının qəbulu üçün savaşan böyük islahatçı Mirzə Fətəlinin, bu unudulmaz hürriyyət qəhrəmanının, təqdis etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrinin təmsilçiləri bulunan bolşeviklərə dost olması qətiyyən təsəvvür olunamaz!

19554 мин

Стихи других поэтов