Nizamidə Qafqaz
Страница 3 из 3 · 67%
Dərbənd keçidi şimaldan cənuba doğru keçən təhlükələrin tarixdə daimi bir yolu olmuşdur. Qədim İran və ondan sonra ərəb xilafəti buradan keçib “Gülüstan” kimi tanınan Şirvana və daha aşağıda Arran, Muğan, İran Azərbaycanı (qədim Midiya), Ermənistan və Gürcüstana hücumlar edən “çöllülər” və xəzərlərə qarşı mübarizə aparmalı olmuşdur. Məşhur Dərbənd divarları da bu müdafiə məqsədilə tikilmişdir. Tikilməsi Kəyanilərdən Ənuşirəvana aid edilən bu səddi ərəblər təmin edib möhkəmlətmişlər. Ərəblərlə xəzərlər arasında keçən döyüşlər məşhur “Dərbəndnamə”də təfsilatı ilə verilmişdir. Nizaminin əsərində “bəzədilən” bu divarın “səddi-İskəndər” şəklinə düşdüyünü görürük.
Qədimlərdə alanlarla xəzərlərin etdiyi şimal hücumları, VIII və IX əsrlərdən etibarən ruslar tərəfindən edilməyə başlamışdır. Bərdənin “İskəndərnamə”də təsvir olunan faciəsi də bu dövrdə baş vermiş qanlı hadisələrin, İskəndər dövrünə qədər “təqəddüm” etdirilən bir “bəzəyi”dir; hətta bilavasitə Nizaminin zamanında baş verib, “Leyli və Məcnun”un ithaf olunduğu Şirvan şahı Axsitan tərəfindən dəf olunan rus təcavüzünün də, şübhəsiz, bu “bəzək”də mühüm rolu olmuşdur.
Nizamidə rus ordusunun “müttəfiqi” kimi, “Xəzər”lərdən və “burtas”lardan bəhs olunur. Bu qeydə biz, IX əsrdəki rus hücumundan bəhs edən ərəb tarixçisi Məsudidə olduğu kimi, şair Xaqanidə də rast gəlirik.
Rus basqınçıları ilə müttəfiqləri – tarixin bütün dövrlərində Dərbənd keçidini aşaraq Qafqazı və bu tərəfini talan etmiş düşmənlərin bir dövrə sığışdırılmış və son rus vəhşilikləri ilə “bəzədilmiş” bir simvoludur. Bunun müqabilində İskəndərin başçılığı ilə rus təhlükəsinə qarşı duran müttəfiqlər ordusu – müxtəlif tarixi dövrlərdə Şimal təhlükəsinə qarşı durmuş və bu gün də mübarizə etməkdə olan xalqların timsalıdır. Şair qarşılaşan bu iki düşmən qüvvəni əsatir qaranlıqlarına bürünmüş İskəndər dövrü kimi uzaq bir dövrdə çarpışdırırsa da, çəkdiyi tablo və yürütdüyü mühakimələrlə təsvir etdiyi mübarizəni yalnız öz dövrü üçün deyil, bu gün üçün də aktual olan çox real fikirlərlə canlandırır. Şairin rus sərkərdəsinə dedirtdiyi Qafqaz səfərinin cahanşümul əhəmiyyəti və İskəndərin türk dünyası ilə Qafqaz məsələsi və rus təhlükəsi arasındakı münasibətə aid irəli sürdüyü hərbi və siyasi mülahizə, nəhayət, Qafqaza soxulan rusların bütün Yaxın Şərq üçün böyük bir təhlükə olması, bu gün də zehinləri məşğul edən əsas düşüncələrdən biri deyildirmi?!
Göründüyü kimi, əsas siyasi düşüncələri baxımından, Nizami yetişdiyi yurdun geopolitik vəziyyətindən irəli gələn daimi qayğıları başa düşmüşdür.
Şairin özündən 800 il sonrakı nəsillərə bu qədər canlı olaraq bağlayan şey, şübhəsiz, onun yetişdiyi mühitlə iliklərinə qədər bağlı olmasıdır.
Təşbeh və istiarələrində “ağ neft” ilə bu neftdəki alışqanlığa tez-tez müraciət edən bir sənətkarın, qəhrəmanlarına ziyafət verərkən onlara qırmızı şərab süzüb “qaraçay quzusu”nun eyni olan “Bulqar quzusu” yedirdən bir hekayəsinin və ya gözəlin çənəsini “Şəki alması”na bənzədən bir şairin Azərbaycan və Qafqazla hissi, zövq və təbiətcə bağlılığına şübhə etmək olarmı?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/resulzade-azerbaycan-sairi-nizami-nizamide-qafqaz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xanımlar, bəylər!Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq.
Hümmət və qeyrət vaxtıdırİlahi, havaxtacan bizlər gecə-gündüz fikrə qərq və millətimizin dərdini və dalda qalmağını özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə maneə vardır? Bəli, vardır! Nə şeydi bizə mane olub? Hümmətsizlik, kibr və qürur, mədəniyyətə ədəmi-meyl. Müsəlmanam – deyib, oturub, baxmaq. Bəli, bir para əhli-maariflərimiz yeri düşəndə köhnə islam mədəniyyətilə təfaxür edərlər ki, bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər. Zamanımızda millətimizin təfaxür eləməli nəyi vardır? İlahi, nə oldu o günlər? Bu cürə də insaniyyət olarmı? Pəs gündə beş-altı nahaq qan töküyoruz. Bununla belə Allahdan rəhm ümid ediriz?! Va milləta! Bu nə əhvaldır biz düşmüşük? Məgər vaxt gəlməyib ki, bu dərdlərin çarəsini edək?! Bir kərə ətrafımıza baxaq, bizdən səvayi sərgərdan kim qalıb? Qardaşlar! Gəlin hamımız birdən hümmət edək, məktəbxanələr açaq, cəmiyyəti-xeyriyyələr təsis edək, füqərayə əl tutaq. Ta Allah da bizim əlimizdən tutsun. Hədisi-şərifi-nəbəvi varid olubdur ki, füqərayə əl tutmaq insanın ömrünü uzun eylər. Əbəs yerə deyilməyibdir məlum ki, füqəraların məskənləri pulsuzluqdan çirkli və mütəəffin saxlanır və buna görə o yerlərdən bəzi naxoşluqlar hadis olur ki, qonşulara da sirayət edir. Hər ayinə dövlətlilər füqəralara əl tutalar, yəqin ki, onlar da fəqirlikdən xilas olub, öz məskənlərini təmiz edərlər. O naxoşluqların qapısı başlanar. Və qeyrilər də səlamət olar. Pəs nəfəqə insanın ömrünü uzadar. Budur! Axirət səvabı isə daha artıq.Bu vaxta bizə lazım və vacibdir ki, hümmət edib, elm öyrənməyə və öyrətməyə və öyrətdirməyə səy və kuşiş qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir. Elmin fəzilətində bu bəsdir ki, peyğəmbərimiz əleyhissəlam hədisi-mütəəddidə elə bizlərə tapşırıblar, əzon cümlə bu aşağıdakılardır ki, nəzmə çəkmişəm.
Əsli və KərəmMilli aşıqlarımızın avamımız üzərində böyük təsirlər icra edərək söylədikləri "Əsli və Kərəm" hekayəsindən iqtibas olunan "Əsli və Kərəm" operasına mən keçən cümə gecəsi birinci dəfə tamaşa ediyordum. Üzeyir bəy arkadaşımızın musiqarlıqdaki birinci əsəri və gərək İslam və gərək Türk aləmində birinci olan "Leyli və Məcnun" operasına tamaşa eləmiş, sonra Bakıdan ayrılmışdım. "Leyli və Məcnun"dan sonra yazılan musiqi əsərlərinin heç birini görməmişdim. Beş il keçmişdir. Tainki keçən dəfə "Fərhad və Şirin”i görmüş, beş ildəki tədənniyə ürəyim ağrımışdı. Fəqət "Əsli və Kərəm" operasının tamaşası bu ağrını sağaltdı."Əsli və Kərəm" operasının misalını təlxis etmək istəməz. Çünki, camaatımız mükərrərən oynanılmış olan bu operanı görməmiş olsalar belə "Əsli və Kərəm" nağılını oxumuşlar və yaxud eşitmişlərdir.
Mirzə Fətəli Axundzadə (məqalə)Bundan 77 il öncə, 28 Şubat *(fevral)* 1878-də, Mirzə Fətəli Axundzadə vəfat etmişdir. Axundzadə Azərbaycan ədəbiyyatında hürr *(azad)* düşünmə tərzinin ən böyük bir müməssilidir *(nümayəndəsidir)*. Bu günə qədər belə Azərbaycan səhnələrindən düşməyən və mədəni dünyanın bütün dillərinə çevrilmiş bulunan komediyalarında və fəlsəfi-publisistik əsərlərində, Mirzə Fətəli Müslüman dünyasının ictimai və siyasi bütün sahələrində radikal islahata lüzum olduğunu müdafiə ediyordu. Hərarətli bir vətənsevər sifətilə, Mirzənin qəlbi, məmləkətinin geriliyinə acıyordu. Dünya mədəniyyətini bir bütün olaraq tərəqqi edən o, Müslüman millətlərin çağdaş Batı Avropa tərəqqi karvanına qatılmaları yolunu arıyordu. Hürriyyət fikri, insanlıq şərəf və heysiyyəti, düşünüş sərbəstisi və hər türlü istibdad təzyiqindən qurtulma əzmi Mirzənin yaradıcılığında əsas motivi təşkil edirdi. Bu hürriyyətləri imha *(məhv)* və təhdid edən siyasi, ictimai və dini hər növü müəssəsələr, onun, böyük bir məharət və sənətkarlıqla yazılan əsərlərində amansızca xırpılanıyordu *(kiçildilirdi)*. O, on səkkizinci yüz il batısının aydınladıcı fikirlərinin Doğuda bir təmsilçisi idi. Sözün, yazının, dini və fəlsəfi düşünüşün hürriyyət və sərbəstisini savunan (qoruyan) Mirzə Fətəli, qadın-kişi hər iki cinsin, həyatın hər sahəsində, eşit haklara malik olmasını istiyordu. Kişilər də, qadınlar da, onun anlayışına görə, eyni dərəcədə oxur-yazar olur, eyni təhsili görməlidirlər. Elm, yanlış anlaşılmış dinçiliyin məngənəsindən qurtulmalıdır. Dövlət istibdadının da, ölçülü ədalət qanunlarıyla mülayimləşməsini, bütün hərarətiylə tələb ediyordu. Fəlsəfi-publistik əsərlərindən, məşhur "Kəmalüd Dövlənin Cəmalüd Dövlə ilə məktublaşmalarının bir yerində eynilə bu sətirləri oxuyuruq: "... əslinə baxılırsa, iş millətimizin dinsiz və Allahsız olmasında deyildir. İstənilən şey yalnız, indiki dövrün və mədəniyyətin icablarını nəzərdə bulunduraraq, İslamiyyətin islahı, həm də əsaslı bir islahıdır. Bu islah tərəqqinin və mədəniyyətin ruhuna uyğun, insanların hürr və bütün haqq və vəzifələrində tamamilə eşit *(bərabər)* olmaları əsasına dayanmalı, siyasi müəssəsələrinin tədbirli bir şəkildə islahı surətilə Doğu istibdadı tədil olunmalı *(dəyişdirilməli)*, müslüman qadınlarla kişilər üçün ümumi və məcburi təhsil saxlayan bir dövlət rejimi qurulmalıdır". Belə bir rejimin qüvvədən felə keçirilə bilməsi üçün, Mirzə Fətəli, özəl bir qeyrət və əzmlə ərəb hərflərinin latın hərflərinə təbdili *(əvəzetmə, dəyişdirmə)* surətiylə yazımızın islahı xüsusunda təşəbbüsə keçmiş; İstanbula getmiş, Tehrana müraciət etmişdir. Başqalarının haqqını qəsb və tarixi həqiqətləri təhrif etməkdə eşsiz *(misilsiz)* və rəqibsiz olan bolşeviklər, yağmaçılara xas bir küstahlıqla *(həyasızlıqla)*, Mirzə Fətəlini də mənimsəməkdən çəkinmədilər. Hər hanki baxımdan təhlil edilirsə edilsin, ta iliklərinə qədər inanmış bir liberal olan Mirzə Fətəlini, liberalizmin "burjua hürriyyətçiliyi" deyə təzyif *(təqdim edən)* edən bolşeviklərə dost bir insan, deyə göstərmək füzulluqu *(boşboğazlığını)*, ancaq, hürr fikir və kəlam sahiblərinin qafaları patlatılan, mətbuatı inhisar altında bulunduran kommunist diktatorluğunda təsəvvür edilə bilir. Mirzə Fətəli "Şərq istibdadı"nın yumşaldılmasını istiyordu. Halbuki, bolşeviklərin qurduqları diktatorluq rejimi ən geniş fantaziləri belə göl-gədə buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu, tarixdə eşinə *(tayı-bərabərinə)* rastlanmayan bir zülm və mütləqiyyət rejimidir. Mirzə Fətəli, Batı Avropa mədəniyyətini idealizə ediyordu. Sovetlər isə, burjua vəsfini *(tərifini)* verdikləri bu mədəniyyətə arxalarını çevirmiş, ona amansız bir hərb elan etmişlərdir. Avropa mədəniyyətinə intibah etmək niyyətilə Azərbaycan ilə Türkiyə latın hərflərini tətbiqə başladıqları bir sırada, Sovet Azərbaycanı və onunla birlikdə Sovetlər Birliyindəki bütün digər Türk Cümhuriyyətləri kommunistlərin təzyiqiylə, rus əlifbasına keçdilər. Bu hal əsla, nə Axundzadənin xəyalına sığardı, nə də onun Avropalaşma sisteminə uyardı. Bu tədbir ancaq və ancaq Sovetlərin yürütdükləri kültür politikasıyla tam bir ahəng təşkil edir ki, indiki halda bu politika "Sovyet Nasyonalizmi" adı altında formulə edilən bir sistem şəklinə qonmaqdadır. Rus millətinə "ağa-bəyi" rolunu ayıran bu sistemdə, gözlərini insanlıq kültürünə doğru çevirən hər hərəkət "İrticai bir kosmopolitizm" töhmətiylə təlim olunmaqdadır. Kommunizmin ana fikri olaraq tərvic olunan Allahsızlıqdan bəhs edərkən, bolşeviklər, çox dəfə Mirzə Fətəlinin adını anıyorlar. Onun ateistliyindən bəhs açarlar. Bu, bir iftiradır. Bu yalana əsla inanmayınız. Mirzə Fətəli, yuxarıda söyləmiş olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmiyordu. Onun mücadilə etdiyi şey, iman və düşüncəyə müsəlləd *(canı ilə bağlı)* olan isxolastik *(orta əsr)* təfəkkür tərzi idi. Bu növü düşünüş tərzi indi bütün abusluğuyla *(totallığı ilə)* Sovetlərdə hakimdir. O Sovyetlərdə ki, kommunizm xaricində kimsəyə özəl bir dünya görüşünə sahib olmaq haqqı tanınmamaqdadır. Sovyetlər dövlətinin tərvic etdiyi *(rəvac verdiyi)* rəsmi əqidə, bütün Sovyet vətəndaşları, daha doğrusu bolşevik kölələri üçün məcburi bir mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya həbs, ya da toplama kamplarıdır *(sürgün düşərgələridir)*. Əziz Azərbaycanlılar, bir daha təkrar ediyoruz: bolşevik ajanlarının, Sovyet ədəbiyyatçı və sözdə tənqidçilərinin nəqarətlarına əsla inanmayınız! Söz hürriyyətinin, mətbuat sərbəstliyinin, inanış, din və düşünmə istiqlalının, liberal dövlət üsuli-idarəsinin böyük mücahid; şəkilcə də, muhtəvaca *(məzmunca)* da milli və müasir Azərbaycan ədəbiyyatının qurucusu və latın əslindən gələn yeni Türk əlifbasının qəbulu üçün savaşan böyük islahatçı Mirzə Fətəlinin, bu unudulmaz hürriyyət qəhrəmanının, təqdis etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrinin təmsilçiləri bulunan bolşeviklərə dost olması qətiyyən təsəvvür olunamaz!