Nizaminin qadına münasibəti
Страница 2 из 2 · 50%
Qız cilvələnərək: “Bizim öküzə məşq deyirsiniz, amma sizin gura məşq deyənlərə ölüm, eləmi?!” – deyir.
Bu kinayəni eşidən padşah diqqətlə baxaraq öz “türk”ünü tanıyır, onun ölmədiyinə sevinir, dərhal qaçıb boynuna sarılır və gül yanaqlarından öpür.
Məşqlə qazanılmış məharətin də qiymətli olduğunu qeyd edən padşaha haqq qazandıran Fitnə, vaxtı ilə onu qəzəbləndirmiş şıltaqlığının səbəbini izah edərək deyir: “Padşahım, göstərdiyiniz məharət fövqəladə bir şey idi, göydə mələklər, yerdə insanlar o sərrastlığa heyran idilər. Bütün gözlər o anda sizə qibtə və heyranlıqla baxırdı. Mən də bu sərrastlığa məftun və heyran idim. Yalnız sizi bəd nəzərlərdən qorumaq üçün elə laqeyd bir görkəm aldım!.. ”
Üzüründə də günahında olduğu kimi qüdrət göstərən bu incə məxluqu Bəhram canı kimi bağrına basır və bu “günahkar” cariyəni yalnız bağışlamaqla kifayətlənməyib, onu özünə nigahlamaqla da xoşbəxt edir.
Beləliklə, çinli cariyə həm özü qurtulur, həm də hamisi olan sərkərdə mükafata layiq görülür.
“İskəndərnamə”də dövrünün alim və filosoflarını aciz qoyan qibti Məryəm hekayəti də vardır ki, öz səyi ilə, müasir istilahla desək, avtodidaktik olaraq yetişən bu alim qadın obrazının sərgüzəştini bütünlüklə danışsaq, sözü həddən artıq uzatmış olarıq.
Nizamidə kişilər kimi ata minən, vuruşan, eyş-işrət içində ismət və namuslarını, qiymət və şərəflərini qoruyan qadınlara aid çox canlı və şairanə misallar tapa bilərsiniz. Amma şairin təsvir etdiyi ən gözəl, qüvvətli və kamil bir qadın obrazı, şübhəsiz, Şirindir. Bir tərəfdən ən ülvi sevgi ilə Xosrova aşiq olan bu şahzadə, o biri tərəfdən də qadınlıq şərəfini uca tutan bir insandır. Eşqin verdiyi zəifliklə təslim olma uçurumunun ta kənarına qədər gələn Şirin, ləyaqətinin, qadınlıq şərəfinin verdiyi qüvvətlə sarsılmadan dayanır, aşiqindən özünə qarşı bərabər münasibət tələb edir. Hər hansı bir normal qadında olduğu kimi, Şirində də iki daxili duyğu daimi bir mübarizədədir. Qadınlıq hissi ilə sevir, aşiq olur. Təkliyə qatlanır. İllərcə gözləyir. Fərhad kimi fədakar aşiqə şəfqət göstərsə də, əsl məqsədindən dönmür. Dözümlülük sayəsində, müqavimət və qeyri-adi mətinliyi nəticəsində istədiyinə istədiyi şəkildə nail olur.
Eşqdən irəli gələn bütün zəiflik və iztirablarına baxmayaraq, həyatda namus prinsipindən əl çəkməyən Şirinin ölümü də namusladır. Əri Xosrovun öldürülməsindən sonra özünü öldürən Şirin haqqında Nizami, “Şirindən başqa bu dünyada heç kəs özünü başqası üçün öldürməmişdir” – deyir.
Ərinin ölümünə dözməyib ölən qadınlar yox deyil. Fəqət Şirinin haqqı vardır: heç kim bir başqası üçün bu gözəlliklə ölməmişdir. O, ərinin məzarı üstünə dərdini azaltmaq, ağlamaq üçün gedən yaslı bir qadın kimi deyil, sevgilisinə qovuşmaq üçün yollanan xoşbəxt bir gəlin kimi gedir və bu “gəlin otağından” bir daha çıxmır.
Erməni şahzadəsi Şirin – xristian, İran şahzadəsi Xosrov – atəşpərəst idi. Qəribə deyilmi ki, qədim İran əfsanəsinin təsvir etdiyi bu məhəbbət, eyni coğrafi ərazidə cərəyan edən daha sonrakı məhəbbətlərin əsasını ehtiva edir: məsələn, xalq eşq dastanlarından birinin qəhrəmanları Kərəm – müsəlman, Əsli də xristiandır.
Müxtəlif millət və dinlərə mənsub qonşular arasındakı böyük bir eşq dastanları dünya ədəbiyyatının məlum mövzularındandır.
Nizaminin qadın haqqındakı görüşlərini yaratdığı fəzilətli qadın surətlərinə görə müsbət olaraq müəyyən etmək mümkündür. Fəqət, Nizami, bizcə, qadın azadlığı və isməti haqqındakı fikirlərini türk köçərilərindən qıpçaqlar barədə gözəl bir hekayəti ilə anladır:
Qafqaza getmək üçün Çindən hərəkət edən İskəndər ordusu qıpçaq çölündə düşərgə salır. Iskəndər buradakı qadınların açıq gəzərək kişilərdən qaçmadığını görür. Əsgərlərinin ehtiyacından ehtiyat edən imperator qonağı olduğu məmləkət əhalisinin irz və namusuna təcavüzə yol verməmək üçün qıpçaq bəylərini toplayır. Onlara böyük iltifat göstərib fikirlərini bildirdikdən sonra qadınlarının örtülü gəzməsini tövsiyyə edir: “Qadın daşdan, dəmirdən də olsa yenə qadındır. Qadının üzü örtülü olmalıdır” – deyir. “Üzünü başqalarına göstərən bir qadın nə özünün, nə də ərinin şərəf və heysiyyətini qoruya bilməz!” – deyə xəbərdarlıq edir.
Çöllülər padşahın bu sözlərini diqqətlə dinlədikdən sonra nə cavab versələr yaxşıdır? Qıpçaq bəyləri İskəndərə deyirlər ki:
“Padşaha itaət edirik. Zati-alisinə sədaqətli olmağa and içmişik. Əhdimizdə dayanmışıq. Fəqət, üz örtmək bu əhdə daxil deyildir: çünki bu, qıpçaq adətinə uyğun gəlmir. Sənin adətin üz qapamağı tələb edirsə, bizim adət də göz qapamağı tələb edir. Başqasının üzünü görməmək lazımdırsa, üzü deyil, gözü qapamaq gərəkdir. Padşah bizə qəzəblənməsin: üz örtülsə, arxayamı baxılacaq?! Bizim gəlinlərin otağında yad bir kəs yoxdursa, bu kifayətdir. Padşahım, sən gəl, bu xalqın üzünü niqab ilə gizlətmə! Daha yaxşısı budur ki, örtüyü öz gözlərinə as! Bir göz qapanarsa, nə ayı görər, nə də günəşi! Hökmdar nə əmr edərsə, yerinə yetirməyə hazırıq! Canımızı belə istəsə, verərik. Yalnız öz adətlərimizdən əl çəkmərik!”
Şəhərli İran – Bizans mədəniyyətinin nümayəndəsi olan İskəndər ilə çöllü türk mədəniyyəti nümayəndələri olan qıpçaq bəyləri arasında keçən bu dialoq səhnəsi, ta 20-30 il bundan əvvələ qədər Türk-İslam dünyasını güclü şəkildə məşğul edən mübahisələrə bənzəmirmi? Nizaminin qıpçaqları bizim liberal düşüncəli inqilabçılarımızla eyni mövqedə deyildirlərmi?!
“Qadının saçı uzun, ağlı qısadır”. “Qadın təbiətən alçaqdır”. Qadın əleyhinə deyimiş bu fərmanlara Nizamidə də rast gəlirik. Fəqət şair bu tipli ikinci dərəcəli qəhrəmanlarının dilindən verir. Nizaminin əsərlərində qadınları ən çox pisləyən qadındır. Amma qısqanclıq odu ilə ərini gözəl və ağıllı rəqibinə vurulmaqdan çəkindirmək istəyən bir qadın. Rəqibi Şirini əri Xosrovun gözündən salmaq üçün bizanslı şahzadə Məryəm, qadınlar haqqında bunları söyləyir:
“Qadınlar şeyxlərə bənzərlər: içdən xəbis, çöldən nəfisdirlər. Heç vaxt atda, qılıncda və qadında vəfa axtarmazlar. Vəfa deyilən şey kişidir. Qadına necə etibar etmək olar? Qadın dedinmi, mərdlikdən əl çək. Kişilər çox düşündülər, daşındılarsa da, heç bir qadında düzlük tapmadılar. Qadının sol böyürdən yarandığını söylərlər, heç əyridən də düzlük gözlənilərmi?”.
Bunlar rəqiblik və qısqanclıq hissi ilə söylənmiş səfeh sözlərdir.
Nizamidə qadın ruhunun, müasir Avropa ədəbiyyatında da tez-tez rast gəldiyimiz psixoloji təsirinə də təsadüf olunur. Leylinin ərə getməsi xəbərini eşidən Məcnuna yaxın adamları bu sözləri deyirlər: “qadın ikiüzlü bir məxluqdur; zahirən barışçı, daxilən savaşçıdır, düşmən olursa, dünyanı yıxır, dost olursa da canı yaxır. “Et!” desən istəməz, “etmə!” desən can atar. Sən kədərli ikən o sevinir, sən sevinirkən o kədərlənir; bu, hələ yaxşılarının təsviridir, pislərindən Allah saxlasın!”.
Leylinin istəyərək deyil, zorla, yalnız zahirən ərə getdiyini aşkara çıxarmaqla, şair qadınlar haqqındakı bu hökmündə də qəti və haqlı olmadığını göstərir.
Nizami qadınlara şamil edilən pisliklərin onlara fitrən xas olmadığına, kəsb edimiş bir cəhət olduğuna inanır və bu qənaətini əri Xosrovun məzarı başında özünü öldürən Şirin haqqında yazdığı bu sözlərlə bildirir:
“Afərin Şirinə və onun şirin ölümünə! Afərin can verib can almasına! Eşq üçün belə ölmək lazımdır. Canana belə can vermək gərəkdir. Hər qadın olan namərd deyildir. Əsl qadın – arsız kişidir. O qədər qadınlar var ki, aslan kimi kişi, o qədər kişilər var ki, qadına taydırlar!”
“Bu sözləri şair XII əsrdəmi yazmışdır?” – deyə heyrət edirsiniz?.. Etməyin! Çünki şair 800 il əvvəl yaşamışsa da, bu sözləri türk ənənələrindən, Qafqaz şəraitindən ilham alaraq yazmışdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resulzade-azerbaycan-sairi-nizami-nizaminin-qadina-munasibeti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Etibardan düşürdüm caduları sehrimlə,Mələkləri çaşdırdım sənətimlə, şerimlə..
Nizami sənətinin başlıca mənbəyiSözün şərti nəşədədir, nazdadırBu ikisi varsa, şer sazdadır.
Nizaminin yaradıcılığının təkamülüVar ikən “Məxzən ül-əsrar” əldəArayımmı müvəffəqlik həvəsdə?
Nizaminin həyata və insana münasibətiTanrıya müraciətindən:**Dünyanın özü də bunca gözəlkən,
Стихи других поэтов
Əlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
Üç dostluqMənzum hekayə**Qulaq as, duzlu bir hekayətdir,
TufanaBiydad! Çərxi-gərdun saldı bizi əmanə,Sənsiz dönübdü ey gül, gözüm yaşı tufanə.
Güllü dərəGörən deyir bir cənnətdirQazanlıqda Güllü dərə,