Страница 3 из 6 · 33%

Əyil Kürüm, əyil keç!
Dövran sənin deyil, keç!

Başqa bir şerində Göy gölü təsvir edir. Gəncə civarında bir yayla gölünə həsr edilmiş bu lirik şeri dinləyək:

Dumanlı dağların yaşıl qoynunda,
Tapmış gözəllikdə kamalı Göy Göl.
Yaşıl gərdanbəndi gözəl boynunda
Əks etmiş dağların camalı Göy Göl.

Yayılmış şöhrətin şərqə, şimala
Şairlər heyrandır səndəki hala.
Dumanlı dağlara gələn suala
Bir cavab almamış, soralı Göy Göl.

Tapılmaz dünyada bənzərin bəlkə,
Zəvvarın olmuşdur böyük bir ölkə,
Olaydı könlündə yaşıl bir kölgə,
Düşəydi sinənə, yaralı Göy Göl.

Sənin gözəlliyin gəlməz ki saya
Qoynunda yer vardır ulduza, aya,
Oldun sən onlara mehriban daya,
Fələk büsatını quralı, Göy Göl.

Kəsin eyşü nuşu, gələnlər, susun,
Dumandan yorğanı, döşəyi yosun,
Bir yorğun pəri var, bir az uyusun,
Uyusun dağların maralı Göy Göl.

Dolanır başına göydə buludlar,
Bəzənmiş eşqinlə çiçəklər, otlar,
Öpər yanağından qurbanlar otlar,
Ayrılıq könlünü qıralı Göy Göl.

Bir sözün varmıdır əsən yellərə?
Sifariş etməyə uzaq ellərə...
Yayılsın şöhrətin bütün dillərə,
Olursa olsun qoy haralı, Göy Göl..

Çekist ruhlu sovet tənqidçiləri “Bir sözün varmıdır əsən yellərə, Sifariş etməyə uzaq ellərə” beytində əks-inqilabçı bir rəmz görürlər. Cavad onların mühakiməsincə “inqilab tərəfindən uzaq ellərə atılmış müsavatçı millətçilərə” işarə etmək istəyirmiş. Cavada bir aralıq gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” adlı mənzuməsini şerlə türkcəyə tərcümə etdirmişdilərsə də, sonralar onu tamamilə inkar etmiş, tərcüməsini də aradan götürmüşlər. Hüseyn Cavid kimi o da ziyalılara qarşı tətbiq olunan ümumi təmizləmə, qətliam illərində Azərbaycan mühitindən uzaqlaşdırılmış, gedər-gəlməz bir diyara göndərilmişdir. Sibirin ucqar bir güşəsində, məhrumiyyət və səfalətlər içində əziz yurdunun yolunda qalan gözlərini əbədi olaraq qapayan böyük şairin bu vəhşət dünyasından qəti-əlaqə etdiyini faciənin şahidi olan bir azərbaycanlıdan acılarla xəbər aldıq.

Bolşevik dövründən əvvəlki yazıçılardan sovet idarəsi altında ən böyük müvəffəqiyyət Cəfər Cabbarlıya nəsib oldu. Radikal düşüncəsi, yetişdiyi sosial sinif, əsasən məzlumların və nəsibsizlərin həyatından aldığı mövzular bolşeviklərin ona nisbətən yumşaqlıqla yanaşmalarına səbəb oldu. Onlar Cəfəri özlərinə “cığırdaş” sayırlar, pyeslərini şiddətli senzor dəyişdirməsindən sonra olsa da, həm nəşr etməyə, həm də oynanmağa buraxırlar. Onun qələmindən məharətlə yazılmış bir çox əsərlər çıxmışdır. Sovet tənqidçilərinə görə o, mövcud yazıçılar arasında kollektivist düşünüşü ən çox mənimsəyən bir yazıçı kimi qiymətləndirilsə də, pyeslərinə verdiyi adların hamısı “Vəfalı Səriyyə”, “Aydın”, “Oktay”, “Od gəlini”, “Yaşar” və sairə fərdi xarakterlərdir. Milli mühacirət nəşrlərində ədəbi cərəyanları yaxından izləyən yazıçılarımızdan Mirzə Balanın dediyinə görə, individualizm və onunla bərabər liberalizm Cabbarlının bütün əsərlərində mövcuddur. Bu fikrə sovet tənqidçilərindən ciddi olanlara da rast gəlirik. Son zamanlarda Bakıda nəşr olunan iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi” də Cabbarlını təhlil edərkən qəhrəmanlarının “faciəviliyi və hətta anarxizmi” üzərində dayanmışdır. Həqiqətən də “Aydın” teatr səhnəsini titrədən alqışlar içində fikrin, səyin, sənətin və insanın həqiqi şəxsiyyətini şərtləndirən bütün dəyərlərin hürriyyətini tələb edir. O, heç bir millətin başqa bir millət üzərində ağalıq etməsini istəmir. İstiqlal – bu ən böyük bir feyzdir. “Rədd olsun osmanliların Hicazdakı, ingilislərin Hindistandakı və rusların da Azərbaycandakı ağalıqları...”

“Oktay” həyatın hər sahəsində və xüsusilə mədəniyyətlə sənətdə yaşayışın milliləşməsi üçün vuruşur. Aktyorların səhnəarxası yaşayışlarına aid bir əsər oynanır. Səhnə içində bir səhnə göstərilir. Burada türk qadını rolunu oynayan, lakin türk olmayan bir aktrisa naz edir və səhnəyə çıxmaq istəmir. Bu anda pyesin qəhrəmanı Oktay səhnəyə çıxır və hiddətli bir əda ilə tamaşıçılara bağırır: “Bir aktrisa da verə bilməyəcəksənsə, öl!..”

Müraciət müdhiş bir təsir bağışlayır. Tamaşaçılar arasından gənc bir türk qızı çıxaraq səhnəyə gəlir və nazlanan aktrisanın yerini məharətlə tutur. Qeyri-adi bir təsir. Tamaşaçıların həyəcanı sözlə ifadə edilməsi mümkün olmayacaq bir dərəcədə!..

“Od gəlini”ni Cəfər “Çeka” həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə də məmləkət xaricində səs salmış bir hadisəyə görə “müsavatçılar” qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir, Ərəbistana daşınır. Azərbaycanlıları İslam dinini qəbul etməyə məcbur edirlər.

Xalq üsyan edir. Gənc Elxan sevgilisinin baş örtüyündən düzəltdiyi bir bayraqla meydana atılır. Müdhiş bir mübarizədən sonra onu tuturlar, əsir edirlər və edamına qərar verirlər. Əlləri arxasında bağlı halda dar ağacının altında onu şəhadət kəlməsini oxumağa məcbur edirlər. O isə “bütün dünya desə də, mən demərəm “La ilahə illallah” – deyə hayqırır.

Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün “ərəb” və “islam” sözləri yerinə “rus” və “kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir.

Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda, rejissordur. Məşhur musiqi professoru Qliyer onun “Şahsənəm” adlı mənzum pyesini nota çevirərək opera yazmışdır. “Qız qalası” mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər, Qafqaz dillərinə də tərcümə edilmişdir. Dramlarından başqa Cabbarlının şerləri və hekayələri də vardı. Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir. Tənqidçilərdən biri onun xüsusiyyətlərindən bəhs edərkən, o cümlədən belə deyir:

“Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər, dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. İbsen kimi aktual, qəti və cəsarətli, Şiller kimi üsyankar, Şekspir kimi əngin və rəngarəng, Qorki kimi ideyalı olmağa çalışan, öyrənən, arayan Cabbarlı Azərbaycan dramaturgiyasında sosial realizmin əsasını qoydu”.

Aydın, Oktay, Elxan kimi qəhrəmanların da ətrafındakı insanlarda həyəcanlar oyadacaq xüsusiyyətləri vardır. Onlar alovlu sözləri ilə, açıq fikirləri ilə və cəsarətli hərəkətləriylə insanları sarsıdaraq arxaları ilə aparırlar. Fəlakət və səfalətlərə baxmayaraq, mübarizəyə gedən bu insanlar anlaşılmaz bir qüvvətlə bu rəhbərlərindən ayrılmırlar. Hətta qəhrəmanlar bunları işin təhlükəliliyi ilə tanış edib, təhlükədən uzaqlaşdırmaq istədikləri zaman belə onlar özlərini gözləyən cəfalara məmnuniyyətlə hazır olduqlarını bildirirlər. Cabbarlıda kişi qəhrəmanlar kimi, qadın qəhrəmanları da yetkin tiplərdir. Onun əsərlərində Azərbaycan cəmiyyətindəki bütün məsələlər kimi, qadın məsələsi də real bir şəkildə qoyulmuş və həll edilmişdir. Qız qalasındakı Durna mətanətli və namuslu Azərbaycan qızının şüurlaşdırılmış tipidir. Cabbarlının əsərlərindəki qadın surətləri passiv etirazdan başlayaraq, aktiv protestə və sosial mübarizəyə qədər yüksəlir.

Cabbarlı dramlarının bir xüsusiyyəti də müsbət qəhrəmanlarının qüdrətini göstərmək üçün qarşılarına çıxan mənfi tipləri yetkin bir şəkildə və qüvvətli olaraq təsvir etməsidir ki, bununla şeytanlara qələbə çala bilən qəhrəmanların ilahi qüvvələri haqqı ilə təqdir və təsəvvür oluna bilsin. Ümumi iclas çərçivəsi içində, təəssüf ki, Cabbarlının əsər və tiplərinin təfsilini və təhlilini verə bilməyəcəyik.

O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqidir. Bu nitqdə o, “həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş” üsulunun, yəni şairləri hökümət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır.

Bolşevik istilasından əvvəlki məşhur adlarla bərabər, Sovet Azərbaycanında yaradıcılıq istiqlalı göstərən yeni bəzi yazarlar da görürük. Belələrinə biz həyatı təsvir edən hekayə, novella və roman yazanlar arasında rast gəlirik. Bunlar əksər hallarda rəsmi sovet tənqidçiləri tərəfindən şiddətli tənqid edilir. Misal üçün Sabit Rəhman adlı birisi tərəfindən yazılan “Vəfasız” romanı üzərində dayanaq. “Vəfasız”ın xülasəsi budur:

Yoxsul bir müəzzin ailəsinin qonşuluğuna sovet məmuru köçür. Məmurun səkkiz yaşlı pioner, yəni kiçik kommunist bir oğlu var. Yaramaz pioner qonşularına rahatlıq vermir. Müəzzinin bağçasında o, qırmadığı fidan, qoparmadığı budaq qoymur, hər şeyi alt-üst edir. Müəzzinin ailəsi yeni qonşunun əlindən zara gəlir. Müəzzinin arvadı xəstələnir. Yeganə oğul işsizdir. Özü artıq qocadır, həyatının son günlərini yaşayır. Az-çox dəyəri olan bütün əşyasını satmışdır: müəzzinin ailəsi artıq sözün tam mənasında acdır. Nəhayət məscid də bağlanır. Həyat çıxılmaz bir vəziyyətdədir.

Günlərin bir günü həyətdən atılan bir daşla müəzzinin pəncərəsinin şüşəsi qırılır: bu daş xəstə yatağındakı qadının qəlbinə dəyir, qadın bir daha ayılmamaqla bayılır. Bundan son dərəcə mütəəssir olan ixtiyar, oğluna müraciət edərək deyir ki: “Oğlum Saleh, anan aclıqdan və pionerin atdığı daşdan öldü. Bir azdan mən də öləcəyəm. Nə qədər kədərli olsa da, ehtimal ki, sən də öləcəksən. Lakin, oğlum, iki gözüm, öz işimiz uğrunda şərəf və namusla ölək”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов