Dirilik nədir?
Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”i anladığımız kimi anlatmaq üçün hal-hazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan daha bəliğ bir bəyan olamaz zənnindəyiz. Dünyanın mütəməddin (mədəni) millətləri öz diriliklərini təmin üçün cəhənnəmi silahlarla müsəlləh olub (silahlanıb), biri-birilərinin üstünə hücum ediyorlar. Nə əcaib bir tələqqi (qəbuletmə) ki, istədikləri kimi dirilə bilmək üçün ölümü qəbul ediyorlar. Dirilik üçün ölüyorlar. Dirilik üçün ölmək! Avropa diriliyi bu dərəcədə müəzziz tutuyor (əziz tutur) və ona bu qədər əhəmiyyət veriyor. Halbuki Şərqdə, ələlxüsus (xüsusən), Şərqi-islamda yalqız olmaq üçün diriliyorlar. Başqalarında məqsəd dirilik isə, bizim məqsədimiz ölümdür. İştə diriliyi və dirilik fikrini avropalılar kimi anlayıb və anlada bilmək diriliyin məqsədini təşkil ediyor. Avropalılarca dirilik məhz qüvvətli olmaqdan ibarətdir. Bədənən və ruhən qüvvətli olmaq. Gərək bir insan və gərək bir millət elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur. Yaşaya bilmək üçün icabında (lazım olanda) yaşamağı belə fəda edə biləcək qədər, rəşid (qorxmaz) olan millətlərdir ki, dünyada dirilik haqqı qazanıyorlar. Müdafieyi-nəfs və mübarizeyi-həyat xassəsi zatən bütün mövcudatda (varlıqlarda) qoyulmuşdur. İnsan deyil, heyvanlar dəxi (da) öz nəfslərini müdafiə və öz diriliklərini mühafizə üçün var qüvvələri ilə çalışıyor, çarpışıyorlar. İnsanlar bilafərq (fərq qoymadan) millət və məzhəb düşməni — ümumiləri olan təbiətlə mübarizə etmək məcburiyyətindədirlər. Gördüyümüz mədəniyyət içində bulunduğumuz imran (abadlıq) iştə bəşəriyyətin təbiətlə etdiyi davalardan aldığı qənimətlərdir. Hər hankı millət ki, təbiətə qarşı icra olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidir, o millət təbiətdən alınan qənimətdən də daha ziyadə istifadə ediyor. Hələ yalqız bununla qalmayıb dünyanın nemətlərini təqsim edərkən (bölüşdürərkən), diri millətlər özlərinə hər kəsdən ziyadə (çox) pay çıxarıyorlar. İştə bu xüsus, ümumi diriliyindən başqa insanlar arasında bir də xüsusi bir dirilik vücuda gətiriyor ki, bu xüsusi diriliklərin ən mütəkamil bir şəkli milli diriliklərdir. Millətlər qüvvətli və tərəqqi olmadıqca dirilik mənayi-həqiqi və maddisilə anlamadıqca, təbiətdən alınan qənimətlərdən hissələrinə ancaq bir qutlayəmut (mücərrəd, məlum olmayan kiçik hissə) düşər. İştə bu qutlayəmutə qənaət edən millətlər kargahi bəşəriyyətdə (insanların işlədiyi yerlər, zavodlar nəzərdə tutulur) ən süfla (aşağı) xidəmətlər ifa edən fəsil əmələlərdir (kiçik işçilərdir). Neft mədənlərində çalışan “çornı raboçilər” kimi. Məncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalqız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor. Yuxarıda başqaları dirilik üçün öldükləri halda, bizim ölmək üçün dirildiyimizdən bəhs etmiş idik. İndi təkrar bu bəhsə ovdət edəlim (qayıdaq): Biz, yəni islam aləmi və islam millətləri dinimizin sağlam əmrlərindən çox uzaqlaşaraq dünya diriliyinə qərib bir nəzərlə baxmağa başladığımız zamandan bəri başqalarından ruzəxari (oruc tutmayan) və onlardakı tərəqqi və imranın əsir və dəstgiri (köləsi) olduq, bunu etiraf etməliyiz. Bizcə, dünyanın diriliyi bir manqirə (qəpiyə) dəyməz. Beş gün dünyadan ötrü insan çalışmasa daha məqul bir iş görmüş oluyor. Çünki bu dirilik müvəqqətidir, burası da bir karvansaradan ibarətdir. Doğrudan da islam aləmi ilə Avropa aləminin abadlığı müqayisə edilərsə, birincisinin xaraba bir karvansaradan ibarət olduğu həman anlaşılar. Fəqət düşünməlidir ki, bu gün dünyanın ən möhkəm səngərlərini xak ilə yeksan edən (yerlə bir edən) topların müqabilində köhnə karvansaraların halı nə olar? Bu kimi karvansaraların insanı yaşada biləcəyindən bəhs etməyəlim. Bunlar ölümü çarçeşm (dörd gözlə) ilə gözləyən bir abidin (insanın, qulun) hüzuri-qəlbilə razi-niyazına (duasının sirrinə) da kafi gəlməz. Belə dünyaya bir qələm çəkib də bütün diriliyi axirət diriliyindən ibarət bilməyi, bir əmri din bilmək səlim (doğru) düşünülərsə böyük bir xatadır. Çünki bunun nəticəsi maddi və mənəvi bir fəlakətdir ki, dünyanı da, axirəti də bərbad edə bilər. “Əddünya məzrəətul-axirə” (Dünya axirətin tarlasıdır). Məzrəəni (tarlanı) abad etmək lazımdır. Buna da ancaq dirilər yarar. Dirilik isə elmən, ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir. Nəzərə bir az qərib gəlsə də demək istəyirəm ki, dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi xassı (əsas mənası) isə dünyapərəstlikdir. Diriliklərin ən qiymətlisi də milli dirilikdir. “Milli dirilik” mövzuində bir silsilə məqalat yazmağı möhtərəm qarelərimə (oxucularıma) vəd etməklə bərabər bu pərişan sətirlərdə yetirmək istədiyim fikri xülasə etməklə (bitirməklə) xətm məqal edəcəyəm (məqaləni bitirəcəyəm). Dirilik nədir? Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir. İştə mətbuata yeni çıxan “Dirilik” də öz milləti üçün böylə bir dirilik arzu edir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resulzade-dirilik-dirilik-nedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Son illərdə Şərq islam mədəniyyətinə mənsub böyük şəxsiyyətlərin xatirələrini anmaq üçün ildönümləri keçirmək xoş bir ənənə şəklini almışdır.Bunlardan birincisi, 1000 illiyini qeyd etmək üçün İran dövləti tərəfindən Firdovsiyə həsr olunmuş yubileydir. Ikincisi, 1050-ci ildönümü münasibətilə İslam aləminin və ümumiyyətlə, mədəni dünyanın müxtəlif mərkəzlərində avropalıların Avitsenna dedikləri İbn-Sina üçün keçirilmiş yubileydir. Üçüncüsü də, 500 illiyi münasibətilə Türk dünyasının bəzi mərkəzlərində Nəvai üçün keçirilən yubileydir.
Şərq İslam mədəniyyətində Azərbaycanın roluMüəyyən millət və xalqdan olanların İslam mədəniyyətinin inkişafındakı yerlərini təyin etmək istəyi nisbətən yaxın zamanların işidir. Coğrafi ərazilərin bu xüsusdakı əhəmiyyətlərini göstərmək isə daha qədimdir.Türk olmaları etibarilə azərbaycanlıların İslam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri olduğu kimi, bir Şərq islam məmləkəti olmaq üzrə də, Azərbaycanın bu işdə mühüm bir rolu vardır.
Türk hakimiyyəti altında fars ədəbiyyatıXVII əsrdə fransız olmayan avropalı yazıçılar da əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə, bu dil o çağlarda Avropanın böyük bir hissəsində ümumi idarə, elm və ədəbiyyat dili olmuşdur.Islam Şərqində də biz, bu hadisənin bir bənzərini görürük: miladi X əsrlə XIII əsr arasında islam Şərqi üçün fars dili ümumi bir dövlət və ədəbiyyat dili olmuşdur. Iranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu tələbinə xüsusən türk ziyalıları uymuşlar. Bununla da onlardan qalan əsərlər, təbiidir ki, yazdıqları dilə görə İran və fars ədəbiyyatı xəzinəsinin malı olmuşdur.
Azərbaycan XII əsrdəXII əsr** böyük Səlcuq imperiyasının süqut dövrünə təsadüf edir. Məlikşahdan sonrakı vərəsəlik qovğaları üzündən tənəzzül edən böyük səltənət yerli əmirliklər və atabəyliklərə parçalanmışdı. Məhz bu dövrdə islam Şərqi qərbdən xaçpərəstlərin, şərqdən isə bütpərəst monqolların basqınlarına məruz qalmış, əsrlik mədəniyyət süquta üz qoymuşdu.Bu qarışıqlıq və səbatsızlıq dövründə Anadoludakı Konya sultanlığı kimi, Şirvan şahlığı ilə Azərbaycan nisbi əmin-amanlıqda olmuş, Şərq islam mədəniyyətinin, xüsusən klassik İran ədəbiyyatının mühüm sığınacağına çevrilmişdir.