Qarelərimizə bu xüsusda bir “silsilə məqalat” vəd etmişdik. Bu vədimizə şamil olan məqaləmizin bir qismində demişdik ki, “mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə uyğun olan xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyini deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor”. Bu fikrimi indi burda açacağam: sevdiyim, namusu-millətpərvəranəsinə şübhə etmədiyim rüfəqadan (yoldaşlardan) birisi, qayət səmimi olaraq bir gün mənə belə bir sual vermişdi: - İslam millətləri üzərinə təsəllüt (basqı) icra edən mütəməddin millətlərin təsəllütləri nəticəsində, bəşəriyyət nöqteyi-nəzərindən hasil olan parlaq nəticəni gördüyümüz halda, milliyyətpərvərlik naminə inad edib də islam millətlərinin müstəqil qalmalarını arzu etməkdən nə kimi bir fayda gözlüyoruzuz? Mən bu suala cavab olaraq , bu faydanı biz deyil, bəşəriyyət və mədəniyyəti-bəşəriyyə dəxi bəkliyor — deyə cavab verincə, müsahibim yalqız dəlil və sübutla qane olacağını bəyan etmiş idi. Mənim onlarca müsəmmən ədd olunan bəyanatım isə bir vəchiati idi. Hər millətin yaşadığı mövqe, keçirdiyi tarix, mənsub olduğu irq nəticəsi olaraq bəzi xasiyyətləri vardır ki, o xasiyyətlər onlara məxsusdur. Ondakı bu xüsusiyyətlər aləmi — mədəniyyətdə xüsusi bir taqım ibda (icad) və ixtiralar vücudə gətiriyor ki, onların əsillikləri (oriqinalnost) müdəqqiqlər (tədqiqatçılar) nəzərində fövqəladə qiymətlərə dəyər şeylərdir. Diqqət olunmuşsa hər millətin bir şeydə mahir olduğu görülmüşdür. Almanlar sənaətdə (sənayedə), fransızlar zərafətdə, ingilislər gəmiçilikdə, belçikalılar ictimai təşkilatda, italyanlar musiqidə, başqaları da sair xüsuslarda şöhrət tapmışlardı. Hər millətin özünə məxsus bir saheyi-mədəniyyəti vardır ki, orada onun ibraz elədiyi (göstərdiyi) məharəti digər bir millət göstərə bilmiyor. Bunların bu xüsusiyyətlərindən isə mədəniyyəti-bəşəriyyə bir çox əsli şeylərə və guna-gün asari-sənət və dühaya malik oluyor. Alman milləti, german irqi özünün istiqlalını təmin eləməsə və öz mədəniyyət xassəsini mühafizə etməsə idi bəşəriyyət Şopenhaur, Fixte, Göte, Faust, Qutenberq və Lüter kimi dühaları da görməyəcək idi. Fransa digər bir irq və qövmiyyət içində münhəl olub (əriyib) da öz mənliyini itirsəydi, bəşəriyyət 19-cu əsrin fikirləri üzərinə hökumət edən o fikir qəhrəmanlarını Jan Jak Russo, Didro, Monteskyu, Viktor Hüqo və Volterləri də qayib edəcəkdi. İtaliya milliyyətini anlamasa, özündəki xudadadi (tanrı vergisi) qəvvətlərdən xəbərsiz qalsa, yəni başqa bir milliyyət tərəfindən yoğrulub həzmi-rabidən keçilsə idi, indi nə dünyanın birər ammeyi-zərafətini təşkil edən heykəllər vardı nə də Mikelancelo kimi heykəltəraşlar. Nə uzaqlara gediyoruz. Bir kərə təsəvvür ediniz ki, Rusiyanın istiqlalı olmasa, rusca da məhkum, məğlub bir lisan olsa, başqa bir millət tərəfindən, məsələn: Rusiyanı maddi, mənəvi bu qədər təsir və nüfuz altına almış alman milləti tərəfindən kamilən təmsil (assimlə) edilsəydi, əcəba, biz Puşkin, Lermontov, Dostoyevski, Tolstoy, Şalyapin, Meçnikov və sairəyə malik olacaqmı idik? Məlum ki, yox! Millətlərin ümumi şəxsiyyətlərindən keçəndən sonra bu məsələ ilə əlaqədar olan ayrı-ayrı fərdləri alsaq, yenə təmsil (assimilyasiya) ilə istiqlalın mədəni və ibdai fərqini görəcəyiz. Zənn ediyorum ki, əgər bir statistik tutulsa, görüləcək ki, daima müqtədir sənətkarlar mənsub olduğu milliyyətlə, maddi və mənəvi rabitə və əlaqələrini daha ziyadə saxlamış olanlar arasından çıxıyor. Məsələn, yaxşı bir rus mühərriri (jurnalisti) olub da öz həyatını kəmalınca təsvir etmək bir rus qəlbinin, rus vicdani-ümmuyyəsinin tərcümanı ola bilmək üçün ruslar kimi düşünmək, onlar kimi hiss edə bilmək lazımdır. Bunun üçün də rus olmaq, rus yaşamaq və rusları olduqca bilmək gərəkdir. Halbuki, ruslaşmış bir müsəlman balası, yaxud təmsil olunmuş bir erməni dığası, yaxud döndərilmiş bir yəhudi övladı nə qədər özlüyündən uzaqlaşmış olsa da yenə böylə bir rus ola bilməz: əvvəla bilməyincə də ondan yaxşı və müfid (faydalı) bir rus mühərriri çıxmaz. Binaən əleyh (bundan başqa), ondakı ibdai-qüvvətləri əqim (səmərəsiz) qalar, bundan isə yaşadığı mühit zərər çəkər. O mühitdə bu kimilər çox isə əqamət bir nəfərə deyil, bir milliyyət və bir qövmiyyətə sirayət edər. Demək bəşəriyyət ailəsinə daxil olan bir fərdin zatı, əhəmiyyət və qiyməti əksilər. Binaən əleyh, bəşəriyyət bir çox zəkalardan məhrum qalar. Özlüyündən çıxarılıb da başqa bir milliyyətə təmsil etdirilən şəxs təmsil edən mühitə böyük bir fayda verə bilmədiyi kimi, əslindən mənsub olan mühitə də böyük bir fayda yetirə bilməz. Çünki aldığı hal və tərbiyəsilə özünkülərdən uzaqlaşmış olar. Onlar bunu, bu da onları anlamaz. Demək ki, “əz anca rande əz inca mande” məyyb (nöqsanlı) və səqti (yanlış) bir şey vücuda gələr. Bizim mühitimizdəki rusca oxumuşlarımızı tədqiq etsək, görəcəyiz ki, ali diplom almış, böyük təhsil görmüşlərimiz arasında ancaq o qismi az-çox iqtidarlı və mənsub olduğu mühitin işlərilə əlaqədardır ki, az-çox türkcə savadı var və öz milliyyətinin nə olduğunu biliyor. Sırf rusca ilə böyüyüb də özlərindən xəbəri olmayanlar isə əksərən mənsub olduqları mühitin ehtiyaclarına qarşı laqeyddirlər. Bu laqeyd və bu səmərəsizlik əlbəttə ki, böyük bir əqamətdir. Böylə əqim fərdlərə malik olan heyətlər hər nə qədər fəal olsalar da fayda verməzlər, mədəni əqamətə məhkumdurlar. Qatır da fəaldır, eşşək qədər davamlı, at qədər qüvvətlidir. Fəqət əqimdir və tənasüldən (çoxalmadan) məhrumdur. Həyatını həmişə başqalarına mədyundur (borcludur). Həyatın hambalı olmaq kafi deyildir. Onun müvəllidi (yaradıcısı) olmaq gərək. Qatırdakı qüvvət və davam müvəqqətidir. Artırılıb və tərbiyə edilməsi qeyri-mümkündür. Halbuki atdakı qüvvət, eşşəkdəki davam qanuni- təkamül və təvarüsün (irsi mirasının) bütün hökmlərinə tabe zihəyat birər qüvvət mənbələridir. Kənardan bir millətin gəlib təsəllüt təriqilə digər millətə qalib gəlməsi, onun bilcümlə şəxsiyyətlərini məhv edərək özünə təmsil etməsi də eynilə qatır hasil etmək kimi bir şeydir. Təmsil təriqilə təməddün etmək (mədəniləşmək) hər nə qədər ibtidai — əmrdə nəzərə bəzi parlaq nəticələr göstərsə də, həqiqətdə heyəti-bəşəriyyədə ki, əsli qüvvələri korlamaqdan və onları doğmaq və artırmaq xassəsindən məhrum etməkdən başqa bir şey deyildir. Bu gün İranı keçirməkdə olduğu bu ən fəalakətli günlərdən “xilas” etmək üçün əlindəki istiqlal kölgəsindən də məhrum edib, başqa mütərəqqi bir millətin idarə və təmsili altına versəniz ehtimal ki, ənzəli bir neçə ilin zərfində Bakıya meydan oxuyacaq qədər tərəqqi edər. Və bəndər (bərabər) bu şəhər də Bombeydən heç də geri qalmaz. Fəqət bu səri tərəqqinin müqabilində əmin olunuz ki, İran bir daha nə Firdovsi yetirər, nə Sədi, nə Hafiz. Milli istiqlal, ələlxüsus, millətlərə xüsusiyyətlərinin mühafizəsini təmin edən istiqlal daima bəşəriyyətə saheyi-mədəniyyətdə yeni və əsli bir taqım ibdalar, ixtiralar nəvidindədir ki, mədəniyyəti-bəşəriyyə dediyimiz şey də bu bədaət və ixtiraların məcmuindən ibarət bir yekundur. Biz qafqasiyalılar bir nöqteyi-nəzərdən tərəqqiyati-madiyyəmizcə (maddi tərəqqidə) iranlılardan da, osmanlılardan da irəlidəyiz. Misirlilər də kəza, Hindistan da böylə. Bununla belə dəftəri ixtiraati-aləmdə (aləminin ixtira dəftərində) cüzicə də olsa da nə bir ismimiz var, nə də bir rəsmimiz. Halbuki, İranın heç olmasa “Mahmudiyyə” namilə bir sitarə (ulduz) kəşf edən Mahmud xanı, Türkiyənin də ismi Avropa qamuslarında (ensiklopediyalarında) bir lisani-təqdirə səbt və zəbt olunan Münir Paşa kimi müxtəre (ixtiraçı) bir doktoru vardır. Tofiq Fikrət, Əbdülhəqq Hamid kimi böyük şairlərə malikiyyəti üçün də Türkiyə öz istiqlali-millisinə borcludur. Heç şübhə yoxdur ki, dünyanın millətlərə bölünərək qərar tutması mədəniyyəti-bəşəriyyə nöqteyi-nəzərindən bir zaiddir (artıdır). Millətlərdəki mənliyin ədəmi-istiqlalı və onlardakı zatı xasiyyətlərin başqalarının xasiyyətləri içində münhəll olması (əriməsi) bu zaidləri heç şübhə yox ki, mübəddəl bir naqis (əvəz edilmiş mənfi) ediyor. Naqislərin ədədi çoxaldıqca, müadilənin (tənliyin) qiyməti azalmaq elmi-cəbr qaydalarındandır. Dustana bir söhbətin xatiməsini təşkil edən bu bayağını yuxarıda zikr olunan rəfiqimə qarşı aşağıdakı vəchlə (sürətlə) təlxis (xülasə) etmiş idim: Əcələ bir surətdə maddətən tərəqqi edib mənəviyyatca məhrum qalmaqdansa, maddətən gec tərəqqi edib, mənəviyyatca müstəqil qalmağı təcrih edirəm. Çünki millətin də, bəşəriyyətin də faydası bundadır. Binaən əleyh, başqalarını təmsil üçün deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstlik mədəniyyəti-bəşəriyyə naminə təqdir və təsdiq olunmalı zəruri və faydalı böyük bir fikirdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əlimərdan bəy Topçubaşının məzarı başında nitq

Xanımlar, bəylər!Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq.

19341 мин
Hümmət və qeyrət vaxtıdır

İlahi, havaxtacan bizlər gecə-gündüz fikrə qərq və millətimizin dərdini və dalda qalmağını özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə maneə vardır? Bəli, vardır! Nə şeydi bizə mane olub? Hümmətsizlik, kibr və qürur, mədəniyyətə ədəmi-meyl. Müsəlmanam – deyib, oturub, baxmaq. Bəli, bir para əhli-maariflərimiz yeri düşəndə köhnə islam mədəniyyətilə təfaxür edərlər ki, bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər. Zamanımızda millətimizin təfaxür eləməli nəyi vardır? İlahi, nə oldu o günlər? Bu cürə də insaniyyət olarmı? Pəs gündə beş-altı nahaq qan töküyoruz. Bununla belə Allahdan rəhm ümid ediriz?! Va milləta! Bu nə əhvaldır biz düşmüşük? Məgər vaxt gəlməyib ki, bu dərdlərin çarəsini edək?! Bir kərə ətrafımıza baxaq, bizdən səvayi sərgərdan kim qalıb? Qardaşlar! Gəlin hamımız birdən hümmət edək, məktəbxanələr açaq, cəmiyyəti-xeyriyyələr təsis edək, füqərayə əl tutaq. Ta Allah da bizim əlimizdən tutsun. Hədisi-şərifi-nəbəvi varid olubdur ki, füqərayə əl tutmaq insanın ömrünü uzun eylər. Əbəs yerə deyilməyibdir məlum ki, füqəraların məskənləri pulsuzluqdan çirkli və mütəəffin saxlanır və buna görə o yerlərdən bəzi naxoşluqlar hadis olur ki, qonşulara da sirayət edir. Hər ayinə dövlətlilər füqəralara əl tutalar, yəqin ki, onlar da fəqirlikdən xilas olub, öz məskənlərini təmiz edərlər. O naxoşluqların qapısı başlanar. Və qeyrilər də səlamət olar. Pəs nəfəqə insanın ömrünü uzadar. Budur! Axirət səvabı isə daha artıq.Bu vaxta bizə lazım və vacibdir ki, hümmət edib, elm öyrənməyə və öyrətməyə və öyrətdirməyə səy və kuşiş qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir. Elmin fəzilətində bu bəsdir ki, peyğəmbərimiz əleyhissəlam hədisi-mütəəddidə elə bizlərə tapşırıblar, əzon cümlə bu aşağıdakılardır ki, nəzmə çəkmişəm.

19032 мин
Əsli və Kərəm

Milli aşıqlarımızın avamımız üzərində böyük təsirlər icra edərək söylədikləri "Əsli və Kərəm" hekayəsindən iqtibas olunan "Əsli və Kərəm" operasına mən keçən cümə gecəsi birinci dəfə tamaşa ediyordum. Üzeyir bəy arkadaşımızın musiqarlıqdaki birinci əsəri və gərək İslam və gərək Türk aləmində birinci olan "Leyli və Məcnun" operasına tamaşa eləmiş, sonra Bakıdan ayrılmışdım. "Leyli və Məcnun"dan sonra yazılan musiqi əsərlərinin heç birini görməmişdim. Beş il keçmişdir. Tainki keçən dəfə "Fərhad və Şirin”i görmüş, beş ildəki tədənniyə ürəyim ağrımışdı. Fəqət "Əsli və Kərəm" operasının tamaşası bu ağrını sağaltdı."Əsli və Kərəm" operasının misalını təlxis etmək istəməz. Çünki, camaatımız mükərrərən oynanılmış olan bu operanı görməmiş olsalar belə "Əsli və Kərəm" nağılını oxumuşlar və yaxud eşitmişlərdir.

19144 мин
Mirzə Fətəli Axundzadə (məqalə)

Bundan 77 il öncə, 28 Şubat *(fevral)* 1878-də, Mirzə Fətəli Axundzadə vəfat etmişdir. Axundzadə Azərbaycan ədəbiyyatında hürr *(azad)* düşünmə tərzinin ən böyük bir müməssilidir *(nümayəndəsidir)*. Bu günə qədər belə Azərbaycan səhnələrindən düşməyən və mədəni dünyanın bütün dillərinə çevrilmiş bulunan komediyalarında və fəlsəfi-publisistik əsərlərində, Mirzə Fətəli Müslüman dünyasının ictimai və siyasi bütün sahələrində radikal islahata lüzum olduğunu müdafiə ediyordu. Hərarətli bir vətənsevər sifətilə, Mirzənin qəlbi, məmləkətinin geriliyinə acıyordu. Dünya mədəniyyətini bir bütün olaraq tərəqqi edən o, Müslüman millətlərin çağdaş Batı Avropa tərəqqi karvanına qatılmaları yolunu arıyordu. Hürriyyət fikri, insanlıq şərəf və heysiyyəti, düşünüş sərbəstisi və hər türlü istibdad təzyiqindən qurtulma əzmi Mirzənin yaradıcılığında əsas motivi təşkil edirdi. Bu hürriyyətləri imha *(məhv)* və təhdid edən siyasi, ictimai və dini hər növü müəssəsələr, onun, böyük bir məharət və sənətkarlıqla yazılan əsərlərində amansızca xırpılanıyordu *(kiçildilirdi)*. O, on səkkizinci yüz il batısının aydınladıcı fikirlərinin Doğuda bir təmsilçisi idi. Sözün, yazının, dini və fəlsəfi düşünüşün hürriyyət və sərbəstisini savunan (qoruyan) Mirzə Fətəli, qadın-kişi hər iki cinsin, həyatın hər sahəsində, eşit haklara malik olmasını istiyordu. Kişilər də, qadınlar da, onun anlayışına görə, eyni dərəcədə oxur-yazar olur, eyni təhsili görməlidirlər. Elm, yanlış anlaşılmış dinçiliyin məngənəsindən qurtulmalıdır. Dövlət istibdadının da, ölçülü ədalət qanunlarıyla mülayimləşməsini, bütün hərarətiylə tələb ediyordu. Fəlsəfi-publistik əsərlərindən, məşhur "Kəmalüd Dövlənin Cəmalüd Dövlə ilə məktublaşmalarının bir yerində eynilə bu sətirləri oxuyuruq: "... əslinə baxılırsa, iş millətimizin dinsiz və Allahsız olmasında deyildir. İstənilən şey yalnız, indiki dövrün və mədəniyyətin icablarını nəzərdə bulunduraraq, İslamiyyətin islahı, həm də əsaslı bir islahıdır. Bu islah tərəqqinin və mədəniyyətin ruhuna uyğun, insanların hürr və bütün haqq və vəzifələrində tamamilə eşit *(bərabər)* olmaları əsasına dayanmalı, siyasi müəssəsələrinin tədbirli bir şəkildə islahı surətilə Doğu istibdadı tədil olunmalı *(dəyişdirilməli)*, müslüman qadınlarla kişilər üçün ümumi və məcburi təhsil saxlayan bir dövlət rejimi qurulmalıdır". Belə bir rejimin qüvvədən felə keçirilə bilməsi üçün, Mirzə Fətəli, özəl bir qeyrət və əzmlə ərəb hərflərinin latın hərflərinə təbdili *(əvəzetmə, dəyişdirmə)* surətiylə yazımızın islahı xüsusunda təşəbbüsə keçmiş; İstanbula getmiş, Tehrana müraciət etmişdir. Başqalarının haqqını qəsb və tarixi həqiqətləri təhrif etməkdə eşsiz *(misilsiz)* və rəqibsiz olan bolşeviklər, yağmaçılara xas bir küstahlıqla *(həyasızlıqla)*, Mirzə Fətəlini də mənimsəməkdən çəkinmədilər. Hər hanki baxımdan təhlil edilirsə edilsin, ta iliklərinə qədər inanmış bir liberal olan Mirzə Fətəlini, liberalizmin "burjua hürriyyətçiliyi" deyə təzyif *(təqdim edən)* edən bolşeviklərə dost bir insan, deyə göstərmək füzulluqu *(boşboğazlığını)*, ancaq, hürr fikir və kəlam sahiblərinin qafaları patlatılan, mətbuatı inhisar altında bulunduran kommunist diktatorluğunda təsəvvür edilə bilir. Mirzə Fətəli "Şərq istibdadı"nın yumşaldılmasını istiyordu. Halbuki, bolşeviklərin qurduqları diktatorluq rejimi ən geniş fantaziləri belə göl-gədə buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu, tarixdə eşinə *(tayı-bərabərinə)* rastlanmayan bir zülm və mütləqiyyət rejimidir. Mirzə Fətəli, Batı Avropa mədəniyyətini idealizə ediyordu. Sovetlər isə, burjua vəsfini *(tərifini)* verdikləri bu mədəniyyətə arxalarını çevirmiş, ona amansız bir hərb elan etmişlərdir. Avropa mədəniyyətinə intibah etmək niyyətilə Azərbaycan ilə Türkiyə latın hərflərini tətbiqə başladıqları bir sırada, Sovet Azərbaycanı və onunla birlikdə Sovetlər Birliyindəki bütün digər Türk Cümhuriyyətləri kommunistlərin təzyiqiylə, rus əlifbasına keçdilər. Bu hal əsla, nə Axundzadənin xəyalına sığardı, nə də onun Avropalaşma sisteminə uyardı. Bu tədbir ancaq və ancaq Sovetlərin yürütdükləri kültür politikasıyla tam bir ahəng təşkil edir ki, indiki halda bu politika "Sovyet Nasyonalizmi" adı altında formulə edilən bir sistem şəklinə qonmaqdadır. Rus millətinə "ağa-bəyi" rolunu ayıran bu sistemdə, gözlərini insanlıq kültürünə doğru çevirən hər hərəkət "İrticai bir kosmopolitizm" töhmətiylə təlim olunmaqdadır. Kommunizmin ana fikri olaraq tərvic olunan Allahsızlıqdan bəhs edərkən, bolşeviklər, çox dəfə Mirzə Fətəlinin adını anıyorlar. Onun ateistliyindən bəhs açarlar. Bu, bir iftiradır. Bu yalana əsla inanmayınız. Mirzə Fətəli, yuxarıda söyləmiş olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmiyordu. Onun mücadilə etdiyi şey, iman və düşüncəyə müsəlləd *(canı ilə bağlı)* olan isxolastik *(orta əsr)* təfəkkür tərzi idi. Bu növü düşünüş tərzi indi bütün abusluğuyla *(totallığı ilə)* Sovetlərdə hakimdir. O Sovyetlərdə ki, kommunizm xaricində kimsəyə özəl bir dünya görüşünə sahib olmaq haqqı tanınmamaqdadır. Sovyetlər dövlətinin tərvic etdiyi *(rəvac verdiyi)* rəsmi əqidə, bütün Sovyet vətəndaşları, daha doğrusu bolşevik kölələri üçün məcburi bir mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya həbs, ya da toplama kamplarıdır *(sürgün düşərgələridir)*. Əziz Azərbaycanlılar, bir daha təkrar ediyoruz: bolşevik ajanlarının, Sovyet ədəbiyyatçı və sözdə tənqidçilərinin nəqarətlarına əsla inanmayınız! Söz hürriyyətinin, mətbuat sərbəstliyinin, inanış, din və düşünmə istiqlalının, liberal dövlət üsuli-idarəsinin böyük mücahid; şəkilcə də, muhtəvaca *(məzmunca)* da milli və müasir Azərbaycan ədəbiyyatının qurucusu və latın əslindən gələn yeni Türk əlifbasının qəbulu üçün savaşan böyük islahatçı Mirzə Fətəlinin, bu unudulmaz hürriyyət qəhrəmanının, təqdis etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrinin təmsilçiləri bulunan bolşeviklərə dost olması qətiyyən təsəvvür olunamaz!

19554 мин

Стихи других поэтов