Evə qayıdaram qaş qaralanda,Dağlardan ahəstə yelə əsən zaman.Gələn qaranlıqdan qorxuya düşənYollar obalara tələsən zaman.

Dönərəm dünyanın həzin çağında,Ürəyi səssizcə bürüyəndə qəm.Beşiklər başında çıraqlar kimiLaylalar alışıb yanır, görərəm.

Gələrəm övladlar getdiyi yolla –Xəbərlər axışıb gələndə kəndə.Ana intizarı, ata gileyiTanrının özünü dara çəkəndə.

Qocalar yenə də üzü göylərə,Ürəyi işıqlı, dili dualı.Sinəmdən daş kimi asılıb gələrBurdan apardığım o ilk sualım.

Allah, o itə bax, necə vəfalı!İyimi uzaqdan gör necə bilmiş.O da bu ev kimi qocalıb yaman,Onun da başından dostlar seyrəlmiş...

Uzanır bacının evindən gələnO yol ki üstündə bir ürək əsir.Ona ki bir xəbər verən olmamışBəs hardan duyubdu, hara tələsir?

Elə bir illərlə heç azalmamışHəyətdən qovrulmuş soğanın iyi,Ocaq dediyimiz bir möcüzəninBahar təravəti, qəlb istiliyi.

Kəhər şahə qalxar arzularımtək,Quzular həyətin yaraşığıdı.Sərmicə sağılan süd deyil sanki,Ana zümzüməsi, – ay işığıdı!

Hikmət qaynağıdı ana ocağı –Çağlayıb ruhumu dindirəcəkdir.Məni susuz qoyub dərin dəryalar,Bu bulaq yanğımı söndürəcəkdir.

Evə qayıdaram qaş qaralanda,Dağlardan ahəstə yel əsən zaman,Ömür yollarının yorğunu olanÜrək dincəlməyə tələsən zaman...

Moskva-Bakı, 25.X.1979

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов