Bizim həvəskarlardan ibarət bir dram cəmiyyətimiz vardı. Mürşüd adında bir oğlan rəhbərimiz idi. Mürşüdün müsbət cəhəti orasında idi ki, yaxşı təşkilatçı idi, həvəskar yığmağı, tamaşaçı toplamağı, paltar tapmağı, dekorasiya qurmağı bacarırdı. Zarafatcıl, üzügülər idi. Xətirli oğlan idi. Heç kəs onun sözündən çıxmırdı. Mənfi cəhəti orasında idi ki, aktyorluğu zəif idi, bir ayağı o birindən qısa idi. Ancaq rəhbər olduğu üçün baş rolları həmişə özü oynayırdı. Böyük bir hazır-cavablıqla da səhnədə öz axsaqlığına məna verməyə çalışırdı. Məsələn, Otellonu oynayanda Yaqoya deyirdi:

– Yaqo, Əlcəzair müharibəsində məni qıçımdan yaraladılar, ondan bəridir axsayıram.

“Almaz”da Hacı Əhmədi oynayırdı. Axsaq qatırdan söhbət düşəndə və Ocaqqulu hirslənəndə o da yerindən çığırardı: “Ey, ey, mənə sataşma!” Hətta bir kərə tamaşaçılar onun axsaqlığına güləndə səhnənin qabağına gəlib dedi:

– Camaat, mənim axsaqlığım barədə xahiş eləyirəm heç kəsə bir söz deməyin, sonra gedib arvadın qulağına çatar. Onun xəbəri yoxdur.

Mürşüd, ümumiyyətlə, tamaşaqabağı, yaxud tamaşa zamanı salondakılara müraciət etməyi çox sevirdi. Bir gün hansı əsəri qoymaq istəyirdiksə, həvəskar çatmırdı. Mürşüd tamaşadan qabaq çıxış eləyib dedi:

– Camaat! Bizim dram cəmiyyətimiz üçün həvəskar aktyorlar lazımdır. Kim istəyir gəlib yazıla bilər. Cəmiyyətimizin darvazası hamının üzünə açıqdır.

Bu çıxışdan sonra xalq arasında bizim kollektivimizə “darvaza-dram cəmiyyəti” adı verdilər. Tamaşalarımız həqiqətən açıq darvazaya oxşayırdı. Kim nə vaxt istədi səhnəyə çıxırdı, nə istədi deyirdi.

Mən suflyor idim, hafizəm yaxşı olduğu üçün bütün oynadığımız əsərləri əzbər bilirdim. Kollektivdə əsas rolu da mən oynayırdım. Çünki heç kəs rolunu bilmirdi. Mən budkadan söz verməsəydim, heç kəs bir kəlmə danışa bilməzdi.

Yaxınlıqda bir kənd var. İndi bu saat o kəndin gözəl bir mədəniyyət sarayı var və bu sarayın mahnı rəqs ansamblı keçən il respublika müsabiqəsində birinciliyi qazandı. O zaman isə bu kənddə teatr tamaşası nə deyən sözdür – bilmirdilər. Bir gün mədəniyyət şöbəsindən Mürşüdü çağırıb tapşırdılar ki, gərək o kənddə tamaşa verək. Biz məsləhətləşib “Qaçaq Kərəm” tamaşasını verməyi qərara aldıq. Ancaq bir məsələ açıq qaldı. Harda oynayaq? Kənddə tamaşa vermək üçün bina yox idi. Açıq havada oynamalı deyildi, soyuq idi. Odur ki, kəndin ayağında olan böyük bir tövləni düzəldib teatr “salonuna” çevirməli olduq. O gün səhər tezdən bir böyük maşını tutub dekorasiyalarla bərabər kəndə varid olduq. Tövlə boş idi. Qapı-pəncərələri də sınıqdı. İlk növbədə buranı təmizlədik. Şəhərdən bizimlə gəlmiş dülgər qapıları, pəncərələri qaydasına saldı. Sonra bir tərəfi bir az qaldırıb səhnəyə bənzər bir şey düzəltdik. Kənddən həsir, keçə və palaz yığıb yerə saldıq və hamıya elan elədik ki, kim stulsuz gəlsə, içəri buraxılmayacaq.

Mən “biz belə elədik, elə elədik” – deyə yazanda bir az həqiqəti təhrif eləmiş oluram. Çünki işin doxsan doqquz faizini Mürşüd görürdü. Onda nə qədər enerji vardı. Yorulmaq bilmirdi. Kəndin başından vurub ayağından çıxırdı. Elə bu da bizim səhnədə müvəffəqiyyətsizliyimizə səbəb oldu. Elə ki, pərdə açıldı, həyatlarında birinci dəfə teatr görən kəndlilər Qaçaq Kərəm rolunda Mürşüdü tanıdılar və bu da onların nədənsə xoşlarına gəlmədi. Aralarında nə barədə isə danışmağa başladılar. Salonda bir söz-söhbət vardı ki, səhnədəki replikaları heç kəs eşitmirdi. Mən suflyorluq edirdim, səhnədə nə danışıldığını eşidə bilmirdim. Tamaşaçılar isə yəqin heç bir şey başa düşə bilmirdilər. Nəhayət, Mürşüd hirsləndi. Səhnənin qabağına gəlib çığırdı:

– Ay camaat, ya siz danışın, ya biz! Belə olmaz axı!

Kar eləmədi, səs-küyün qabağı bir az alındısa da, gurultu davam eləyirdi. Artistlərin sözünə qulaq asan yox idi. Mürşüd ikinci dəfə səhnə qabağına gəldi:

– Camaat! – deyə tragik səslə çığırdı, – bir az səbirli olun, görün ikinci pərdədə nə qədər adam öldürəcəyəm.

Kim isə yerdən çığırdı:

– Elə isə başlayın ikinci pərdəni!

Bir ayrısı dedi:

– Bəs gündüz bizdən palaz aparanda sənin bığın yox idi.

– Adə, görmürsən tük yapışdırıb?

– Ondan adam öldürən olar?

Şuluqluq düşürdü ki, pərdəni çəkdik. Tənəffüs vermədən ikinci pərdəni başladıq. İki-üç dəqiqə salonda sakitlik oldu, sonra təzədən gurultu başlandı. Yəqin onlar həqiqətən adam öldürüləcəyini gözləyirdilər. O da olmurdu. Mürşüd, Abbas Mirzə Şərifzadəni təqlid edərək bir monoloq deyirdi ki, səhnəyə bir oğlan çıxdı. Qaçaq Kərəmin sözünü kəsərək dedi:

– Əmi, çöldə səni kənd Sovetinin sədri çağırır.

Mürşüd çaşdı, bilmədi nə cavab versin. Mən budkadan çığırdım.

– Pərdəni salın!

Pərdəni saldılar. Mürşüd çıxdı, bir azdan dedilər məni də çağırırlar.

Getdim, gördüm həyətdə Mürşüd kiminləsə bərk mübahisə eləyir. Yəqin bu kişi kənd Sovetinin sədri idi. Çox bərkdən və rəsmi danışırdı. Qəti olaraq deyirdi ki, biz bu kənddə, camaatın gözü qabağında adam öldürməyə qoymarıq. Mürşüd and içib, aman eləyirdi ki, yalandandır. Sovet sədri razı olmurdu. Deyirdi ki, yalan-doğru, fərqi yoxdur, adam öldürməyə biz qol çəkə bilmərik, bu saat gərək ayrı teatr çıxardasınız, sənin oynadığın axsaq qaçaqdan bizim xoşumuz gəlmir...

Sovet sədrindən xahiş elədik ki, camaatı sakit eləsin, biz ayrı tamaşa göstərərik. O gedəndən sonra qısa bir müşavirə çağırdıq. Neyləyək? Vaxtilə “Bizim kirayənişin özünü öldürdü” adında bir pərdəli komediya oynamışdıq. Yalnız bir dəfə oynamışdıq, onu təkrar etməyi qərara aldıq. Bu əsərin süjeti təxminən belədir: bir kirayənişin ev sahibinə borcludur, pulu olmadığı üçün borcunu qaytara bilmir. Ev sahibi onu çox incitdikdə yalandan özünü öldürür. Ev sahibi “meyitin” üstündə ağlayıb borclu olduğu bütün pulları ona bağışlayır, bu zaman kirayənişin “dirilib” qalxır. Əsərin mətnini özümüzlə götürməmişdik, rollar yaddan çıxmışdı. Mənim də bir kəlmə yadımda yox idi. Belə qət elədik ki, mən özümdən tekst uydurum və bu süjet əsasında suflyor budkasından deyim, onlar da mənim dediklərimi səhnədə eləsinlər, görək nə çıxır. Böyük risk idi. Camaat bizi dəyənəklə kənddən qova bilərdi. Belə məlum olurdu ki, ilk dəfə teatr tamaşası gördüklərinə baxmayaraq, yaxşını-pisi seçməyi bacarırdılar.

Səhnədəki ağac-uğacı yığışdırıb bir ev düzəltdik. Uşaqlar tələsik qrim elədilər. Mürşüd kirayənişini oynayırdı. Mənə tapşırdı ki, tekstdən çox gülməli hərəkətə fikir verim.

Tamaşa başlandı. Mən nə deyirdim onlar eləyirdilər. Bircə dəqiqəyə qədər əvvəlki səs-küy salondan eşidildi. Sonra səhnədəki hadisələrlə maraqlanmağa başladılar. Suflyor budkasından onlara mən nə deyirdim, nə göstəriş verirdim, indi yadımda deyil. Bircə orasını xatırlayıram ki, salonda arası kəsilməyən qəhqəhə vardı. Mən süjeti təxminən belə qurmuşdum, kirayənişin ev sahibindən qaçır. O da onu axtarır, rastlaşanda isə əlbəyaxa vuruşurdular. İş o dərəcəyə çatmışdı ki, mən suflyor budkasından ev sahibinə deyirdim, səhnədən çıx, o mənə işarə eləyirdi ki, hələ vaxtı deyil, qoy bir az da vuruşaq.

Qərəz ki müvəffəqiyyət çox böyük oldu. Pərdə düşənə qədər qəhqəhənin arası kəsilmədi. Bizi kənd camaatı hörmətlə yola saldı. Dönə-dönə tapşırdılar ki, bir də gələk, bu gülməli teatrı bir də göstərək.

Ancaq bu tamaşanı təkrar eləmək mümkün olmadı. Şəhərdə Mürşüd ha mənə yalvardı ki, dediyim sözləri və göstərdiyim hərəkətləri qeyd eləyim, o tamaşanı bir də şəhərdə göstərək, yadıma sala bilmədim.

Bir az sonra Mürşüd ayrı rayona işə təyin olundu. Bu rayondan tamam köçüb getdi. Bizim cəmiyyətimizin də darvazası bağlandı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ərəboğlu

1922-ci ilin yay aylarından biri idi. Maarif Komissarlığı tərəfindən qastrola göndərilmiş teatr truppası xüsusi təsdiq olunmuş marşrutla rayonları və kəndləri dolaşır, tamaşalar verirdi. Bu tamaşaları təşkil eləmək çox çətin idi. Əvvəla ona görə ki, nəqliyyat vasitəsi yox idi, aktyorlar bəzən otuz-qırx kilometr yolu piyada getməli olurdular. Sonra günlərlə oturub dekorasiyanı gözləyirdilər. Dekorasiya araba ilə daşınırdı. Rayonların bir çoxunda, xüsusən kəndlərdə bina yox idi, çox vaxt açıq havada oynamalı olurdular. Bütün bu əziyyətlərə baxmayaraq truppada böyük həvəs və ruh yüksəkliyi vardı, çünki onları hər yerdə əziz qonaq kimi qarşılayırdılar. Teatra o qədər maraq vardı ki, bilet üstə, yer üstə dava-dalaş düşməsin deyə, milisə müraciət etməli olurdular.Nəhayət, aranda işlərini qurtarıb dağ rayonlarından birinə getməli oldular. Dekorasiyaları iki arabaya yükləyib axşamdan göndərdilər. Səhər tezdən aktyorlar iki faytona doluşub yola düşdülər. Bütün yolu, oxudular, çaldılar, deyib-güldülər, rayon mərkəzinə çatanda elə bir hadisə baş verdi ki, qorxudan bilmədilər neyləsinlər. Faytonların hər tərəfini silahlı adamlar bürüdü. Onları tüfəng qabağında revkomun binasına apardılar, artist olduqlarını yəqin elədikdən sonra buraxdılar. Üzlərinə baxan, sözlərinə qulaq asan olmadı. Gecələmək üçün yer belə çox çətinliklə düzəltdilər.

196311 мин
At

Kislovodskda istirahət edirdik. Çkalov küçəsində, mərhum İsmayıl Hidayətzadə ilə qonşuluqda mənzil tutmuşduq. Bizim opera teatrımız bura qastrola gəlmişdi. İsmayıl bu teatrın həm direktoru, həm də baş rejissoru olduğu üçün bütün günləri işləyirdi, ancaq hərdən (teatrın istirahət günlərində) onların səfalı həyətində oturub söhbət edirdik. Soltan xanım çox yaxşı çay dəmləyirdi, bizdə armudu stəkanlardan bu çayı içə-içə “mırt vururduq”. İsmayıl məzəli söhbətləri dinləməyi çox sevirdi. Özü də başına gələn hadisələri, eşitdiyi-bildiyi əhvalatı gülməli şəklə salıb danışmağı bacarırdı.İki-üç gün ürəkdarıxdırıcı sısqa yağış yağandan sonra nəhayət gün çıxmışdı. Səhər saat on olardı. Mən həyətdə gəzişirdim ki, uzaqdan bir səs eşitdim. Kim isə məni çağırdı. Səs gələn tərəfə getdikdə gördüm ki, İsmayıl öz bağlarından mənə əl eləyir.

19634 мин
Əllər

Axşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.

19637 мин
Qanlı məktub

Əlihüseyn dəm üstündə idi. Günortadan bala-bala vurmağa başlamışdılar. İndi məclisin əsil qaymaq vaxtında durub getməli idi. Çünki bir saatdan sonra tamaşa başlayacaqdı. Əlihüseynin bu günkü rolunun cəmi üç cümləsi vardı: birinci pərdədə deyirdi: “Bəli, cənab”, ikinci pərdədə deyirdi: “Xeyr, cənab”, üçüncü pərdədə deyirdi: “Baş üstə, cənab!” – vəssalam. Əlihüseyn iyirmi ildir teatrda bu cür rollar oynayırdı, yaratdığı obrazların hamısı yumurta kimi bir-birinə oxşayırdı. “Yaratdığı obraz” deyəndə bir az yekə düşür, çünki Əlihüseyn heç nə yaratmırdı. Tamaşadan-tamaşaya yalnız paltarla qrimini dəyişirdi. Bəzən rejissor teatrda olmayanda heç qrim də eləmirdi. Vəziyyətindən son dərəcə razı idi. Əziyyətsiz, zəhmətsiz hər ay maaşını alıb qoyurdu cibinə.İndi, bu saat onun teatra getməyə heç həvəsi yox idi. Müftə bir məclis əlinə düşmüşdü. Bayaqdan üç dəfə Əlihüseynin sağlığına içmişdilər. Yemək də arası kəsilmədən gəlirdi. Səhnədə bir cənaba “bəli, xeyr, baş üstə” demək üçün bu cür məclisi qoyub getmək axmaqlıq olardı. Odur ki, teatrın müdirinə bir məktub yazıb, yağlı cümlələrlə oğlunun güya xəstə olduğunu, ona görə də tamaşaya gələ bilməyəcəyini xəbər verdi.

19635 мин

Стихи других поэтов