Əlihüseyn dəm üstündə idi. Günortadan bala-bala vurmağa başlamışdılar. İndi məclisin əsil qaymaq vaxtında durub getməli idi. Çünki bir saatdan sonra tamaşa başlayacaqdı. Əlihüseynin bu günkü rolunun cəmi üç cümləsi vardı: birinci pərdədə deyirdi: “Bəli, cənab”, ikinci pərdədə deyirdi: “Xeyr, cənab”, üçüncü pərdədə deyirdi: “Baş üstə, cənab!” – vəssalam. Əlihüseyn iyirmi ildir teatrda bu cür rollar oynayırdı, yaratdığı obrazların hamısı yumurta kimi bir-birinə oxşayırdı. “Yaratdığı obraz” deyəndə bir az yekə düşür, çünki Əlihüseyn heç nə yaratmırdı. Tamaşadan-tamaşaya yalnız paltarla qrimini dəyişirdi. Bəzən rejissor teatrda olmayanda heç qrim də eləmirdi. Vəziyyətindən son dərəcə razı idi. Əziyyətsiz, zəhmətsiz hər ay maaşını alıb qoyurdu cibinə.

İndi, bu saat onun teatra getməyə heç həvəsi yox idi. Müftə bir məclis əlinə düşmüşdü. Bayaqdan üç dəfə Əlihüseynin sağlığına içmişdilər. Yemək də arası kəsilmədən gəlirdi. Səhnədə bir cənaba “bəli, xeyr, baş üstə” demək üçün bu cür məclisi qoyub getmək axmaqlıq olardı. Odur ki, teatrın müdirinə bir məktub yazıb, yağlı cümlələrlə oğlunun güya xəstə olduğunu, ona görə də tamaşaya gələ bilməyəcəyini xəbər verdi.

Badə yoldaşları məktubu oxuyub bəyəndilər. Ancaq bir məsələni başa düşmədilər. Stanislavski kimdir ki, Əlihüseyn bu balaca məktubda onun adını çəkir?

Əlihüseyn böyük bir nəzəriyyəçi kimi onlara izahat verdi:

– Stanislavski bütün teatrların böyüyüdür. Özüm qəsdən adını çəkmişəm, bizim müdir onun azarkeşidir.

– Əcəb yazmısan, – deyə ev yiyəsi məktubu bir də nəzərdən keçirib təriflədi: – Sənin bu məktubun qan eləyəcək!

Əlihüseyn bu təriflərdən fərəhlənib şişdi və məktubu zərfə qoyub ev yiyəsinin oğlu ilə teatra göndərdi.


Teatrın müdiri məktubu oxudu, tez tapşırıq verdi, Əlihüseynin rolunu başqa adama tapşırdılar.

Tamaşa öz qaydasında getdi. Əlihüseynin bu gecə oynamadığını nə tamaşaçılar hiss elədilər, nə də aktyorlar.

Ancaq məktub müdirin yadından çıxmırdı. Hərçənd Əlihüseyn özü tamamilə lazımsız bir yük idi, teatrın yaradıcılıq həyatında heç bir rol oynamırdı, ancaq yenə də kollektivin üzvü idi, onun oğlunun ağır xəstə olması müdiri düşündürməyə bilməzdi. Tamaşa qurtarandan sonra müdir rejissoru da götürüb xəstə uşağa baş çəkməyə getdi. İçəri şəhərdə Əlihüseynin evini çox çətinliklə tapdılar. Qapını döydülər, xeyli vaxt cavab verən olmadı. Sonra handan hana Əlihüseynin arvadı qapını açdı. Arvad vaxtilə teatrda biletçi işləmişdi, müdiri və rejissoru tanıyırdı. Onları görən kimi: “Vay!” – deyib çağırdı və qorxu ilə soruşdu:

– Nə olub?

Müdir sifətində böyük bir kədər ifadə etməyə çalışaraq soruşdu:

– Uşaq necədir, biz onun halını öyrənməyə gəlmişik.

Arvad bu sözdən heç nə başa düşmədi.

– Nə uşaq?

– Oğlunuz... Əlihüseyn məktub göndərmişdi ki, oğlum xəstədir, tamaşaya gələ bilməyəcəyəm.

– Kül onun başına, – deyə arvad hirslə cavab verdi. – Uşağa nə olub, maşallah, top kimidir, bayaqdan başını qoyub yatıb. Əlihüseynin uşaqdan nə xəbəri var?

Müdirlə rejissor çox pərt oldular. Dodaqlarının altında “Bağışlayın, yuxudan elədik” deyə üzrxahlıqla ayrılmaq istəyirdilər ki, birdən müdir dönüb arvada dedi:

– Bizim bura gəldiyimizi Əlihüseynə demə, bacı!

Arvad hirslə cavab verdi:

– Hardan deyəcəyəm? Bir aydır küsülüyük, evə gəlmir, anasının yanında qalır.


Sabahı gün Əlihüseyn öz vaxtında teatra gəldi. Dünən çox içdiyindən gözləri şişmişdi. Saat on bir tamamda məşq otağına qalxmaq istəyirdi ki, ona dedilər, zala gəlsin, ümumi iclas var. Əlihüseyn iclaslarda hamıdan axırda oturardı. Həmişə burada bir “lağlağı dəstəsi” yığılırdı və onlar danışılan sözlərə qulaq asmaq əvəzinə zarafatla məşğul olardılar. Bu səfər gördü ki, o dəstə yoxdur, hərə bir tərəfə səpələnib. O da bir yer tapıb oturdu. Müdir iclası açdı.

– Yoldaşlar! Mən dünən bir məktub almışam, bu məktubu Əlihüseyn yoldaş yazıb. Sizi o məktubla tanış eləmək istəyirəm.

Əlihüseyn dik atıldı, dünən axşamüstü müdirə bir kağız yazdığı yadında idi, ancaq nə yazdığı, öldür yadına düşmürdü. Ürəyində fikirləşdi ki, görəsən nə sarsaqlamışam.

Müdir oxumağa başladı. Məktubun hər cümləsi zalda elə gülüş qoparırdı ki, elə bil o, kollektivə məzəli bir komediya oxuyurdu.

“Bu məktubu sənə ürəyimin qanı ilə yazıram, yoldaş müdir (Gülüş). Yeganə övladım, gözümün ağı-qarası, raxt-xibdə ağır xəstə halda uzanıb, gözünü dikib mənə, deyir papa, getmə, sonra ölərəm (Gülüş). Gözümün yaşını həkimlər saxlaya bilmir (Gülüş). Bu gecə mən müqəddəs səhnəmizdə böyük rəhbərimiz Stanislavskinin yolu ilə gedib incəsənətimizi yüksəklərə qaldırmalı halda deyiləm (Gülüş). İmza Sizin Əlihüseyn”.

Müdir “Sizin Əlihüseyn” sözünü oxuduqda zaldan dəhşətli bir qəhqəhə qopdu. Əlihüseyn pərt halda dedi:

– Niyə gülürsünüz? Adamın bədbəxtliyinə də sevinərlər?

Müdir soruşdu:

– Uşaq necədir, Əlihüseyn?

Əlihüseyn kədərli-kədərli cavab verdi:

– Səhərə kimi qızdırma içində yanıb. Gözümü yummamışam, yoldaş müdir!

Müdir gülə-gülə dedi:

– Biz dünən rejissor yoldaşla bir yerdə sənin oğluna baş çəkməyə getmişdik. Arvadın dedi ki, uşaq xəstə-zad deyil, sağ-salamatdır, sən də bir aydır evə ayağını basmırsan. Bəs buna nə deyirsən?

Əlihüseyn qəfildən zərbə yemiş adamlar kimi duruxdu. O yan-bu yana baxdı, gah durdu, gah oturdu. Sonra doluxsunub yalandan ağlamaq istədi, onun bu hərəkətinə zaldan bir qəhqəhə də qopdu. Bu zaman qocaman bir artist söz istəyib ayağa qalxdı:

– Keçmişdə, inqilabdan qabaq bizim truppamızda bax, bu Əlihüseyn kimi yalançı bir artist vardı, mənim yadımdadır, üç dəfə öz anasını basdırmaq üçün bizdən pul yığdı, sonra öyrəndik ki, anası sağdır, ölüb eləməyib.

Rejissor yerindən səsləndi:

– Belələrindən teatrı təmizləmək lazımdır.

Qocaman artist sözünə davam etdi:

– Düz deyirsiniz, indiki teatra bu cür fırıldaqçılar yaraşmır. Məncə Əlihüseyni çıxartsanız, tamaşaçılar da sevinər, biz də sevinərik. İyirmi ildir külüng vurur. Hələ iki kəlmə sözünü düz deyə bilmir, özü çaşır, bizi də çaşdırır. Qoy getsin özünə sənət tapsın.

Bir aktrisa yerində dedi:

– Düzdür, o gün səhnədə ayağımı elə basdı ki, gözümdən qığılcım çıxdı...

Əlihüseyn ona cavab verdi:

– Neyləyim. Mənə iki nömrə böyük soldat çəkməsi veriblər, yeriyirəm, ayağım məndən qabaqda gedir.

Kim isə dedi:

– Bəs səhnədə hey bığın-saqqalın düşür, ona nə deyirsən?

Əlihüseyn ona da cavab verdi:

– Yapışqan tutmur, təqsir məndədir?

Bir başqası dedi:

– O gün səhnədə ayaq üstə yuxulayırdın.

Əlihüseyn ona da cavab vermək istəyirdi ki, kim isə ondan əvvəl səsləndi:

– O gün heç... bir az vurmuşdu...

– Yalandır, – deyə Əlihüseyn qışqırdı.

Səs-küy düşdü. Müdir hamını sakit eləyib dedi:

– Məsələni uzatmayaq. Məşq vaxtıdır. Ümumi rəy ilə teatrı Əlihüseyndən azad eləyirik.

Elə həmin gün Əlihüseyni teatrdan çıxartdılar. Məktub, doğrudan da, qan elədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов