Страница 1 из 3

Dördüncü şəkil

Yasəmən pərdə qabağına çıxır.

Yasəmən

Bu pərdədən qabaq sizə gizli bir söz demək istəyirəm. Öz aramızdır, deyəsən mən Nazlı ilə Rövşənin əlaqəsini yaxşılaşdırmaq əvəzinə daha da kəskinləşdirmişəm. Onları bu vəziyyətdə qoymaq olmaz. Mütləq tapıb barışdırmalıyam ki, əsas hadisənin inkişafına mane olmasınlar. O biri personajlardan arxayınam, işləri qaydasındadır. Gənclər öz arzularına nail olurlar. Xəlil kişinin toxuduğu tora Humay kimi bir xanım düşdü. O ki, qaldı Əliqulu, onun da kefi kökdür. Bir sözlə, hamı toya hazırlaşır. Aha, deyəsən, gəlirlər. Mən tez aradan çıxım ki, dördüncü pərdə başlanır. (Orkestrə müraciətlə) Maestro, bir toy havası!

Musiqi sədaları altında pərdə açılır. Əliqulunun evi. Birinci pərdənin dekorasiyası.

Gövhər paltar tikir. Qumral ona kömək eləyir.

Gövhər

Yəqin bilirsən ki, bu axşam gələcəklər? (Paltarı qızının əyninə ölçməyə başlayır)

Qumral

Hə, bağda atamla razılaşıblar. Sənə deməyib?

Gövhər

Acıqlı idi, bir kəlmə də danışmadı.

Qumral

Səbəbini bilmədin?

Gövhər

Zəng çalındı, yuxulu-yuxulu gedib açdım, tanımadım, içəri buraxmaq istəmirdim, hirsləndi.

Qumral

Ay ana, sən nə danışırsan? Atamı tanımadın?

Gövhər

Neyləyim, a qızım?! Heç atanı o sifətdə görməmişdim. Bığını nazildib, rəngləyib... Gödək, dar kostyum... Nə bilim, qocalığında yorğalayır.

Qumral

Bəs, səhər duranda danışmadınız?

Gövhər

Mən tezdən durub bazara getdim. Gəlib gördüm ki, yoxdur, işə gedib. (Paltara işarə ilə) Yaxşıdırmı?

Qumral

Lap yaxşıdır. Özün bilirsən ki, sən nə tiksən, xoşuma gələcək.

Xəlil içəri girir. Onun qoltuğu doludur.

Gövhər

Bu nədir belə, a Xəlil?!

Xəlil

Sursat almışam. Gərək qonaqların qabağına yaxşı çıxaq.

Gövhər

Sağ ol. Yaxşı ki, sən gəlmisən. Əliquludan mənə hay yoxdur.

Xəlil

Əliquludan kimə hay var ki, sənə də olsun? Bu qırmızıdan beş şüşə almışam, çatar?

Qumral

Ay dayı, içəcəklər də?

Xəlil

Sən qarışma. Bizim vaxtımızda bu cür xeyir iş olanda, qızlar gedib oturardılar gərdəyin dalında. Utandıqlarından burunlarını çölə çıxarmazdılar.

Qumral

Mən bir eyibli söz demədim ki, Xəlil dayı?

Xəlil

Yaxşı, yaxşı, zarafat elədim. Bizim vaxtımızda çox işlər vardı, hamısını indi təkrar eləsən, dönüb olar yenə köhnə zamana. Təzə lampaya köhnə piltə taxmaq olmaz. (Kamal gəlir) Ay səni xoş gördük! Sizinkilər hazırlaşırlar?

Kamal

Bəli, axşam gələcəklər.

Xəlil

Gəl, otur yanımda. (Kamalı yanında oturdur) Gövhər, Kamalın bir qəşəng qohumu var. Çox şirindil qadındır. Adı nə idi onun?

Kamal

Nazlı xanım.

Xəlil

Onu demirəm, o birisini.

Kamal

Humay xanım.

Xəlil

Odur ha!.. Sənin nəyindir?

Kamal

Əmim oğlunun ögey baldızı.

Xəlil

Deməli, olur mənim bacım qızının nişanlısının əmisi oğlunun ögey baldızı. Lap yaxın qohum oluruq ki.

Gövhər

Ay Xəlil, birdən aşiq olarsan ha!..

Xəlil

Nə olar. Cavanlıqda başım işə qarışıq olub. İndi gərək əvəzini çıxam, ya yox?

Kamal

Atam rayondan bir qoyun göndərib. Gətirdim, bəlkə axşama lazım olar.

Gövhər

Lazım deyil, çox sağ ol.

Xəlil

Niyə lazım deyil, haradadır?

Kamal

Həyət qapısından içəri buraxdım.

Xəlil

Ay-hay!.. Upravdom onun hər tükünə bir protokol bağlayar. Gəlin gedək. Gövhər, tez ol, görüləsi iş çoxdur.

Hamı çıxır. Əliqulu ilə Səfər içəri girirlər. Ayaqlarının ucunda gəzirlər və yavaşdan danışırlar ki, o biri otaqda eşitməsinlər.

Əliqulu

Bura bax, Səfər, mənim başım qarışıq olacaq, restoranla danış, axşama yemək-zad düzəlt.

Səfər

Toya heç kəsi çağırmırsınız?

Söhbət edə-edə gətirdikləri yeməli şeyləri divanın altında gizlədirlər.

Əliqulu

Haray salmaq olmaz. Duyuq düşərlər. Bircə Muradov yoldaş özü gəlsə, bəsimdir. Bilmirəm, Nazlı xanımın onu çağırmaq yadına düşəcək, ya yox?

Səfər

Çalıb-oxuyan necə?

Əliqulu

Əlbəttə, belə həngaməni qarmonsuz eləmək olmaz. Hə, indi daha yubanma, get əvvəlcə idarəyə baş çək, de ki, Əliqulu Baloğlanoviç iclasdadır, oradan da get tapşırdıqlarımı elə. Mən də bu saat arvad ilə haqq-hesabımı üzüm.

Səfər

Gedirəm, göz açıb yumunca təşkil eləyəcəyəm. (Gedir)

Əliqulu evdə olduğunu bildirməmək üçün çıxıb təzədən zəngi çalır. Gövhər qapını açır. Əliqulu içəri girir. Qumral, Xəlil, Kamal da onu qarşılamaq üçün səhnəyə çıxırlar. Kamal uzaqda dayanmışdır. Əliqulu onu görmür.

Gövhər

A kişi, iş vaxtı nə əcəb evə gəlmisən? Naxoşlamamısan ki?

Əliqulu

Yox, səninlə sözüm var, onunçün gəlmişəm.

Gövhər

Nə sözdür, Allah xeyir eləsin!

Qumral

Ata, səni bu kökə kim salıb?

Gövhər

Qızım, atan cavanlaşıb da...

Əliqulu

Necə yəni cavanlaşmışam, məgər qoca idim?

Xəlil (Kamalı yaxına çağırır)

Gəl, gəl, yaxın gəl, qorxma, razılığını verib.

Əliqulu (Kamalı görüb birdən dik atılır)

Sən yenə mənim evimə gəlmisən? Deməmişəm ayağın bura dəyməsin?!

Ona hücum etmək istəyir. Gövhər və Xəlil qolundan tutub qoymurlar.

Gövhər

Əliqulu, nə danışırsan, eyibdir!

Xəlil

Özümüzünküdür ey... Xeyir iş üçün gəlib.

Əliqulu

Xeyir iş? Sən onu haradan bilirsən?

Xəlil

Bu oğlan özü dedi.

Əliqulu

Mənə açıq deyin görüm, bu oğlan kimdir?

Kamal

Nazlı xanımın qohumuyam. Dünən axşam bulvarda sizinlə söhbət eləmirdi?

Əliqulu

Nazlı xanımın qohumusan? Səni o göndərdi?

Kamal

Bəli.

Əliqulu

Bunu bayaqdan de də! (Onun yanına getmək istəyir, Gövhərlə Xəlil dava salacağından qorxub qoymurlar. Güclə onların əlindən qurtarıb Kamala yaxınlaşır) Ay səni xoş gördük! (Qucaqlayıb öpür) Hə, danışmısan bunlara?

Kamal

Ucundan-qulağından.

Əliqulu (Gövhərə)

Razısan?

Gövhər

Razıyam, niyə razı olmuram ki?

Əliqulu

Əhsən, yaxşı cavab verdin! Qoy bir az ətraflı danışaq. (Ətrafdakılara) Keçin o biri otağa, qoyun ikicə kəlmə bu ağıllı arvadla söhbət eləyək.

Gedirlər. Səhnədə Gövhərlə Əliqulu qalır.

Əliqulu

Deməli, razısan?

Gövhər

Əlbəttə.

Əliqulu

Mən heç güman eləməzdim ki, iş belə asan həll olunacaq. Dedim yəqin başlanacaq şikayət, göz yaşları...

Gövhər

Xeyir işdə ağlamaq bizlərdə adət deyil.

Əliqulu

Gözəl adətiniz var. Ancaq başsız qoymaram, tez-tez göz olacağam.

Gövhər

Əlbəttə, uşağı başsız qoymaq olmaz ki...

Əliqulu

Uşağın eybi yoxdur. Qorxuram, sən bir az xiffət eləyəsən.

Gövhər

Xiffət eləsəm də... olacağa çarə yoxdur.

Əliqulu

Bəh, bəh! Səndə nə qədər sağlam düşüncə varmış, Gövhər! Neçə ildir bir yerdə yaşamışıq, belə mərifətli olduğunu bilməmişəm. Maşallah, gözəl yaşadıq, gözəl də ayrılırıq.

Gövhər

Niyə ayrılırıq ki? Elə bilirsən mən tamam köçüb Qumralgildə qalacağam? Elə şey olar?

Əliqulu

Qumralgildə? Dayan, dayan, deyəsən, axı mən “Şah İsmayıl”dan oxuyuram, sən “Əsli Kərəm”dən?

Gövhər

Heç nə başa düşmürəm.

Əliqulu

Başa düşməmək səndə elə cavanlıqdan vardı. Qoy sözümü açıq deyim. Mən bu vaxta qədər yaşadığım köhnə həyata yekun vurub, dəftər-kitabı bağlayıram.

Gövhər

Təqaüdə çıxırsan?

Əliqulu

Yox, yeni həyata başlayıram, dünyada hər şeyin əvvəli olduğu kimi, axırı da var. Köhnə həyatımı məhv eləyirəm.

Gövhər

Əliqulu, kursa girmisən, nədir?

Əliqulu

İncimə məndən, Gövhər!

Gövhər

Niyə inciyirəm ki?

Əliqulu

Özünü möhkəm tut, bir söz deyəcəyəm.

Gövhər

De, de, möhkəməm.

Əliqulu

Bilmirəm heç hansı tərəfdən başlayım?

Gövhər

Bir ucdan başla, üzü bəri gəl.

Əliqulu

Onsuz da razısan. Daha mətləbi niyə uzadım? Bilirsən, mən bu işə girişməzdim ha, ancaq... neyləyim?.. Sevir məni...

Gövhər

Kim sevir səni, ay Əliqulu?

Əliqulu

Bu oğlanın qohumu Nazlı xanım.

Gövhər

Nə olsun ki?

Əliqulu

O olsun ki, mən də onu sevirəm. Bir-birimizdən ayrı yaşamaq mümkün deyil.

Gövhər

Nə? İndi, deməli, məni atıb, onu alırsan?

Əliqulu

Özün dedin ki, olacağa çarə yoxdur.

Gövhər

Baxtın nə yaxşı açılıb, Əliqulu? Mübarək olsun!..

Əliqulu

Ay Gövhər, sən nə qədər yeni insansan!

Gövhər

Xoşbəxt olasınız! Nazlı xanımla sənin aranda otuz yaş təfavüt var!..

Əliqulu

Nə danışırsan, az olar.

Gövhər

Hə, onda lap bir-birinizə taysınız. Oğullu-qızlı olun. (O biri otağın qapısını açıb çığırır) Ay Qumral, ay Xəlil, gəlin bura!..

Əliqulu

Əşi, yığma camaatı, dayan sözümüzü qurtaraq!

Gövhər

Daha nə var ki? Sözünün canını dedin də.

Əliqulu

Qalır xırda-xuruş məsələlər. Deyirəm, o otaqda Qumral qalar, bu böyük otağı da ortadan tən yarı bölərik. Hələlik şkafla, sonra da usta çağıraram. Nə məsləhət görürsən?

Gövhər

Nə cür istəsən elə. Bəs bunlar nə oldular? (Qumral ilə Xəlil gəlirlər) Qumral, gəl, atanı təbrik elə! Xəlil, sən də xeyir-dua ver!

Xəlil

Nə olub ki?

Gövhər

Evlənir.

Xəlil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов