Tədarük anbarının müdiri Məmməd Qəribov səhər tezdən yerindən qalxıb tələsik geyinməyə başladı.

Arvadı təəccüb qaldı:

– A kişi, nə var? Nə tezdən durmusan?

Qəribov arvadının üzünə baxmadan dilxor bir halda cavab verdi:

– Gecə yuxuda çiy ət görmüşəm, arvad! Gedim görüm bu günkü qəzeti tapım, görək yenə nə var? Çiy ət, heç mənə düşmür.

Arvad soyduğu kartofu qırağa qoyub təəccüblə Qəribova yaxınlaşdı:

– A kişi, yuxunun qəzetə nə dəxli var?

Qəribov hirsindən lap çığırdı:

– Arvadsan ki, arvad! Yüz fərman çıxa yenə də sənin başa düşməyinə hələ çox-çox var. Otuz ildir mənimlə külüng vurursan, yenə də bu işlərdən başın çıxmır? Elə ki, mən yuxuda çiy ət gördüm, düşürəm qəzetə. İndi bu gün də yəqin bir iş var. Tez mənə bu günkü qəzeti tap.

– A kişi, bəlkə səni tərifləyiblər?

– Yox, yox. Olsa-olsa o dediyinin astar tərəfi olar. O da ki oldu, işdən xudahafiz. Amma bu səfər olsa daha xudahafizlə yaxamı qurtara bilməyəcəm. Bu səfər işdən on il qoxusu gəlir.

Arvad qab dəsmalı ilə yaşarmış gözlərini silib ərinin qabağında döyükə-döyükə qaldı:

– Allah eləməsin. Hər qəzetə yazılanı işdən çıxartmırlar ki. Mən heç başa düşmürəm ki, sən neyləmisən ki, yazsınlar.

Qəribov lap darıxdı. Bir papiros eşib muştuğa taxdı. Stolun üstünə salınmış qəzetin qırağından cırıb maşinkaya soxdu. Kağız alışan kimi papirosu odlayıb kağızı yana-yana xalçanın üstünə saldı və ayağı ilə tapdaladı. Papirosdan bir qullab alıb arvaddan soruşdu:

– Başa düşmədin?

Düşmədim.

– Düşməyə baş lazımdır, səndə heç bir təqsir yoxdur. Mən bütün əhvalatı bu saat sənin yadına salım. Aztorqda işlədiyim yadındadır?

– Yadımdadır, niyə yadımda deyil? Xan kimi dolanırdıq. Qəndim o qədər idi ki, qapımızda kooperativ dükanı kimi növbə olurdu.

– Hə, sən mənim sözümü kəsmə. Aztorqun axırı nə oldu? Adam kimi oturub işlədiyim yerdə birdən qəzetdə bir məqalə çıxdı. Elə həmin gecə də yuxumda çiy ət görmüşdüm ha... Məqalə çıxan kimi mənim dalımdan dəydilər. Getdim girdim selpoya. Yadındadır?

– Niyə yadımda deyil? Taxılımıza bit düşdü, dəyər-dəyməzinə satdıq.

– Hə, selponun axırı nə oldu? Yenə çiy ətlə qurtardı da. Bir il bekar gəzdim. Maşinkanın xodunu çək his eləyir. Axırda bir təhər özümü düzəltdim neft anbarına. Yadındadır?

– Niyə yadımda deyil? Bu ayağımızın altındakı xalını onda aldın da.

Qəribov xalıya diqqətlə baxdı. Sonra ah çəkib davam etdi:

– Neft anbarında ayrı aləm vardı. Elə bilirdim ki, Musa Nağıyevəm, neft buruqlarım da fantan eləyir. Neft ayrı şeydir. Qızıldır, qızıl.

– Axırı yoxdur, əşi...

– Olmadı da. Bir gecə keflənib yatdım, yuxuda çiy ət gördüm, səhər də məqalə çıxdı və məni məhkəməyə verdilər. Yadındadır?

Arvad yenə çirkli dəsmala gözlərini sildi, başını tərpətdi, amma cavab vermədi.

Qəribov muştuğunu barmaqları arasına qoyub o biri əli ilə part vurdu. Muştuğun içindəki papiros kötüyü tullanıb xalçanın üstünə düşdü. Qəribov ayağı ilə kötüyün odunu söndürdü və davam etdi:

– Bir il məhkəməyə gedib-gəldim. Axırı ki, yaxamı bir təhər qurtardım. Pulum lap qurtarhaqurtarda idi ki, müharibə başlandı.

Arvad dərindən ah çəkdi:

– Mənim mirvarımı da onda satdın da...

– Sözümü kəsmə, arvad, gedib girdim çörək dükanına, başladım çörək satmağa. Dedim o zəhirmarın xodunu çək, his eləyir...

– Arvad, istər-istəməz maşinkaya sarı getdi. Fitilini düzəldib aşağı çəkdi. Hisli əllərini ətəyinə silib ərinin yanına gəldi:

– Heç ağlım başımdadır ki? Barı yuxuda gördüyün ət yağlı idimi?

– Döş-maça idi. Sözümü kəsmə. Çörək satmağım yadındadır da?

– Niyə yadımda deyil? Ütü ütüləməkdən yorulmuşdum. İşim, gücüm səhərdən axşama kimi pul ütüləyib sandığa yığmaq idi.

Qəribov pul adı çəkilən kimi lap dəli oldu.

– Bəs hanı o pullar? Axırı nə oldu? Axırı yenə gəlib çıxdı o zəhirmara. O ütülədiyin pullar hamısı getdi girdi vəkillərin cibinə. İndi də bir güclə tədarük anbarına düzəlmişəm. Allaha şükür bir təhər dolanıram. Bir o gördüyüm çiy ət məni dilxor eləyir. Arvad, get gör qonşuya qəzet gətiriblər?

– A kişi, qoy sənə bir az kartof qızardım, sonra.

– Yox, yox. Kartof yeməli halım yoxdur. Kartof yeməkdən zara gəldim.

– Neyləyim, a kişi? Evə kartofdan başqa bir şey gətirmirsən ki, mən də bişirim? Gündə on kiloya qədər çürüyür, atıram.

– Bəs mən neyləyim? Bu saat kartof tədarükü aparırıq. Anbarda ayrı şey yoxdur. Di tez ol, yubanma, get qonşuya, qəzet gəlib, ya yox?

Arvad tələsik qapıdan çıxdı. Qəribov üç-dörd dəfə otaqda var-gəl elədi. Sonra hirsli-hirsli papiros eşməyə başladı. Arvad əlində qəzet içəri girdi:

– Ala! Təzəcə gətiriblər.

Qəribov bir aslan kimi qəzetə sarı atıldı. Alıb başdan başa baxmağa başladı. Arvad gözlərini kişinin üzünə zilləyib bir az durdu. Sonra yalvardı:

– A kişi! Hündürdən oxu, mən də eşidim.

– Hələ nə var ki, nə oxuyum, arvad? “Sovet məlumat bürosundan”. “Şanlı qəhrəman”, “Plan ödəndi” bunların mənə dəxli yoxdur. Sonra... Qərib... Ay arvad stulu altıma yerit, ayaq üstə dayana bilmirəm.

– A kişi sənə nə oldu?

– Mənə bir şey olmadı, nə oldusa sənə oldu. Yuxum çin çıxdı. Evim yıxıldı.

– Axı bir oxu görək.

– Nəyi oxuyum? Başı belədir “Qəribovun fırıldaqları”. İçindəkini daha niyə oxuyum? İçindəkini onsuz da bilirəm.

Qəribov ayağı qalxdı. Naxoş adamlar kimi stullardan tuta-tuta stola sarı getdi. Stolun gözünü açdı. Qəzetə bükülmüş bir şey götürüb arvadına verdi.

– Ala, arvad! Bunu bir yanda gizlət. Mən tutulandan sonra vəkilə xərclərsən. Nə qədər ki, bu qəzetlər var mənim kimi adamlara yaşayış yoxdur. Bilirdim də... görürsən necə gələcəyi görən adamam?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов