Əsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.

Uzaqdan qulağına incə bir zarıltı gəldi.

Əsgər ağa həmişə ayaq üstə hazır duran Abbasəlidən soruşdu:

– Əə, qulağıma bir səs gəlir, su axır, yoxsa milçək vızıldayır?

Abbasəli elə hörmətlə əyildi ki, Əsgər ağanın gülməyi tutdu:

– Abbasəli, dəvə kimi boynunu əyməkdənsə, bir parça dilini tərpətsənə!

Abbasəli qızardı, qorxa-qorxa cavab verdi:

– Ağa, bizim kənizin səsidir.

– Hay bərəkəllah!!! Hay maşallah! Əə, arvada nə həng gəlmisən ki, səsi o cür çıxır?

– Döymüşəm, ağa.

– Düzdür, arvad döyüldükcə yumşaq olar, ancaq Abbasəli, sənin hər yumruğun iki puddur, ona o yazıq dözə bilməz.

– Ağacla döymüşəm, ağa.

Bu sözə Əsgər ağa qəhqəhə çəkib güldü, sonra Abbasəlinin yemək dalınca göndərdi.

Abbasəli getdi. Əsgər ağa bulanıq nəzərlərlə ətrafa baxıb düşünməyə başladı...

Bu gözəl, bu yaşıl kənd ona məxsus idi. Bu otlar, bu ağaclar, bu evlər, çəpərdən o yana bulaq başında səsləri gələn lalədodaq kəndli qızları, hamısı, hamısı ona məxsus idi. Torpaq onun idi, bu torpaqda işləyənlər də onun üçün işləyirdilər, kefi nə istəsə, onu edə bilərdi. Kim ona gözün üstə qaşın var deyəcəkdi? Bu avam, aciz, qul kəndlilər?

Əsgər ağa bunu düşünüb yenə qəhqəhə ilə güldü.

Bir aydı ki, gəzməyə çıxmışdı, üçcə gün əvvəl kəndə qayıtmışdı. Gəldiyinin birinci günü bir az acığı tutdu. Hiss etdi ki, kəndlilər başsız qalıblar. Kətxuda və yüzbaşı qız qaçırmağa məşğul olduqlarından kəndlilər özlərini bir növ ərköyün hiss edirlər. Gör iş nə yerə çatıb ki, Allahın Cında Hüseyni də bulaq başında onunla söhbət edən qızını döyə-döyə apardı, heç əyilmədi də... heç xoş gəldin də demədi... Budu ha... Əsgər ağanın “keçiləri” gəldi. O saat elan elədi ki, su onun torpağından axıb keçdiyi üçün bütün kəndlilər su pulu verməlidirlər.

Hamıdan kasıb olan Cında Hüseyn təəccüblə soruşdu:

– Ağa sağ olsun, nə pulu?

– Əm... ağanın sözünə sorğu qoyanı, vurun!..

Cında Hüseyni o qədər vurdular ki, tabdan düşdü.

Qərəz... su pulunu yığdılar. Pulu olmayanın evindən palazını, həyətindən dana-buzovunu apardılar. Sabahı günü Əsgər ağanın acığı təzədən tutdu. Yetim Abdulla nə adamdır ki, axşam ağanın evinə süd göndərməyib?

Əsgər ağa bunu eşidib yetimi hüzuruna çağırdı:

– Əəə... yetim qurumsaq, süd hanı?!

– Ağa, and olsun bir balamın canına, xəbərim olmayıb, uşaqların anası süddən qatıq çalıb. İstəyirsiniz qatıq göndərim.

– Qatığı apar sürt uşaqlarının anasının başına! İtil, it oğlu burdan!

Budur ha... Əsgər ağanın “keçiləri” yenə gəldi. O saat təzə vergi qoyduğunu elan elədi. Mal-qara naxıra gedib, gələndə onun torpağını tapdalayır, ona görə də hamı ona inək pulu verməlidir.

Əsgər ağa təzə vergi haqqındakı sözlərini kəndlilərə deyəndən sonra üzünü yetim Abdullaya çevirib soruşdu:

– Başa düşdün, yetim?

Abdulla istehza ilə gülüb dedi:

– Ağa, bu əmrinizin mənə dəxli yoxdur.

– Niyə?

– Çünki mənim inəyim yoxdur, camışım var.

Əsgər ağa özündən çıxdı:

– Nə fərqi var, ay sırtıq yetim?! – Sonra da əlaltılarına üzünü tutub çığırdı. – Əə... vurun!

Abdulla o qədər döyüldü ki, Cında Hüseynin gününə düşdü. O günü, yəni dünən də kəndlilərdən inək pulu yığıldı...

Bu gün isə... Bu gün Əsgər ağanın kefi kök idi, heç bir təzə naloq icad eləmək fikrində deyildi.


Əsgər ağa birdən qulaqlarını şəklədi, ətrafı dinləməyə başladı. Həmin zarıltı yenə də gəlirdi. Zarıltını eşidəndə Abbasəlinin yemək dalınca getdiyi yadına düşdü. Əlini qulağına qoyub gözünü yumdu:

– Abbasəli!

Zarıltı kəsildi. Abbasəlinin yoğun səsi eşidildi.

– Gəldim... Ay ağa...

Abbasəli yüyürə-yüyürə gəldi, əlində yemək yox idi, ancaq gülürdü.

– Nə var, ədə? Əliboş gəlməyin bəs deyil, hələ bir gülürsən də?

Abbasəli əyilib Əsgər ağanın qulağına yavaşdan dedi:

– Ağa, dünənki yenə gəlib, yan otaqda gözləyir.

Əsgər ağa cəld ayağa qalxdı.

... İçəridə nə oldu, nə olmadı – xəbərimiz yoxdur. Yalnız onu deyə bilərik ki, yan otaqdan Əsgər ağa axşama yaxın çıxdı, özü də lül kefli idi.

Eyvanda dayanıb kəndə diqqətlə baxmağa başladı. Artıq günəş üfüqə doğru sallanırdı. Kəndlilər işdən qayıdırdılar, bəziləri yorğunluqdan ayaqlarını da ata bilmirdilər.

Əsgər ağa bu mənzərəni diqqətlə süzdükdən sonra, onun qolundan tutmuş Abbasəliyə dedi:

– Əə... mənim bu kəndlilərə lap yazığım gəlir. Get yüzbaşıya de ki, yığsan bir yerə onları, nitq söyləyəcəyəm.

– Ağa, nə paylayacaqsan?

– Ay qanmaz oğlu qanmaz, nitq söyləyəcəyəm! Yoxsa elə bildin ki, ləbləbi paylayacağam?

Abbasəli bir dəqiqədə gözdən itdi.

– Balam ağaya nə olub ki, duran yerdə bizə ləbləbi paylayır?

– İsrağa gün su pulu yığdı, dünən inək pulu yığdı, bu gün isə ləbləbi paylayır.

– Ağamızın başından mənim gözüm su içmir.

– Görünür, bunda bir biclik var.

– Onsuz deyil.

Yenicə işdən dönmüş kəndlilər bir tikə çörək yeməyə macal tapmadan yavaş-yavaş hasarın dibinə toplaşdılar. Əsgər ağa Abbasəlinin köməyi ilə onlara yaxınlaşdı və yüksəkdən salam verdi. Bir neçə adam yavaş səslə Əsgər ağanın salamını aldı. Əsgər ağa oturmaq üçün qoyulan kötüyün üstünə çıxıb kəndlilərə baxdı, sonra da bir azca gülümsündü.

– Kəndlilər, – dedi. – Abbasdan xəbər gətirmişdi ki, guya mən sizə ləbləbi paylayacağam. Yalandır! Başa düşməyib, nitq söyləyəcəyəm.

– Kəndlilər bir-birini üzünə baxdılar, heç kəs dinmədi. Əsgər ağa davam etdi. – Kəndlilər mən sizin ağanızam, siz də mənim rəiyyətim. Deməli siz mənim rəiyyətimsiniz, mən sizin ağanızam. Ağaya baş əymək sizin borcunuzdur. Bu dünyada bir mənə baş əyin, bir də qurban olduğum padşaha!.. Padşahımız yaxşı padşahdır. Suya, südə naloq qoymağıma baxmayın... Bir günlük zarafat üçün elədim. O pulları mən cibimdə saxlamayacağam; hamısını aparıb verəcəyəm padşahın xəzinəsinə. Əslinə qalsa cibinizdəki pulları kim kəsibdir ki?! Əlbəttə padşah! Yenə qaytarıb geri alır. Elə bil aşıq-aşıq oynayıb uduzmusunuz. Amma bir məsələ var ki, siz işləmirsiniz, tənbəlsiniz... Mən and içirəm Allahın özünə ki, siz nəfəs almağa də tənbəllik edirsiniz... həzrət Abbas haqqı sizi bir az öz xoşuna qoysaq, nəfəs almağa da pul istərsiniz. Ancaq...

Lakin Əsgər ağa nitqini qurtara bilmədi. Abbasəli birdən yola boylanıb çığırdı:

– Ağa, şəhərdən qonaqlar gəlir.

Əsgər ağa bunu eşidən kimi, sözünü yarımçıq kəsdi və ayağa durub, evə sarı yüyürməyə başladı. Ancaq yarı yoldan geri döndü, kəndlilərə çığırdı.

– Mənim dediyimi yadınızdan çıxartmayın ha!..


Əsgər ağa getdikdən sonra heç kəs yerindən tərpənmədi, sükut içərisində dayandılar.

Abdulla içərilərində bir az ağıllısı və təcrübəlisi idi. Əvvəlcə onun danışmasını gözləyirdilər; o da danışmayırdı. Arabir dərindən nəfəs alır və nə barədə isə düşünürdü. Abdulla bir az bu cür dayandıqdan sonra evinə sarı getməyə başladı.

O biri kəndlilər də ona baxıb öz daxmalarına doğru yollandılar.

Abdulla alçaq qapıdan əyilərək keçdi. İçəridə qarısı oturub arpa təmizləyirdi. Ona baxmadan buxarının yanına getdi və çubuğunu böyük kösövlə yandırdı. Çarıqlarını çıxarıb evin ayağına tulladı, gözlərini oda zilləyərək oturdu.

– A kişi, ağa ləbləbi payladı?

– Zəhrimar payladı... – Abdulla dərindən ah çəkdi və qarının üzünə baxmadan danışmağa başladı. – Dedi ki, padşah pulları özü kəsib, ona görə də sizdən yığacaq. Hamınız aşıq-aşıq oynayıb uduzmusunuz. Sonra da dedi ki, mənim torpağımda nəfəs alırsınız, onun pulunu verməlisiniz. Mən belə başa düşdüm ki, hamımızdan nəfəs pulu yığılacaq.

– Allah onun evini yıxsın, a kişi, bu bahalıq vaxtda nə üçün aşıq-aşıq oynayırdın ki, uduzdun?

– Bəhanədir də... Anadan olandan mən əlimə aşıq almamışam. İndi gəlib ki, uduzmusan, gərək pul verəsən.

– O nəfəs pulu nə deyən sözdür?

– Eh, çox avamsan, arvad! Başa düşmürsən ki, nəfəs pulu yığmaq kəndlilərin evini yıxmaqdır. Hamısını hesablayacaqdır. Məsələn, bizim evdən mən nəfəs alıram nə tövr olsa sən də nəfəs alırsan...

– Bəs necə, a kişi, əməlli-başlı nəfəs alıram.

– Mən də onu deyirəm də... O qara günə qalmış uşaq da nəfəs alır, hələ toyuq-cücənin də nəfəs almağını hesablasan, gör nə qədər xərc eləyir!

– A kişi! Qulamgil lap yazıq oldular. Doqquz baş külfətdirlər, hamısı da nəfəs alır. Gör hara vurur onların naloğu?!

– Eh, gör işin axırı gəlib hara çıxdı!..

Qapı açıldı. Qulam içəri girdi, qaş-gözünü sallayıb buxarının yanında oturdu, çarıqlarını çıxarıb evin ayağına atdı və çubuğunu yandıra-yandıra Abdulladan soruşdu:

– Bu nə işdir, yetim! Deyirlər ki, uduzduğumuz pulları bizdən almaq üçün şəhərdən əsgər gələcək.

Abdulla təəccüblə soruşdu:

– Lap yəqin bilirsən ki, şəhərdən əsgər gələcək?

– Hə, hə, deyirlər ki, ağa əmr eləyib şəhərdən əsgər gəlsin.

– Evimiz yıxıldı, a balam!

Qapı açıldı, iki kəndli içəri girdi. Onlar da haman qayda ilə çarıqlarını Evin ayağına tulladılar, buxarının yanında oturdular.

– Bu nə işdir Abdulla, nəfəs almağa də gərək pul verək?..

Abdulla cavab verməyə hazırlaşırdı ki, bir ayrı kəndli içəri girdi və hövlnak dedi:

– Deyirlər, kim pullarını aparıb padşahın xəzinəsinə təhvil verməsə, nəfəs almağa qoymayacaqlar.

Bu sözdən sonra evdə dayana bilmədilər, küçəyə çıxdılar. Küçədə yekə mərəkə açılmışdı. Bir dəstə kəndli küçənin ortasına toplanmışdı. Orada iki adam dava çəkirdi:

– Yalan deyirsən, lap ağ yalan deyirsən! Mən yazıq işdən macal tapıram ki, hələ nəfəs də alım?

– Özün yalan deyirsən! Ağaya yalan danışmaq olmaz! Gedib xəbər verəcəyəm.

– Alçaq oğlu, alçaq! Sənin özündən pul çıxmayacaqlarmı? Sən özün nəfəs almırsan? Yavaş-yavaş hamı çığırmağa, söyməyə başlayırdı.

Abdulla gördü ki, şuluqluq düşəcək, bərkdən çığırdı:

– Səssiz durun, bir-birinizi qırmayın!

Hamı dönüb Abdullanın üzünə baxdı.

Abdulla həyəcanla dedi:

– Dayanın, nəfs pulu bir tərəfə qalsın, uduzduğunuz pulları necə qaytaracaqsınız?

Cavab verən olmadı.

– Olan, olmayan, kim pul verməsə, nəfəs almağa qoymayacaqlar, onda nə eləyəcəksiniz?

Bu zaman enlikürək, ucaboy bir qoca çomağını yuxarı qaldırıb çığırdı:

– Qardaşlar! Kəndli qardaşlar! Mən qoca kişiyəm, nəfəssiz dolana bilmərəm.

– Qoymayacaqlar, pulun yoxdursa, nəfəs almağa qoymayacaqlar!

Qoca kişi bir daşın üstünə çıxdı və gücü gəldiyi qədər bağırdı:

– Kəndlilər! Qardaşlar! Əsgər ağa mənim bu dırmağım boydadır, ancaq gəlib mənim kimi ağsaqqal kişinin nəfəsini kəsir. Heyf ki, qocalmışam!.. Cavan olaydım, bir çomaqla min o cür əsgər ağaları yanı üstə uzadardım. Qoymayın, qoymayın nəfəsimizi kəssinlər! Gedin, cavanlar, gedin, onları susdurun! Yandırın, öldürün, canınızı qurtarın!..

Camaatdan vəhşi bir səs çıxdı, hamı birdən dəli kimi qaçmağa başladı.

... Əsgər ağanı hər yanda axtardılar. Evində yox idi, qapıları-pəncərələri sındırıb həyətə düşdülər, orda da tapılmadı. Nə edəcəkləri barədə məsləhətləşmək istəyirdilər ki, birdən uzaqdan zarıltı səsi eşitdilər, hamı oraya doğru yüyürdü.

Kolların arasında bir arvad uzanaraq zarıyırdı. Kəndliləri görən kimi o, əlilə şose yolunu göstərib dedi:

– Oraya qaçdılar, hamısı qaçdı...

Kəndlilər ağanın dağıdılmış evinə baxıb dərindən nəfəs aldılar, sonra isə sevinə-sevinə evlərinə getdilər.

Hava elə təmiz, elə gözəl idi ki... nəfəs aldıqca ciyərlər şişirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов