Страница 1 из 4

Üçüncü şəkil

Pərdə qabağı

Dondurmasatan

Dondurma!.. Dondurmaya gəl! Yeyin, diliniz şirin olsun, yeyin, ürəyiniz sərin olsun, marojna, eskimo, plombir!..

Rövşən fikirli keçdikdə Yasəmənlə rastlaşır.

Yasəmən

Rövşən, hara belə?

Rövşən

Heç hara. Nazlı məni bir günə salıb ki, başımın yerini itirmişəm.

Yasəmən

Təqsir səndədir.

Rövşən

Təkcə məndə?

Yasəmən

Bir az da onda var, hər ikiniz müqəssirsiniz. Yaxşısı budur, barışın getsin.

Rövşən

Mənim sözüm yoxdur ki... Tərslik eləyən odur.

Yasəmən

Mən bu saat bulvara gedirəm. Nazlı da ora gələcək. Böyük yasəmən ağacı var ha, onun dalında gözlə. Barışıq vaxtı çatanda bir işarə ilə sənə xəbər verərəm.

Rövşən

Düz işimiz düşmədi ağac dalına? (Gedirlər)

Pərdə açılır. Bulvar. Uzaqdan dəniz görünür. Böyük yasəmən ağacı. Səfər gəlir. Narahat gəzinir. Birdən içəri girən Əliqulunun qabağına qaçır. Əliqulu pərişandır. Şlyapa bir tərəfə gedib, qalstuk o biri tərəfə. Yorğun halda skamyanın üstündə oturur.

Səfər

Yenə pərişansınız, Əliqulu Baloğlanoviç?

Əliqulu

İşlər yaman çalpaşıq düşüb. Bircə tükdən asılıyam; o yanlıq da ola bilərəm, bu yanlıq da. Məni neyləyirdin? Nə xəbər gətirmisən?

Səfər

Bu axşam saat səkkizdə bura gəlir.

Əliqulu

Kim?

Səfər

Nazlı xanım.

Əliqulu

Bəs bu vaxta qədər mənə niyə deməmisən?

Səfər

Bütün günü qarovulunuzu çəkmişəm. Başınız açılıb ki?

Əliqulu

Hə, komissiyanın biri gedir, o biri gəlir.

Səfər

Rayondan da bir maarif müdiri gəlmişdi, sizi axtarırdı. Yaman dara-bara salmışdı.

Əliqulu

O nə istəyir?

Səfər

Deyir, məktəblərə uşaq paltarı əvəzinə bir vaqon qaloş göndərmisiniz. Katibəniz başdan elədi.

Əliqulu

Elələrini başdan eləmək olar? Gedib çıxıb qoskontrola, iclas ona görə uzandı.

Səfər

Mən də gördüm uzanır, başqa adamın səsi ilə zəng eləməyə məcbur oldum.

Əliqulu

Deməli, saat səkkizdə? Bəs neyləyək? Bir yandan da bu Xəlil kəsilmiş məni rahat qoymur. Bir məktub gətirib, kim isə mənimlə görüşmək istəyir.

Səfər

Kim olduğunu demir?

Əliqulu

Bilmir. Deyəsən, cavan qadındır.

Səfər

Onu haradan bildiniz?

Əliqulu

Məktubun ətrindən.

Məktubu göstərir, Səfər alıb iyləyir.

Səfər

Ədqalondur.

Əliqulu

Sən bilən bu qadın məndən nə istəyir?

Səfər

Yəqin bizim idarədə işləyən işçilərdəndir. Ərizəsi var, məvacibini artırmaq istəyir.

Əliqulu

Bağda, yasəmən ağacının altında məvacib artırarlar?

Səfər

Yasəmən ağacının altında o qədər məvaciblər artıb ki!.. Harda gözləyəcək?

Əliqulu

Yazmır. Bu bağda azından yüzə qədər yasəmən ağacı var. Hamısının da kölgəsində arvadlar oturub. Məktub yazanı mən hardan tapım?

Səfər

Hansı arvaddan bu ədqalonun iyi gəlsə, deməli odur.

Əliqulu

Əşi, məzəlilik eləmə, arvadları iyləyə-iyləyə gəzməyəcəyəm ki. İşini gör. Sən mənə Muradovun bacısı qızından danış.

Səfər

Hə, o barədə nə deyim? Əla sortdur. Ancaq bir söz deyəcəyəm, incimərsiniz ki?

Əliqulu

De gəlsin.

Səfər

Gərək siz də xarici görkəminizə bir az fikir verəsiniz.

Əliqulu

Bəzək-düzək lazımdır?

Səfər

Bir az müştərigir olsanız yaxşıdır?

Əliqulu

İşə düşmüşük ki? Vəzifə... Vəzifə... Vəzifənin səfası varsa, cəfası da var... Al bu portfeli saxla, mən də gedim, sir-sifətimə bir az yamaq-yumaq vurum. Amma itib batma ha! Sonra səni tapmaram.

Səfər

Arxayın olun! (Gedirlər)

Azad ilə Səadət içəri girir.

Azad

Hə, indi də bir az oturaq. O qədər yer gəzdik ki...

Səadət

Heyif, o kişiyə rast gəlmədim. Yoxsa, ona bir toy tutacaqdım ki...

Azad

Qoskantrolda hamısını danışdın da... deyir çıxardırlar.

Səadət

Elələri yaş balıq kimidir. Ələ alan kimi yenə sürüşüb suya düşür.

Azad

Deyəsən, bu səfər yaman xirtdəkləyiblər. (Papiros yandırır)

Səadət

Papirosu at bir tərəfə. Gözümdən yayınan kimi tüstün təpəndən çıxmağa başlayır.

Azad

Mən təslim! Atdım. (Papirosu yerə atır)

Səadət

Ora yox. Görmürsən sənin kimilər üçün xüsusi qab qoyublar?

Azad (papirosu yerdən götürüb zibil qabına atır)

Canın üçün, Səadət, atam-anam üzümü bu qədər danlamamışdı.

Səadət

Vaxtında danlamayıblar, onların da vəzifəsi mənim boynuma düşüb. Gəl otur yanımda. Niyə fikirlisən?

Azad

O qədər iş var ki, elə bil, fikir beynimdə qaynayır.

Səadət

Qaynayan qazanın qapağını açıq qoyarlar. (Azadın şlyapasını başından çıxardır)

Azad

Sabahdan gərək sovxoz üçün çoxlu maşın təhvil götürəm.

Səadət

Çox çəkəcək? Evimiz üçün elə darıxmışam ki!..

Azad

Hələ bir-iki gün də burdayıq. Sən işlərini qurtarmısan, qalmışam mən. Mən də qurtarım, sonra yola düşərik.

Səadət

Onda boş-boş gəzməyək, teatrlara, konsertlərə gedək.

Azad

Darıxma. Gəzmək sənə vacibdir.

Səadət

Gəzmək mənə lazımdır, ancaq mağazalarda yox, açıq havada, bağda, çəməndə...

Azad

Rayonda hər gün səni Ceyran düzünə gəzməyə aparacağam.

Səadət

Bir ildir Ceyran düzü yadına düşmürdü. Nə olub? İndidən onu məndən çox istəməyə başlamısan?

Azad

Nə fərqi, o da sənsən də... Keçmişdə ata-babalarımız övlada ciyərpara deyərdilər. Yəni, ciyərin bir parçası. Aha, yaxşı yadıma düşdü. Bir şey qalıb, onu almamışıq...

Səadət

Nədir ki?

Azad

Kolyaska, uşaq üçün kolyaska... Bu yaxındakı dükanda gördüm.

Səadət

Fikrin-zikrin onun yanındadır.

Nazlı ilə Yasəmən içəri girirlər.

Nazlı

Elçiyə oxşayıram?

Səadət

Elçidən çox gəlinə oxşayırsan.

Yasəmən

Gəlindir də... Heyif ki, əri Məcnun olub, düşüb səhralara.

Azad

Barışmaq lazımdır. Hər ikiniz əzab çəkirsiniz. Özü də heç nəyin üstündə.

Nazlı

Məni də yandıran odur. Ortada heç bir şey yoxdur, ancaq ailə dağıldı, arada min söz-söhbət oldu.

Səadət (Yasəmənə)

Deyəsən, yumşalıb. Rövşən gəlib çıxsaydı, barışardılar.

Yasəmən

Rövşən mənim bir işarəmə bənddir. Bu saat çağırım. (İşarə edir. Rövşən ağacın arxasından çıxır) A... Rövşən, sən buradasan? Bizim yanımıza gəlsənə!

Rövşən

Mane olmadım ki?

Yasəmən

Nazlıdan indicə soruşurduq, bəs, kölgən haradadır?

Rövşən

Yasəmən, mən heç zaman kölgə olmamışam.

Nazlı

Kölgə yox, arvadını təqib eləyən əli dəyənəkli məşədi.

Səadət

Nazlı, barış getsin.

Nazlı

Düz deyirəm də.

Rövşən

Düz demirsən. Sən özün məni şübhələrdən-şübhələrə salırsan. Bir kərəlik desən ki, başqasını sevirəm, get... Mən də bilərəm neyləmək lazımdır. Ancaq sən məni oddan çıxarıb, alova atırsan.

Nazlı dinmir, bir tərəfdə oturur.

Yasəmən (Səadətə)

Biz gedək, onlar danışıb ürəklərini soyutduqdan sonra barışacaqlar.

Səadət

Gedək, Azad, gəl.

Bulvarın bir tərəfinə çəkilirlər.

Rövşən

Yanan adam özünü ora-bura çırpar da...

Dondurmasatan (səhnə arxasından)

Ürəyin yanır, dondurma ye, yorulmusan dondurma ye, vurulmusan, dondurma ye!..

Rövşən

Nazlı! (Nazlı dinmir) Nazlı, bir de görüm, nə üçün məni bu qədər incidirsən? Səni sevəndən bu günə qədər həmişə əzab içində olmuşam.

Nazlı

Səbəb mən deyiləm, sənsən.

Rövşən

Niyə?

Nazlı

Çünki özün-özündən alışıb-yanırsan.

Rövşən

Bəs, məktub?

Nazlı

Mən, o məktubları cırıb tullayıram. Heç oxumuram da.

Rövşən

Deməli, adı “Ə” hərfi ilə başlayan adamla tanış deyilsən?

Nazlı

Yox, tanımıram!..

Rövşən

Doğru deyirsən, Nazlı? Deməli, mənim qısqanmağım nahaqdır?

Nazlı

Lap nahaqdır! Ortada məni biabır eləyirsən.

Rövşən

Səhv eləmişəm. Üzr istəyirəm, bağışla!

Nazlı

Sən məni o qədər incitmisən ki...

Rövşən

Neyləyim, özümlə deyil, elə bil sinəmdə min ürək var, mini də səni sevir.

Nazlı

Mini də qısqanır.

Rövşən

İcazə ver, əlini öpüm.

Nazlı

Nə asanlıqla barışmaq istəyirsən?

Rövşən

Başqaları məzuniyyət alır, kurortlarda istirahət eləyir, amma mən hər şeyi unutmuşam. Futbola getmirəm, hətta, boksu da atmışam. Öz məzuniyyətimi səninlə barışmağa həsr eləmişəm. Bu azdır?

Nazlı

Barışmağa, ya dalaşmağa?

Rövşən

Di bəsdir. Sən mənim gözəl, nazlı arvadımsan.

Azad, Səadət, Yasəmən onların barışdıqlarını görüb, “Aha, barışdılar” – deyə səslənirlər, yaxınlaşırlar.

Yasəmən

Çox ağıllı iş gördünüz ki, barışdınız. Hərçənd əsərimin süjeti dəyişdi, ancaq eybi yoxdur. Mən də orada sizi barışdıraram.

Azad

Təbrik eləyirəm, Rövşən.

Səadət

Axır ki, bu yazığı üzügülər gördük.

Nazlı

Ancaq Rövşən can, bizim burada bəzi xırda-para işlərimiz var. Ona gərək mane olmayasan, bildin?

Rövşən

Nə iş?

Yasəmən

İndi vaxt yoxdur. Sonra başa salarıq. Bəs, Humay nə oldu?

Səadət

Odur gəlir.

Humay içəri girir. O, təzə paltar geymişdir.

Nazlı

Humayı da bəzənən gördük.

Humay

Bəsdir, sataşma! Hələ görək bəxtimizə nə çıxır.

Nazlı

Söhbəti çox uzatma, ha!..

Humay

Yox a... Haradadır məndə o hövsələ?..

Nazlı (Yasəmənə yavaşdan)

Rövşəni sənə tapşırıram, başını qarışdır, yoxsa, aləmi bir-birinə qatar.

Yasəmən

Yaxşı. Gəl, Rövşən bu gün sənin xoş günündür.

Rövşən

Bu gün səadət günüdür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов