Страница 2 из 4 · 25%

Çıxırlar. Səhnədə yalnız Humay qalır. Dondurmasatan və Xəlil gəlirlər.

Dondurmasatan

Dondurma, dondurmasız ömrünü başa vurma! Dondurmasız bir dəqiqə durma. Başın ağrıyır: dondurma ye! Dişin ağrıyır: dondurma ye! Dərdin çoxdur: dondurma ye! Yuxun yoxdur: dondurma ye! (Gedir)

Xəlil əlində qəzet, skamyanın üstündə oturur, sonra onun nəzər-diqqətini Humay cəlb edir.

Xəlil (Humaya)

Bacı, mən sizi haradasa görmüşəm. Sabunçu vağzalının tinində qutab satmırsınız?

Humay

Bıy, bu nə sözdür danışırsınız?

Xəlil

Dayan, dayan!.. Zaqatalada fındıq tədarükündə işləmirdiniz?

Humay

Başıma xeyir, gör məni hara aparıb çıxartdı!..

Xəlil

Tapdım-tapdım... diş doktorusunuz?

Humay

A... Ay qardaş, fikrin özündə deyil, nədir? Dünən bizim evdə çalıb-oynamırdıq?

Xəlil

Əşi, bunu bayaqdan de də... Humay xanımsınız. Deyirəm, axı, bu suyuşirin arvad kimdir?

Humay

Mən heç diş doktoruna oxşayıram?

Xəlil

Gəncədə elə sizin kimi xanım-xatın bir doktor vardı, hey darıxanda gedərdim yanına, dişimi çəkərdi.

Humay

Darıxanda əcəb ürəkaçan məşğuliyyət tapırdınız?..

Xəlil

Dünən o gül göndərən adamdan xəbər çıxmadı?

Humay

Xeyr, hələ bir səs-səmir yoxdur.

Xəlil

O olmasın, mən olum. Söhbət məndə nə qədər istəsəniz.

Humay

Siz çox siyasətcil kişiyə oxşayırsınız. Dünən bizə o gül gətirənlə nə pıçıldaşırdınız?

Xəlil

Heç, elə-belə. Kefini xəbər alırdım.

Humay

Başa düşdüm. Bacım qızı belə sevir, atası belə razılıq vermir... Bunlar hamısı bəhanə imiş, hə?

Xəlil

Xeyr, canım, həqiqətdir.

Humay

Bir yandan deyirdiniz xəbərim yoxdur, o biri yandan da deyirdiniz gül göndərən kimdirsə, qabiliyyətli adamdır. Siyasət işlədirdiniz, hə?

Xəlil

İşə düşmədik?

Humay

Bəs, arvadınızı niyə özünüzlə bağa gətirməmisiniz?

Xəlil

Olmayan şeyi necə gətirim?

Humay

Necə, ayrılmısınız?

Xəlil

Anadangəlmə olmayıb.

Humay

Bəs o diş doktoru?

Xəlil

Kim bilir, indi hansı rayondadır...

Humay

Deməli, heç evlənməmisiniz?

Xəlil

İşdən macal tapa bilməmişəm ki?

Humay

İndi, bəs, işləmirsiniz?

Xəlil

Yox, təqaüdə çıxmışam.

Humay

Niyə, hələ cavansınız ki?

Xəlil

İcazə verin bu cavan oğlan yanınızda əyləşsin. Salaməleyküm, nə var, nə yox? (Oturur)

Humay (qalxır)

Niyə, pis deyiləm. Görəsən, gələn dəfə məni kimə oxşadacaqsınız?

Xəlil

İndi daha min adamın içində də olsanız, yenə tanıyaram. Hara belə? Hələ təzə-təzə söhbəti qızışdırırıq.

Humay

Gedim bizimkiləri axtarım tapım. Nigaran qalarlar.

Xəlil

Yanınızla bir kişi xeylağı getsə, etiraz eləməzsiniz ki?

Humay

Nə bilim? Hələlik bir söz deyə bilmərəm!

Danışa-danışa çıxırlar. Səfər gəlib darıxmış halda saata baxır.

Səfər (öz-özünə)

Bu Əliqulu kəsmiş harada qaldı? Bu qədər də geyinib-keçinmək olar? Bəzənməkdənsə, ciblərini doldur. Kişi ki, əllini keçdi, qadınlar onun sifətinə yox, cibinə bənd olurlar.

Rövşən tələsik içəri girir, telefon budkasına yaxınlaşır.

Rövşən (öz-özünə)

Yenə arvadı itirdim. Zəng eləyim, bəlkə bacısıgildədir. (Ciblərini axtarır, Səfərə) Yoldaş sizdə ikiqəpiklik olar?

Səfər (öz-özünə)

Tələsik bir toy bütün düyünləri açar...

Rövşən

Mənim sualıma cavab vermədiniz.

Səfər

Mənim bu saat öz suallarım cavabsız qalıb.

Rövşən

Sən də arvadını itirmisən?

Səfər

Hardadır məndə o bəxt? Al bir neçə ikiqəpiklik. Arvad ki, itib, sən hələ çox zəng eləməli olacaqsan...

Pul verir. Rövşən budkaya girir. Əliqulu xarici görkəmini tamamilə dəyişmiş halda səhnəyə gəlir.

Əliqulu

Hələ gəlməyib? (Səfər onu tanımadığı üçün dinmir) Karsan, səninlə deyiləm?

Səfər

Əliqulu Baloğlanoviç? Maşallah, maşallah, mən sizi heç tanımadım.

Əliqulu

Hə, necədir? İndi bəyənərlər məni?

Səfər

Əvvəlcə elə bildim siz bu cavan sportsmenlərdənsiniz. Adam da bir saatın içində bu cür cavanlaşarmış!

Əliqulu

Bəs necə?! Üstümü unlu görüb, adımı dəyirmançı çağırırdın...

Rövşən telefon budkasından çıxır.

Rövşən (öz-özünə)

Evdə də yoxdur. Məni qınayan, sənə nə deyim? Belə olur ki, şübhələnirəm də...

Əliqulu (Səfərə)

Az qalıb. Yəqin vaxtında gələr, eləmi?

Səfər

Bir az gecikər də... Gözəl arvadlar özlərini ağır tutarlar.

Əliqulu

Batdıq getdik ki... Məndə də hövsələ yox... Adı nə idi?

Səfər

Nazlı.

Əliqulu

Naza deyərik də.

Səfər

O sizin ailə işinizdir.

Rövşən (öz-özünə)

Qəribədir, deyəsən bizim arvaddan danışırlar?!

Əliqulu (Rövşənə diqqətlə baxır)

Səfər, bu adamdan mənim gözüm su içmir.

Səfər

Yazığın arvadı itib.

Əliqulu

Nə xoşbəxt insandır!

[Mənbənin skanında burada mətn itib: kitabın 52–53-cü səhifələri yoxdur.]

Kamal

Onu düz deyirsən. İşi düzüb qoşandan sonra deyərik. Birdən buralara gələr ha!..

Qumral

Gəlməz, hələ anamın ayağı bu bağa dəyməyib...

Kamal

Niyə?

Qumral

Tək gəlməyəcək ki? Atam anamla gəzməyə çıxmağı ayıb hesab eləyir.

Kamal

Deməli, anan buraları heç tanımır?

Qumral

Yox. Mənə inanmırsan?

Kamal

Bilmirəm sənə inanım, yoxsa gözlərimə?

Qumral

Necə ki?

Kamal

O tərəfə bax, gör bura gələn kimdir?

Qumral (baxır, həyəcanla)

Anamdır, bura gəlir, bəs neynəyək?

Kamal

Bu oldu proqramdan xaric. Eybi yoxdur, qoy gəlsin, söhbətdə o da iştirak eləyər.

Qumral

Onda atamın yenə tərsliyi tutacaq. Anam nə desə, atam onun tərsini eləyir.

Kamal

Əcəb sakit həyat sürürlər! Bəs necə olsun, heç nə fikirləşə bilmirəm. Hamısı mənim bəxtimdəndir, işim həmişə gərək tərs düşə...

Gövhər gəlir.

Qumral

Anacan, gəzməyə gəlmisən?

Gövhər

Sənin dərdini çəkməkdən heç bilmirəm neyləyim! Səhərə kimi yatmamısan. İndi də tələsik geyinib getdin. Dalınca qaçmışam. Bilsəydim ki, Kamal yanındadır, arxayın olardım.

Qumral

Sən mənim yatmadığımı haradan bildin, anacan?

Gövhər

Ana övladının hər işini bilir.

Kamal

Xoş gördük, ana!

Gövhər

Səndən də xəcalət çəkirəm, oğul! Əliqulunun üzü qara olsun!

Kamal

Eybi yoxdur, ana, axırı xeyir olsun. (Qumrala) Gör saat neçədir?

Qumral (yavaşdan Kamala)

Vaxtdan keçir, onlar burada görüşəcəklər. Anamı ayrı yerə aparaq, mane olmasın. Ana can, sən bu bağa birinci dəfə gəlirsən?

Gövhər

Yox, qabaqlar olmuşam, ancaq o vaxtlar belə deyildi. İndi çox qəşəngləşib.

Kamal

O tərəfləri daha da gözəl eləyiblər. Gül-gülü çağırır.

Gövhər

Elə bura da yaxşıdır.

Qumral

İstəyirsən, mən gedək o tərəfləri gəzək.

Gövhər

Bu paltarda adam içinə çıxa bilmərəm, eyib deyil?

Kamal

Bizim aramızda gedərsiniz, sizi görən olmaz.

Gövhər

Yox, yox, eyibdir.

Qumral (onun qoluna girir)

Gedək, ana can, gedək!

Kamal

Yaxşı mənzərələr var... Tamaşa eləyək.

Gövhər

Ay balam, məni hara aparırsınız?

Gövhəri aparırlar. Bu yandan Nazlı, Yasəmən Humayı səhnəyə gətirirlər.

Nazlı

Hə, de görək nə oldu?

Yasəmən

Ətraflı danış!

Humay

Dünən bizə bir kişi gəlmişdi ha...

Yasəmən

Hansı, gül gətirən?

Humay

Yox, o biri...

Nazlı

Xəlil dayı...

Humay

Hə, bütün bu işlər onun qurmaları imiş.

Yasəmən

Sən gör nə incə tor toxuyurmuş!

Nazlı

Nə dedi, axı?

Humay

Oradan, buradan, diş doktorundan söhbət salıb, gəldi mətləb üstünə. Mən cavab vermədim, dedim, qoy sizinlə məsləhətləşim, sonra.

Nazlı

Məsləhətdir, bacım, məsləhətdir.

Əliqulu ilə Səfər gəlirlər.

Yasəmən

Danışmayın, gəlirlər.

Nazlı

Yasəmən, sən Rövşənə göz-qulaq ol, qorxuram gəlib aləmi qarışdıra.

Yasəmən

Arxayın ol.

Əliqulu (Səfərə)

Hansıdır?

Səfər

O qəşəngi.

Əliqulu

Doşab almışıq, bal çıxıb ki!..

Nazlı

Siz gedin, mən söhbəti başlayım.

Səfər

Nazlı xanım, Əliqulu Baloğlanoviçlə tanış olun!

Nazlı

Böyük məmnuniyyətlə.

Əliqulu və Nazlı görüşürlər.

Əliqulu (Səfərə)

Sən əkil, amma uzaq getmə.

Səfər

İcazə verin, gözəl hüzurunuzu tərk eləyim.

Humay

Bizi də bağışlayın, Yasəmənlə balaca işimiz var. Qabaqcadan deyirəm: Allah xeyir versin!

Yasəmən

Xeyirli olsun!

Humay və Yasəmən gedirlər. Əliqulu ilə Nazlı səhnədə qalırlar.

Əliqulu

Bacı nə gözəl söz dedi?!

Nazlı

Mənim heç təcrübəm yoxdur. Bilmirəm belə vaxtlarda nə deyərlər, söhbəti nə ilə başlayarlar?

Əliqulu

Belə vaxtlarda əvvəlcə sükut eləmək lazımdır. Yanyana, göz-gözə... Mənim gözlərimdən siz ürəyimdəki sözləri başa düşərsiniz.

Nazlı

Təkcə gözdən nə çıxar ki? Gərək söz deyib, söz eşidək. Qayda belədir.

Əliqulu

Gözəl qaydadır.

Nazlı

Düzü, deməyə bir az utanıram.

Əliqulu

Utanmaq köhnə adətdir, nədən utanırsınız? Həyatın qanunudur.

Nazlı

Düz deyirsiniz, həyatın qanunudur: bir qız bir oğlanındır.

Əliqulu

Əşi, vallah, bu cür sözlərə ürək davam gətirməz.

Nazlı

Ürəyiniz zəifdir?

Əliqulu

Xeyr, canım, cavan adamam, niyə zəif olur ki? Mənim ürəyim barıt çəlləyi kimidir. Kiçik bir oda bənddir, o saat partlayır, alışıb-yanır.

Nazlı

Ürək gərək həmişə alışıb yansın.

Əliqulu

Bax, mən o cür adamam, görəcəksiniz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов