İkinci pərdə
Страница 1 из 4
İkinci şəkil
Yasəmən əlində bir dəstə çiçək pərdə qabağına çıxır.
Yasəmən
Çiçəklər hazır. Bu saat Nazlıgilə gedirəm. Həm anadan olan günü münasibətilə ona gözaydınlığı verəcəyəm, həm də öyrənəcəyəm, görüm, ərindən nə üçün ayrılıb? Ailə qurmaq çətindir, dağıtmaq asan. Mənim indi yazmaq istədiyim əsər ailə və məişət mövzusundadır. Bəlkə burada, Nazlıgildə özümə maraqlı material tapdım. Gördüklərimi sizə də göstərəcəyəm. Gəlin, bir yerdə düşünək, bir yerdə həyəcanlanaq və bir yerdə gülək. Yaxşımı? Gəlin!
Pərdə açılır. Humayın təzə evlərdən birindəki otağı. Ev zövqlə bəzənmişdir. Yasəmən pərdə qabağından bu otağa daxil olur. Səhnədə heç kəs yoxdur.
Yasəmən
Ay bu evin yiyəsi!
Nazlı üst-başı unlu səhnəyə gəlir.
Nazlı
Kimdir ev yiyəsini çağıran? Yasəmən?
Yasəmən
Əllərini yuxarı qaldır! Tərpənmə! Yoxsa üst-başımı un eləyərsən. (Onu öpür) Bax, buna deyərlər birtərəfli məhəbbət.
Nazlı
Bu saat əlimi yuyub qayıdaram. (Gedir)
Humay gəlir.
Humay
Yasəmən, xoş gəlmisən!
Yasəmən
Humay, gözün aydın, bu gün bacın bir yaş da böyüdü.
Humay
Nə olsun, ağlı böyümür ki... (Yavaşdan) Ha deyirəm barış, qayıt ev-eşiyinə... sözə baxmır.
Yasəmən
Bəs o, Rövşən necə?
Humay
Özünü öldürür, gözünün yaşını sel kimi axıdır. Amma mənim bacım tərsin biri tərsdir. (Nazlı gəlir. Humay tez sözünü dəyişir) Ərin necədir, a Yasəmən?
Yasəmən
Bilmirəm.
Nazlı
Necə bilmirəm?
Humay
Yoxsa, sən də ayrılmısan?
Yasəmən
Yox, niyə ayrılıram? Məsələ ondadır ki, ilin altı ayını mən ezamiyyətdə oluram, altı ayını o. Bir yerdə olmaq bizim üçün toy-bayramdır.
Humay
Həmişə toy-bayram içində olasınız. Ərinin qədrini bil, Yasəmən! Dul olub, hər gün plov yeməkdənsə, pendir-çörək ye, ərinlə bir yerdə ye!..
Nazlı
Humay, söz atma!..
Humay
Yaxşı, yaxşı, mən bir söz demədim ki... (Gedir)
Yasəmən
Nazlı, Humay neyləyir, harada işləyir?
Nazlı
Yenə köhnə yerindədir, bağça müdiridir.
Yasəmən
Ərə getməyib?
Nazlı
Yox, ay Yasəmən, yazığın baxtı açılmır ki, açılmır. Ögey bacım olduğuna baxma, onu çox istəyirəm.
Yasəmən
Bəs özün necəsən?
Nazlı
Gördüyün kimi.
Yasəmən
Gördüyüm odur ki, maşallah günü-gündən çiçək kimi açılırsan.
Nazlı
Əlbəttə, hirsləndirən yox, əsəblərimlə oynayan yox.
Yasəmən
Barışmaq istəmirsən?
Nazlı
Lap gözüm oynayır.
Yasəmən
Bu gün gəlməyəcək?
Nazlı
Hünəri var, ayağını bassın. Dolu bir evi onun üçün qoyub gəlmişəm, bəsidir...
Yasəmən
Düzünü de, heç yadına da düşmür?
Nazlı
Nə məni sorğu-suala tutmusan? Yoxsa, təzə əsərin üçün mövzu axtarırsan?
Yasəmən
Yox, səndən mənə mövzu olmaz, götürüm yazım ki, bir-birilərini çılğın məhəbbətlə sevirdilər, evləndilər, sonra kiçik bir şeyi bəhanə edib ayrıldılar... Mən belə əsər yazsam, tamaşaçılar deyər ki, uydurmadır. Həyatda bu cür olmur.
Nazlı
O cür biabırçılığa sən “kiçik bir şey” deyirsən?
Yasəmən
Şişirtmə! Nə biabırçılıq? Qısqanır, deməli, sevir...
Nazlı
Elə bu cür yazırsınız ki, yazdıqlarınıza da heç kəs inanmır da... Qısqanclığın sevgi ilə heç bir əlaqəsi yoxdur! Qısqanclıq xüsusi mülkiyyətin qalığıdır. Qısqanclıq fikrin, düşüncənin yoxsulluğudur, şüurun korluğudur. Qısqanclıq...
Yasəmən (onun sözünü kəsir)
De, de, təsbeh kimi düz bir-birinin dalına! Fəlsəfə danışmağın nə mənası? Gözəl arvadı əri qısqanar da.
Nazlı
Bir balaca qısqanmaq olar, sözüm yoxdur, məzə üçün. Yoxsa Rövşən kimi dəlilik eləmək?! Mənə bir məktub gəlmişdi, nə bilim hansı axmaq yazmışdı? Belə gözəlsən, belə qəşəngsən... İmza da qoymuşdu: “Ə”. Özündən çıxmadı? İdarədə Əhməd adlı bir oğlan var idi, düşdü onun üstünə. Xəcalətdən ayrı bir yerdə işə girdim. Orada da müdirin adı Əbdül imiş, dedi: yəqin qabaqcadan sözləşmişdiniz... Qərəz, məni addım-addım təqib eləyirdi: su içirdim, su satanla savaşırdı ki, niyə mənim arvadımın üzünə baxdın? Paltar tikdirirdim, dərzini hədələyirdi. Hətta, cansız şeylərə, şkafa, divara, otağa da məni qısqanırdı. Uf, nə canım qurtardı!
Yasəmən (pəncərədən küçəyə baxır)
Səhv eləyirsən, heç canın qurtarmayıb. Gəl, bax, gör küçədə dayanıb, gözlərini necə pəncərəyə zilləyib!
Nazlı
Hanı? (Pəncərədən baxır) Dəlidir də.
Yasəmən
Bu tərəfə keçdi, yəqin sənin yanına gəlir.
Nazlı
Nahaq zəhmət çəkməsin, bizimki qurtarıb... (Ora-bura gəzinir) Qonaqlar indi gələcək, mən heç paltarımı da dəyişməmişəm.
Yasəmən
Hələ bundan da yaxşı paltar geymək istəyirsən? Yazıq Rövşənin ağlı başından çıxar ki... (Qapı döyülür) Nə tez gəldi?
Nazlı
Yasəmən, xahiş eləyirəm, denən evdə yoxdur, qapıdanca yola sal, getsin.
Yasəmən
Romanlarda belə yazırlar: kişi yalvarır, qadın isə hələlik naz eləyir, öz dediyindən dönmək istəmir... (Qapı yenə döyülür) Gəldim!.. (Nazlı cəld o biri otağa gedir, Yasəmən qapını açır) Bağışlayın, Nazlı dedi ki, evdə yoxdur.
Səadət içəri girir.
Səadət
Tutaq ki, özü evdə yoxdur, evi ki, yerindədir.
Yasəmən
Səadət!
Səadət
Yasəmən! Bütün yazıçılara, şairlərə eşq olsun, içində də sənə!
Yasəmən
Bütün müəllimlərə eşq olsun, içində də sənə!
Səadət
Nazlıya nə olub ki, belə gündə “evdə yoxam” – deyir?
Yasəmən
Çaşıb ona “eşq olsun” deməyəsən ha!..
Səadət
Niyə?
Yasəmən
Çünki, Nazlı bu saat eşqdən qaçıb gizlənir.
Səadət
Eşqdən gizlənən qadın mən birinci dəfədir eşidirəm. Getmişdim onlara, dedilər, burada qalır. Bütün şəhəri ayaqdan salmışam. (Oturmaq istəyir)
Yasəmən
Oturma, dayan, icazə alım, sonra. (Qapını açıb, o biri otağa tərəf) Qadındır, deyim evdəsən?
Nazlı gəlir. Səadəti görüb sevincək çığırır.
Nazlı
Səadət! Bu cür qadınların yeri gözümün üstündədir.
Yasəmən
Çətin onu göz üstündə saxlamaq olar. Görmürsən nə boyda olub?
Nazlı
Doğrudan, ay Səadət, maşallah, nə yaman kökəlmisən?
Yasəmən
Bir ildir görükmürsən, haradasan, ay qız?
Səadət
Soruşmayın, elə çətin işdəyəm ki...
Nazlı
Müəllimlik nə çətin işdir?..
Səadət
Müəllim deyiləm ki. Neçə vaxtdır məni maarif şöbəsinin müdiri təyin ediblər.
Yasəmən
Ura!.. Bütün müdirlərə eşq olsun, içində də sənə! Konfransa gəlmisən?
Səadət
Yox, internat-məktəblərə paltar sifariş eləmişik, tərs alıblar. Onunçün gəlmişəm. Bir də ki, bizim rayona müəllimlər təyin eləyiblər. Onlarla tanış olmalıyam.
Yasəmən
Bura bax, Səadət, kabinetin bəzəklidirmi?!
Nazlı
Sözünə baxırlar?
Yasəmən
Katibən var, yoxsa, katibin?
Nazlı
Neçə telefonun var?
Səadət
Düşdüm sual yağışına ki... Bilirsiniz nə var?! Mən müdir olduğum üçün cavab verməyə adət eləməmişəm. Həmişə özüm soruşuram. Qulaq asın, birinci sual: Yasəmən, de görüm, ərin necədir?
Yasəmən
Bilmirəm. Evlənəndən bu günə qədər ezamiyyətdədir. Onun necə olduğunu məndən yox, rayispolkomlardan soruşun!..
Səadət
Aydındır. İkinci sual: Nazlı, de görüm, Rövşən hanı?
Yasəmən
Güclü sualdır.
Nazlı
Rövşənin yerini məndən niyə soruşursan?
Səadət
Bəs kimdən soruşum?
Nazlı
Adı “Ə” hərfilə başlanan kimə rast gəldin, kölgəsinə bax, Rövşəni görcəksən.
Səadət
Heç nə başa düşə bilmirəm.
Yasəmən
Mən bu saat səni başa salım.
Qapı döyülür.
Nazlı
Sus, dayan, yəqin odur.
Səadət
O kimdir?
Nazlı
Rövşən. Yasəmən, yadından çıxartma ki, mən evdə yoxam!
Yasəmən
Güclə içəri girmək istəsə, mən neyləyim?
Nazlı
Qoyma.
Səadət
Bu sözlər Rövşən haqqındadır? Məəttəl qalmışam.
Nazlı
Sonra səni başa salarıq. (Cəld səhnədən çıxır)
Qapı yenə döyülür.
Yasəmən
Kimdir, qapını döyən? Səbrin olsun, gəlirəm. (Qapını açır, bərkdən) Nazlı evdə yoxdur, olmayacaq.
Azad içəri girir.
Azad
Qonağı əcəb təntənə ilə qarşılayırsınız.
Yasəmən
Azad! Nazlı, Azaddır, gəl.
Nazlı (qayıdır)
Azaddır? Xoş gəlib, səfa gətirib.
Yasəmən
Ancaq xarici görkəmin yaman dəyişib, baxmaq olmur, adamın gözü qamaşır.
Nazlı
Kostyuma bax, şlyapaya!..
Yasəmən
Bığlara bax!.. Yəqin, Azad, sən böyük vəzifədəsən?
Azad
İcazə verin, özümü təqdim eləyim. Yeddi nömrəli sovxozun direktoru Azad. Yasəmən və Nazlı xanımlar! İcazə verin əlinizi sıxım. (Onlarla görüşür)
Yasəmən
Bəs Səadətlə niyə görüşmürsən?
Azad
Səadət hansıdır? Bu göyçək qız?
Nazlı
Azad, zarafat yeri deyil.
Yasəmən
Get, görüş, inciyər. Maarif müdiridir. Sən müdir, o müdir, sizinki yaxşı tutar.
Azad
Hərçənd ki, tanımıram... Xanım, icazə verin sizinlə də görüşüm.
Səadət
Mənim adım Xanım deyil, Səadətdir.
Azad
Ay sağ ol, gözəl adınız var!
Səadət
Olanı budur.
Azad
İcazə verin, əlinizi sıxım və ömrümün axırına kimi öz ovcumda həbs eləyib saxlayım.
Nazlı
Bu olmadı. Onda gərək ikiniz də ömrünüzün axırına kimi bülleten alasınız.
Yasəmən
Ya da gərək ikiniz də təqaüdə çıxasınız.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabit-rehman-eliqulu-evlenir-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səlimin gözü saata sataşan kimi dik yerindən qalxdı, açıq pəncərədən əyilib küçəyə baxdı. Bənövşəni görməyib həyəcanla otaqda gəzinməyə başladı. Saat on ikidə gedib, indi saat üçdür. Hardadır, niyə gəlmədi? Gedəndə dedi ki, yarım saata gəlirəm. Bəs nə oldu. Üç saatdan artıqdır, bəlkə bir bədbəxtlik üz verib, bəlkə maşın altında qalıb? Onun gözləri qarşısında elə dəhşətli mənzərə canlandı ki, düşüncəsini qırdı, tələsik geyinməyə başladı. O qədər tələsirdi ki, nə geyindiyini, necə geyindiyini bilmirdi. Qapıdan çıxanda gördüm ki, başı açıqdır. Qayıdıb şapkasını götürdü. Paltosunu pillələrdən düşə-düşə geydi. Küçəyə çıxanda birdən dayandı. Hansı tərəfə getsin, sağamı, solamı burulsun. Ümumiyyətlə hara gedəcəyini, Bənövşəni harda axtaracağını bilmirdi. Əvvəlcə tindəki mağazaya getdi. Mağaza adamla dolu idi. Səlim ha göz gəzdirdisə, Bənövşəni o adamların arasında görmədi. Mağazadan çıxıb yaxındakı çörək dükanına girdi. Hərçənd Bənövşə çörək almağa getməmişdi, şəkər alıb yarım saata qayıdacaqdı, ancaq bəlkə təzə çörək almaq istəyir, – deyə yaxındakı çörək dükanına girdi. Çörək dükanında adam az idi və Bənövşə də burada yox idi. Odur ki, Səlim yubanmayıb küçəyə çıxdı. Dayanıb, düşünməyə başladı. Elə bu vaxt ətrafına çoxlu adam toplanmış bir təcili yardım maşını onun nəzərini cəlb elədi. Səlimin ürəyi titrədi, qıçları əsdi, əvvəlcə ha çalışdısa, yerindən tərpənə bilmədi. Sonra bir təhər özünü ələ alıb, sürətlə dəstəyə yaxınlaşdı. Elə bu vaxt təcili yardım maşını yola düşüb getdi. Səlim titrək səslə ətrafdakı adamlardan soruşdu:– Nə olmuşdu, kim idi?
Cavanlaşmaq dərmanıAğaəmi kişi səhər gözlərini açan kimi arvadını çağırdı:– Zərintac, Zərintac!
Tükəzban xalanın məktəbiTərbiyə hekayələri silsiləsindən*Günlərin bir günündə Tükəzban xala xəstələndi və Yaşar qaldı ortada. Zakir ilə Mina başlarını itirdilər. Uşağı neyləsinlər, harda qoysunlar? Axırda qərara gəldilər ki, elə günü bu gün uşağı bağçaya aparsınlar, canları qurtarsın. Bu vaxta kimi yanlarında bağça adı çəkmək olmurdu. Nədənsə onlara elə gəlirdi ki, bağça uşağı xarab eləyir, tərbiyəsini pozur, orda onun geyiminə, yeməyinə baxan olmayacaq və ilax... Bu yeni fikirlər onları hər zaman narahat eləyirdi. İndi artıq əlac yox idi. Qocalığına baxmayaraq sap-sağlam olan Tükəzban xala birdən-birə qrip olmuşdu, bu xəstəliyin Yaşara sirayət eləməsi qorxulu idi, ona görə də uşağı tələsik bağçaya düzəltmək daha əlverişli idi. Heç olmasa bir neçə günlüyə. Bir neçə günə uşağın tərbiyəsi pozulmayacaqdı ki?..
Nişanlı qız5 pərdə, 6 şəkildə*İştirak edənlər
Стихи других поэтов
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Mürəbbe: Sevdim bir cavan on dörd yaşındaSevdim bir cavan on dörd yaşındaO tərfə çağına qurban olduğum
ZülfünGərdənində, qamətində ayıb yox,Amma nə gözəldir pərişan zülfün!
AyrılıqSinəmi yandırır yenə ayrılıq,Nələr çəkdirməmiş mənə ayrılıq.