Səkkizinci şəkil

Xalçalar döşənmiş böyük çəmənlik. Bir tərəfində çay dəsgahı, o biri tərəfdə kabab bişir. Uzaqdan gülmək, oxumaq, tar, kamança səsi gəlir. Kolxozun məhsul bayramıdır. Təzə paltar geyinmiş kolxozçular çəmənlikdə gəzişirlər. Musa və Zalxa səhnədədirlər.

Musa

Aç bu sevda kəməndini mənim boğazımdan, Zalxa!

Zalxa

Dayan görüm, tərpənmə. Mən heç bunu bağlaya bilmirəm ki, ha eləyirəm, düyün düşür. Bəs, necə eləyirlər ki, bu cür fasonlu olur?

Musa

İnsan paltarı zinətləndirir, Zalxa, paltar insanı yox. Bu sevda kəməndini taxmasam da, mən yaxşı adam ola bilərəm.

Zalxa

Az danış, dayan görüm, mən istəmirəm ki, bu cür bayramda ərim başqalarından pis geyinsin.

Musa

Sən yaxşı geyinsən, mənə bəsdir.

Zalxa

Mən yaxşı geyinməmişəm? Xoşuna gəlmir?

Musa

Bir şeyə mən təəccüb eləyirəm, Zalxa. Necə olur ki, al da geysən sənə yaraşır, şal da. (Oxuyur)

İstər aç mahi-rüxün, istər nihan et, naz ilə,
Təki günüm keçsin mənim sən dilbəri-tənnaz ilə.

Zalxa

Necə də təsbeh kimi bir-birinin dalınca düzüb danışa bilirsən? Bu sözlərin hamısının mənası var, yoxsa ağzına nə gəldi, deyirsən?

Musa

Mənimləsən?

Zalxa

Yox, mən də göylərlə söhbət eləyirəm.

Musa

Zalxa! Göydə sənin nə işin var? Yıxılarsan, düş aşağı.

Gülürlər.

Zalxa

Maşallah, lap cavan oğlan olmusan, Musa!

Musa

Bəs, saqqalımı qırxdırdığım üçün məni danlayırdın?

Zalxa

Saqqalın da pis saqqal deyildi, hayıfım gəlirdi.

Surxay səhnəyə gəlir.

Surxay

Bu nədir, yenə pıçı-pıçı! Hara gedirəmsə, bunlara rast gəlirəm, pıç-pıç, pıç-pıç...

Musa

Surxay, axı, bu ki, mənim qanuni həyat yoldaşımdır.

Surxay

Sükut! Bağla söz körüyünün ağzını. Təzə kolxozçusan, təzə bəy. Gərək bir yaxşı oynayasan.

Zalxa

Surxay, qurbanın olum, əl çək kişidən, bizi biabır eləmə.

Surxay

Yox, Zalxa xala, mən sizinçün çox əziyyət çəkmişəm, ikiniz də oynamalısınız.

Musa

Surxay!

Surxay

Çəkil gözlərimin səkisindən, oyna dedim, qurtardı. (Səhnə arxasına) Ay Şirəli dayı, zurnaçıları da götür gəl, burada bir cüt həvəskar oynayan var.

Musa

Zalxa, tez gəl, bu ara yoldan əkilək.

Zalxa

Surxayı mən tanıyıramsa, onun əlindən yaxa qurtarmaq mümkün deyil. Yaxşısı budur, oynayaq. Mən sənin oynamağını heç görməmişəm.

Musa

Mən heç oynamamışam.

Zalxa

Eybi yoxdur, öyrənərsən.

Şirəli, kolxozçular, zurnaçılar gəlirlər. Onlar səhnədə olarkən Ziynət içəri girir. Ziynətə xüsusi yer verirlər.

Şirəli

Ay Surxay, oynayanlar kimdir?

Surxay

Budur, bax, bu iki cavan növrəstə.

İbrahim kişi

Mən də dedim, sən Bakıdan, filarmoniyadan rəqs dəstəsi çağırmısan.

Təmraz

Musa oynasın. Onun oynamağını biz heç görməmişik.

Surxay

Yox, mən oynayanların siyahısını tutmuşam. Birinci Zalxa xalanın adıdır.

Musiqi çalınır. Zalxa oynayıb, Musanı dəvət eləyir, ikisi oynayır.

Şirəli

Əcəb oynadınız. Papaq altında oğlanlar varmış, amma bizim xəbərimiz yox.

İbrahim kişi

Sən də bir oxu görək, Şirəli.

Təmraz

Hə, əcəb dedin. Bir-iki zəngulə vur görək.

Şirəli

Yox-yox, boğazım qaydasında deyil, dünən soyuq su içdim.

İbrahim kişi

Təzə sədrimiz buradadır. Oxumasan, şikayət eləyəcəyik.

Şirəli

Yox, məsələni Ziynət bacıya aparıb çıxartmayın, oxuyaram. Nə oxuyum?

Təmraz

Nə idi o? Oxuyurdun... “Özü bilsin”... (Zurnaçılara) Pəsdən malalayın görək.

Musiqi çalır. Şirəli oxumağa başlayır.

Şirəli

Mən vermişəm öz könlümü yarə, özü bilsin,
Qoy eləməsin dərdimə çarə, özü bilsin.

Yüz yol dedim əğyar ilə gəzmə, yenə gəzdi,
Ölsəm demərəm, bir də dübarə, özü bilsin.

Hamı ona əl çalır, səhnə arxasından orkestr səsi gəlir.

Surxay

Odur ey... Orkestrimiz də gəldi.

Tələsik durub səhnə arxasına gedirlər. Surxay da getmək istədikdə Ziynət saxlayır.

Ziynət

Nə var, Surxay?

Surxay

Heç...

Ziynət

Düzünü de.

Surxay

Heç...

Ziynət

Bu gün kolxoz sədrinə yaxın gəlmirsən?

Surxay

Kolxoz sədrinin sözü mənimçün qanundur.

Ziynət

Bəs Ziynətin necə?

Surxay

Ziynət mənə məhəl qoymayandan sonra neyləyə bilərəm?

Ziynət

Surxay, görmürsən başım nə qədər qarışıqdır?

Surxay

Mən belə olacağını əvvəldən bilirdim. Ona görə də susuram, bir söz demirəm.

Ziynət

Yox, susmağını istəmirəm, de, ürəyində nə sözün var, de!

Surxay

Nə çıxsın? O qədər demişəm ki, söz kasam boşalıb. Sən heç bir cavab vermirsən.

Ziynət

Bəlkə mən də bir cavab hazırlamışam?

Surxay

Qəti cavab?

Ziynət

Qəti.

Surxay

Onda bu saat ürəyimi süfrə kimi sənin qabağında açaram...

Şeyda içəri girir.

Şeyda

Salaməleyküm...

Surxay

Qoymazlar ki...

Şeyda

Bizim uşaqların anasını görməmisiniz?

Ziynət (gülür)

Uşaqların anasını?

Şeyda

Gələcək uşaqların anasını demək istəyirəm.

Ziynət

Mən görməmişəm.

Surxay

Mən görmüşəm, bax, indicə belə getdi. (Sağ tərəfi göstərir)

Şeyda

Bağışlayın... Təcili ailə söhbətimiz var, gedim tapım... (Çıxır)

Surxay

Ziynət, bayaqdan gülürdün, oynayırdın, ancaq ürəyimin lap dərinliklərində bir dərd vardı, məni rahat qoymurdu.

Ziynət

Nə dərd?

Surxay

Sevgi dərdi... Bir ətrafına bax, hamı sevişir, hamı toy eləyir... (Kamilə içəri girir) Xeyr a... Qoymazlar ki...

Kamilə

Ziynət can, mən bayaqdan səni axtarırdım.

Ziynət

Məni axtarırdın, ya Şeydanı?

Kamilə

Bilmirəm o da hara getdi?

Surxay

Şeyda elə bu saat, bax, belə getdi... (Sol tərəfi göstərir)

Kamilə

Bu tərəfə getdi? Mən onu tapıb, bu saat qayıdım. (Çıxır)

Surxay

Hə, onu deyirdim ki, hamı sevişir, hamı toy eləyir...

Kolxozçular içəri girirlər.

İbrahim kişi

Ziynət bacı, qonaqlar gəlib... (Səhnə arxasına) Ay Şirəli, bura gəlin, kolxoz sədri burdadır...

Surxay

Qoymadılar iki kəlmə söz danışım... Bəxtim yoxdur ki...

Şirəli qonaqlarla gəlir.

Ziynət

Xoş gəlmisiniz... Ay uşaq, oradan stul verin.

Təmraz

Stulu neyləyirlər? Burada, göy çəmənin üstündə oturarlar.

Hamı oturur. Zalxa və Musa içəri girirlər.

Zalxa

Gəl, ay Musa, qorxma, daha oynatmazlar. Biz öz toy payımızı oynamışıq.

İbrahim kişi (qonaqlara)

Bayaq soruşduğunuz məşhur dəmirçi Musa budur. Tanış olun...

Təmraz

Musa dayı, qonaqlar səninlə maraqlanırlar. Deyəsən, sənsiz körpünü başa çatdırmaq mümkün olmayacaq.

Musa

Məndən asılı iş varsa, deyin, canını alım. Salaməleyküm... Tanış olun, bu da mənim həyat yoldaşımdır.

Zalxanı onlarla tanış eləyir, hamı oturur.

Şirəli

Yoldaş kolxoz sədri, belə olmaz ha... Tez-tez bizi tək qoyub qaçırsan...

Surxay

Əşi, bizim burada kolxoz sədri ilə mübahisəmiz düşüb. Mən ona çox gözəl, təsərrüfatı genişlədən təkliflər eləyirəm. O razı olmur. İndi yoldaş kolxoz sədri, bax, bu camaatın qabağında de, mən neçə vaxtdır, sənə elədiyim təklifə razısan, ya yox?

Ziynət

Sən ki, deyirsən o təklif bizim təsərrüfatımızın genişlənməyinə kömək eləyər, yaxşı, razıyam...

Surxay

Dirildim. Bu sözdən sonra mən dirildim. Usta, çal!

Şirəli

Kim oynayacaq?

Surxay

Mən, Kərəmov.

Hamı gülür. Surxay oynayır, sonra Ziynəti qaldırır, o da oynayır. Bu halda bir neçə kolxozçu içəri girir.

Səslər

Mehralı dayı gəldi, Mehralı dayı gəldi.

Mehralı içəri girir.

Ziynət

Haçan gəlmisən, Mehralı dayı?

Mehralı

İndicə, hələ atımın təri soyumayıb.

İbrahim kişi

Lap vaxtında gəlmisən.

Zalxa

Danış görək, neylədin?

Mehralı

Balam, sizə bir şad xəbər verəcəyəm ki, lap ləzzət eləyəcək... Bu dələduzları, Mirzə Hüseyn ilə Salmanovu tapdılar, axı.

Ziynət

Tapdılar?

Surxay

Danış görək, necə tapdılar?

Mehralı

Necə tapdıqlarını danışmaq uzundur. O, süfrə başında olunası söhbətdir. Müxtəsər, bankdan bizim çeklərlə pul alanda hərifləri qamarlayıblar. Bu belə. Sonra da şəhər bankının direktorunun kabinetinə getdim. Salam verib oturdum... Bir xoşəhval oğlandır.

Surxay

Mehralı dayı, ucundan tutub ucuzluğa getmə.

Mehralı

Qərəz ki, tapşırdım, bizim sçotdan bir qəpik də olsun Kərəmovun qolu ilə pul buraxılmasın. Sözlərimi o saat başa düşdü, zəngi basdı, içəri gözəşirin bir qız gəldi. Direktor bu qızı başa saldı, qız da mənə baxıb gülümsədi. Dedim, elə o mənə bəsdir, durub düzəldim yola...

Ziynət

Mehralı dayı, bəs, mənim qolumu təsdiq elədilər?

Mehralı

Göydə... Direktorun yanından keçdim buxalterxanaya, bir arvad var idi ki, sən öl, Şirəli, bax, o ağac yoğunluğunda. Baxan kimi dedi, mojna. Mojnanı alan kimi Mehralı sıçradı atın belinə.

İbrahim kişi

Mehralı! Bəs Kərəmovdan bir xəbər bilmədin?

Mehralı

Necə bəyəm, Kərəmov gəlib çıxmayıb? O məndən qabaq yola düşdü.

Ziynət

Onun işi nə oldu? Bizdən şikayətə getmişdi.

Mehralı

Təkrar bu kolxoza göndərirlər, sıravi kolxozçu kimi... Qoy işləyib, özünü düzəltsin...

Təmraz

Susun... Sakit olun... Kərəmov gəlir.

Kərəmov içəri girir. Adi paltar geyinmişdir.

Kərəmov (bir qədər sükutdan sonra)

Ziynət! Sən bir kolxoz sədri kimi katibinə əmr elə, protokol yazsın. Eybi yoxdur, mən bu gündən başlayıram sizin səhvlərinizi öz boynuma almağa.

Ziynət

Bizim səhvlərimizi yox, öz səhvlərini... Protokol da bağlamaq lazım deyil.

Kərəmov

Mübahisə eləmə, protokolsuz kolxoz sədri olmaz. Məndən sənə vəsiyyət, camaatla yaxşı dolan, çığır-bağır salma. İşlə... Amma işlərin hamısını protokoldan keçirt... Bağışlayın məni, camaat. Mən elə bu dəqiqədən işə gedirəm.

Zalxa

Kərəmov, otur görək. Bu gün məhsul bayramıdır, işə sabah başlayarsan...

Kərəmov

Xeyr, mən bu dəqiqədən başlayıram. Görün başınıza nə oyun gətirəcəyəm! Salmanov! (Gülüş) Of, bağışlayın. Neçə ilin adətidir. O cür xəyanətkar adamları başıma yığmışdım, ona görə bu günə düşdüm. (Sağ tərəfdən getmək istəyəndə, qabağına Şeyda çıxır) Aha... Məqaləni yazan bu idi. (Gülüş) Bağışlayın. Yenə yadımdan çıxdı. Şeyda, oğlum, mənim ayılmağıma səbəb sənin məqalən oldu. (Geri qayıdıb soldan çıxmaq istədikdə, qabağına Kamilə çıxır)

Kamilə

Əmi...

Kərəmov

Min kərə demişəm ki, idarədə mənə əmi demə... Yox, qızım, sən də məni bağışla, hanı o, hə... Şeyda, bura gəl. Təbrik eləyirəm. Mən razıyam.

Şeyda

Nə olubdur ki?

Kərəmov

Mübahisə lazım deyil. Sizin evlənməyinizə mən Kərəmov icazə verirəm. Qurtardı.

Surxay

Kərəmov ömründə bir yaxşı iş gördü, o da budur. Camaat, Musa dayının toyu qarışdı hamımızın toyuna.

Kərəmov

Elə mənə də toy elədiniz. Yaxşısı budur çalın, özüm öz toyumda oynayım.

Çalırlar. Kərəmov oynayır.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов