Страница 1 из 3

Altıncı şəkil

Yeni tikilmiş evin qabağındakı meydan. Bu evin birinci mərtəbəsindən şkaflar daşınır. Uzaqdan alqış, musiqi səsi gəlir. Evin qurtarması münasibətilə tikinti işçiləri arasında çağırılmış mitinq artıq qurtarmışdır. Camaat yavaş-yavaş dağılır, Mirzə Salman səhnəyə gəlir, şkafların daşınmasına baxır. Bənövşə ilə Yusif gəlirlər.

Yusif

Demək, sabahdan bütün qüvvəmizi təzə obyektə verməliyik?

Bənövşə

Elədir. (Mirzə Salmana) Komissiya aktı imzaladı. Tez köçün, orderləri verməyə başlayıblar.

Mirzə Salman

Dərziyə köç dedilər, iynəsini sancdı yaxasına.

Yusif

Mindillinin dalınca yenə adam göndərilib?

Mirzə Salman

Deyir, bərk xəstədir.

Yusif

Dünən futbolda imiş.

Bənövşə

Ona yalandan bülleten verən doktoru məsuliyyətə almaq lazımdır.

Yusif

Bir, o Qasıma bax ha... Bu gün yenə gəlmişdi mənim üstümə, tərcümeyi-hal istəyirdi. Əl çəkmir, aləmi vurub bir-birinə.

Bənövşə

Təqsir o idarə rəhbərlərində, o məhkəmə sədrlərindədir ki, avara, fırıldaqçı bir adamın böhtan ərizələrinə aylarla vaxt sərf eləyirlər.

Mirzə Salman

Bircə balansa qol çəkilsəydi... Bu Camal da...

Yusif (onun sözünü kəsir)

Camaldan xəbər yoxdur ki, Bənövşə? Hara getdi, nə oldu, bilmədiniz?

Bənövşə

Yox, öyrənə bilmədim. Neçə vaxtdır gedib, məsuliyyət hiss eləmir ki... (Çıxır)

Yusif

Yəqin, çox nigarandır. Nə bizim sözümüzə baxdı, nə də nişanlısının. Bilmirəm doktora nə dedisə, o da bizdən üz döndərib getdi.

Mirzə Salman

Doğrudan, Yusif, doktora nə oldu? Neçə vaxtdır, gözümə dəymir.

Yusif

Bakıya, qızını gətirməyə getdiyini eşitdim. Başa düşmürəm, niyə gəlib çıxmır?

Zərifə qoltuğu dolu kitab səhnəyə gəlir.

Zərifə (oxuya-oxuya)

Akademik Pavlovun nəzəriyyəsinə görə bədəndəki prosesləri və mübadiləni nizama salan mərkəz, – beyindir... Kəllənin əsas hissəsində beyin yerləşir. Beyin iki hissədən ibarətdir: böyük beyin, balaca beyin. (Kitabdan ayrılaraq) Of, xalq bu qədər sözü başına necə doldurur, bilmirəm? Bütün günü kitabdan gözümü götürmürəm, ancaq heç nə beynimdə qalmır. Səhifənin ayağını oxuyuram, başı yadımdan çıxır.

Yusif

Nə üçün sizdə birdən-birə bu qədər həvəs əmələ gəlib?

Mirzə Salman

İmtahana hazırlaşır. Təzədən həkimlik eşqinə düşüb.

Zərifə

Ata, o sözü bir də mənə demə. “Həkimlik eşqinə düşüb...” Bu səfər ölsəm də gərək Tibb İnstitutunu qurtaram. İmtahanı su kimi verəcəyəm. Qəmər mənimlə hər gün məşğul olur.

Yusif

Qəmər xanımla harada məşğul olursunuz?

Zərifə

Bizim evdə. O qədər xətrimi istəyir ki, Bakıdan qayıdanda düz bizə gəldi. Doğru demirəm, ata?!

Mirzə Salman

Mənim qızım xəbər yaymaqda radionu da ötür.

Zərifə

Radio nədir? Mənim fikrimi qarışdırma, ata! Dərsimi öyrənirəm, Qəmər soruşacaq.

Yusif

Doktor bu saat sizdədir?

Zərifə

Onu deməzlər. (Kitabı oxuya-oxuya gedir) Kəllənin içində beyin yerləşir... Beyin iki hissədən ibarətdir... (Çıxır)

Mirzə Salman

Yoldaş baş mühəndis, doktor sənə çox lazımdır?

Yusif

Deyəsən, xəstələnmişəm, Mirzə, məsləhətləşmək istəyirəm.

Mirzə Salman

O cür xəstəlikləri mən yaxşı bilirəm. Qorxuludur! Təcili müalicə eləmək lazımdır.

Yusif

Sizin sözlərinizin gizli mənası var, Mirzə! Mənimlə açıq danışın. Söz altında söz deməyi sevmirəm.

Mirzə Salman

Bəs körpü altında dəyirman tikməyi, yarpaq altında quş tutmağı necə, sevirsən?

Yusif

Heç bir şey başa düşmürəm.

Mirzə Salman

Bir az yaxın gəl ki, eşidən olmasın. Doktorun ürəyinə odu vurub, çəkilib durmusan bir tərəfdə. O yazıq da səsini çıxarda bilmir, tüstülənə-tüstülənə qalıb.

Yusif

Yanılırsınız, Mirzə! Əgər elə olsaydı, Qəmər məndən qaçmazdı.

Mirzə Salman

Onu da bil ki, kölgə insanı təqib eləyən kimi qısqanclıq da məhəbbəti təqib eləyir. Qısqanclıq da kölgə kimi qaradır.

Yusif

Qısqanclıq? Nə üçün? Ortada ki, heç bir səbəb olmayıb.

Mirzə Salman

Məhəbbət bəzən o qədər güclü olur ki, adamı elə çaşdırır ki, heç bir səbəb olmadan da qısqanmağa başlayır. Eh... Onu mən yaxşı bilirəm. Eşq əhlinin halını məndən al xəbər. Mən özüm o yolun mərdanəsiyəm. İndi başa düşdün, yarpaq altında quş tutmaq nə deməkdir?

Yusif

Siz mənim ən müqəddəs, ən gizli sirrimi açıb kitab kimi oxudunuz, Mirzə!

Mirzə Salman

Özünü möhkəm saxla, hələ sənə bir xəbər də verəcəyəm.

Yusif

Nə xəbər?

Mirzə Salman

Doktor xəstəxanadan çıxıb order almağa gedəcək. Ona da sənin bu tikdiyin evdə mənzil verirlər. Ordan da bura gələcək.

Yusif (həyəcanla)

Nə vaxt?

Mirzə Salman

Daha saatını, dəqiqəsini deyə bilmirəm. Huşyar ol. Səni qəflət yuxusundan bir dəfə ayıltdım, bəsdir.

Yusif (özünü itirir)

İndi yəqin oradadır... Mən gedim. Deyirsən, bura gələcək? Sonra çıxmış olar, burada gözləsəm yaxşıdır. (Gedir, tez qayıdır) Mirzə, mən buralarda olacağam, heç yerə getməyəcəyəm. (Çıxır)

Mirzə Salman (gülür)

Eh... Gərək mən cavan olaydım.

Mindilli içəri girir.

Mirzə Salman

Gəldin?

Mindilli

Özüm gəlmədim, gətirdilər.

Mirzə Salman

Yaxşı da elədilər. Haradasan?

Mindilli

Xəstəyəm.

Mirzə Salman

Necə xəstəsən ki, küçələri veyil-veyil gəzirsən, futbola gedirsən, pivəxanaya gedirsən, amma idarəyə gələ bilmirsən? Bir aydır işdən çıxmısan, niyə təhvil verməmisən?

Mindilli

Yoldaş, cibimdə bülletenim var. Of, ürəyim sancdı, doktor tapşırıb ki, əsəbiləşmə.

Mirzə Salman

Düz deyir, əsəbiləşmə. Sakit təhvil ver, sonra get nə qədər istəyirsən yat.

Mindilli

Neyləyim? Yatım? Bir onu görməyəcəksiniz. Mənim hələ məhkəmədə danışmalı çox sözüm olacaq.

Mirzə Salman

Mən deyirəm get evdə yat, çarpayının üstündə.

Mindilli

Hə, o ayrı məsələ. Çarpayıda uzanmağa etiraz eləmirəm. Bəs mənim şkafım haradadır? Aləm qarışıb bir-birinə.

Mirzə Salman

Mənim kağızlarımla işin olmasın.

Mirzə Salman öz kağızlarını götürüb gedir. Mindilli cəld hərəkətlə şkafları axtarır. Zərifə gəlir.

Zərifə (əlində kitab)

Kəllənin içində beyin var... Aha, vətəndaş, orada, mənim atamın kağız-kuğuzlarını niyə iyləyirsiniz?

Mindilli

Sənin iyini bu kağızlardan alıram, Zərifə!

Zərifə

O nə idi cibinə qoydun?

Mindilli

Zərifə, nə gir-gir girləmisən məni? Niyə mənim başıma fırlanırsan? Aramızda daha məhəbbət yoxdur?

Zərifə

Məhəbbət yoxdur, nifrət var. Nifrət olanda gərək düşməni gözdən qoymayasan. Sənin pencəyin niyə belə birtəhər durur? (Əli ilə yoxlamaq istəyir)

Mindilli

Əlini vurma, qıdığım tutur.

Zərifə

Əşi, bu kitablar da yalan yazır. Bütün kəllələrdə beyin olmur ki. Boş kəllələr o qədərdir?!

Mindilli

Bəs vaxtilə sən mənə ayrı sözlər deyirdin.

Zərifə

Onda mən bilmirdim ki, sən dörd evi viran qoymusan, dörd dəfə evlənib, dörd dəfə də boşanmısan, səkkiz dəfə də ZAQS-a getmisən.

Mindilli

Böhtandır. Məni sən əsəbiləşdirmə, bülletenim var. Böhtandır.

Qasım içəri girir.

Zərifə

Budur, bax, əziz dostun da təsdiq eləyər, düz demirəm, Qasım?

Qasım

Siz nə desəniz düz deyirsiniz, gözəl deyirsiniz. Ancaq bilmirəm neyləyirsiniz ki, səsiniz bu qədər məlahətli, duzlu-məzəli çıxır?

Zərifə

Prokurorun səsi mənimkindən də məlahətli, duzlu, məzəlidir. Bu gün telefonoqram verib, səni axtarır. (Çıxır)

Qasım

Axır zamanlar hamı bizi prokurorla qorxudur.

Mindilli

Mənim arvadlarımın siyahısını ona sən vermisən?

Qasım

Bu saat arvad məsələsi ilə məşğul olmaq zamanı deyil. Neçə vaxtdır haradasan? Heç mənim halımı soruşmursan. Otuz yeddi yerə ərizə vermişəm. Üç dəfə məhkəmənin qərarını ləğv elətdirmişəm. İşə iki dəfə ali məhkəmədə baxıblar. Yenə də əl çəkən deyiləm. Məni bu idarədən çıxaran hələ anadan olmayıb.

Mindilli

Anadan olub, Qasım, olub, bu saat divarda əmrini oxudum!

Qasım

Bu gün?

Mindilli

Elə indicə.

Qasım

Onda, yəqin, ali məhkəmə bu səfər daha rədd eləyib. Eybi yoxdur. Ərizə verməyə idarə çox... Bura min dənə komissiya tökəcəyəm.

Mindilli

Yenə komissiya? Əşi, xata çıxartma, dayan!

Qasım

Üz vurma.

Qasımla Mindilli gedirlər. Bənövşə və Ceyran xala içəri girirlər.

Bənövşə

Səndən nə əcəb, anacan! Yəqin evə tamaşa eləməyə gəlmisən?

Ceyran xala

Görürəm, çox gözəl tikmisiniz. Ancaq...

Bənövşə

Səndə söz var, anacan!

Ceyran xala

Heç...

Sükut olur.

Bənövşə

Nə var, niyə belə incimiş danışırsan?

Ceyran xala

Mən evdə rahat otura bilmirəm. Camal hara gedib, nə olub?

Bənövşə

Hara getdiyini mən də bilmirəm. Bəlkə Bakıya gedib, məndən şikayətə!..

Ceyran xala

Sən ona neyləmisən ki, şikayət eləyir?

Bənövşə

İşdən çıxarmışam.

Ceyran xala

Qız öz nişanlısını işdən çıxardar?

Bənövşə

Bəs necə eləyəydim? Nişanlımdır deyə, bütün nöqsanlarına göz yumaydım?

Ceyran xala

Bənövşə, bəlkə ayrı fikrə düşmüsən?

Bənövşə

Sən də məni başa düşmürsən, ana? Mənim istədiyim nədir? İşdə də, ailədə də, saf olmaq, təmiz olmaq... Amma o, işi də, ailəni də öz şəxsiyyətinə qurban eləmək istəyirdi. Ətrafına topladığı çirkin adamlardan şübhələnməkdənsə, məndən şübhələnməyə, hətta qısqanmağa başladı. Nahaqdan qısqanmaq qadın üçün ən böyük təhqirdir. Sən isə dərdimə yanmaqdan, məzəmmət eləyirsən... (Ağlamsınır)

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов