Dördüncü pərdə
Səhnə bağçada bir qəməriyyəni təsvir edir. Qəməriyyənin yanında ağ mərmərdən
fəvvarəli hovuz. Hovuzun ətrafında iri qovaq və çinar, yasəmən, limon və portağal
ağacları. Qəməriyyənin içi zərif ipək xalılarla döşənmiş. MirzəMöhsün,
SərdarZamanxan, MirzəYəhya, İskəndərbəy,
Mollabaşı daxil olur.
Mirzə Möhsün. Xalqa elan etdiyimiz bu əmrlər haqqında fikriniz nədir? Yusif şahın əmrlərini xalq çox böyük sevinc ilə qarşılayır. Bir-birini təbrik edir. “Yaşasın Yusif şah!” səsi ərşə dayanır.
Mirzə Yəhya. Xalq bu əmrləri nifrətlə qarşılar zənn edirdik. İndi bu məsələ məni də qorxudur. Deyəsən, bu adam doğrudan da padşah olub qalacaq.
İskəndərbəy. Ola bilər, çünki tarix belə hadisələrlə doludur.
Sərdar Zamanxan. Hələ bu həyəcan ordu içərisinə girsə, biz ulduzları deyil, ulduzlar bizi aldatmış olacaq.
Mollabaşı. Allah-taala Şah Abbasın taxt-tacını heç bir zaman
Yusif Sərrac kimi quldurlara vagüzar etməz! İnşaallah yaxın zamanda bəlayi-asimaniyə düçar olub cəhənnəmə vasil olar.
Səlma ilə Qəhrəman gəlir. Səlma əl ilə vəzirləri göstərib yavaşca.
Səlma. Dayan!
Ağac altında onları dinləyirlər.
Mirzə Möhsün. Bu təşviş bütün İranı bürüyəcək. Hər halda iş böyüməmiş bunun qarşısını almaq üçün tədbirlər görmək lazımdır! Onun dostları xalq içində yaman çalışır, xüsusən Budaq...
Sərdar Zamanxan. Şah dostlarını hələlik məşvərətçi sifətilə öz yanında saxlayır. Şübhəsiz, bir gün onları bizim yerimizə təyin edəcək.
Mirzə Yəhya. Məlumdur, onun məqsədi mülkədarlara və zadəgana qarşı yeni bir üsuli-idarə yaratmaqdır.
İskəndərbəy. Bu bəllidir. Görmürsünüzmü, Xosrovu sarayda bizə gözətçi qoyubdur; bütün ixtiyar onun əlindədir.
Mirzə Möhsün. Aldığı məlumata görə, son zamanlar Xosrovla Yusif şah arasında ziddiyyətlər əmələ gəlib. Yusifə qarşı onda kin və nifrət hissi oyanmış.
Mirzə Yəhya. Bu çox uğurlu bir faldır. Ondan istifadə etmək lazımdır.
Sərdar Zamanxan. O halda Yusif şah ilə Xosrov arasındakı ixtilafı dərinləşdirmək gərək.
İskəndərbəy. Hər şey qəzavü qədərə bağlıdır. Bizim çalışmağımız artıqdır.
Sərdar Zamanxan. Sən də nə tutmusan qəza-qədərin quyruğundan? Səndən hərəkət, məndən bərəkət demişlər.
Mirzə Möhsün. Hər halda bizim çalışmağımız lazımdır. Yusifin tərəfdarları gündən-günə artır.
Sərdar Zamanxan. Ordu içərisində də tərəfdarları olduğunu bilirəm.
İskəndərbəy. Darıxmayın, bu günlərdə qoca münəccim
Cəmaləddin ulduzların təsirini açıb göstərəcək, qəza-qədər öz işini işləyəcək.
Mirzə Yəhya. Yox, yox, onu gözləmək olmaz. Yağmadı yağış, bitmədi qamış... Bir də, dəmiri isti-isti döyərlər. İndidən mənim bir tədbirim var.
Mirzə Möhsün. Nədir?
Mirzə Yəhya. Şəhərə qıtlıq salmaq və bu vasitə ilə xalq arasında narazılıq törətmək!
Sərdar Zamanxan. Bu, gözəl fikirdir.
Gedirlər. Səlma və Qəhrəman çıxır.
Səlma. Ah, xainlər. Yusif şahı taxtdan salmaq istəyirlər. Yox, onu bacarmayacaqsınız. Deyəsən, gələn var.
Səlma və Qəhrəman bir tərəfə çəkilir, Yusifşah ilə Tubu gəlirlər.
Onlara çatmamış bu skamyada otururlar.
Tubu (o tərəf-bu tərəfə heyrətlə baxaraq). A kişi, bu nə aləmdir, bu işlər mənə yuxu kimi gəlir. Sərrac arvadı, padşah, saray...
Yusifşah. Arvad, sən bir dayan, bu İranı bir İran eləyim ki, bütün dünya tamaşaya gəlsin.
Tubu. O gün olsun, a kişi, sən bu dəsgahı, bu büsatı əldən buraxma, bərk tut. Bay-bay! Bunlar gör necə yaşayırmış! (Heyrətlə bir özünə baxır, bir də Yusifə) Sərrac arvadı, indi şah arvadı, hələ bir üstbaşıma bax. (Yusifə) Sən də bir özünə bax, heç o Yusif Sərraca bənzəmirsən.
Yusifşah. İndi sən şah arvadısan, az iş deyil.
Tubu. Bu xoşbəxtlik bizə hardan?
Yusifşah. Keçmiş padşahın axmaq başından.
Tubu. Yusif, amma ev zəhmətlərindən canım nə qurtardı! İndi qabağımda on-on beş qulluqçu işləyir...
Yusifşah. Arvad, saray səni azdırmasın, sən hər şeydən əvvəl
Yusif Sərracın arvadısan!
Tubu (əsəbi). Yoxsa şahlığı atıb yenə sərraclığa getmək istəyirsən?
Yusifşah. Bu sarayın palçığı xalqın qanı ilə yoğrulmuşdur.
Səlma. Salam, padşahım.
Yusifşah. Salam, bir sözünüzmü var?
Səlma. Elədir, mən sizin yanınıza bir xahiş üçün gəlmişəm.
Yusifşah. Buyurun, mən sizə qulaq asmağa hazıram.
Səlma. Mən Şah Abbasın hərəmlərindən Səlmayam.
Yusifşah. Elə isə bəs sizi indiyə qədər niyə azad etməmişlər? Hərəmlərin ki, talağı verilmişdir.
Səlma. Elədir, ancaq şahın tapşırığına görə məni sarayda saxlamışlar. Vəzirlər, o şeytan Mollabaşı mənim hər addımımı güdür, mənə göz verib işıq vermir.
Yusifşah. Bu gündən siz azadsınız, istədiyiniz yerə gedə bilərsiniz.
Səlma. Təşəkkür edirəm, şah, bu azadlıq mənim üçün çox qiymətlidir. O halda ikinci xahişim də vardır.
Yusifşah. Deyin!
Səlma. Məni bağışlayın, şah, sizə bir ata kimi istəyimi açmağa məcburam. Mənimlə bir kənddən olan Qəhrəman da saraydadır. Onu da azad etsəydiniz.
Yusifşah. Tanıyıram, o çox igid oğlandır. Çağır gəlsin.
Səlma ağac altında dayanmış Qəhrəmanı çağırır. YusifSərrac
bir an fikrə gedir, Qəhrəman gəlib təzim edir.
Qəhrəman. Gün aydın, padşahım!
Yusifşah. Gün aydın. Hansı kənddənsiniz?
Qəhrəman. Sərabdan...
Yusifşah. Buraya necə düşdünüz?
Qəhrəman. Şah Abbas şikarə çıxmışdı. Kəndimizin yanından keçərkən məni gördü. “Bu, saraya layiqdir”, – deyə məni öz elimdən, yurdumdan, hər şeydən ayırdı. Bir də ki, mən onsuz da Səlmanın dalınca gəlməli idim.
Yusifşah. Səlma nəyindir?
Qəhrəman (utana-utana). O mənim ilk məhəbbətimdir.
Yusifşah. Demək, zalım şah sizi öz sevginizdən də ayırmış. Yaxşı, siz sarayda qalıb mənə xidmət etmək istəmirsiniz?
Qəhrəman. Can ilə, baş ilə xidmət edərik, padşahım. Son günlər, sizi tanımağa başladıqdan sonra, mən özüm də bu fikrə gəlmişdim.
Yusifşah (Qəhrəmana). Səni fərraşbaşı təyin etdim. Sədaqət göstərsən, vəzifəni artıraram.
Qəhrəman. Sağ olun, padşahım, razıyam.
Səlma. Padşahım, bəs mən?
Yusifşah (gülə-gülə). Sən də sarayın azad quşu.
Hər ikisi məmnun baş əyib getmək istərkən
Tubu. Qızım, səndən xoşum gəldi. Darıxma, ürəyin istədiyi zaman yanıma söhbətə gəl.
Səlma. Təşəkkür edirəm, xanım.
Baş əyib gedirlər. Yusifşah və Tubu danışa-danışa səhnədən çıxırlar.
Xosrov və MirzəMöhsün danışa-danışa qəməriyyəyə gəlirlər.
Mirzə Möhsün. Vəzirlərin sizə böyük hörməti var.
Xosrov. Bu hörmət nədən irəli gəlir?
Mirzə Möhsün. Sizin şahlara layiq ağlınız və siyasətiniz var.
Xosrov. Nədən bilirsiniz?
Mirzə Möhsün. Biz insan sərrafıyıq!.. Bir dəfə görməklə hər kəsin qabiliyyətini təyin edirik.
Xosrov. Nə demək istəyirsiniz? Açıq söyləyin!
Mirzə Möhsün. Heç bir şey... Ancaq sizi əvvəldən tanımış olsaydım...
Xosrov (istehza ilə). Yusifin yerinə məni şah seçərdiniz... Eləmi?
Mirzə Möhsün. Bəlkə də... Xosrov, sən İran dövlətini yaxşı tanıyırsan. Kim fürsətdən istifadə etməyi bacardı, öz iradə və qüvvətinə inandı, ona hər şey mümkündür. Yusif şah bəxtiyar oldu. Bu günsabah Səlmanı da ələ keçirər. Daha nə istəyir?
Xosrov. Yox, Yusif Səlmaya toxunmaz!..
Mirzə Möhsün. Nə? Nə? Onun arxasınca dolaşdığını gözümlə görmüşəm.
Xosrov. Ola bilməz!
Mirzə Möhsün. Siz inanmayın! Ancaq bu bir həqiqətdir.
Səlma elə bir afətdir ki, ilanı da yuvasından çıxarar. Məni bağışlayın, mühüm işim var.
Baş əyib gedir. Xosrov tək.
Xosrov. Demək, Yusif də Səlmaya vurulmuş... Taxt-tac vurğunu olan Səlma Yusifi qoyub mənə könül verməz. Buna bir çarə düşünmək lazımdır. Vəzirlərin mənə tərəf olması başımda yeni fikirlər oyadır... Xosrov, tale sənə qollarını açmış, fürsət səni çağırır. Sən miskinlər kimi sərracların quyruğunda sürünmə! (Düşünür) Artıq bütün iradə və cəsarətimlə silahlandım. Hazır ol, sərrac! Ağzına fəlakət yüyəni vurmaq, arxasına ölüm yəhəri qoymaq üçün hər bir təşəbbüsə iqdam edəcəyəm.
Yusifşah gəlir. Xosrov onu görüncə hörmətlə yanaşır.
Yusifşah. Nə xəbər, Xosrov?
Xosrov. Dostlarımızın gətirdiyi xəbərlər bir-birindən sevindiricidir. Verilən əmrlərdən xalq çox məmnundur.
Yusifşah. Şübhəsiz... Belə də olmalı idi. Çalışmaq hər çətinliyi asanlaşdırar. Budaqdan, Rəhmandan nə xəbər?
Xosrov. Bu xüsusda biz kiçik bir məclis qurduq. Arxayın ol, hər şey öz yerindədir.
Yusifşah. Ayıq ol, daxildə və xaricdə vəzirlərin gördükləri işlərdən tez-tez xəbər tut!
Xosrov. O xüsusda əmin ol!
Yusifşah. Mənim əmrlərim həyata keçməyir, ona görə də əmin ola bilmirəm. Düşüncəsiz, kamalsız, mövhumatpərəst olan bu vəzirlərin yerinə bu vaxta qədər namizəd verə bilmədiniz. Halbuki bunlar sənin vəzifəndir. Sən günü günə calayırsan.
Xosrov. Doğru deyirsən. Bir həftəyə qədər hər iş öz təbii yoluna düşər.
Yusifşah. Budaq ilə Rəhman məni xalq ilə görüşdürməyə söz vermişdi. Gəlsələr, mənə xəbər ver.
Xosrov. Eşitdiyimə görə, çox məşğulsunuz?
Yusifşah. Fəlsəfə və iqtisadiyyata dair əsər yazıram. Xalqın başını mövhumatdan təmizləmək lazımdır.
Xosrov. Yaz, yaz! Sən İrana böyük nemətsən.
Yusif şah ilə danışa-danışa gedirlər. MirzəMöhsün, Səfərəlixan və
HacıQuluxan gəlir.
Mirzə Möhsün (hər ikisinə). Nə etdiniz?
Səfərəlixan. Çox iş gördük. Bənd-bərəni bağlayıb, hər yerdə adamlar qoydum ki, kəndlərdən şəhərə ərzaq buraxmasınlar, hökumətə lazımdır deyə başını bağlayıb anbarlara vursunlar.
Mirzə Möhsün. Bu işlərə xalq necə baxır?
Səfərəlixan. Çox pis.
Mirzə Möhsün. Afərin! Hələlik ipi əlində bərk tut!
Səfərəlixan. Arxayın ol!
Mirzə Möhsün. Hacı Qulu xan, sən nə elədin?
Xacə onları qəməriyyə arxasından pusur.
Hacı Quluxan. Mən də şəhərdəki ərzağı elə bir məharətlə yığdım ki, çörəkçilər bu gün bişirməyə un tapmayır.
Mirzə Möhsün. Çox yaxşı, afərin... Bu vəzifələri yerinə yetirdiyiniz üçün təşəkkür edirəm.
Səfərəlixan. Bu işlər bizim üçün çətin deyil, hər zaman gördüyümüz işlərdir.
Mirzə Möhsün. Xoş, mürəxxəssiniz, işinizdə ayıq olun!
Hərikisi. Xudahafiz!
Səhnədən çıxırılar. Xacə, əli arxasında, gəzir, MirzəMöhsün onu görür.
Mirzə Möhsün. Xacə...
Xacə (tez dönərək). Bəli, qurban.
Mirzə Möhsün. Nə var, nə yox?
Xacə. Sağlıq, elə bir şey yoxdur.
Mirzə Möhsün. Heç bir şey eşitməmisən?
Xacə. Heç bir şey!
Mirzə Möhsün. Necə heç bir şey... Yoxsa sən də dəyişdin?
Xacə (diqqətlə öz-özünə baxır, əllərini qaldırır). Mən ki dəyişməmişəm.
Mirzə Möhsün. Zahirin dəyişməmiş, fəqət qəlbin...
Xacə (əlini qəlbinin üzərinə qoyur). Qəlbim də dəyişməyib, həmən ətdir, həmən qan.
Mirzə Möhsün (acıqlı). Çox danışma, sən hər sözü bizə xəbər verməlisən.
Xacə. O mənim vəzifəmdir.
Mirzə Möhsün. Vəzifəni gözəl öyrən!
Gedir.
Xacə. Buna bax, məni qorxudur. Yusif şah sizi elə minməyib ki, bir də düşsün.
Xosrov, Budaq və Rəhman gəlir.
Budaq. Xosrov, Yusif şahı tacirlərlə görüşdürməyə söz vermişdim. Onlar gəlib, Yusifə xəbər ver.
Xosrov. Yusif şah xəstədir, görüşə bilməz.
Rəhman. Necə görüşə bilməz, kişilər onu gözləyir?
Xosrov. Deyirəm, görüşə bilməz. Saray onu get-gedə sərxoşlaşdırır. Bir az əvvəl onun yanına getmişdim. Tubu xanım içəri buraxmadı. “Sərxoşdur, yanına adam buraxa bilmərəm” – dedi.
Budaq. Nə deyirsən, Xosrov? Yoxsa, saray onu da dəyişdirdi?
Xosrov. Eh, nə qoyub nə axtarırsan? Yusif saray gözəli Səlmaya yaman vurulub. Gecə-gündüz onun arxasınca düşür.
Rəhman. Eh, güvəndiyim dağlar, sənə də qar yağarmış! Yusif – sərxoş, Yusif – qadın düşkünü. Bu böyük bir fəlakətdir.
Budaq. Yox, belə olmaz!
Rəhman. Yaxşı, tacirlərə biz nə cavab verək?
Xosrov. De ki, şah xəstədir... Çarə nədir?
Budaq. Bilmirəm bu taxt-tacda nə var, ay Yusif, Yusif!
Rəhman. Bundan sonra sözümüzün xalq içində etibarı olmayacaq!
Xosrov. Neyləyək, Rəhman? Saray insanı tez dəyişdirir. Gedin, bir təhər tacirləri yola salın! (Hər ikisi peşman gedir. Xosrov onların arxasınca qəhqəhə ilə gülərək) Axmaqlar! Mənə Xosrov deyərlər. İradəm qarşısında Yusif sərraclar qol-qanad aça bilməz.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-aldanmis-ulduzlar-dorduncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.
Mən kiməmSoranlara mən bu yurdun,Anlatayım nəsiyəm: