Üçüncü pərdə
Страница 1 из 2
Səhnə saray bağçasını təsvir edir. Ağaclıq, çiçəklik, xiyaban, fəvvarəli hovuzlar.
Axar su, geniş bir meydança, bir tərəfdə şahın taxtı. Xacə taxta yaxın durub
öz-özü ilə danışır.
Xacə. Bu saray elə bir müəmma və tilsimdir ki, heç kəsin başı çıxmaz... Heç bilmirəm, Şah Abbas bu taxtdan necə əl çəkdi? Onu bu şövkət, bu dəbdəbədən hansı qüvvət ayırdı? Bircə bilsəydim bu işlərin sonu nə olacaq? Görəsən, Yusif Sərrac bu taxtı, tacı qəbul edəcəkmi? Yox, qəbul etməz! O ki bu taxtın, bu tacın ən böyük düşmənidir. (Əlini taxta vuraraq) Eh, bu taxtda elə bir cazibə və hikmət vardır ki, Sərracı da öz tərəfinə çəkər! Ey taxt, sən nə böyük qüvvətsən ki, arabir məni də yerimdən oynadırsan! Məsəldir, at minənindir... Bir saat mən də üstündə oturub şahabbaslıq etsəm, qiyamət qopmaz ki!
Yavaş-yavaş taxta çıxır. Şah Abbasın təqlidini çıxarır. Kamali-qürur ilə gah gözləri-
ni bir nöqtəyə dikib durur, gah əlini qılıncının qəbzəsinə uzadıb acıqlanır. Bu zaman
əvvəlcə Qəhrəman, sonra Səlma gəlir. Hər biri bir tərəfdə ağac altında
gizlənib ona tamaşa edir. Xacə əlini, ayağını öpdürən Şah Abbas kimi bir vəziyyət
alır, birdən-birə səslənir.
Xacə. Xacə Mübarək! (Tez taxtdan enib üç-dörd qədəm irəli gedir. Birdən-birə dönüb Xacə Mübarək roluna girir. Taxtın qarşısında ikiqat olub əyilərək) Bəli, qurban! (Diqqətlə ətrafa baxır, yenə Şah Abbas roluna girir. Taxta çıxıb səslənir) Rəqqasələr gəlsin! (Xacə rəqqasələr roluna girir. Taxtın qarşısında əl-qol atıb oynayır və ağzı ilə arabir çalır. Sonra yenə şah roluna girir. Taxta oturur) Mənə qarşı bu nə cəsarətdir? Cəllad! Cəllad! (Səslənir)
Qəhrəman ağac altından çıxıb Xacənin qarşısında əyilərək.
Qəhrəman. Əmriniz, padşahım!
Xacə (tövrünü pozmayaraq). Götür bunları rahat et!
Qəhrəman xəyali adamları çəkə-çəkə aparır.
Qəhrəman. Gəlin, gəlin, şahın əmridir.
Xacə. Atam Məhəmməd şah su yerinə qan axıdıb, başlardan təpələr, cəsədlərdən dağlar ucaldıb hökumət ələ keçirmiş, nə üçün? Hər səfilin, hər miskinin dərdini eşitmək üçünmü? Yox, bu dövlət, bu səltənət yalnız bütün arzu və tələblərimi yerinə yetirmək üçün mənə verilmişdir. Bütün İran və dövlət xadimləri yalnız mənim keyfim, mənim zövqüm üçün yaranmış... (Qəhrəmana) Anladınmı?
Qəhrəman (təzim edərək). Bəli, padşahım, anladım.
Xacə. Hər şey mənim zövqüm üçün yaranmış, hətta gözəl Səlma da!
Səlma (ağac altından çıxır, qəhqəhə ilə gülərək). Bu sənsən, Xacə? Bayaqdan qulaq asıram.
Xacə (taxtdan enə-enə). Bağışla, xanım!
Səlma. Yoxsa, sənin də fikrindən padşahlıq keçir?
Xacə. Yox, xanım! Mən də fürsətdən istifadə edib beş dəqiqə şah olmuşdum.
Qəhrəman. Yox, şah olmamışdın, şahın təqlidini çıxarırdın. (Gülür)
Səlma. Ah, Xacə, doğru deyirsən, sən də, mən də yalnız onun zövqü üçün yarandıq.
Xacə. Uşaq şıltaq olar, xanım, onun nazını çəkmək lazımdır.
Qəhrəman. Sənə nə olmuş, Xacə? Bu gün çox dəyişmisən.
Səlma. Səni heç bir zaman bu qədər nəşəli görməmişdim.
Xacə. Təbii deyilmi, xanım?! Qırx beş yaşım var. Bu sarayda bu saatdan daha qiymətli bir saata təsadüf etmədim. Nə o şah, nə bu şah. İran taxtı hər ikisindən xalidir. Dünya üzündən bu taxt-tacın götürüldüyü gün böyük bayram deyilmi?
Səlma (kədərli). Qəhrəman, bu saray get-gedə məni bir məngənə kimi sıxır. Düşüncə, kədər ac qurd kimi qəlbimi gəmirir. Fürsətdir, vaxt ikən bu qanlı pəncələrdən qaçıb qurtulmaq lazımdır!
Xacə. Hara getsən, xanım, o qanlı pəncələr bizimlə bərabərdir!
Səlma. Şah taxtından neçin əl çəkdi?
Xacə. Keyfi elə istədi, xanım! Həqiqəti söyləyənin qulağını kəsirlər. (Uzaqdan musiqi səsi eşidilir) Bax, odur, Yusif şahı gətirirlər. (O tərəf-bu tərəfə gəzinir)
Səlma. Görəsən Yusif şahın bığları da Şah Abbasın bığlarına bənzəyirmi?
Qəhrəman. Bığları bənzəməsə də, qanlı qılıncları bir-birinə bənzəyəcək.
Xacə. Bu taxtın, tacın xasiyyəti belədir.
Səs ucalır, musiqi səsi yaxınlaşır. Fərraşların “Bürəvid” səsləri eşidilir. Xacə Mübarək
əsəbi addımlarla dolaşır. Birdən-birə hərəkətsiz durur. Yusif şahı dəbdəbə ilə
gətirirlər. Sərdar Zaman xan taxtı göstərir.
Sərdar Zamanxan. Buyurun, padşahım, şahanə taxt ayaqlarınızı öpməyə müntəzirdir.
Yusif şah taxta çıxıb oturur.
Hamı. Yaşasın Yusif şah!
Fərraş, əlində bir sini, taxta yaxınlaşır. Mollabaşı sinidən tacı götürüb Yusif şahın
başına qoyur. Qızıl kəməri belinə bağlayır. Qızıl toppuzu əlinə verir.
Mollabaşı. Həzərat! Şah Abbas İranı yetim qoydusa, Yusif şah İran taxt-tacını qəbul etməklə bizi bəxtiyar etdi.
Sərdar Zamanxan. Padşahım, mübarək cilusunuzu səmimi-qəlbdən təbrik edirəm. Allah-taala sizə uzun ömür kəramət etsin.
Hamı. Amin, amin! Yaşasın Yusif şah! Şənlik fişəngləri atılır, İranın
dövlət himni çalınır.
Sərdar Zamanxan. Bugünkü şənlik münasibətilə adətimiz üzrə rəqqasələr oynayacaqdır.
Yusifşah. Çox yaxşı, bu gün əmr sizindir.
Sərdar Zamanxan. Əstəğfürullah, əstəğfürullah, sizin hər əmrinizə itaət borcumuzdur.
Musiqi çalınır, xanəndə oxuyur... Rəqqasələr oynayır.
Xanəndə
Ey bağban, şənlik qur, qəm-qüssədən qaç,
Bağına gül gəldi, qapını dur aç.
Yamyaşıl atlasdan xələt ver bağa,
Durma, qalx, bəzək vur bostana, tağa.
Bənəfşə zülfündən bükümləri at,
O sərxoş nərgisi yuxudan oyat.
Qoy sərvin qaməti göyə yüksəlsin,
Qumruya xəbər ver, bahardır, gəlsin.
Müjdə ver, nəğməyə başlasın bülbül,
Bostana beşiklə qonsun qızıl gül.
Qızlar
Araz, coşub-daşırsan,
Sahilləri aşırsan,
Tarlalarda, çəməndə
Bizimlə oynaşırsan.
Dağlarındır qardan ağ,
Suyun gümüşdən parlaq,
Yol sal bizim tarlaya,
Sən çal, biz də oynayaq.
Araz, Araz, gəl barı,
Bizim dəhnəyə sarı.
Aç qoynunu yıxansın
Elin yosma qızları
Həyətdə fişəng atılır. Təbil, nağara, ney çalınır, səslər ucalır.
Səslər. Yaşasın Yusif şah!
Cilus ayini tamam olur, Mollabaşı irəli gəlib, baş əydikdən sonra.
Mollabaşı. İran taxt-tacına oturmanızı yenə ürəkdən təbrik edib, Allah-taaladan sizə uzun ömür arzu edirəm.
Sərdar Zamanxan. Padşahım, bu gündən bu saray, bu dəb-dəbə, bu şövkət sizin əmrinizə verilir. Uzun müddət şən və bəxtiyar yaşamanızı arzu edirəm!
Yusifşah. Sizin bu sarayda qəribə aləmlər var imiş!
Mirzə Möhsün. Çox qəribə, hələ çox şeylər görəcəksiniz!
Mirzə Yəhya. Padşahım, bu saray doğrudan da böyük bir aləmdir.
Yusifşah. Çox böyük...
Mollabaşı. Şahım, izin verin, biz mürəxxəs olaq.
Yusifşah. Gedə bilərsiniz... (Vəzirlər baş əyib gedir. Yusif şah taxtdan enir, düşüncəli gəzinir) Bu sarayın işləri həm gülünc, həm də müdhiş bir oyundur. Hələ də özümə gələ bilmirəm. Bu nə hikmətdir?
Şah Abbas taxtdan nə üçün əl çəkdi? Onu fələk də bu dəbdəbədən, bu eyş-işrətdən ayıra bilməzdi. Bunu öyrənmək lazımdır!.. (Ucadan) Bu... bir... tapmaca...dır ki...
Xacə. Bəli, qurban?
Yusifşah. Nə istəyirsiniz?
Xacə. Heç bir şey, padşahım, siz məni çağırdınız.
Yusifşah. Yox, çağırmadım... adın nədir?
Xacə. Adım... Xacə.
Yusifşah (gülərək). Aha, Xacə demədim... tapmaca dedim...
Xacə. Fərqi yoxdur, padşahım, Xacə də tapmaca kimi bir şeydir.
Yusifşah. Zahirdə mübarək adama bənzəyirsiniz. Yaxşı, vəzifən?
Xacə. Vəzifəm eşikağası...
Yusifşah. Demək, Şah Abbasın bütün əmrlərini yerinə yetirən sizsiniz?
Xacə. Bəli, qurban.
Yusifşah. Demək, siz bu sarayda Şah Abbasa hər kəsdən yaxınsınız?
Xacə. Bəli, padşahım.
Yusifşah. Onda onun bütün işlərini, hətta sirlərini bilirsiniz?
Xacə. Bilirəm, padşahım.
Yusifşah. Çox gözəl, Şah Abbas taxtından neçin əl çəkdi? Doğru cavab verəcəyinə əminəm.
Xacə. Yalan söyləmək adətim deyil. Münəccim Mirzə Sədrəddinin verdiyi xəbərə görə, ulduzların seyrindən göründüyünə görə, padşahın vücuduna bir bəla toxunacaqmış. Məncə, bu bəladan qorxaraq səltənətdən əl çəkmişdir.
Yusifşah (ətrafa). Bu bir az düz adama bənzəyir. (Xacəyə gülə-gülə) Xacə, “bir bəla toxunacaqmış” sözlərini sən başqa bir ahəng ilə söylədin. Yoxsa münəccimin sözlərinə inanmırsan?
Xacə. Padşahım, bağışlayın məni. Bu sarayda hiylə, riya və yalandan başqa bir şey görmədiyim üçün heç özümə də inanmıram.
Yusifşah. Görürəm, səndə xalqı duya bilən ürək vardır. Çox şükür, heç olmazsa, İran sarayında bir nəfər duz adam tapdım.
Xacə. Padşahım, doğru söyləyənlərin təqdir edildiyini mən də bu qapıda bdirinci dəfə görürəm.
Yusifşah. Nadürüstlər məmləkəti irəli apara bilməz. Onun üçün bir nəfər deyil, yüzlərlə namuslu adam lazımdır!
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-aldanmis-ulduzlar-ucuncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Siz ey keçən aylar-illər, uzaqlaşan zamanlar,Gənc ömrümün istəyilə qucaqlaşan zamanlar,
Xalq düşməninəDayan, dayan, cahil memar, bina, otaq əyridir,Çünki o əl, o göz, qulaq, o baş, ayaq əyridir.
Bu qürurlu boyun burulmazmı?Bu qürurlu boyun burulmazmı?Bu bulanıq sular durulmazmı?
GəmirikHakimdi yerə-göyə qaranlıq!Qurmuşdu boran-qasırğa xanlıq!..
Стихи других поэтов
Bənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Ey gənclikEY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: