İkinci fəsil
Страница 3 из 3 · 67%
Qəribə bir təsadüf Əşrəfin də məktəbi atmasına səbəb oldu. Bir gün böyük tənəffüsdə Əşrəf bütün yoldaşlarına konyak ziyafəti vermiş, içməyənləri də zorla sinifdə içməyə məcbur etmişdi. Sinfə girdiyi zaman içki düşkünü olan kimya müəllimi İvan Petroviçi spirt qoxusu tamamilə sərxoş etdi. Onun içməyərək sinfə girdiyi günlər çox az olurdu. Bu gün təsadüfi olaraq ağzına bir damcı da spirt dəyməmişdi. Bu kəskin konyak qoxusu onun əhval-ruhiyyəsini tamamilə dəyişdirdi. Əsəbləri şiddətlə gərildi, dimağını dumanlı bir atəş bürüdü. Qızdırmalı adamlar kimi bütün vücudu titrəməyə başladı. Atəş böcəyi kimi parıldayan kiçik yuvarlaq gözlərini, onu şübhəli baxışlarla süzən sinfə dikərək:
– Bu nədir? Otaq spirt qoxusu ilə dolmuş, sinif meyxanaya çevrilmişdir! – deyə acıqlı və xırıldayan bir səslə bağırdı. Sinif sükut edir, gülməyini saxlaya bilməyənlər dodaqlarını gəmirir, başlarını skamya altında gizlətməyə çalışırdılar.
İvan Petroviçin ağzı köpüklənərək coşmadığı gün çox az olurdu. Bir dəqiqə içində ağzından köpüklər saçar, acığından bığlarını, dodaqlarını gəmirər, sonra yenə bir an içində təbii halına dönərdi. Buna alışmış olan uşaqlar bu acığın yenə hər zamankı kimi uzun sürməyəcəyinə inanmışdılar. Onlara elə gəlirdi ki, bu o qədər də böyük bir qəbahət deyildi, çünki kimya dərslərində müəllimin ağzından yayılan bu qoxunu hər gün onlar udmurdularmı? Nə fərqi var, bir dəfə də həmin qoxunu müəllim tələbələrin ağzından udsa qiyamətmi qopar? Bu mühakimə ilə bütün sinif əyləncəli bir sükut içində müəllimin ikinci üzünü göstərəcəyi zamanı gözləyib dururdu. Ancaq nəticə onların gözlədiyi kimi olmadı. İş getdikcə böyüdü, İvan Petroviç tələbələrə yaxınlaşaraq:
– Konyak şüşəsi kimdədirsə versin – deyə təkid etdi.
Sinif isə sükutunda davam edirdi. Bu halın uzun sürməsinə dözə bilməyən İvan Petroviç vaxtı qısaltmaq və işdən bir nəticə ala bilmək üçün yol axtarmağa başladı, zehnində verdiyi qərarı həyata keçirmək və tələbələr üzərində dərin təsir buraxmaq üçün üzünü sinfə tutaraq dedi:
– Konyakın sinfə kimin tərəfindən gətirildiyini və kimin skamyası altında saxlandığını çox gözəl bilirəm. Müəlliminiz olmaqdan başqa sinfin mürəbbisi olduğum üçün də bu məsələni sizinlə birlikdə həll edəcəyəm. Ona görə də kimə sual versəm həqiqəti deməli və şüşənin kimdə olduğunu söyləməlidir!
Bu sözlərlə tələbələr üzərində dərin bir təsir buraxdığını yəqin edərək qəti, amiranə bir səslə sağ sırada oturan tələbələrdən birisinə:
– Qalx, sən söylə! – dedi.
Təsadüfə bax ki, keçən gün kimya dərsindən “Spirtonun təhlili” keçilmiş, İvan Petroviç isə başı qızışmış olduğundan dərsi böyük bir maraq və həvəslə anlatmışdı. Tələbə qalxdı, ciddi bir halda dedi:
– Etil spirtinin kimyəvi tərkibi: S2H5OH-dır.
Sinifdə qopan qəhqəhədən və tələb etdiyi suala verilən yersiz cavabdan kimya müəllimi qəzəbləndi. Qan başına sıçradı. Artıq müvazinəti itirərək nə edəcəyini bilmədi. “Yaramazlar! Tərbiyəsizlər!” deyə ayaqlarını yerə çırparaq, səsi gəldiyi qədər bağırmağa başladı. İşin əvvəlində bu məsələni səssiz, gurultusuz basdırmaq istədiyi halda, heç düşünmədən tələbələrin birisinə: “Qalx, müdiri sinfə çağır!” – deyə əmr verdi. Tələbə getdi. İşin mürəkkəbləşdiyini və bunun acı bir nəticə verəcəyini duymuş sinif həzin bir sükut içində oynanmaqda olan bu komediyanın son pərdəsini görmək üçün dərin bir həyəcan içində gözləyirdi. Qapı açıldı. müdir sinfə girdi. Kimya müəllimi İvan Petroviç onu görüncə qollarını çarpazlayaraq, aciz qaldığını bildirən adamlara məxsus bir səslə:
– İvan Viktoroviç, – mən öz acizliyimi etiraf edirəm. Bu işdə bəlkə siz mənə kömək edəsiniz? – dedi.
Müdir cavab vermədən tələbələrə doğru gəldi. Tez-tez spirt qoxusunu burnu ilə udub sağ əlini havada sallayaraq, başını sürətlə oynatdığı halda acı və istehzalı bir səslə:
– Əcəba, mən haradayam, maarif ocağı olan Bakı realnı məktəbinin sinfindəyəm, ya sərxoşlar yığıncağı olan meyxanada? Məktəb divarları arasında bu qabalıqda zarafata indiyə qədər təsadüf etməmişəm. Tərbiyəsizliyin bir dərəcəsinə bax! Sinfin müqəddəratını özünüz həll edin! Bu sinif ya tamamilə bağlanacaq, ya müqəssirlər göstəriləcək! Konyak kimin tərəfindən gətirilmiş və kimdədir?
Sinif dilsiz bir sükut içində susurdu. müdir sualı təkrar etdi. Heç kimdən səs çıxmadı. Sinfin inad etdiyini görüncə İvan Viktoroviç başqa bir çarə düşündü. Tələbələri bir-bir skamyadan qaldıraraq, divar dibində sıraya düzdü və skamyaları axtarmağa başladı. Birdən əlində boş bir konyak şüşəsini qaldıraraq:
– Ey... Bu hansı mübarəkin yeridir? – deyə soruşdu.
Əhməd irəli yüyürərək. dalğın səslə:
– Mənim yerimdir, ancaq, ondan mənim xəbərim yoxdur! – dedi.
– Qoçaq, bu şüşə sənin skamyanda durduğu halda necə olur ki, sənin bundan xəbərin olmur? – deyə müdir onun sözünü kəsdi, sonra Əhmədin başını əlləri ilə qaldıraraq, ağzını qoxladı:
– Konyak ziyafətində iştirak edən bir adamın hər şeydən xəbəri olmalıdır! – dedi.
Uşağın bənizi kəhrəba kimi saraldı, bədəni, dodaqları titrəyə-titrəyə:
– İvan Viktoroviç, namusuma and olsun ki, konyakı mən gətirməmişəm, – dedi.
Müdir Əhmədin yoxsul olduğunu və konyakın başqa tələbə tərəfindən gətirildiyini bildiyindən baş müqəssiri tapmaq üçün tədbir düşünməyə başladı.
Dalğın bir halda pəncərəyə söykənərək, tamaşaçı kimi uzaqdan baxmaqda olan İvan Petroviç sürətlə irəli gəldi, şüşəni qaldıraraq, diqqətlə baxdı. İçərisində bir damla belə qalmadığını görüncə məyus bir tövrlə şüşəni başıaşağı tutdu. Titrək və yanıqlı bir səslə:
– Acgöz həriflər, konyakı son damlasına qədər içmişlər, – deyə şüşəni yenidən masa üzərinə qoydu.
Müdir tələbələri bir-bir öz kabinetinə çağırıb, istintaq etdi, ciddi yoxlamadan sonra konyakın Əşrəf tərəfindən gətirildiyi və böyük səxavətlə bütün sinfi içirdiyi meydana çıxdı. O gecə təcili çağırılmış müəllimlər şurasında Əşrəfin məktəbdən qovulmasına, bir daha belə çirkin hərəkət görülərsə sinfin tamamilə bağlanmasına qərar verildi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-esrimizin-qehremanlari-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение