Birinci fəsil
Страница 1 из 3
Günəş sönmüş, qaranlıq çökmüş, üfüqlər qısalmışdı. Bakının göylərində mənzil etməyə qərar vermiş qara, sıx cənub buludları ucubucağı olmayan durna qatarı kimi düzülərək, aylı-ulduzlu göylə şəhərdən ucalan çıraq və elektrik işıqlarının bir-biri ilə öpüşməsinə mane olurdu. Xəzərin qoynuna girmiş Bakı gecəsini, pəncərələrdən, yaxın buruqlardan, Qara və Ağşəhər zavodlarından, çit və bez fabrikindən, limanlarda və dənizdə olan yük və minik gəmilərindən ətrafa yayılan elektrik və çıraq işıqları ala-qaranlıq bir səhərə çevirmişdi. Təsadüfi olaraq o işıq nümayişində bu gecə Hacı Kərimin də elektrik lampaları iştirak edirdi. Məsləhətə çağırılmış olan qohum-qardaş yemək otağına toplanmış, mavi abajurlu elektrik lampalarının parlaq şəfəqləri altında şirin-şirin danışıq aparırdı. Hörmət və adət üçün bu gecə toyun nə zaman və necə başlanması haqqında yaxın qohumların da fikri öyrəniləcək və onlarla birlikdə qərar çıxarılacaqdı.
Mina xanım qonaqları qabaqcadan söhbətə hazırlamaq istədiyindən məyus bir səslə:
– Hacı peyğəmbəri toy etmək istəyir, başınıza dönüm, bu fikri onun başından çıxarın – dedi.
Qohum-qardaş Mina xanımın sözünü tutaraq Ağamürsələ tən-tənəli bir toy etməyə söz verdi. Ancaq Hacı Kərim məclisdə olmadığından heç kəs məsələni qəti surətdə həll edə bilmir, hamı onun gəlməsini gözləyirdi.
Hacı mağazasından çoxdan gəlmiş, öz otağında gündəlik ticarətin haqq-hesabı ilə məşğul idi. Hacının gecikməsinə qonaqlardan artıq Mina xanım əsəbiləşir, qəlbindəki sıxıntı və çırpıntıdan rəng verib, rəng alırdı. Çünki Hacının evinə gəldiyi müddətdə o yalnız iki-üç dəfə belə gurultulu məclis görə bilmişdi. Bu gecə oğlu Ağamürsəlin toy məsləhəti gecəsi olmaqdan artıq onun üçün şadlıq məclisi idi. O, otaqlarını tərtəmiz süpürtmüş, sildirmiş, lazım olan bəzəyi vermiş, masa üzərinə incə naxışlı qələmkar süfrə sərmişdi. Mina xanım indi öz qonaqlarını yedirmək, içirmək, onlara qarşı olan hörmət və məhəbbətini göstərmək üçün tələsirdi. Onun səbir kasası dolub daşdı, artıq dayana bilmədi. Hacını çağırmaq üçün əvvəlcə xidmətçi qızı göndərdi, bir az sonra özü getdi. Hacı hər ikisini acılayıb qovdu. Hacının bu hərəkəti ona yaman təsir etdisə də acığını qonaqlardan gizlədərək, söhbətlə onları məşğul etməyə çalışdı.
Nəhayət, Hacı gəldi. İçəri girən kimi əvvəlcə otağı bir quş baxışı ilə başdan-başa süzdü. Qonaqlardan artıq onu maraqlandıran yemək otağında olan bu günkü dəyişiklik idi. Sonra qonaqlarla görüşdü, oturdu, başı üstündə par-par yanan beşlampalı qəndilə heyrətlə bir də baxdı, ətrafı bir də gözdən keçirdi. Qonaqların təbriklərini soyuq və əhəmiyyətsiz bir halda qarşıladı. Ortaya çay, mürəbbə, iki böyük vazada şəkər və badamçörəyi gətirdilər. Hamı yeyib-içməyə başladı. Yemək zamanı Hacı danışmağı sevmədiyindən heç kəs ağzını açmağa cəsarət etmirdi. Hacı ancaq bir fincan çay içdikdən sonra sözə başladı. Onun həmişə çatılmış enli qaşlarının düyünləri açılmış, dumanlı üz-gözündən kədər silinmişdi. Bu gün bir az şən və məmnun görünürdü. Onun bu halını qonaqlar, xüsusilə Mina xanım böyük bir müjdə kimi qarşıladı. Hacı toy haqqında qısaca məlumat verdi. Toyu ayın 14-də cümə axşamı başlamağı təklif etdi. Hamı razı oldu. Sonra bəzi səbəblərə görə peyğəmbəri toy etmək məsələsini ortaya sürdü. Qonaqlardan bir qismi buna etiraz etdi. Xüsusən bacısı Xədicə Hacının üstünə qabararaq:
– Necə peyğəmbəri, bu nə sözdür? Neçə ildir gözümüzü Ağamürsəlin toyuna dikmişik. Bu bizim üçün böyük kamdır. Sən bu toyu bizim istədiyimiz kimi eyləyəcəksən! – dedi.
Mina xanım baldızının sözünə qüvvət verdi:
– Dilinə qurban olum, yaxşı deyirsən, qardaşına bunu başa sala bilmirəm ki, böyüdüb yetirdiyimiz bir oğuldur, onu tay-tuşlarının yanında başı aşağı etmək olmaz... Bir də dost var, düşmən var, xalq bizə nə deyər... Ağamürsələ gərək bir toy olsun ki, bütün Bakı tamaşasına dursun.
Hacının qardaşı Kazım da bu fikirdə idi.
– Hacı, qohum-qardaş peyğəmbəri toya razı deyil, görünür bu toyda hamı əl-qol açıb süzmək, bir az şənlənmək istəyir. Mina dostu demişkən, Ağamürsəl də cavandır, ürəyində arzusu var. Sən gəl bu toyun hər zəhmətini bizim üstümüzə at, heç bir işə qarışma.
Hacı sözündə israr etdi:
– Yox, yox atam, mən bütün Bakını bu dörd-beş otağa doldura bilmərəm. Buna heç razı olmayacağam. Bu xüsusda danışmaq artıqdır.
Hacının bu sözündən sonra hamı susdu. Yalnız Mina ilə Xədicə arabir dodaqaltı söylənir, bu qərardan məmnun olmadıqlarını bildirirdilər.
Gecə keçmişdi. Bu nəşəsiz qonaqlıqdan çox da razı qalmayan qonaqlar ayağa qalxdılar. Hacını və Mina xanımı təbrik edərək çıxdılar.
Hacı Kərim Bakıda məşhur bəzzazlardan idi. Əvvəlləri İrana səfər edib çit, qələmkar və qədək alıb satardı. O zaman bu mallar əlverişli olduğundan çox sərvət qazana bilmişdi. Bu mallar getdikcə dəbdən düşdüyü və yollar zəhmətli olduğuna görə şəhərdə böyük bir mağaza açdı. Gündən-günə böyüməkdə və zənginləşməkdə olan şəhərin ən gurultulu küçələrində ucuz qiymətə evlər və boş yerlər aldı, böyük binalar tikdirdi. Hacı bununla da kifayətlənmədi. Bir neçə neft yeri aldı. Gündüzlər kontorda ticarətlə, gecələr də otağına çəkilərək haqqhesabla məşğul olurdu. Ailə üzvlərindən birisi onun otağına ayaq basdıqda dərhal pulları iki əli ilə qucaqlayaraq: “Nə var? Nə üçün gəldin? Burda alma, armud ha paylanmır. Sizə demişəm. mənim otağıma ayaq basmayın. Çıx, çıx!..” – deyə səsi gəldikcə bağırardı. O hamıdan qaçar, yalqızlıq və səssizliyi sevdiyindən otağından ayrılmazdı. Ailə üzvləri onun üzünü ancaq axşam yeməyi zamanı görərdilər. Hacı çatıq qaşları, dumanlı siması ilə süfrə başına keçər, dinməz-söyləməz yeməyini bitirdikdən sonra yenə öz otağına çəkilər, qapını içəridən bağlardı. Sonra döşəkçəsi üzərində bardaş qurub lampanı titrək əlləri ilə yandırar, başı üstündəki köhnə İran sandığını açar, kisə-kisə pulları bir-bir çıxarıb sayar, qorxaq baxışlarla ətrafı süzdükdən sonra kisələri yenə bir-bir sandığa yerləşdirib ağzını bağlardı.
Hacı bir axşam adətinin ziddinə olaraq evə erkən gəlmişdi. O bu gün tamamilə dəyişmişdi. Qaşlarının çatı açılmış, üz-gözü gülümsəyirdi. Mina xanım onu görüncə heyrətlə:
– Xeyir olsun, Hacı, nə var yenə? – deyə soruşdu.
Hacı gülümsəyərək:
– Xeyirdir, otur görək – dedi.
Mina xanım Hacının yanında oturdu. Hacı kiçik bürüşük gözləri ilə gülümsəyərək:
– Sənə varlı bir gəlin tapmışam – dedi.
– Kimdir?
– Rəhmətlik Əlibəyin qızı. Deyirlər ki, Əlibəyin bütün var-dövləti oğlu ilə qızı Məryəmə qalıbdır. Çox adam qulağını şəkləyib durub. Atasının ili verildikdən sonra hər yandan elçilər axacaq, sən də ayıq ol, bu qızı əldən vermək olmaz! – Sonra başını mənalı tərpədərək – bu qızı Ağamürsələ ala bilsək, oğluyun iti uluyacaq. Heç bilirsən nə cah-cəlalı var?!
Hacının bu sözlərindən Mina xanımın gözləri işıqlanmış, Məryəm kimi varlı bir gəlini olmaq xülyası onu çox sevindirmişdi. Hacı ilə qarşı-qarşıya oturub bu qədər səmimi söhbət etdiyi günlər həyatında çox az nəsib olan günlərdən idi. Bu gün bəxtiyar qadınlara məxsus bir qürur alaraq, qıza elçi getmək haqqında dadlı-dadlı danışırdı. Hacı deyirdi:
– Bu günlərdə ilini verəcəklər. Bir həftə sonra elçi gedərsən. Qorxma, sözün yerə düşməz. Dövlət dövlət üstünə axar. Mənim vardövlətim Əlibəydən az döyül. Onlar bizə qız verməyə bilməz!
Bu sözlərdən sonra hər ikisi bir an dadlı sükuta daldı. Hacı bir şey xatırlamış kimi birdən-birə başını qaldırdı və ətrafı gözdən keçirdikdən sonra gözlərini Mina xanımın üzünə dikərək:
– Bu donuz harada sümsünür? – deyə soruşdu. Mina xanım bu sualı heyrətlə qarşıladı. Çünki Hacının öz oğlu Ağamürsəlin taleyi ilə maraqlandığını görməmişdi. Buna baxmayaraq o, qadınlara məxsus bir nəzakətlə:
– Bilmirəm, yəqin yoldaşlarının yanına gedibdir, – dedi.
Hacı acıqlanaraq:
– Necə bilmirəm, it ayağı yemiş kimi haralarda gəzir? Niyə demirsən, ayağını qırıb evdə otursun.
– Nə qədər kiçik idi, bacarırdım, indi daha gücüm çatmır. Boyum boyda boyu var. Bir söz deyirəm, it kimi üzümə çəmkirir. Mən də anayam, öz hörmətimi saxlayıram. İndi bu işlər sənin işindir... Ancaq sən də...
Hacı təndir kimi alovlandı:
– Axı, mən köpək oğlu, mən it oğlu, mən donuz oğlu başıma nə kül töküm? İşdən başım heç ayılır ki... Mənim də bir canım var. Boş oturduğum saatı göstər?! Gecə-gündüz çalışıram... Sizdən adam olmaz!
Hacının bu sözlərindən nədənsə Mina xanımın gözləri işıqlanmış, Hacıda övlad məhəbbətinin sönmədiyi onu çox sevindirmişdi. Xüsusən Məryəm kimi bir gəlinə sahib olmaq xülyası onu bir an belə rahat buraxmırdı. Odur ki, bu haqda oğlu Ağamürsəlin də fikrini öyrənmək və sevincini onunla bölüşdürmək istəyirdi. O gecə Ağamürsəli çox gözlədi, lakin o gəlib çıxmadı. Nəhayət yatağına girdi. Başında dolaşan bu dadlı xülyalarla yuxuya getdi. Gecənin bir zamanı şiddətli çalınmaqda olan zəng onu oyatdı. Yuxulu-yuxulu qapını açmağa gedərkən Məryəm məsələsini xatırladı. Öz-özünə: “Görək Ağamürsəl bu müjdəni necə qarşılayacaq?” – deyə düşündü. Qapını tez açdı. Ağamürsəl içəri girincə onu şəfqətli ana nəzəri ilə süzərək:
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-esrimizin-qehremanlari-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
BilürmiƏrz-i halım qasid söylə dilbərə,Gör ki mənim ah-ü zarım bilürmi.
Şairlər tabutda böyük görünürMən suya heyranam, torpağa heyran,bir tənək əkirsən, yüz qanad verir.