Səkkizinci fəsil
Страница 1 из 3
Yay olduqca isti keçmişdi. Günəşin altında istilik 56 dərəcəyə, kölgədə 35 dərəcəyə qədər artmışdı. Varlılar, az-çox imkanı olanlar sərin istirahət yerlərinə, Abşeron bağlarına çəkilmişdilər. Məhərrəm əmi öz həyat yoldaşı Firuzə ilə bərabər şəhərdə qalmağa məcbur olmuşdu. Zəki ilə Nəzakət tez-tez onlara baş çəkirdi. İstinin Məhərrəm əmiyə pis təsir etdiyini görüb Zəki qocaları Nəzakətlə bərabər Qala kəndinə aparmaq istədi.
– Məhərrəm əmi, siz bizim Qala bağlarını görməmisiniz. Atamgil də bağdadır. İstidə naxoşlayarsınız. Gəlin sizi aparım bağa.
Zəki ilə Nəzakət nə qədər təkid etdilərsə, Məhərrəm əmi razı olmadı.
– Mənə şəhərdə xoş keçir, Nəzakəti apar qoy o bu istilərdə burda qalmasın.
Nəzakət onlarsız getmək istəmədi. Nəhayət, qocaların təkidi ilə Zəki Nəzakəti aparıb ata-anasının yanında qoydu. Sonralar da nə qədər çalışdı, Məhərrəm əmini yola gətirə bilmədi.
Yandırıcı isti Məhərrəm əmini gündən-günə mum kimi əridib, quru bir skeletə döndərmişdi. Onun kiçik qumral gözləri, dərin və çuxur təşkil edən kölgəli göz həlqələri içində sönük-sönük parıldayır, bir tutumluq ağ saqqalı ətsiz çənəsi üzərindən boğazına doğru qıvrılaraq uzanırdı. Vücudu o qədər ərimişdi ki, paltarı əynindən tökülür, şlyapası gözünün üstünə düşürdü. Qocalıqdan sarsılmış, əsəb xəstəliyi artmışdı. Zəki gedib tanış həkimlərdən çağırdı. Həkimlər onu xəstəxanaya aparmağı təkid etdilər. Məhərrəm əmi qəti surətdə rədd etdi. Firuzə yaşlı gözləri ilə həkimə dedi:
– Cənab həkim, çox israr etməyin, bilirəm, getməz, getsə də məncə faydasızdır. O, artıq son günlərini, son dəqiqələrini yaşayır. Ömür yoldaşıma əlimdən gəldiyi qədər xidmət etmək mənim üçün bir təsəllidir.
Firuzə xəstəni bir an gözdən qoymurdu. Həkimin yazdığı dərmanı ona vaxtlı-vaxtında içirir, üstündə gecə-gündüz yarpaq kimi titrəyirdi. Firuzəyə bağdan yenicə qayıtmış Nəzakət də çox kömək edir, qoca analığına təsəlli verir, Məhərrəm əminin birdən-birə belə düşməsindən çox kədərlənirdi. O dəfələrlə paltarını geyinib, iri düyünlü əl ağacını götürüb küçəyə çıxmaq istərkən, Firuzə min dil, min fəndlə onu fikrindən daşındırmışdı.
Məhərrəm əmi bir gün səhər çox erkən oyanmışdı. Firuzə yatırdı. Paltarını geyindi, ağacı əlinə aldı, mühüm bir iş üçün gedən adamlara məxsus bir tövrlə qapıya gəldi. Qapının dəstəsindən tutub çəkdi, qapı açılmadı. Əlindəki ağacla gücü gəldikcə qapıya çırpdı. Səsə Firuzə dəhşətlə gözlərini açdı. Məhərrəm əmini görüncə yerindən sıçradı, uşaq kimi onu dilə tutaraq:
– Gözüm, quzum, Məhərrəm, bu zaman sən hara gedirsən? – deyə soruşdu.
– Aç qapını, Allahın yanına gedirəm, – dedi.
– Allah ilə nə işin var?
– Aç, aç, ona şikayətim var...
– Məhərrəm, sən xəstəsən, gəl dərmanını iç, yaxşı ol, səni allahın yanına özüm aparacağam.
Firuzə zorla onu soyundurub yatağına uzatdı.
O gün Məhərrəm əmi çox əsəbi idi. Ancaq günortadan sonra Firuzə onu yatırmağa müvəffəq oldu. Bundan istifadə edərək, mətbəxə girdi və Məhərrəm əmiyə meyvə kompotu hazırlamağa başladı. Qonşusu Zivər xanım ona yaxınlaşıb yavaşca:
– Məhərrəm əmi necədir? – deyə soruşdu.
Firuzə Məhərrəm əminin etdiyi işlərdən, onun xəstəliyindən danışdı. Söz-sözü çəkdi, iki qadın arasında söhbət uzandı.
Məhərrəm əmi oyanıb, “Firuzə, Firuzə!” – deyə bir neçə dəfə səsləndi. Cavab çıxmadı. Yerindən qalxıb geyindi, ağacını da əlinə alıb qapıdan çıxdı.
Məhərrəm əmi evdən çıxdıqdan sonra Firuzə söhbətini bitirib, otağa girdi. Məhərrəmi yataqda görməyib ağlı başından oynadı, dəli kimi başıaçıq, ayaqyalın küçəyə qaçdı. O, sağa baxdı, sola baxdı, yoldan keçən adamlardan: “Başında qəhvəyi şlyapa, əlində ağac, boz kostyumda, qoca, arıq bir kişi görmədinizmi?” – deyə soruşdu.
Ondan xəbər verən olmadı. Firuzə ağlaya-ağlaya evə döndü. Paltarını geyindi. Qapını bağlayıb evdən çıxdı. Küçələri, yaxın bağçaları dolaşdı. Nəzakətgilə getdi. Tanıdığı adamlardan soruşdu. Onu “gördüm” deyən olmadı. Yazıq Firuzə nə edəcəyini bilmədi. Zəkinin vasitəsi ilə polis idarəsinə xəbər verdi. Telefonla xəstəxanadan soruşdu, bildiyi, tanıdığı adamlara, Məhərrəm əminin ən yaxın dostlarına müraciət etdi, bir fayda vermədi.
Bu xəbər sürətlə bütün şəhərə yayıldı. Eşidən heyrət etdi. Xüsusən, bu, gənc ziyalılarda daha acı bir təsir oyatdı. Hamı, yaşca qoca olmasına baxmayaraq, fikircə zamanına görə yeni olan bu adamın qaragüruhçular tərəfindən öldürüldüyünü zənn edirdi.
Bütün ziyalılar yas və matəm içində idilər. Onun belə facianə taleyi hər kəsdən çox Firuzəyə təsir etmişdi. O, gecə-gündüz ağlayır, göz yaşları qurumurdu... Hıçqıra-hıçqıra ağlayan Nəzakətin təsəlliləri də Firuzəni sakit etmirdi.
Məhərrəm əmi küçəyə çıxar-çıxmaz üç dəliqanlıya təsadüf etdi. Onlar Məhərrəm əmini dinsiz, imansız, millət xaini kimi tanıyan cahillərdən idilər. Əllərində səbət, zənbil Şüvəlan bağlarına gedərkən Məhərrəm əmini görüb, “Bu donuz güdən qoca hara gedir?” – deyə onu kinli baxışlarla süzdülər. Onlardan biri istehzalı bir səslə:
– A kişi, hara gedirsən? – deyə soruşdu.
– Ay oğullar, Allahı görməyə gedirəm, onun evi hardadır? – deyə Məhərrəm əmi zəif bir səslə cavab verdi.
Bu sözdən hamısı bir-birinin üzünə baxıb gülüşdülər. Birisi soruşdu:
– Allahı neyləyirsən?
– Ona şikayətim var.
– Ay əmi, Allahın evini mən tanıyıram, gəl səni aparım.
Məhərrəm əmi sevinib, ona xeyir-dua elədi. Həmin cavan oğlan fayton çağırdı, yoldaşları ilə birlikdə onu faytona oturdub, Şüvəlan bağlarına apardılar. Yolda Məhərrəm əmi ilə aralarında keçən qısa sual-cavabdan sonra onun nə qədər saf, nə qədər təmiz bir qəlbə, sarsılmaz bir imana malik olduğunu bildilər, milli düşmən kimi baxdıqları bu qocaya münasibətləri dəyişdi. Bir-iki gün onunla əylənmək fikri ilə bağa apardıqları halda on-on beş gün ona xidmət etməyi qərara aldılar. Qocanı ürəkdən o qədər sevdilər ki, hər biri onu öz bağına aparmaq istədi. Hətta aralarında bu xüsusda artıq-əskik söz də oldu. Nəhayət, sıra ilə hər biri onu öz evində bir neçə gün qonaq saxlamaq şərti ilə razılaşdılar.
Məhərrəm əmi birinci dəfə Eldarın evində qaldı. O, bağa girincə ətrafa boylanaraq:
– Allah hanı? – deyə soruşdu.
Eldar:
– Məhərrəm əmi, sən bir az dincəl, Allahın yanına səni özüm aparacağam, – dedi.
O bu sözü o qədər qəti, inandırıcı bir səslə söylədi ki, Məhərrəm əmi susmağa məcbur oldu. Eldar onu otağa apardı, sərin su ilə əlini, üzünü yudu. Süfrə açıldı. Yemək gətirdilər. Qovun kəsildi. Sərin suda yuyulmuş bir qab üzüm gətirdilər. Eldar üzünü Məhərrəm əmiyə tutub dedi:
– Məhərrəm əmi, bu Allah süfrəsidir. Xudavəndi-aləm öz elçisini göndərib mənə tapşırıb ki, Məhərrəm əmiyə qulluq elə. Bir saatdan sonra gətirərsən yanıma.
Məhərrəm əmini yol yormuşdu. Yeməyə, danışmağa iqtidarı qalmamışdı. Yastığa söykənib mürgüləyirdi. Zor-güc ona bir az yemək yedirtdilər. Yeməkdən sonra yatdı. Cavanlar iri əncir ağacı altında toplanıb Məhərrəm əminin məsələsini həll edirdilər, biri deyirdi:
– Bu kişi xəstədir. İstidən beyni xarab olub, ona həkim çağırmaq lazımdır.
O biri deyirdi:
– Həkim, qulluq öz yerində, bu kişinin arzusu var. Bəlkə onu xəstə edən o arzudur. Kişi ağzında deyir ki, Allaha şikayətim var. Görək bu nə istəyir, kimdən şikayət edir, ona görə iş görək.
– Çox da arzusu var, biz Allahı ona necə göstərək?
Eldar əlini köksünə vurub dedi:
– Mən göstərrəm, mən!.. O bu saat hər şeyə inanır. Siz mən deyənə baxın, həm bir az kef çəkərik, həm də o kişinin ürəyini ələ alarıq. Qalxın, qalxın, o kişi oyanınca hazırlıq görək!
Eldarın təşəbbüsü ilə xiyaban arasına xalı sərdilər. İri bir taxt gətirdilər. Taxtın üstünə bir kreslo qoydular. Eldar Buxara və Səmərqənd işi olan zərli, uzun bir xələt və təsək gətirtdirdi. Qonşuda Rəşid adlı qoca, dünya görmüş, arif bir kişi vardı. Əhvalatı ona söylədilər. Xələti əyninə taxdılar, təsəyi başına qoydular, üzərindən də ağ cuna sarıdılar. Rəşidi allah adına taxtın üzərindəki qoltuqlu iri kresloya oturtdular, hər iki tərəfində əli dəyənəkli fərraş qoydular. Qonşudan adamlar çağırdılar, məclis istənildiyi kimi hazır oldu.
Məhərrəm əmi oyanmışdı. O yenə sərsəmləyir və bəzi çaşqın hərəkətlər edirdi. Eldar onun qolundan tutub bağa çıxartdı. Xiyabanın bir tərəfindən su şır-şır axırdı. Eldar dedi:
– Məhərrəm əmi, heç bilirsən səni hara gətirmişəm? Bu cənnət bağıdır, bu su da kövsər suyudur. İç bu sudan, səni Allahın yanına aparacağam.
Məhərrəm əminin gözləri axdı, özünü suya atmaq istədi, Eldar onu tez tutdu. Üzünə sərin su vurdu. Ona bir fincan su uzadıb:
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-esrimizin-qehremanlari-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Düşmənin düşməndir, sən ki, bilirsən,Dostundan gəl gözlə özünü, oğlum.
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəniYıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
DağlarSalırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,