Страница 1 из 4

Əşrəf Sonanı dəlicəsinə sevdiyi kimi, Sona da ona ürəkdən vurulmuşdu. Evə gəldiyi zaman Əşrəfi min bir dillə dindirir, sağına, soluna keçir, onu dadlı sözlərlə əyləndirir, iri qara gözlərinin ən səmimi baxışlarını, yaqut dodaqlarının ən şirin gülüşlərini yalnız ona bağışlayırdı. Əşrəf də arabir Sonanın o gözəl kiçik başını qucaqlayıb, iki əli ilə onu köksünə sıxaraq:

– Ah, qəlbimin sevinci, ruhumun işığı. Səni kiçiklikdən sevdim. Sənin üçün yaşadım, sən mənim yeganə gözəlimsən, – deyirdi.

Əşrəfin ona qarşı olan səmimi rəftarı Sonanı çox sevindirirdi. Arabir anası Gülcahana:

– Ana, çox şükür, Əşrəf atası Ağamürsələ oxşamadı, – deyirdi.

Gülcahan xala qızının fikrini təsdiq edirdi:

– Qızım, mən bilirdim ki, Əşrəf atasına oxşamayacaq, çünki başı çəkmişdi. Atalar sözüdür: “Başına gələn başmaqçı olar”. Bir də Ağamürsəl oxumamışdı. Əşrəf neçə ildir oxuyur, o indi yerin altını da bilir, üstünü də.

Bu sözlər Sonanın qəlbinə yağ kimi yayılır, bal kimi damırdı. Qələm qaşları altında uzun kiprikli qara gözləri daha şəfqətlə yanır, al yanaqları, gözəl, lətif siması daha məlahətlə parlayırdı. Bu sözlər gənc qızın xəyalını işıqlı aləmlərə, daha uzaqlara aparırdı. Əşrəfin onun başını köksünə sıxaraq: “Kiçiklikdən səni sevdim. Sən mənim yeganə gözəlimsən” sözlərini xatırlayırdı. Sona dadlı xülyalarla qol-boyun olaraq xəyala dalırkən, birdən-birə diksinərək, durduğu yerdən şiddətlə atıldı, tez anasına baxıb utancaq bir tövrlə gözlərini aşağı dikdi. Bu hərəkətindən özü də qorxmuş olduğundan qəhqəhə çəkdi. Gülcahan qızının ikicanlı olduğunu bilirdi. Ona mənalı baxaraq:

– Uşaq tərpəndi, bilirəm, qızın olsa Əşrəf adını Məryəm, oğlun olsa Mürsəl qoyacaq, – dedi.

Sona dörd tərəfi ipəklə işlənmiş ağ süfrənin saçaqlarını əli ilə oynada-oynada:

– Sən bu sözü Əşrəfə demə, mən uşağıma bədbəxt adamların adını qoymaram, – deyə cavab verdi.

– O var, o dövlət sahibi olan Ağamürsəl bədbəxt idimi?

– Bir o xoşbəxt idi, bir də yazıq Məryəm. Ev, eşik, ailə tanımayan bir kişi xoşbəxt ola bilərmi?

– Kişi öz ata-anasının adını qoymaq istəsə, nə deyə bilərsən?

– Təkid etsə heç bir şey... Mən Əşrəfin könlünü qırmaram.


Sona sevə-sevə, oxşaya-oxşaya qızı Məryəmi bələyirdi; anası Gülcahan xala da qızını yoluxmaq üçün yenicə gəlmiş, hələ çarşabını da götürməyib, səssizcə qapı ağzında qızının min bir dillə Məryəmi bələməsinə baxırdı. Sona Məryəmi bələdi, iki əli ilə qaldırıb qarşısına gətirdi və bəbə kimi atıb-tutmağa başladı. “Matan, matandır bu qız, qəşəng matandır bu qız; könülə yatandır bu qız... Balama qurban sərçələr, balam haçan dirçələr?”

Sona anasını görməyib qızını sevə-sevə oxşayıb oynadırkən, Əşrəf Əhmədlə içəri girdi. Sona qucağında uşaq utana-utana o biri otağa keçdi. Əhməd əllərini bir-birinə vuraraq:

– Yox, bu olmadı, Sona xanım məndən qaçır, – dedi.

Əşrəf:

– Sona, Sona, gəl, başqası deyil, bizim Əhməddir, – deyə onu səslədi. Sona gəlmədi. Əşrəf Gülcahan xalanın halını soruşdu. Sonra üzünü Əhmədə tutub:

– Əhməd, mənim bir qayınanam var ki, bütün dünyaya dəyişmərəm. O tək Sonanın anası deyil, mənim də anamdır, – dedi.

– Sağ əlin mənim başıma. Bir elə qayınana mənə də tapsaydın, pis olmazdı, – deyə Əhməd cavab verdi.

Əşrəf fürsətdən cəld istifadə etdi:

– Gülcahan xala, bu mənim məktəb yoldaşımdır. İndi yaxşı incinardır, heç kəsi yoxdur. Bir başıdır. Ayda iki yüz məvacib alır. Buna elə bir qız tapa bilərsənmi evi-eşiyi, hər şeyi olsun? Bu ancaq papağını, əl ağacını götürüb, qızın evinə girsin.

Gülcahan xala burnunu və iki gözünü yaşmaq altından göstərərək:

– Elə bir qız yeri bilirəm, – dedi, – gözəl, ağıllı, bir az da rusca oxumuşdur. Onu yaxşı yerlərdən istəyənlər oldu, qız getmədi. Ataanası nə qədər cəza verdi, qız yenə razı olmadı. “Mənə var-dövlət lazım deyil, adam lazımdır, yoxsul olsun, yoldaş qədri bilsin” – deyir.

Əhmədin gözləri parıldadı. Əşrəfin üzünə mənalı-mənalı baxaraq:

– Lap mənim malımdır, – dedi.

– Gülcahan xala, kimlərdəndir?

– Hacı Yunusun qızıdır, anası Mina xanım da çox mehriban arvaddır.

Əşrəf əlini Əhmədin çiyninə qoyaraq:

– İtin uladı, yaxşı yerdəndir, – dedi.

– Halva deməklə ağız şirin olmaz, ona yağla bal gərəkdir. Gülcahan xala gərək bu yerdə mənə də analıq etsin.

Əşrəf təkrar Sonanı çağırdı:

– Sona, Sona, gəl çay ver! Gəl Əhmədə sən də bir məsləhət ver.

Sona utana-utana içəri girdi. Əhmədlə başı ilə görüşdükdən sonra Əşrəf soruşdu:

– Hacı Yunusun qızını görmüsənmi? Necə qızdır?

– Anam məndən yaxşı tanıyır.

– Sən qızı görmüsənmi?

– Görmüşəm, sifətdən yaxşıdır, ancaq xasiyyətini bilmirəm, anam onlara çox yetikdir.

Araya bir anlığa sükut çökdü. Əhməd bir qədər fikirləşdikdən sonra:

– Demək mənim ipim Gülcahan xalanın əlindədir, – dedi.

– Xala can, elə sabah özün elçi get, qızın anasının ağzını ara, gör nə deyir...

– Mən getməyə gedərəm, görək nə deyərlər...

– Getmək var, getmək var. Bir ağızucu söz demək, bir də qırsaqqız olub yapışmaq var...

– Yox, mən qır-saqqız olub yapışa bilmərəm.

– Yapışma, ona mən də razı deyiləm. De ki, tək oğlandır. İki yüz manat maaş alır. Maaşından başqa heç bir şeyi yoxdur. Özümə gəldikdə yaxşı bax: boyumu, başımı, ağzımı, gözümü, üzümü, burnumu, saçımı necə görürsən, elə də de!

Bayaqdan söhbətə qulaq asan Sona qızara-qızara dedi:

– Xasiyyətiniz də gərək bir-birini tutsun. Bəlkə sizin xasiyyətiniz onun, ya onun xasiyyəti sizin xoşunuza gəlmədi.

– Əşrəf sizin xasiyyətinizi bilirdimi? Ya siz onun xasiyyətini bilirdinizmi? Bax, indi necə yaxşı tutur.

Gülcahan xala tez cavab verdi:

– Bunlar bir-birinin xasiyyətinə uşaqlıqdan bələd idilər.

– Bilirsən, Cahan xala, bizim qız almağımız bazardan qarpız almağa bənzəyir, bəxtə-bəxtdir, dadlı da çıxa bilər, dadsız da... İndi nə eləyək, şərait belədir. Oxumuş qızlarımız azdır, həm də bizi saymırlar, gözlərini milyonçu balalarına dikib dururlar.

Gülcahan xala sabah ona xəbər gətirəcəyinə söz verdi. O gecə Əhməd şad görünürdü. Hər zamankı gülüşlərində hiss edilən sünilik, soyuqluq bu gün əsla hiss edilmirdi. Gecəni Əşrəflə xoş keçirdi. Gecə keçirdi, qalxıb gedərkən:

– Hələlik sağ ol, sabah axşam yenə Gülcahan xalanın qulluğunda hazıram... Görək qız gələcək, oğlan? – dedi.

Əhməd o gecəni sabaha qədər yatmamışdı. O, ailə həyatını lazımınca görməmiş olduğundan evlənməkdən həm qorxur, həm də onu dəlicəsinə arzulayırdı. Həmin gecə həyatında gördüyü, tanıdığı ailələrin hamısını xəyalından keçirdi. Öz vicdanı qarşısında ideal bir ailə həyatı qurmağa söz verdi. Gecə uzunu məşğul olduğu fikirlər onu yorduğundan səhər qalxıb işə gedərkən üz-gözündə yorğunluq əsəri müşahidə edilirdisə də, yenə məmnun görünürdü.

O gün ona bir il qədər uzun gəldi. Axşam bir gəlin görüşünə gedirmiş kimi təmiz geyindi, lazım olan bəzəyi vurandan sonra evdən çıxdı. Əşrəf onu gülə-gülə qarşıladı. Gülcahan xala qucağında Məryəmi oturdub Əhmədi gözləyirdi. Əşrəf onun çiyninə vuraraq:

– Əhməd, bəxtin yoxmuş, qızın atası razı olmayıb, – dedi.

Əhməd stulu altına çəkərək, oturmaq istərkən bu sözdən pozularaq, nəşəsi qaçdı, az qaldı yıxılsın. Əşrəfi diqqətlə süzərək:

– Yox!.. Doğru deyirsən? – deyə soruşdu.

Gülcahan xala gülərək:

– Ay bala, aman ver, oğlan bir otursun, – dedi.

Əhməd oturdu, intizar içində Gülcahan xalanın nə deyəcəyini gözləməyə başladı. Gülcahan xala oturduğu stulu tərpətdi, özünü bir az doğrultduqdan sonra dedi:

– Getdim, nə üçün getdiyimi bilmədilər. Sonra söz açdım. Əvvəlcə anası da, özü də razı olmadı, “evi yox, gəldi-gedər adamdır”, dedilər. Sonra mən səni çox təriflədim. “Qızın atası bilməsin, qız oğlanı görüb bəyənsə, danışarıq,” – dedilər.

– Bəyənməsə?

– Bəyənməsə, səninki səndə, onunku onda.

– Mən də qızı görəcəyəmmi?

– İnanmıram, anası razı olmaz.

– Biz harda görüşəcəyik?

– Sabah axşam sən də gələrsən, onlar da. Sən Əşrəflə o biri otaqda oturarsan. Sona qızla salona çıxar. Qapının deşiyindən o sənə baxsın, sən də ona...

– Qapının deşiyindən niyə?

– Bəs hardan?

– Açıq qapının arasından o mənə baxsın, mən də ona.

– Yox, olmaz!

– Nə üçün olmaz? Əşrəf Sona xanımı qapı deşiyindənmi baxıb bəyənmişdi?

– Yox, bu olmadı, sən indidən Əşrəflə, Sona ilə çəkişirsən. Sən başqa, onlar başqa...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов