Yeddinci fəsil
Страница 2 из 4 · 25%
– Onlar nə üçün başqadır?
Gülcahan xala titrək, bir az da əsəbi səslə:
– Əşrəf şəhərdə tanınmış, adlı-sanlı, varlı Ağamürsəlin oğludur. Onun varı-dövləti var.
– Mənim də elmim var.
– Əşrəfin elmi səndən az deyil ki?! Neçə il burada, neçə il də Ursetdə qaldı. O da sənin qədər oxuyubdur, hələ varı-dövləti, adı-sanı da bir artıq.
Əhməd susdu. Sadə qadın Əşrəfi ali təhsil görmüş, mütəxəssis bir ziyalı sanırdı. Bu xüsusda bir söz söyləmədi. Bir az sükutdan sonra:
– Yaxşı, nə eləyirsiniz razıyam. O mənə deşikdən baxar, mən də ona deşikdən baxaram, – dedi.
– Hə, bu olar, nə eləyək.
– Yaxşı, qızın adı nədir?
– Mənə bax, sən sabah sağ tərəfdən qapıya doğru oturarsan ki, burnunun sol tərəfindəki çopurları qız görməsin. – deyə Əşrəf zarafatla əlini Əhmədin çiyninə vurdu. Hamı gülüşdü. Əhməd dedi:
– Sənin acığına sol tərəfdən oturacağam, qoy görsün, axır görəcək ki. Ancaq mən bir şeyi başa düşə bilmirəm, o məni alır, yoxsa mən onu?
Gülcahan yaşmaq altından ona dik-dik baxaraq:
– Bu nə sözdür? O səni alır, sən də onu. Kişinin qızı bilməsin kimə gedir?
– Mən də bilməyimmi kimi alıram?
– Sən də bil, qapının deşiyindən bax!
– Oradan nə o məni, nə də mən onu lazımınca görə bilməyəcəyik.
– Adət belədir, kefinə bax.
– Oho! Gülcahan xala yaman acıqlı arvad imiş.
– Sən də yaman üzlü yetimsən.
– Deyirlər ki, yetim bəxtli olur.
– Yalan ha deyil, bəxtli olmasan belə əmlik kimi qıza rast gəlməzdin.
– Yavaş, dananın gözünü çıxararsan, bəlkə baxıb bəyənməyəcək.
– Bəyənməmiş nə ayıb tapacaq.
O gecə bu xüsusda uzun-uzadı danışdılar. Hətta qızın adını da öyrəndi. Onun adı Rəmziyyə idi.
Bu dəfə Əhməd oradan evinə çox kədərli, düşüncəli dönmüşdü. Otağa girincə kiçik masanın başına oturub, düşünməyə başladı. Gülcahan xalanın sözləri onun mənliyinə çox toxunmuş, onda bir çox acı hiss və düşüncələr oyatmışdı. “Evi yoxdur, gəldi-gedərdir” sözlərini də xatırlayaraq, evlənmək istədiyi ailənin həyat yoldaşına olan görüşünü aydınlaşdırırdı. Belə insanlarla həqiqi və səmimi ailə həyatı qurmağın nə qədər çətin olduğunu etiraf edirdi. Hələ Əşrəf üçün deyilən: “O bu şəhərdə adlı-sanlı, varlı Ağamürsəlin oğludur” sözləri onun ruhunu acı-acı didirdi. O hər iki tərəfi incədən-incəyə tədqiq və mühakimə etdi. Ancaq mühit və şəraitin onda oyatdığı düşüncə və təsirdən Məhərrəm əminin sözlərini ikinci dərəcədə əhəmiyyətli gördü, uzun mühakimədən sonra: “Nə etməli, Əflatun belə olsan, bu ölkədə köməksiz tərəqqi etmək mümkün deyildir. Varlı və nüfuzlu ailəyə bağlanmaqla yüksəlmək üçün meydan verilir” nəticəsini çıxardı. Hətta bunun üçün tanıdığı, bildiyi bir çoxlarını nümunə olaraq misal göstərdi.
Ertəsi gün Əşrəfin evinə getmiş, qız Əhmədi, Əhməd qızı qapının deşiyindən görmüşdü.
Bu görüşdən tam üç ay keçdi. Əhməd qəti bir cavab almaq üçün dəfələrlə gəldi. Hər dəfə də Əşrəf ona Gülcahan xalanın dilindən bir söz dedi: “Qız və anası razıdır, hələ atasına deməmişlər. Atası bir az mühafizəkar və pulpərəstdir, qızını varlı adama vermək istəyir; onu bir təhər razı etmək üçün yollar axtarır, çarələr düşünürlər”.
Bəzən də Əşrəf deyirdi:
– Deyirlər ki, bu necə toy olar? Oğlan əlinin ağacını, başının papağını götürüb qızın evinə girsin! Bu toyu çox adi görürlər. “İlk övladımdır, qızın da, bizim də arzularımız var, oğlan, qız adamları gəlsin, evimizdə əzizlənsin, qonaqlansın, qızım karetada, üzündə duvaq, yanında sağdışı, soldışı otursun; qabağında yengəsi, qucağında ayna, əllərində şamdan, musiqi ilə, gurultu ilə aparsınlar. Bu da bir arzudur. Yoxsa toydan sonra qızı öz otağının birindən o birinə köçürmək, bunda nə ləzzət var?”.
Əhməd bu sözlərdən sonra bütün dəyişdi. Əlini havada oynadaraq əsəbi səslə:
– Bundan sonra heç lazım deyil. Var, dövlət bunları qudurtmuşdur. O düşüncədə, o mühakimədə adamlarla keçinmək çətindir. Məhərrəm əmi doğru deyir. Mən o kişinin sözlərinə indi qiymət qoyuram. Gedib gözəl bir rus qızı ilə yaşamaq, belə qızlarla ömür keçirməkdən on qat yaxşıdır, – dedi.
Əşrəf sağ əlini açaraq: “Vur bura!” – dedi.
Əhməd əlini onun əlinə çırpdı.
– Demək baş tutmadı. Heç eybi yoxdur. Bir başqasını tapıb yaşaram.
Ayağa qalxdı. Əşrəf onu qapıya qədər müşayiət edərkən dedi:
– Sənin əsəbiləşməyin yersizdir. Onlar sənə hələ rədd cavabı verməyiblər. Hələ öz aralarında bu iş haqqında danışıq aparırlar.
Əhməd güldü:
– Yox cavabı sən nəyə deyirsən? Bu sözlərin hamısı yox cavabı deyilmi?
Əhməd o gündən o tərəfə üz çevirmədi. Bir axşam Əşrəfi görmək bəhanəsi ilə gəldi. Təsadüfən Gülcahan xala da orada idi. İçəri girər-girməz Gülcahan xala:
– Haradasan, ay oğlum? İşi bişirib hazırlamışam, nə vaxtdır gəlib çıxmırsan... Razı oldular.
– Necə, nə şərtlərlə?
– Sənə qızın dayısı İsgəndər bəyin evində beş otaq verirlər. İçərisinin hər müxəlləfatı ilə... Qızın cehizi də üstəlik. Sən ora köçürsən. Bir gecədə həm qız, həm də oğlan evində toy başlanır. Qızı da karet içində dəbdəbə ilə ora gətirirlər.
Əhməd gülə-gülə Əşrəfin üzünə baxdı.
Əşrəf:
– Daha nə istəyirsən? Sənin üçün böyük səadətdir, – dedi. – Yoxsulluğun daşını atarsan.
Gülcahan xala əlavə etdi:
– Sənin toy xərcini də dayısı İsgəndər bəy çəkəcək. Toya heç bir xərcin çıxmayacaq.
– Sağ ol, Gülcahan xala! Məni qorxudan toy xərci idi, çünki, bilirdim gücüm çatmayacaqdı. Hələ onlar məni tanımamış, görməmiş necə razı oldular? Bu məsələ məni çox maraqlandırır.
– Bu işin düzəlməsinə yenə Məhərrəm əmi səbəb olubdur, – deyə Əşrəf Əhmədi məsələdən xəbərdar etdi.
Gülcahan xala Əşrəfin dediyini təsdiq etdi:
– Doğrudur, o qoca rus Məhərrəm... deyirlər ha, o səni çox tərifləyibdir.
Hamı güldü.
– Kimə?
– İsgəndər bəyə... Səni çox soruşmuşlar. Amma o qoca rus Məhərrəm səni başqa cür tərifləyibdir. İsgəndər bəy ondan sonra qızın atasını razı edibdir.
Əhməd üzünü Əşrəfə tutaraq:
– Bu İsgəndər bəy kimdir?
– O, fikri açıq oxumuşları sevən tacirdir. Qurubağ yanında böyük maqazini var. Məhərrəm əminin yaxın dostlarındandır.
Əhməd bir az düşündü, sonra başını qaldırıb gülə-gülə:
– Gülcahan xala demişkən, bu qoca rus Məhərrəm hər yerdə mənim dadıma çatır, – dedi.
– Bu vaxta qədər sən cavab gözləyirdin, indi qız evi cavab gözləyir. Nə deyirsən?
Əşrəf Əhmədin çiyninə vuraraq:
– Nə deyəcək, papağı da razıdır, – dedi.
– Yox, qoy özü desin...
– Mən nə deyim, xala can? Rusun bir məsəli var: “Verirlər al, döyürlər qaç!” Belə işə kim razı olmaz.
– Onda, sabah İsgəndər bəyin yanına get. Toy haqqında səninlə danışmaq istəyir. Bundan sonra hər sözün, hər məsləhətin, söhbətin onunla olacaq.
Əhməd evlənmək məsələsini Məhərrəm əmidən gizlədirdi, çünki bilirdi ki, o, varlı ailədən evlənməyə razı olmayacaq. Məsələni dostu İsgəndər bəydən öyrənmiş olduğundan bu xüsusda onunla görüşüb razılıq almaq, həm də birinci dəfə İsgəndər bəyin yanına onunla getmək fikri ilə Məhərrəm əminin yanına getdi. Məhərrəm əmi onu hər zamankı kimi çox səmimi qarşıladı. Əhməd məsələni açdı:
– Bu xüsusda sizin də razılığınızı almaq borcumdur, – dedi.
Məhərrəm əmi bir az sükutdan sonra:
– İskəndər bəyin bacısı qızı olmasaydı, doğrusu ki, mən razı olmayacaqdım. Deyilənlərə görə qızın üzərində onun yaxşı təsiri vardır. Odur ki, heç bir sözüm yoxdur, mübarək olsun. xoşbəxt yaşayın! – dedi.
Əhməd onun sözündən ürəklənərək qızın bir az rusca da oxumuş olduğunu söylədi.
– Bu da İskəndər bəyin təsiridir. Yoxsa o Hacı Yunus bu günün tələbatını anlaya bilməz. Rusca bilsə də məncə yenə yarımçıqdır. O ruscadan əvvəl öz ana dilini gözəl öyrənməli idi.
Məhərrəm əmi bir qədər ailə həyatının əhəmiyyətindən bəhs etdikdən sonra Əhmədin ricası ilə İsgəndər bəyin yanına getdilər. İskəndər bəy əvvəlcə onları mağazində qarşıladı, sonra kabinəsinə aparıb kiçik çay məclisi hazırladı. Oturdular, danışdılar. İsgəndər bəy Əhmədlə daha yaxından tanış oldu. Məhərrəm əmi onun nə əziyyətlə oxuyub təhsilini bitirdiyini və onun tərcümeyi-halını bütün təfsilatı ilə danışdı. İsgəndər bəy məmnun baxışlarla Əhmədi başdan-ayağa süzərək:
– Mərhəba, iradən varmış! – dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-esrimizin-qehremanlari-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə gözəldir o camalın, a gülüm!Canıma dərdü məlalın, a gülüm!
Yandırdı məni yar bu hicran arasındaYandırdı məni yar bu hicran arasında.Kül etdi məni buteyi-əfğan arasında.
Gördüm o ruyi-ənvərini mən əbəs-əbəsGördüm o ruyi-ənvərini mən əbəs-əbəs,Çapdım könül səməndərini mən əbəs-əbəs.
Saqi, ayağa dur, gətir badə ki, yaz vaxtıdırSaqi, ayağa dur, gətir badə ki, yaz vaxtıdır,Mürği-könül, nəvayə gəl, suzü güdaz vaxtıdır.