Страница 3 из 4 · 50%

Sonra evlənmək məsələsi ortaya gəldi. İsgəndər bəy üzünü Əhmədə tutub dedi:

– Bu barədə sən heç fikir eləmə. Hər şey hazırdır. Evimin üçüncü qatında beş otaq ayırmışam. Onun bütün müxəlləfatını Hacı Yunus verəcək, toy xərcini də mən çəkəcəyəm.

Məhərrəm əmi İskəndər bəyə məmnun nəzərlə baxaraq dedi:

– Çox şükür, bizdən də yavaş-yavaş mədəniyyət qoxusu gəlməyə başladı, ziyalılara əhəmiyyət verilir.

Bir həftə sonra Əhməd yeni evinə köçmüşdü. Üç gün sonra isə dəbdəbəli bir toy onu öz yeni həyat yoldaşına qovuşdurmuşdu.

Əhməd öz həyatından çox razı idi. Rəmziyyə onun ruhuna uyğun, idarəçi, həlim, gözəl bir qız idi. Tam mənası ilə ziyalı olmasa da, bəzi xüsusiyyətləri ilə bir çox ziyalı qızlardan yüksək və dəyərli idi. Rusca az-çox oxuyur, yazır, danışır, nərd, şahmat oynamağı, yoldaşını məşğul etmək yollarını bilir, hər şeydən artıq gözəl piano çalırdı. Məhərrəm əmi ilk dəfə olaraq, kiçik bir portfel hədiyyə gətirmişdi. Qızla bir az danışıb, onun kamal və qabiliyyətini öyrəndikdən sonra:

– Əhməd, qalx o portfeli bura gətir, – dedi.

Əhməd portfeli alıb, Məhərrəm əminin qarşısına qoydu. Məhərrəm əmi onu açmaqdan əvvəl üzünü Rəmziyyəyə tutub dedi:

– Qızım, rusca oxumaq nə qədər sənin qiymətini artırırsa, öz ana dilini bilməmək bir o qədər səni qiymətdən salır. Bir ziyalı hansı millətə mənsub olursa-olsun öz dilini, ədəbiyyatını, tarixini, daha doğrusu, özünü də gözəl öyrənməlidir. Özünü bilməyən, özünü təqdir etməyi bacarmayan başqalarını da təqdir etməyi bilməz. Məndən qızıl, brilyant, ya başqa qiymətli bir hədiyyə gözləmə, çünki əvvələn, ona gücüm çatmaz, çatsa da mənim nəzərimdə onların heç bir qiyməti yoxdur. Mən ana dilimizi sənə hədiyyə gətirmişəm, – deyə o, çantanı açdı, içindən “Birinci il”, “Əlifba”, “İkinci il”, “Üçüncü il” adlı dərslikləri, qələmucu və qurşun qələm çıxartdı.

– Bax, mənim hədiyyələrim bunlardır, – dedi.

Əhməd gülərək:

– Məhərrəm əmi, başa düşən üçün bunlar ən dəyərli hədiyyələrdir. Bizim Rəmziyyənin bütün aldığı hədiyyələrdən çox bu hədiyyəyə daha çox qiymət vercəyindən əmin ol, – dedi.

Rəmziyyə də Əhmədin sözünü təsdiq edərək:

– Bundan dəyərli hədiyyə almamışam, – dedi.

Məhərrəm əmi çox oturmadı, bir fincan südlü qəhvə içdikdən sonra getdi. Rəmziyyənin əlini sıxarkən:

– İkinci dəfə sizə gəlincəyə qədər səni türkcə savadlı görməliyəm, – dedi.

Məhərrəm əminin bu hərəkəti həm Əhmədə, həm Rəmziyyəyə olduqca xoş təsir buraxmışdı.


Əhməd ailə həyatına get-gedə isnişir, get-gedə onu sevməyə başlayırdı. Onun ruhunu sıxan, nəşəsini qaçıran yalnız bir şey vardı: o da onun müsamirələrdə, gəzintilərdə Rəmziyyə ilə yan-yana gəzmək, ictimai yerlərdə öz çiçəyi ilə görünmək arzusu idi. Bunu o dəfələrlə Rəmziyyəyə söyləmiş və ondan yoldaşcasına xahiş etmişdi. Rəmziyyə qəti surətdə rədd edərək:

– Atam bilsə məni parça-parça edər, – demişdi.

Bir gün söhbət əsnasında bu məsələni İsgəndər bəyə açdı.

İsgəndər bəy acı-acı gülümsəyərək:

– Bu fikirdən daşın. Hacı Yunus bilsə qiyamət qoparar, əlindən, dilindən qurtarmaq olmaz, – dedi.

Əhməd bir söz demədi.

Əhməd fövqəladəliyi sevir və ondan da zövq alırdı. Onun ən böyük arzusu mədəni bir ailə həyatı qurmaq, Rəmziyyəni məsləkinə, ruhuna uyğun bir-iki ziyalı ailəsi ilə tanış etmək, onlarla bərabər teatr, kino, müsamirə və gəzintilərdə əylənmək, bu surətlə dinc və şən bir ailə həyatı keçirmək idi.

O bir gün Rəmziyyəsini yoldan çıxardı:

– Bu axşam “Dağılan tifaq” faciəsi gedir. Qadınlara məxsus pərdəli lojalar var, bizi heç kəs görməz. Bax, bilet də almışam. Sən mənim canım rədd eləmə!

Rəmziyyə nə qədər danışdısa, Əhməd qəbul etməyib təkidində davam etdi. Faytona oturub bərabər getdilər. Lakin loja pərdəli deyil, açıq lojalardan idi. Əhməd zor-güc Rəmziyyəni lojaya daxil etdi. Utandığından özünü gizlətməyə yer tapmırdı. O elə zənn edirdi ki, bütün teatra gələnlər ancaq ona baxır. Əhmədin verdiyi suallara bəzən soyuq cavab verirdi, bəzən də heç vermirdi. O bu işin nəticəsindən qorxurdu.

Ertəsi günü Hacı Yunusa xəbər vermişdilər. Hacı Yunus Əhmədin və qızın dalınca söylənmiş, ağzından çıxanı demişdi. Arvadı onu sakit edə bilməmişdi. O birbaş qızının evinə getmiş, qapıdan girən kimi soruşmuşdu:

– Dünən gecə harda idin?

– Heç yerdə!

– Düzünü de!

– Deyirəm heç yerdə. Nə var ki?

– Canına çor var, dərd var!.. Sən indi üzü açıq matişkalar kimi teatrlarda gəzirsən? Atan, anan getdiyi yoldan azırsan... Vallahi ikinizin də başınıza bir od ələrəm ki... namussuzlar! Heyvanlar!.. Qalx, geyin, gedək! Mənim qızımın namusunu saxlamayan kişiyə mən qız vermərəm.

Əhməd çox yalvardı, yaxardı, “bir daha getmərik”, deyə söz verdi. Hacı Yunus qəbul etmədi, zornan qızını götürüb getdi.

Hadisə Əhmədə çox acı təsir bağışladı. Bir həftə gözlədi, on gün gözlədi, Rəmziyyə qayıtmadı. O, Məhərrəm əmini göndərdi. Gülcahan xalanı göndərdi. Nəhayət, özü getdi. Hacı Yunus qəbul etmədi, hətta onun heç üzünə də baxmadı. Rəmziyyə bu getməklə tam bir il atası evində qaldı. Əhməd əvvəlləri çox kədərli və dalğın idi. İşdən evə döndüyü zaman ona zindan kimi görünən otaqlarda özünü bir dustaq kimi hiss edirdi. Sevgili Rəmziyyəsinin ona bir oğul doğduğu xəbəri Əhmədi sevindirmiş, həm də qəm dənizinə batırmışdı.

Qayınanası ona bu işin tezliklə düzələcəyinə söz vermişdi. Əhməd bir gün işdən evə döndü. Xidmətçi qadın yeməyi verdikdən sonra, o, rahatlanmaq üçün yatağa girdi. Nə qədər çalışdısa, gözlərinə yuxu getmədi. Bir saat yatağında acı xəyalların pəncəsi altında əzildikdən sonra köksünü sıxan sıxıntı və həyəcandan dik qalxdı. Paltarını geyindi. Dərdini unutmaq üçün Əşrəfin yanına getdi. Əhməd çox kədərli idi. Üz-gözü bulud kimi tutulmuşdu. O nə qədər özünü şən göstərməyə çalışırdısa, içindəki fırtına simasından oxunurdu.

– Rəmziyyədən, oğlundan nə xəbər? – deyə Əşrəf soruşdu.

Əhməd çibanına bıçaq vurulan adam kimi inlədi:

– Nə bilim, ay Əşrəf, məni oğluma, arvadıma həsrət qoyanın evi yıxılsın.

Əhməd başını aşağı dikərək yenə də fikirli vəziyyət aldı. Əşrəf elə bil onun dərdini bir qədər də artırmaq istəyirdi:

– Əhməd, bu yaşa gəldin, oğul sahibi oldun, yenə də yetimliyin rəngi üz-gözündən silinməyibdir, – dedi.

Bu sözlər Əhmədi tikan kimi yaraladı. Bir an düşündükdən sonra:

– Əşrəf, o zaman ata-anadan yetim idim, indi ailədən yetiməm. Evlikən subay olmaq böyük dərddir, – deyə cavab verdi.

Əşrəf əlini Əhmədin çiyninə vuraraq:

– Düşünmə, onun da bir ləzzəti var, – dedi.

Bu arada qonaq salonundan başdakı kiçik otağa keçmək istəyən Sona Əşrəfin bu sözünü eşidib bərk tutuldu:

– Yoxsa sənin fikrindən subaylıq keçir. Qulağıvın dalını görsən, onu da görərsən. Mən Rəmziyyə deyiləm, allah göstərməsin, bu iş mənim başıma gəlsəydi, bir gününə də dözməzdim.

Bulud arasından çıxan ay kimi Əhmədin üzü işıqlandı:

– Sağ ol, Sona bacı, bax etibarlı arvad belə olar.

– Biz arvadlarda olan etibarın yarısı kişilərdə olsaydı, dünyada bədbəxt bir ailə tapılmazdı.

– Elə demə, Sona bacı, etibarlı kişilər çoxdur.

– Bilirik, Əhməd qardaş, bizim bir ürəyimiz, bir sevgimiz var, kişilər amma elə deyil.

Bu söz Əşrəfin arabir evə gec gəlməsinə işarə idi.

Əşrəf:

– Bilirəm, bu işarəni sən mənə atırsan, ancaq səhv edirsən.

Sona yazıq bir görkəmlə başını yerə dikərək, yan otağa keçdi.

Əşrəf Əhmədi bir daha süzərək:

– Yetim, görürəm çox bikefsən, qalx, qalx. Bu gecə səni şampanskiyə qonaq edəcəyəm, üzüvün, alnıvın qırışları açılsın, – deyə əli ilə onun çiyninə vurdu.

Əhməd gülə-gülə:

– Çoxdandır dilimə dəyməyibdir, həm də dərdimdən ürəyim partlayır, elə bir iş görsən böyük savab etmiş olarsan, – dedi.

Hər ikisi qalxdı.


Həyati təcrübələrdən çıxarılmış böyük bir həqiqət var: “Alışmış qudurmuşdan yaman olar”. O gecə Əşrəf Əhmədi də özü ilə bərabər kazinoya aparmışdı. Hər ikisi salonun sağ qanadındakı dördüncü lojaya dirsəklənərək, səhnədə incə, əlvan tüllər içində uçuşan yarımçılpaq rəqqasələri seyr edirdilər. O gecə “qan-qan” rəqsi göstərilirdi.

Salonda, lojalarda, masa ətrafında oturmuş tamaşaçılar dərin bir nəşə içində çəngəllərini, bıçaqlarını qablara qoyub, gözləri ilə yeyəcəklərmiş kimi rəqqasələrin seyrinə dalmışdılar.

Bu “qan-qan” rəqsi qadın düşkünü olan əyyaşların ruhunu oxşayan açıq bir rəqs idi. Rəqsə ən incə, ən lətif və gözəl qızlar cəlb edilirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов