Страница 1 из 2

Zəki üç gün idi dalğın və əsəbi görünürdü. Axşamlar evdən çıxır, gecə evə çox gec dönürdü. Zəki evlənəndən sonra xalası oğlu Musa öz evlərinə köçdüyündən Nəzakət evdə tək qalırdı. Əhməd isə gecələməyə evə gələndə Nəzakəti tək görür, özünü bir qədər yaxşı hiss etmirdi. “Hər halda müsəlmançılıqdır, – deyirdi,– hərənin ürəyinə bir şey gələ bilər”. Ancaq Nəzakət özünü heç o yerə qoymur, Əhmədi səmimiyyətlə qarşılayır, xörəyini verir, şüşəbənddə oturub mütaliəsinə davam edirdi. O, Zəkinin ciddi işlərlə məşğul olduğunu duyduğundan ona mane olmur, əksinə şərait yaradırdı. Zəkinin gecələr evə gec qayıtması Əhmədi çox əsəbiləşdirirdi. Xüsusən Nəzakətə lap yazığı gəlirdi. Bir axşam Zəki iki nəfərlə gəldi. Oturdular, yavaşdan danışdılar, yedilər, içdilər yenə qalxıb getdilər. Əhməd bundan bir şey anlamadı. Ancaq Zəkinin ona qarşı olan soyuq hərəkətindən çox sıxıldı. Nə gələrkən, nə də gedərkən Əhmədə əsla əhəmiyyət vermədi, hətta yeyibiçərkən onu dəvət də etmədi. O artıq Zəkiyə bir yük olduğunu düşünür və buna çarə axtarırdı. Həmin gecə Zəki çox erkən qayıtdı. Həmişəki kimi nəşəli görünürdü. Otağa girən kimi Əhmədə yaxınlaşdı, əli ilə onun çiyninə vuraraq soruşdu.

– Hə, dostum, necəsən, sıxılmırsan ki?

Əhməd tutqun bir səslə:

– Yox, deyə cavab verdi.

– Səsin xoşuma gəlmədi, sən mənə çox kədərli görünürsən, – deyə Zəki onun boynunu qucaqladı.

– Heç nə yoxdur.

– Bilirəm, işsizlik səni sıxır, qardaşım, fikir etmə, hələ dolanmağa çörəyimiz vardır.

– Səninlə gələn qonaqlar kim idi?

– O iri bığlı, qısa boylu, qarayağız adam jandarm idarəsinin məşhur xəfiyyəsidir.

Əhməd acı-acı gülərək:

– Mənə də belə vəzifə vermək istəyirsən?

– Yox, bu ipə-sapa girməyən hökumət xəfiyyəsidir. Bu alçaq böyük işlər açır. İndi də hazırlaşır ki, mənim ən yaxın dostum və firqəmizin fəal üzvlərindən birisi haqqında jandarm idarəsinə məlumat versin. Bir də elə xəfiyyələr vardır ki, maaş alır və gizli-gizli bizimlə də əlaqədə olur. Onların bizə zərərdən çox faydası vardır. Tanıdığımız bu kimi adamları biz məxsus ora təhkim edirik.

– Yaxşı, bu xəfiyyənin verdiyi məlumata görə dostunu tutmayacqlarmı?

– Ona çarə tapdıq.

– Necə?

– Yanındakı o arıq, dinməz adamı gördünmü?

– Gördüm.

– Ona təslim etdim.

Əhməd heyrətdən iri-iri açılan gözlərini ona dikərək bir az düşündükdən sonra:

– Bəs, bu adamın məlumat vermiş olduğunu sən necə öyrəndin?

– Bizimlə əlaqədə olan xəfiyyələrimizdən. Onların vəzifəsi ən çox hökumət xəfiyyələrini təqib edərək, onların açacağı işləri öyrənməkdən ibarətdir.

Əhməd qəhqəhə ilə gülərək:

– Böyük bəlasan, – dedi,– jandarm idarəsinin sadiq bir məmuru olub, çar xəfiyyələri ilə mübarizə aparmaq?! Çox qəribə işdir! Padşah bilsə sənə böyük rütbə verər.

– Elə rütbələr məni qorxuda bilməz. Xalqımızın azadlığı yolunda üzərimə götürdüyüm bu rütbədən daha böyük rütbə xəyalıma da gətirə bilmərəm.


1905-ci il inqilabın qara irtica əvəz etdikdən sonra Bakıda da inqilabçıların vəziyyəti xeyli ağırlaşmışdı. İrtica illərində onların böyük bir hissəsi həbs olunmuş, sürgünlərə göndərilmişdi. İnqilabçılar amansız şəkildə təqib olunurdular. 1908-ci illərdə təzyiq və təqiblər daha da qüvvətləndi. Hökumət Bakıdakı inqilabi hərəkatı axıra qədər boğmaq üçün xüsusi tədbirlər görməyə başladı. Qafqaz canişini Voronsov- Daşkovun əmri ilə Bakıya yeni hərbi qüvvələr gətirildi, jandarmların və xəfiyyələrin, casusların sayı daha da artırıldı.

Son zamanlar Saşa da təşkilatın böyük etibarını qazanmışdı. O, Zəki ilə Moskvadan gələndən sonra az zaman içərisində Qaraşəhərin zavodlarından birinə işə düzəlmişdi. Bu, Zəkinin işlədiyi neftayırma zavodu idi. Hər iki gənc Bakıya gəldikdən sonra təşkilata müraciət etmiş, onlar qeydə alındıqdan sonra həmin işə düzəlmələrində də təşkilat onlara çox kömək etmişdi. Saşa zavoda fəhlələr arasında ilk əvvəl təbliğat aparmaq işi ilə məşğul olurdu. Axır zamanlar hətta çox müvəffəqiyyətlə keçirilən iki tətilə də o, rəhbərlik etmişdi. Fəhlələr ona çox hörmət edirdilər. Gənc olmasına baxmayaraq hər fəhlənin öz dilini bilirdi. Moskva fəhlələrinin mübarizə üsullarından etdiyi söhbətlər də fəhlələri çox maraqlandırırdı. Saşanın Zəki ilə görüşdüyü yer də zavod idi. Zəki şübhə oyatmamaq üçün təşkilata gedib-gəlmirdi. Təşkilatla əlaqəni Saşa saxlayır, tapşırıqları Zəkiyə o verirdi. Zəkinin əldə etdiyi məlumatı isə təşkilata Saşa çatdırırdı.

Son zamanlar xəfiyyələrin, casusların sayının artması partiyanın işini çox çətinləşdirirdi. Jandarm idarəsi, hətta bəzən fəhlələrin öz içərisindən onun xeyrinə işləyən adamlar tapa bilirdi. Xəfiyyə və casuslarla mübarizə üçün partiya da müxtəlif tədbirlər görmüşdü. Zəkinin jandarm idarəsində çalışması da belə bir məqsədlə edilmişdi. Jandarm idarəsi ondan satılmış bir fəhlə nümayəndəsi kimi istifadə etməyə çalışır, Zəki isə partiyanın tapşırıqlarını məharətlə yerinə yetirərək, çar xəfiyyələrinin işinə bir-birinin ardınca zərbələr vururdu.

Bir gecə Zəki qoltuğu içki və yeməklərlə dolu, üç qonaqla içəri girdi. Əhməd onları görüncə uzun və arıq kişidən məsələni anlamış olduğundan şüşəbəndə çəkildi. Nəzakət atasıgilə getmişdi. Zəki əlindəki şeyləri stol üzərinə qoydu, üzünü qonaqlara tutaraq:

– Əziz qonaqlarım, Yelena, Liza və Mustafa, siz çox xoş gəldiniz! – dedi.

Liza otağı diqqətlə gözdən keçirdikdən sonra dedi:

– Gözəl otağınız vardır, əfsus ki, birinci dəfədir görürük.

Yelena gülə-gülə:

– Mən bu xüsusda şikayət edə bilmərəm. Zəki arabir bizi yad edir, – dedi.

Mustafa süni gülümsəyərək:

– Bundan sonra Liza xanım da bizim məclislərimizdə iştirak etməlidir, – dedi.

İçki məclisi quruldu. Qədəhlər bir-birinə vurularaq sağlıqlara içildi. Zəki qədəhi əlinə alaraq sözə başladı:

– Mən padşahın ən sadiq bir bəndəsi olduğum kimi, idarəmdə də özümü doğru bir məmur bildiyimdən xoşbəxtəm. Fəqət idarəmizin ən fəal agenti olan Liza xanımın göstərdiyi böyük xidmətlərə və açdığı mühüm siyasi işlərə qarşı ürəkdən təşəkkür edərək, onun qarşısında əyilməyə özümü haqlı görürəm. Yaşasın Liza xanım!

Qədəhlər onun sağlığına içildi. Məclis get-gedə qızışdı. Söhbət uzandı, başlar qızışdı. Hər kəs xəfiyyəlik işlərində göstərdiyi hünərlərdən danışmağa başladı. Əvvəlcə Yelena söz açaraq dedi:

– Mən şübhələndiyim bir nəfərin dalınca tam bir il dolaşdım. Onunla dost olmaq üçün nə qədər şərait hazırladım, mümkün olmadı. Nəhayət, onun yaşadığı evdə yaxın bir dostu ilə tanış oldum. Onun vasitəsi ilə bu adamın evinə yol açdım, oturub saatlarca danışdıq. Mənim verdiyim suallara o qədər örtülü cavab verirdi ki, onun nə məsləkdə adam olduğunu anlaya bilmirdim. Çarəm kəsildikdən sonra ona açıq suallar verməyə başladım. Bir gün münasib bir məqamda: “Məni bolşevik firqəsi çox maraqlandırır! Bu firqəyə yazılmaq üçün kimə müraciət etməliyəm? Bunu lütfən mənə göstəriniz, sizə qarşı minnətdar olaram”– dedim. O adam istehza ilə gülümsəyərək:

– Bu xüsusda mən də sizin qədər savadsızam, məsəl var: “axtaran tapar” – dedi. Zəhmətlərimin boşa çıxdığını hiss edərək bütün ümidlərim qırıldı.

İki gün sonra yenə o adamın evinə gəldim. Məni çox hörmətlə qəbul etdi. Onun mənə qarşı olan bu qədər nəzakət və hörmətinə heyrət etdim. Gülə-gülə soruşdu: “Məqsədinizə nail oldunuzmu?” “Yox, o bəxtiyarlığa hələ nail olmamışam” – deyə cavab verdim. O gülümsəyərək: “Mən istəyimə nail olsam, siz də olarsınız” – dedi. Heyrətlə soruşdum: “Sizin istəyiniz nədir?” O, mənalı nəzərlə məni süzdükdən sonra: “Mənim istəyim jandarm idarəsində bir təhər işə düzəlməkdir. Buna vasitə tapa bilsəydim heç dərdim olmazdı”, – deyə gözlərini üzümə dikdi. Cavaba söz tapmayaraq, qıpqırmızı qızardım.

– Doğrudanmı hərif casus olmaq istəyirdi?

– Yox, o mənim xəfiyyə olduğumu bilmişdi.

– Nədən bilmişdi? – deyə Liza cavab gözləyən gözlərini Yelenanın üzünə dikdi. Mustafa özünə məxsus istehzalı bir səslə:

– Demək, Yelena onu təqib etdiyi kimi, onun da adamları Yelenanı izləyib məsələdən agah olmuşlar.

Liza birdən-birə qəhqəhə ilə gülərək bağırdı:

– Hünərinə mərhaba, o mənim əlimdən canını qurtara bilərdimi?

Zəki Lizanın sözlərini təsdiq etdi:

– Doğrudur, sənin məharətinə söz yoxdur.

Liza özünü öyməyə başladı:

– Mənim vağzallarda işim yoxdur. Müxtəlif qiyafələrdə mən öz ovumu ən adi meyxanalarda, kiçik çayxanalarda vururam. Keçən il mühüm bir iş açmışdım, şübhəsiz, eşitmişsiniz? Böyük çətinliklə də olsa Balaxanı təşkilatının üzvlərini, iş yerlərini, yaxın adamlarını, nəhayət, görüşdükləri yeri müəyyən etdim. Sonra idarəmizə hər şeyi ətraflı bildirdim. Ancaq polisiya gəlib onları birlikdə həbs etmək istədiyi zaman cin kimi yox oldular. Bu sirr məni hələ indi də düşündürür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов