Страница 1 из 4

Əhməd dörd il Moskvada çalışdı, çapaladı, hər çətinlik və zəhmətə qatlanaraq, geoloji fakültəni bitirdi. O, artıq Moskvanın küçələrinə sığmırdı. Nə demək, bu onun üçün az şey deyildi. Bilik səhnəsindən həyat cəbhəsinə atılmış, maddi və mənəvi ehtiyacını təmin edəcək ixtisas sahibi olmuşdu. O gün Moskvanın ən gözəl gəzinti yerlərini saatlarla dolaşdı. Ən böyük küçələrdəki iri mağazaların sərgisini dərin bir nəşə və maraq içində nəzərdən keçirdi. Ancaq onun gənc köksünü və daşqın qəlbini axın-axın doldurmaqda olan sevinclərində iştirak edəcək bir kimsə tapmadı. Artıq o gözəl bağçalar, gəzintilər, o geniş küçələr onu sıxmağa başladı. O hamıdan artıq Məhərrəm əmini xatırladı. Əllərini köksü üzərində çarpazlayaraq:

– Ah, o indi yanımda olmalı idi! – dedi, – Həm diplomumu göstərərək sevincimi onunla bölüşər, həm də gələcəkdə görəcəyim işlər haqqında ona geniş məlumat verərdim.

İki-üç gün də Moskvada qalmağa qərar vermiş olduğu halda birinci gündən sıxılmağa başladı, çünki o, dörd ildi ki, Bakıdan uzaqlaşmış və bu uzun müddətdə ancaq iki dəfə yay tətili zamanlarında Bakını görmək ona nəsib olmuşdu. Bu uzun müddət içində Bakıda nə kimi dəyişiklik olduğunu görmək, bilmək istəyirdi. Səbir edə bilmədi, o axşam Bakıya hərəkət etdi. O yenə nəşəsini toplamışdı. Onu yalnız məsafənin uzun olması sıxır və buna görə çox darılırdı. Bakıya yaxınlaşdıqca həyəcan və iztirabı da o nisbətdə artır, bir quş kimi qanadlanaraq uçmaq istəyirdi. Qatar Biləcəri stansiyasından Bakıya hərəkət etdiyi zaman parovozun verdiyi fit, çarxların taqqıltısı onun qulaqlarında ən ahəngdar bir musiqi kimi səslənirdi. O, pəncərə önündə mıxlanmış kimi durub, gözlərini uzaqdan görünən şəhərin ümumi görünüşünə dikərək qəmgin-qəmgin düşünür, köhnə məktəb həyatı, uşaqlıq və tələbəlik illəri, çəkdiyi bütün fəlakətlər bir-bir zehnindən keçirdi. Ancaq bu dəfə o qəmli lövhələr onun böyük ümidlərlə çırpan gənc qəlbində acı təsirlər buraxmırdı. Çünki, fəlakət və məşəqqətlərlə əldə etdiyi ixtisas sayəsində o, fəlakətlərə birdəfəlik vida etmiş olduğuna əmin idi.

Qatar stansiyaya yaxınlaşdığından sürətini azaldaraq ucadan fit verdikdə Əhmədin qəlbi daha şiddətlə döyündü, tanıdığı bir çox adamlardan birisinə təsadüf edəcəyi ümidi ilə gözlərini stansiyada qaynaşmaqda olan adamlara dikdi. Qatar dayandı. O, qarışqalar kimi qaynaşmaqda olan yüzlərcə adamları bir-bir gözdən keçirdi, ancaq onun sevincində iştirak edəcək bir nəfər tanış belə çıxmadı. O çox axtardı, çox baxdı, ümidi qırıldığından həzin bir tövrlə pəncərə önündən çəkilərək, şeylərini götürüb vaqondan çıxdı.

Əhməd indi çox nəşəsiz idi. Hər gün vücudunu rahat-rahat daşıyan ayaqları bu gün zorla, güclə sürünürdü. Köksünü əzməkdə olan acı düşüncələr bütün ümid və sevinc çiçəklərini yolmuş, onu dərmansız bir halda buraxmışdı. O, addımlarını tərəddüdlə ataraq düşünür, hara gedəcəyini, iş tapıncaya qədər kimin evində qalacağını təyin edə bilmirdi. Ən çox güvəndiyi Məhərrəm əmi də arvadı və qızlığı Nəzakətlə kiçik iki balaca otağa sığınmış olduğundan bu xüsusda ona yardım edə bilməyəcəkdi. Bir də ki, Nəzakət... O, indi böyük bir qız idi. Ora düşmək heç cəhətdən münasib deyildi. Bu müdhiş vəziyyəti mühakimə edərkən içində: “Həyat yoxsullar üçün hər zaman və hər yerdə müdhişdir” – deyə ah çəkdi. Ancaq yenə də Əşrəfə qonaq olmağı əlverişli gördü. Əşrəf onu necə qarşılayacaqdı? Bu haqda çox düşündü. Xatırladı ki, Əşrəf dəfələrlə təhsilini ataraq onun kontorunda yaxşı maaşla hesabdar sifəti ilə çalışmağı təklif etmişdi. Hətta son zamanlar Moskva təhsili boşa çıxdığı zaman onunla bərabər Bakıya dönməyi xahiş edərkən rədd cavabı alınca:”Bilmirəm, bu nə ölümdür, bir qarnı ac, bir qarnı tox oxuyub nə olacaqsan? Əgər sən bu fakultəni bitirsən bu bığlarımı qırxdıraram” demişdi. Son hadisələri, Əşrəfin ona bəslədiyi münasibəti bir də nəzərdən keçirdikdə yoxsul mühəndisin qürur və mənlik hissi coşdu. “Yox, mən ona qonaq ola bilməyəcəyəm!” – dedi. – Onlar fəzilət və şərəfi pulda görür, yoxsul Əflatun da olsa, onların nəzərində heçdir!”

Əllərində şeyləri, zehnində acı düşüncələr dalğın-dalğın yeriyir, istiqamətini heç cür təyin edə bilmirdi. Artıq konka stansiyasına yaxınlaşmışdı. O minməyə tələsərkən, ağır bir qol çiynindən yapışdı. Qarşısında universitet yoldaşı Zəkini görüncə şeylərini yerə atdı. Hər ikisi səmimi və dost kimi görüşdülər. Zəki ona yardım edərək, bəra-bər konkaya mindilər. Yolda bir-birinin halından xəbər tutmağa, tələbəlik həyatından bir çox xatirələr nağıl etməyə başladılar. Hər ikisi bu təsadüfi görüşdən çox şad olmuşdu. Zəki qoltuq dəftərçəsini çıxarıb:

– Səninlə oturub uzun-uzadı danışmaq istəyirəm, harada qalacaqsan? Ünvanını söylə, – dedi.

Əhməd acı-acı gülümsəyərək:

– Hələlik heç bir yerdə, – deyə cavab verdi.

– Hər halda sən bir evə gedirsən?

– Gedəcəyim evi hələ təyin etməmişəm.

Zəki dərhal Əhmədin Bakıda tamamilə kimsəsiz olduğunu xatırladı. Onun sığınacaq bir yeri olmadığını duyunca, şeylərindən birini götürüb, o biri əli ilə də Əhmədin qolundan çəkərək:

– Gəl, gəl, gedək! – dedi.

Əhməd heyrətlə:

– Haraya?

– Ən yaxın bir yoldaşının evinə.

Əhməd artıq heç bir söz deyə bilmədi. Hər ikisi konkadan düşdü.


Zəki Əhmədlə universitetdə tanış olmuşdu. Hələ təhsil illərində Zəki Moskva universitetindəki sosial-demokrat partiyasına mənsub tələbələrlə yaxınlıq edir, onların təşkil etdiyi gizli təşkilatda çalışırdı. Əhmədi də elə o zaman təşkilata cəlb etməyə müvəffəq olmuşdu. Bir dəfə universitetdə düzəldilmiş gizli yığıncaqda iştirak etdiyi, çar üsuliidarəsinə qarşı çıxışda olduğu üçün Zəki bir neçə universitet yoldaşı ilə birlikdə qovulmuş, ali məktəblərdə oxumaq hüququndan həmişəlik məhrum edilmişdi. Bu hadisədən sonra Əhməd təşkilatdan tamam uzaqlaşmışdı.

Universitetdən çıxarılmaq Zəkiyə çox ağır təsir etmişdi. O birinci dəfə olaraq, həyatın ağır zərbəsini dadmış, dərin həyəcan və iztirabın acısını vücudunun bütün üzvlərində hiss etmişdi. Odur ki, həmin günü qəm-qüssə içində başa vurdu. Gecəni bir təhər yatdı. Səhər dan yeri ağarar-ağarmaz yataqdan qalxdı. İstər-istəməz şəhərə baxan pəncərənin qarşısına keçdi. Nəzərinə ilk dəfə onu illərlə öz qoynunda bəsləyib kamala çatdıran universitetin sarı rəngə boyanmış binası sataşdı. Bu, yüzlərlə alimlər yetişdirmiş qoca Moskva Universiteti idi. İndi isə onu heç nəyin üstündə, əslində haqq iş gördüyü üçün bu müqəddəs yerdən qovmuşdular. Bu düşüncələr içində Zəki pəncərənin taxtasına söykəndi: “Ey minlərlə gənci öz qucağında bəsləyən bilik ocağı, sənin başında azadlıq bayrağının dalğalandığı günü görsəydim!” – deyə pıçıldadı.

Lakin bu arzunu andıran fikirlər bir anda ümidə çevrildi. Moskva və Peterburqda sosial-demokrat partiyasının apardığı böyük tarixi işlər onun gözləri qarşısında canlandı. Hələ onların universitetdəki bu balaca təşkilatına mənsub olan onlarla, hətta yüzlərlə student və onların öz dallarınca apardıqları onlarca fədakar, mübariz insanlar az qüvvədirmi? Bütün bunları, təşkilat xətti ilə görülən işləri xatırlayınca Zəkinin gözləri ümid qığılcımı ilə parladı, o, məğrur bir görkəm alıb sağ yumruğunu yuxarı qalxızdı, əlini havada oynadaraq:

– Yox, Rusiya xalqlarının azad olacaqları gün çox yaxındır. Beşinci ildən sonra ayağa qalxmış milyonlarla fədakar, mübariz insanlar bu azadlığı əldə edəcəklər, – deyə ucadan səsləndi.

Zəkini elə bil öz səsi ayıltdı. O, yuxudan ayılmış kimi, öz hərəkətlərini, sözlərini, qışqırmasını xatırladı. Bir qədər öz-özündən utandı, başını buladı. Bu ani əhvali-ruhiyyə dərhal keçdi, geyinib universitetdən qovulmuş yoldaşları ilə görüşmək məqsədi ilə evdən çıxdı. Pilləkənləri düşürdü ki, tələbə yoldaşı Saşaya rast gəldi. Saşa da universitetdən qovulan inqilabçı tələbələr dəstəsinə aid idi. Zəki onu görcək çox sevindi:

– Sən hara, bura hara, yoxsa bizə gəlirsən?

– Yaxşı tapmısan, elə sənin yanına gəlirdim.

Zəki Saşa ilə bərabər evə qayıtdı. Bu, qoca, sonsuz bir fəhlənin evi idi. Nikolay Fyodoroviç arvadı öləndən sonra çarpayılardan birini gəlmə tələbələrə verirdi. Çox məzəli, iti ağıllı bir qoca idi. Gördüyü mənfilikləri tənqid etməkdən çəkinməzdi. Çar üsuli-idarəsi əleyhinə lətifələr söyləməyi çox sevərdi. Evində yaşayan tələbələrdən isə pul almazdı. Əksinə, onlar çətinə düşəndə yeməyə qonaq edər, hətta qabaqlarına hərdənbir yüz qram da qoyardı. Zəkini də ora universiteti bitirib gedən tələbələrdən biri gətirmiş, Nikolay Fyodoroviç elə ilk dəfədən onu bəyənmiş və onunla qalmağına razılıq vermişdi.

Saşa içəri girər-girməz Nikolay Fyodoroviçin divardakı öz arvadı ilə çəkdirdiyi gənclik şəklinə baxdı, sonra bu iki gəncin uzun illər ömür sürdüyü yoxsul daxmasına nəzər saldı, dərindən bir ah çəkib, Zəkinin çarpayısı üstündə oturdu. Bir qədər oturandan sonra Zəkinin sual andıran gözlərinə diqqətlə baxıb:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов