Страница 4 из 4 · 75%

Əhməd onun sözlərini təsdiq etdi. Zəki bir qədər Məhərrəm əmi haqqında olan xatirələrindən danışdı. Əhməd gülə-gülə dedi:

– Bir gün küçə ilə gedərkən çox mütəəssib mollaların birisi ilə üstbaşından yoxsulluq yağan bir kişi bizimlə qarşı-qarşıya gəldi. Molla ona nə isə danışır, kişi də gözlərini heyrətlə onun ağzına dikərək dinləyirdi. Yanlarından keçdiyimiz zaman Məhərrəm əmi dayandı. Kinli baxışlarla onları süzərək: “Bir bu yoluğa bax, mollanın saqqalı altına gör necə soxulubdur. Elə bil mövhumat qoxusu verən mollanın ağzı cənnət qapısıdır; dərdə bax, millətə bax!” deyə üzlərinə baxdı. Bu sözləri o qədər yüksəkdən dedi ki, hər ikisi eşitdi. Hər ikisi acıqlı baxışlarla Məhərrəm əmini süzdükdən sonra, həmin kişi dönərək: “Ey, qoca şeytan, küfr danışma, başını əzərəm!” – dedi. Bax, Məhərrəm əmi belə adamların içərisində iş görür, heç nədən çəkinmir.

İki dost gecə yarısına qədər xeyli söhbət etdilər. Nəzakət onların yatağını otaqda yan-yana salıb, özü şüşəbənddə yatdı. Bir qədər də yataqda danışdıqdan sonra onları yuxu apardı.

Səhər Əhməd gözlərini açanda hamı oyanmışdı. Səhər yeməyindən sonra Zəki öz işinin dalınca, Əhməd isə ilk əvvəl Məhərrəm əmini görməyə getdi. Hərçənd Məhərrəm əmi onun arzusunu ürəyində qoymuşdu. Axı o, Məhərrəm əmiyə oğul olmaq, onun zəhmətinin haqqını vermək fikrində idi. Məhərrəm əmi ilə daimi yaxınlıq saxlamaq üçün Nəzakət ən yaxşı bir vasitə idi. Ancaq bunlar hamısı əbəs xülyalar idi. İş-işdən keçmişdi. Məhərrəm əmidən inciməyə isə heç bir əsas yox idi. Bir də ki, Nəzakət onun yaxın dostlarından birinə getmişdi. Bu haqda fikirləşməyin özü Əhmədə mənəvi əzab verirdi.

Məhərrəm əmi Əhmədi bir ata kimi qarşıladı, alnından öpərək:

– Afərin, oğlum! – dedi.

Məhərrəm əmi Moskvadakı azərbaycanlı tələblər haqqında ondan məlumat almağa başladı. Əhməd bəzi tələbələrin hələ də eyş-işrətə daldıqlarını, dövlətli balalarının oxumaq istəyən studentlərə pis təsir göstərdiyini, bəzilərinin isə öz yoxsul yoldaşlarının xeyrinə müsamirələr təşkil edib, milli nəğmə və rəqslər nümayiş etdirdiklərini söylədi.

Bu sözlər Məhərrəm əminin heç xoşuna gəlmədi. O, məyus bir vəziyyət alaraq dedi:

– Bu Nikolayın taxtı görüm öz başına uçsun. Bizim başımızın altına yastıq qoyur, ingilis siyasəti aparır. Köhnə məhəllə məktəblərini, köhnəpərəst mollaları himayə edərək, xalqımızı qaranlıqda saxlamağa, yeni fənlərdən, texnikadan uzaqlaşdırmağa çalışır. Çar üsuli-idarəsi xalqımızın əkinçi, işçi və ziyalısına qədər hamını kor qoymaq istəyir. Onu kor qalsın. Ən çox qorxduğu, ən çox düşmən tutduğu da bizim ziyalılardır. O, zahirdə başımızı oxşayır, həqiqətdə isə qəlbimizi gəmirir, qanımızı içir. Ziyalılarımız siyasi görüş etibarı ilə o qədər geridədir ki, çarizmin yerli hakimlərlə birləşib apardığı dağıdıcı siyasətin mənasını başa düşmürlər.

Əhməd Məhərrəm əminin ziyalılar haqqındakı fikri ilə razılaşmadı:

– Yanılırsınız, Məhərrəm əmi, ziyalılarımızı o qədər də şüursuz bilməyin. Aralarında namuslu və qeyrətli gənclər çoxdur.

Məhərrəm əmi qismən razılaşdı:

– Doğru deyirsən, qabaqcıl ziyalılarımız, Zəki kimi məzlumların halını düşünən, onların xilası yolunda çalışan gənclərimiz vardır. Mən millətin istedad və gələcəyinə inanıram. Ancaq hələ kaldır, yetişməmişdir,bunu etiraf etməliyik. Qonşumuz gürcülərin, ermənilərin altmış-yetmiş illik siyasi tərbiyəsi var. Bizi adam etsə bu 1905-ci il inqilabı kimi inqilablar, bu fəhlə hərəkatları edəcək. Biz bu kimi inqilablarda bütün qüvvətimizlə iştirak etməliyik!

Söz-sözü çəkərək, nəhayət, Əhmədin qulluq məsələsi ortaya çıxdı. Məhərrəm əmi yaxın zamanda neft mədənlərində ona bir vəzifə tapacağına söz verdi. Əhməd hər gün qəzetlərdəki elanları bir-bir gözdən keçirdi. Hətta bir neçə dəfə mədən sahiblərinin kontoruna belə getdi. Ancaq heç bir vəzifə tapmadı.

Bir dəfə Zəki Əhmədə təsəlli verərək dedi:

– Əhməd, ürəyini sıxma, səni bizim təşkilata üzv keçirəcəyəm, sən həm xalqımızın, məhkumların azadlığı yolunda çalışır, həm də təşkilat tərəfindən maddi cəhətdən təmin olunarsan.

Əhmədi ildırım vuran kimi oldu:

– Yox, mənim siyasətlə işim yoxdur, – deyə çox qəti şəkildə etiraz etdi.

Zəki dostunun bu qədər qorxaq, ictimai həyatdan uzaq bir adam olmasına təəssüf etdi, artıq ona bir söz demədi.

Günlər keçdi, həftələr dolandı. Əhməd böyük neft səltənətində özünə, təhsilinə münasib bir vəzifə tapa bilmədi. Ona yalnız Məhərrəm əminin vədləri, Zəkinin gülər üzü, yoldaşlarının xoş rəftarı təsəlli verirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов