Страница 3 из 4 · 50%

– Oxumaq, dili yaxşı öyrənmək lazımdır. Qırx il vətəndən xaricdə olmağıma baxmayaraq, dilimi unutmadım. Ana dilini hər vətəndaş yaxşı bilməlidir. Qeyrətli müəllimlərimizin çox çalışmasına baxmayaraq. Məktəblərimiz yenə savadlı tələbələr buraxmır. Budur, Nəzakətdən bu barədə çox narazıyam. Belə getsə, ana dilini yaxşı bilməyəcək.

Bu sözləri dedikdən sonra o, bir qədər fikrə getdi. Sonra yeni bir şey kəşf etmiş nəzərlə Zəkiyə baxaraq:

– Bəlkə Nəzakətlə sən özün məşğul olasan? Həftədə bir-iki dəfə ona ana dilindən dərs desən, o çox sürətlə irəli gedər, – dedi.

Zəki Məhərrəm əminin təklifini məmnuniyyətlə qəbul etdi.

Məhərrəm əmi elə bil Zəkinin lap ürəyindən xəbər vermişdi. O hər həftə bir-iki dəfə gəlir, bir qədər qocalarla söhbət edir, vaxtının çoxunu isə Nəzakətlə keçirirdi. Nəzakət ona gündən-günə xoş gəlirdi. O həm bir qadın kimi cazibəli, həm də gözüaçıq, mədəni bir qız idi. Yavaş-yavaş Zəkinin səyi ilə azərbaycancanı da yaxşı öyrənir, gündə üç-dörd səhifə yazı yazır, qəzet və jurnallardakı siyasi və bədii materialları maraqla oxuyurdu. “Molla Nəsrəddin” jurnalı onu daha çox cəlb edirdi. Zəki hiss edirdi ki, Nəzakət də ona adi münasibət bəsləmir, onu görəndə utanır, qızarır, tapşırıqlarını səylə yerinə yetirir. Hələ bir dəfə başını qaldırıb Zəkinin gözlərinin içinə baxmamışdır.

Bu gəl-get bir ilə yaxın davam etdi. Artıq elə bir vəziyyət yaranmışdı ki, gənclər bir-birini görməyəndə darıxır, sıxılır, əsəbi hallar keçirirdilər. Qocalar da bu iki cavan arasındakı münasibətlərin nə isə başqa şəkil aldığını görür, işin belə nəticələnməsindən bir növ narahat olurdular. Axı onlar, onsuz da mövcud qanun-qaydaları pozmuş, naməhrəm bir oğlanı qızına müəllim tutmuş, qohum-qardaşın narazılığına səbəb olmuşdur. Müəllim-tələbəliyin belə şəkil alması isə daha böyük dedi-qoduya, söz-söhbətə səbəb ola bilərdi. Məhərrəm əmi, doğrudur, belə şeylərə çox elə əhəmiyyət verən adam deyildi, ancaq arvadı Firuzə hərdən Məhərrəmə deyirdi:

– A kişi, bu cavanlar bizi axırda rüsvay etməsələr yaxşıdır. Zəki ağıllı uşaqdır, amma yenə ehtiyatı əldən qoymaq olmaz. Bəlkə elə deyək ki, dərs deməyə daha gəlməsin.

Məhərrəm əmi etiraz edirdi:

– Yox, ay arvad, qorxub eləmə, heç zad olmaz. Bir də qızını Zəkidən yaxşı oğlana verməyəcəksən ki.

Oxucum yəqin ki, bu hadisənin necə qurtaracağını indidən duyur. Qabaqda deyiləcək sözlərimiz də çox olduğu üçün bu məsələni uzatmaq mənim də xeyrimə deyil.

Nə isə, bir gün növbəti görüşlərindən birində Zəki dərsi başlaya bilmədi. Daha doğrusu başlamadı. O bu gün Nəzakətə məhəbbətini açmalı, onun fikrini bilməli idi. Zəki bilirdi ki, Məhərrəm əmi yeganə qızını, onun istədiyi adama verəcəkdir. Odur ki, birinci növbədə Nəzakətin özü ilə danışmaq qərarına gəlmişdi. Elə bil Nəzakət də Zəkinin bu günkü məqsədini duymuşdu. O, dəftər, qələmini qırağa qoymuş, başını köksü üstünə buraxıb, nə isə düşünürdü. Zəki əlindəki qələmi oynada-oynada sözə başladı. Ancaq qırıq-qırıq dedikləri sözlər günlərlə əzbərlədiklərinə heç bənzəmirdi:

– Nəzakət, mən bu gün səninlə bizim hər ikimizə aid olan bir məsələ haqqında danışmaq istəyirəm. Sən daha böyümüsən... Məhərrəm əmi, Firuzə xala da qocalıblar. Məncə...

Nəzakət bu sözlərdən sonra Zəkinin nə deyəcəyini çox yaxşı hiss edirdi. Odur ki, özünü çox pis hiss etdi, utandığından nə edəcəyini bilmədi. Birdən ayağa qalxıb sürətlə otaqdan çıxdı. Lakin o, qapıdan çıxarkən Zəkinin onun arxasınca dediyi son sözləri eşitmişdi:

– Məncə biz hər ikimiz xoşbəxt ola bilərik. Bu sənin əlindədir.

Bu sözlər Nəzakətin ürəyindən xəbər verirdi.

Bu hadisədən sonra Zəki bir həftə Məhərrəm əmigilə gəlmədi. Qocalar lap nigaran qalmışdılar. Nəzakət isə məsələnin nə yerdə olduğunu yaxşı bilirdi. Zəkinin bir də qayıtmayacağını düşünüb, bir gecə əhvalatı anasına açdı, üstəlik bir təhərlə öz razılığını da bildirdi.

Qızının belə bir adamı sevməsi Məhərrəm əmini çox sevindirmişdi. Odur ki, elə sabahkı adam göndərib, Zəkini yanına çağırtdırdı. Bu dəfə Zəki əvvəlkindən fərqli olaraq, içəri tərəddüdlə, qızara-qızara girdi.

Məhərrəm əmi bunu hiss edib, Zəkini bu vəziyyətdən çıxarmaq üçün:

– Gəl otur, Firuzə xalangil də evdə yoxdur. Gediblər tədarük görməyə. Sən də ki, bu gündən mənim oğlumsan, – dedi.

Zəki stolun qırağına necə gəlib oturduğunu da bilməmişdi. Çox çətin görünən bu işin belə asan düzəlməsi onu təəccübləndirir, həm də sevindirirdi. O indi Nəzakətin üzünə bir də baxmaq, onun simasındakı razılıq işarələrini, gözlərindəki təbəssümü görmək istəyirdi. O özünü ən xoşbəxt bir adam sayırdı.

Bu gün Zəki Məhərrəm əmi ilə, demək olar ki, heç nə danışa bilmədi. Hər ikisi nə qədər çalışdılarsa da baş tutmadı. Məhərrəm əmi dalğın, Zəki isə çox həyəcanlı idi. Zəki ayağa durub, bu gün daha nurani sifət almış Məhərrəm əmi ilə görüşəndə o:

– Daha çəkinib eləmə, sabah gözləyəcəyəm, gəl! – dedi.

Elçilərə verilən “hə” cavabı ilə toyun arası uzun çəkmədi. Zəkinin balaca evində keçirilən kasıbyana toy iki gənci bir-birinə qovuşdurdu.


Zəki konka duracağında Əhmədə rast gələndə Nəzakətlə təzəcə evləndiyi günlər idi.

Zəki Əhmədi birbaş evinə apardı. Qapını Nəzakət açdı. Əhməd gözlərinə inanmadı. Bir anda vücudu titrədi, gözləri qaraldı. Bir də gülümsünən Zəkinin simasına baxınca məsələnin nə yerdə olduğunu anladı. Tez özünü toplayaraq, Nəzakətlə görüşdü, Zəkini təbrik etdi. Sonra səliqə ilə döşənmiş şüşəbənddən keçib balaca otağa daxil oldu. Stolun baş tərəfində qoyulmuş stulda oturdu.

Zəki Nəzakətə nə isə tapşırıb, dostunun dalınca otağa gəldi. Nəzakət şüşəbənddə qəlyanaltı hazırlamağa məşğul oldu.

İki dost üz-üzə oturanda Zəki ilk əvvəl sosial-demokrat tələbə təşkilatı haqqında soruşdu. Əhməd son zamanlar təşkilatın ağır hal keçirdiyini, hər addımda xəfiyyələr tərəfindən təqib edildiyini söylədi. Zəki çox mütəəssir oldu. Yumruğunu şiddətlə masaya çırparaq:

– Ah yırtıcı ayı, nə qədər əlində fürsət var, hökmranlığını et, inan ki, bir gün haqqın yumruğu altında əziləcəksən! – deyə bağırdı.

Əhməd gülümsəyərək:

– Yavaş, yavaş, stolu qırarsan, – dedi.

Zəki daha kəskin bir səslə:

– Masanı deyil, yumruğumla bu istismar dünyasının taxt-tacını altüst edəcəyəm! – dedi.

Əhməd bilirdi ki, bu mövzuda Zəki ilə söhbəti davam etdirsə, o, səhərəcən danışacaq. Özü isə belə söhbətlərlə bir o qədər də maraqlanmırdı. Odur ki, söhbəti dəyişmək məqsədi ilə:

– Harada işləyirsən? – deyə soruşdu.

Bu suala açıq cavab vermək çox çətin idi: çünki Zəki Bakıya gələndən sonra jandarm idarəsində çalışan partiya üzvlərinin köməyi ilə orada qulluğa düzəlmişdi. O, neftayırma zavodlarından birində mexanik vəzifəsini tutur, əslində isə jandarm idarəsində xəfiyyə sifəti ilə çalışırdı. Partiya bu sadiq bolşevikdən bu şəkildə istifadə etmək qərarına gəlmişdi. Bunu heç evdə də bilmirdilər. Məhərrəm əmi də, Nəzakət də, başqa dostları da Zəkini zavodda çalışan bir mexanik kimi tanıyırdılar. Əhmədə də belə yalan satmalı idimi? Əhməd ki, onun Moskvadakı fəaliyyətini lap yaxşı bilirdi, orada hər sirrini onunla bölüşürdü. Bir də dostluqda o, çox möhkəm oğlan idi. Bunları xatırlayınca Zəkiyə mərdlik hissi güc gəldi. O, təmkinlə:

– Özüm Qaraşəhər zavodlarından birində mexanik siyahısındayam, əslində isə Bakı jandarm idarəsində çalışıram, – deyə cavab verdi.

Əhməd çox təəccüblə soruşdu:

– Heç bir şey başa düşmədim. Necə yəni jandarm idarəsi? İnqilabçı hara, casusluq hara? Bu nə deməkdir?

– Bəli, hökumət mənə inanıb işə götürmüşdür, bunun üçün partiya çox çalışdı. Özüm isə inqilabın xeyrinə işləyirəm. Yəni qısa desəm, jandarmda işləyib, onların öz işlərinə mane oluram.

Bu cavab Əhmədi bir qədər pərt etdi. Belə qorxulu, cəncəlli yerə gəlməsinə peşman oldu. Bunu Zəki də hiss edib, bu barədə söhbət açmasının yersiz olduğunu düşündü. Ancaq iş-işdən keçmişdi. Məclisin ruhunu dəyişmək məqsədi ilə Əhməd söhbəti yenidən xatırladığı Məhərrəm əmidən saldı. Artıq Nəzakət də stolun üstünü düzəltmiş, özü də bir tərəfdə oturmuşdu.

– Məhərrəm əmi ilə görüşürsünüzmü? Əhvalı necədir?

– Yaxşıdır, ancaq sizinlə çox maraqlanır, gəlməyinizi bilsə, bir dəqiqə də evdə oturmaz, – deyə Nəzakət cavab verdi. Bundan sonra dostlar uzun-uzadı Məhərrəm əmidən danışdılar. Zəki dedi:

– Əsil kişidir, bu şəhərdə ən çox sevdiyim adamlardan biridir. O yaşda qocada bu fəallıq, bu yenilik bizlərdə görünməmiş şeydir. Biz gənclərin üzərində onun çox faydalı təsiri vardır, bunu heç kim inkar edə bilməz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов