Beşinci fəsil
Страница 2 из 4 · 25%
– Fikrin nədir? Nə etmək fikrindəsən? – deyə bir-birinin ardınca iki sual verdi.
Məsələ aydın idi. Saşa nə isə qərara alıb gəlmişdi. Suallara daha aydın cavab almaq üçün o bu sözləri də əlavə etdi:
– Moskvada artıq biz yaşaya bilmərik. Adımız siyahıya düşüb, hər addımımızı güdəcəklər.
Zəkiyə bu sualların cavabı aydın idi. O öz gələcək işləri haqqında fikirləşmiş, Bakıya qayıtmağı qərara almışdı. Odur ki, çətinlik çəkmədən cavab verdi:
– Fikrim Bakıya qayıtmaqdır. Bu tarixi şəhər də inqilabçılar vətənidir. Mən bu şəhərlə iftixar edirəm. Orada namuslu adamlar çoxdur.
Saşa gülümsündü:
– Doğru deyirsən. Bakı Rusiyanın ən irəlidə gedən şəhərlərindən biridir. Bakı fəhlələrinin göstərdiyi qəhrəmanlıqlar kimə məlum deyil?! Ancaq məsələ burasındadır ki, sən bu Bakı söhbətini lap yerində saldın. Xeyli fikirləşəndən sonra mən də bu qərara gəlmişdim ki, Bakıya gedim.
Zəkinin sevincindən gözləri parladı, yerindən qalxıb, Saşanın boynunu qucaqladı, onun bu fikrini alqışladı. Saşa sözünə davam edərək:
– Xalam da orada yaşayır, həm onunla görüşər, yanında qalaram, həm də Bakı kimi böyük bir şəhərdə işləməyə, həm də özümüz bildiyimiz kimi işləməyə nail olaram. Axı orada sosial-demokrat partiyası çox qüvvətlidir.
İki dost gələcək planları haqqında xeyli danışdılar, məsləhətləşdilər, elə sabahı Moskvadan çıxmalarını qərara aldılar.
Saşa ilə Zəkini ötürməyə ancaq Nikolay Fyodoroviç gəlmişdi. İzi itirmək üçün Saşa öz tələbə yoldaşlarının bu ötürmə mərasimində iştirak etmələrinə razılıq verməmişdi. Qatar hərəkət edəndə Nikolay Fyodoroviç hər iki gənci qızğın məhəbbətlə qucaqlayıb öpdü, hər ikisinə xeyir-dua verdi.
Qoca fəhlə yaylığını çıxardıb gözlərini siləndə artıq qatar platformadan xeyli uzaqlaşmışdı.
Dörd günlük yol da gənc inqilabçılar üçün səmərəsiz olmadı. Onlar həm özləri bir-birləri ilə müxtəlif mövzularda söhbət etdilər, həm də bir çox qəribə insanlarla, müxtəlif görüşlü adamlarla tanış ola bildilər. Onları ən çox məşğul edən lap yanlarındaca oturan qoca bir rus kəndlisi idi. O, söhbətə şirin lətifələrlə başlamışdı. Çox duzlu, kinayə ilə dolu olan bu lətifələr içərisində ayrı-ayrı çar nazirlərinə, xüsusən mülkədarlara aid olanları da vardı. Qocanın lətifələrində olduğu kimi, söhbətlərində də mövcud quruluşa qarşı bir qəzəb hiss olunurdu. Öz yanında həssas gənclər oturduğundan qoca deyirdi:
– Ey oğul, bizim dərdimiz elə dərddir ki, deməklə başa gəlməz. Kəndlinin vəziyyəti çox ağırdır. Gəlirimiz ilin dörddən birinə çatmır. Çoxumuz şəhərlərə qaçırıq. Bu da bir nicat vermir. Dvoryanlar, onların əlaltıları isə lap qanımızı sorurlar. Vergilər, cərimələr, cəzalar daha bizdə can qoymayıbdır.
Zəki qocanın dediklərini təsdiq etdi:
– Bizim Qafqazda da vəziyyət belədir.
Qocanın söhbətləri açıq, qəzəbli bir şəkildə olduğu üçün Zəki onun müəyyən bir siyasi təşkilata mənsub olduğunu düşündü. Odur ki, daxilindəki marağı söndürmək məqsədi ilə soruşdu:
– Baba can, siz müəyyən bir firqəyə mənsubsunuzmu?
Qoca gülümsəyərək. başı ilə yox işarəsi verdi.
– Məsləksizlik, ən ziyanlı məsləkdir! – deyə Zəki o qədər də yeri olmayan bir fikir ortaya atdı.
Qocanın razı qalmadığını görən Saşa söhbətə qarışdı:
– Zəki, səninlə tamamilə razılaşmaq olmaz. Bitərəflər içərisində elə namuslu, qeyrətli adamlar var ki, onlarsız heç bir zaman mübarizəni axıra qədər davam etdirmək mümkün olmaz. Belələri, əlbət ki, möhkəm məslək adamlarıdır.
Zəki nəyi isə xatırlayıb, Saşanın sözlərini təsdiq etdi:
– Doğru deyirsən, Saşa, Bakıda azərbaycanlı bir qoca var. Məhərrəm əmi. Özü bitərəfdir, ancaq qabaqcıl ziyalılara, inqilabçılara hər işdə kömək edir. Çox qəribə iradəli, mübariz bir adamdır.
Ertəsi gün qoca Qafqazski stansiyasında gənclərlə görüşüb, vaqondan düşdü. Qatar hərəkət etdikdə Zəki ucsuz-bucaqsız zəmiləri seyr edən Saşaya yanaşıb, əlini onun çiyninə qoydu.
– Bilirəm nəyi düşünürsən. Bu geniş düzlərlə indicə qatardan düşən o yoxsul qocanın vəziyyəti arasındakı ziddiyyət! Budur səni düşündürən...
Qatar Şimali Qafqaza, sonra Azərbaycana daxil olanda təbiət xeyli dəyişdi. Buralar Saşanın görmədiyi yerlər idi. Xüsusən meyvə bağları, qarlı dağlar, sıldırımlar ona çox xoş təsir bağışlayırdı. Nəhayət, Bakının ətrafındakı quru, göyərtisiz səhralar qatarın pəncərələrindən görünməyə başladı. Zəkinin ürəyi daha sürətlə döyündü. Bu yerlər nədənsə Zəkiyə daha doğma göründü. Görünür Bakıya yaxınlaşdığı üçün o belə hisslər keçirirdi.
Qatar Bakı stansiyasında dayananda artıq axşamüstü idi. Zəki Saşanı birbaş öz otağına apardı. Onun mənzili bir otaq və bir şüşəbənddən ibarət idi. Gedərkən evi xalası oğlu Musaya tapşırmışdı. Musa onları sevinclə qarşıladı, dərhal çay verdi, olandan yemək hazırladı.
Səhər qəlyanaltı etdikdən sonra Saşanın xalasıgilə getdilər. Qapını orta yaşlı bir qadın açdı.
– Kimi istəyirsiniz?
– Manya Stepanovnanı.
– Mən özüməm, sözünüz nədir?
– Kolyakovkadan gəlmişəm.
Manya Kolyakovka sözünü eşitcək onların hər ikisini evə dəvət etdi. Oturdular.
– Xoş gəlmisiniz, yəqin bacım Qalinadan xəbər gətiribsiniz!
– Elədir, Qalina Stepanovna sağ-salamatdır. Ancaq biz Moskvadan gəlirik.
Manyanın üzündəki sevinc bir anda uçdu, həzin bir səslə dedi:
– Bacımdan çox nigaranam. Neçə aydır məktub almıram.
Zəki:
– Saşa, xalanı nigaran qoyma, bəsdir zarafat etdin – deyə gülümsünərək, Saşanın düzəltdiyi tamaşanı başa çatdırmağa tələsdi. Manya Saşa adını eşidincə yerindən sıçradı, “Saşa, Saşa” – deyə öz bacısı oğlunun boynuna sarıldı. Sonra məhəbbətlə parlayan gözləri ilə Saşanı diqqətlə süzərək:
– Bacımın əziz balası, mən Kolyakovkadan çıxanda sən lap kiçik idin. Nə əcəb gəldin? – dedi.
Saşa şəfqətlə xalasına baxdı, heç bir söz deməsə də xalasını görməkdən çox məmnun olduğunu bildirən bir vəziyyət aldı. Sonra:
– Bu mənim universitet yoldaşımdır, tanış ol, – deyə Zəkini xalasına təqdim etdi.
Manya Zəki ilə görüşdü. Qəlyanaltı hazırlamaq istədikdə gənclər mane olub, təzəcə yediklərini bildirdilər. Saşa günorta gələcəyini bildirib, Zəki ilə bərabər evdən çıxdı.
Ertəsi gün Zəki Saşanı xalasıgilə köçürtdükdən sonra Məhərrəm əmini görməyə getdi. Qoca mülayim təbiətli arvadı Firuzə ilə birlikdə onu çox məhəbbətlə qarşıladı. Nəzakətlə görüşərkən:
– Firuzə xala, qızınız maşallah böyüyübdür, – dedi.
Firuzə Zəkinin sözlərindən məmnun qaldığını gülümsəyən gözləri ilə bildirdi. Məhərrəm əmi Zəkinin diqqətini özünə cəlb etmək üçün söhbəti sualla başladı:
– Əhməd necədir, dərsləri yaxşı gedirmi?
– Özü yaxşıdır, dərsləri də pis getmir. Çalışqan oğlandır. Sizin məhəbbətiniz ona bir az da artıq qüvvət verir.
Məhərrəm əmi elə indicə Zəkinin Moskvadan nə üçün qayıtması məsələsini xatırlatdı. Dərhal soruşdu:
– Bəs sən niyə dərslərin şirin vaxtında qayıtmısan?
Zəki bu suala birdən cavab verə bilmədi. Sonra qısaca olaraq əhvalatı Məhərrəm əmiyə danışdı. Zəkinin fəaliyyəti qoca vətənpərvəri nə qədər sevindirdisə, universitetdən qovulması bir o qədər mütəəssir etdi. O, təsəlli üçün ancaq bu sözləri deyə bildi:
– Oğlum, heç fikir etmə, ən böyük məktəb həyatdır. Su axar, yolunu tapar. Bəs indi nə iş görürsən?
– İki gündür gəlmişəm. Hələ heç yerdə işləmirəm.
Məhərrəm əmi Zəki ilə xeyli söhbət etdi. Zəki ona Moskva həyatından, oradakı inqilabi coşqunluqdan danışdı. Məhərrəm əmi isə Bakıda gördüyü hadisələri, eşitdiyi əhvalatları nağıl etdi.
Qocanın söhbəti o qədər şirin, o qədər səmimi idi ki, Zəki çox gec ayağa qalxa bildi. Vidalaşarkən, ər-arvad ona bir də təsəlli verdilər, tez-tez gəlib-getməsini tapşırdılar.
Zəki Məhərrəm əmini tez-tez görməyə gəlirdi. Onu hansı bir hiss isə bura gəlib-getməyə məcbur edirdi. O, bu kiçik ailədə elə bil dincəlirdi, elə bil bütün dərdləri yüngülləşir, asudə nəfəs alırdı. Məhərrəm əminin qızlığı Nəzakətin də söhbətləri onu axır zamanlar cəlb etməyə başlayırdı. Odur ki, o, yeri düşəndə Nəzakətlə də uzun-uzadı danışır, ona maraqlı kitablar oxumağı tövsiyə edir, dərslərindən soruşurdu.
Bir dəfə yenə Nəzakətlə dərslərindən danışanda Məhərrəm əmi söhbətə qarışdı. Nəzakətin Azərbaycan dilini pis bilməsindən, ana dili müəllimlərinin zəifliyindən, məktəblərdəki pis şəraitdən şikayətləndi. Sonra Zəkiyə müraciət edərək soruşdu:
– Sən necə, ana dilini yaxşı bilirsən? Yoxsa bizim bəzi ziyalılarımız kimi sən də öz dilində heç oxumursan?
Zəki hiss etdi ki, Məhərrəm əmi bir qədər əsəbiləşdiyi üçün onunla belə sərt danışır. Odur ki, çox ehmalca cavab verdi:
– Məhərrəm əmi, Bakıya gələndən sonra oxuduğum kitab və qəzetlərin çoxu ana dilindədir. Mən elə əvvəlindən ana dili ilə pis məşğul olmamışam. “Molla Nəsrəddin”in bir nömrəsini də ötürmürəm. Doğrudur, qəzetlərimizin dili çox ağırdır, təmiz Azərbaycan dilində yazan mühərrirlərimiz çox azdır. Amma çarə nədir, oxumaq lazımdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-esrimizin-qehremanlari-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bağrımı qan eyləmiş ay üzlü bir gül yanaq,Mən ölməsəm, vüsalı nəsibim olmayacaq.
Şərq gözəlinəŞəfəqlər sökərkən öpüşlərindənYaranmış al, incə yanağın sənin!
Üsyan et!Ey sönük, çürümüş dünya, parçalan!Qusduğun: əsarət, zəncir, ölüm, qan!
Gənclik marşıAli Pedaqoji İnstitutun tələbələrinə*Bizik bilik, şan ordusu, Azərbaycan ordusu.