Dördüncü fəsil
Bakı stansiyasına çatdığı və şəhərin mənzərəsini uzaqdan gördüyü zaman onda başqa bir hal doğdu: – “Qoca Bakı, yenə qovuşdum sənə!” – deyə pıçıldadı. Moskvadan çıxdığını teleqramla xəbər vermiş olduğundan yaxın dost-aşna onu qarşılamağa gəlmişdi. Görüşdülər, matəm münasibəti ilə ona təsəlli və başsağlığı verdilər. Sonra oradan birlikdə evə gəldilər.
Atası Ağamürsəlin həftəsi idi. Bir neçə gün təziyədarlıq və dostaşnanı qəbulla məşğul oldu. Sonra atasının qoyub getdiyi əmlak və sərvətin hesabına oturdu. Ağamürsəl son günlər ağır borca düşdüyündən mülklərinin bir çoxunu satmışdı. Həyatının son dəqiqələrində klubda qumar oynarkən yüz min manat uduzmuş, bir buruğunu da bir mədənçinin yanında girov qoymağa məcbur olmuşdu. Klubda oyun stolu üzərində bir əli ilə qədəhi dodaqlarına götürdüyü, o biri əli ilə də kartı açmaq istərkən ürək partlamasından vəfat etmişdi. Atasının bu qədər israfçı və belə faciəli ölümü Əşrəfi çox düşündürdü. O, əvvəlcə əyyaşlıq və səfaləti ataraq işə ciddi yapışmaq və atasının puç etdiyi sərvəti yenidən qazanmaq, buruğu girovdan çıxartmaq istədi. Ancaq Moskva həyatı bütün qüvvəti ilə onu özünə doğru çəkməyə başladı, o bütün əşya və əmlakını satıb Moskvada yaşamağa qərar verdi, çünki Bakı onu sıxırdı. Başqa sərvətdarların oğulları ilə rəqabət etmək iqtidarı qalmamışdı. Bu səbəbə görə Bakıdan tamamilə uzaqlaşmaq istəyirdi. Lakin o günlərdə Gülcahan xala ilə görüşməsi onu Moskva səfərindən daşınmağa məcbur etdi.
Əşrəf gecəni dərin üzüntü və kədər içində keçirmişdi. Onu bir tərəfdən matəm yormuş, bir tərəfdən də Moskva sonalarının ayrılığı bütün varlığını alt-üst etmişdi.
Səhər çox gec oyanmışdı. Qapı döyüldü. İçəri çarşablı bir qadın girdi. Əşrəfi görüncə bir ana kimi onu qucaqlayıb: “Bədbəxt Məryəmin balası!” – deyə ağlamağa başladı. Əşrəf onu dərhal tanıdı. Qadının belə səmimi hərəkəti qəlbinin ən incə tellərinə toxunmuş olduğundan gözləri yaşardı. Bir az sonra hər ikisi həyəcansız bir-birindən ayrıldı. Əşrəf skamyanı çəkərək:
– Gülcahan xala, buyur otur, – dedi.
Gülcahan xala oturdu. Onu diqqətli baxışlarla başdan-ayağa süzdükdən sonra: “Başın sağ olsun, oğlum, fikir eləmə. Cavansan, sənə qəmlənmək yaxşı deyil” – dedi. Ağamürsəlin vəfatından aldığı acı təsirləri azaltmaq məqsədi ilə onun Məryəmə etdiyi zülmləri bir-bir xatırladı. Sonra mənalı gülümsəyərək:
– Dünən Sona deyirdi: “Ana, yazıq Əşrəf də az zəhmət çəkmədi. Məryəm xalanı o çox istəyirdi. O, vəfat etdikdən sonra hər şeydən soyudu. Axırda başını götürüb Rusiyaya getdi”. Oğlum, indi üç ildir ki, vətən üzünə, qohum-qardaş, dost-aşna üzünə həsrətsən. Necə olsa bu üç ildə sənin ürəyin vətənini, dost-aşnanı istəməyə bilməzdi; amma sən bir kərə də bu tərəfə üz çevirmədin, çünki incimişdin. Çox şükür, yenə sağ və salamat gəlib öz qohum-qardaşına qovuşdun. atanın varyoxuna sahib oldun. Ah, nə olaydı, indi Məryəm sağ olaydı, səni belə görəydi.
Rəhmətlik başqa insan idi. Qonşuluqda bir dəfə də ondan incimədik. İki bacı kimi yaşadıq. İpək kimi xasiyyəti vardı. Rəhmətlik son nəfəsində əllərimi tutub dedi: “Gülcahan, Əşrəfi sənə, səni də allaha tapşırıram. Məndən sonra onun nazını, dərdini çəkən olmaz. Balam aralıqda bədbəxt olacaq, allah rizasına ona analıq et!” Ay dünya, zülm yerdə qalmaz, – Gülcahan yaşlı gözlərini yerə dikdi.
Əşrəfi bir daha süzdükdən sonra əlavə etdi:
– Şükür olsun bu boya, bu yaşa gətirən allaha, maşallah, böyük oğlan olmusan. Yaxşı oldu, gəldin, otur, atanın çırağını yandır. Bilirəm, sən atan kimi olmazsan, çünki başın çəkdi. Məsəldir: “Başına gələn, başmaqçı olar”. Bir də sən oxumuşsan, atan kimi deyilsən. İndi maşallah, neçə ildir oxuyursan.
Gülcahan bu sözləri söylərkən Əşrəf sadəcə gülür, onun üzünə baxırdı. Həm də Sona ilə keçirdiyi şən və məsud uşaqlıq həyatını, onunla oynamasını, savaşmasını, hələ on iki yaşında ikən dəlicəsinə Sonanı sevdiyini bir-bir xəyalından keçirir, o bəxtiyar zamanları xatırlayırdı.
Gülcahan xala gedərkən:
– Oğlum, sən özgəsi deyilsən, allah bilir ki, sənə övlad gözü ilə baxıram. Sən də bir ocağın yetirməsisən. Məryəmin yadigarısan. Bizə gəl, get, sıxılma, oğlum, – dedi.
Əşrəf Gülcahan xalanın yumşaq və ətli əllərini əlləri içində hörmətlə, nəzakətlə sıxdıqdan sonra:
– Çox sağ ol, xala can. göstərdiyiniz məhəbbətə qarşı təşəkkür edirəm. Allah sizi dostluqdan əskik etməsin, – deyə onu qapıya qədər ötürdü.
Gülcahan xala ağır addımlarla pilləkəndən enərkən Əşrəfin gözəl əxlaqını, nəzakətini, tam mənası ilə ağır, tərbiyəli bir cavan olduğunu düşünürdü. Əşrəf də eyni zamanda Sonanın səkkiz il bundan əvvəl gördüyü şəklini nəzərinə gətirir, onu xəyalında dərəcə-dərəcə böyüdərək bu gün nə kimi bir şəklə girmiş olduğunu təyin etməyə çalışırdı. Moskvanın sarısaç, sarıgöz, sarıbəniz qızları ilə Sonanı qarşılaşdıraraq zehnində ölçür, biçirdi. İri qara gözlər, uzun qara kirpiklər daha canalıcı olduğuna hökm etdiyindən Sona ona daha sevimli, ürəyə yatımlı görünürdü. Uşaqlığından bəri qəlbinin dərin guşələrində donmuş olan sevgi yavaş-yavaş qımıldanmağa və get-gedə odlu qığılcımlar saçmağa başlamışdı. Ürək içində elə dərin və incə guşələr vardır ki, orada məhəbbətdən başqa heç bir şey yuva tuta bilməz! Məhəbbət orada dəqiqə içində doğar, ağac kimi rişə ataraq bir anda vücudun hər tərəfinə hakim olar. Məhəbbət yenilməz bir qəhrəmandır! Əşrəf ürəyində: “Məni burada Sonanın məhəbbətindən başqa heç bir qüvvə dayandıra bilməz – deyirdi – sevən ürək hardadır, məsud həyat ordadır! Fəqət Əşrəf aldanırdı, çünki onun qəlbindəki o saf, səmimi duyğu, pak və parlaq sevgi çoxdan sönmüşdü, indi onun yerində qara yellər əsirdi.
Əşrəf o gecə Sonanı düşünə-düşünə gözlərini yumdu. Tam üç gün onu xəyalında müxtəlif şəkillərdə canlandırdı, gözü önündə canlanan şəkillərin hamısı ona xoş görünürdü. Nəhayət, xəyalı həqiqətə tətbiq etmək fikri ilə Gülcahan xala ilə görüşməyi qərara aldı. Ona yaraşan ən gözəl paltarını geydi. Tualet önündə bir qadın qədər özünə yaraşıq verdi. Nəhayət, şlyapasını götürüb, Gülcahan xalanın qapısına gəldi. Qapının zəngini basdı. Qapıya bir uşaq gəldi. Əşrəf ondan Gülcahan xala evdədirmi?” – deyə soruşarkən, qarşı-qarşıda olan qapıdan gənc və gözəl bir baş göründü, yenə sürətlə çəkildi. Əşrəf o başı bir saniyə içərisində nəzərdən keçirdikdən sonra: “Yox, yanılmamışam, təsəvvür etdiyimdən daha gözəldir!” – deyə pıçıldadı.
Gülcahan xala Əşrəfi çox məhəbbətlə qəbul etdi. İki saat oturub danışdılar. Əşrəf bu uzun zaman içərisində yalnız bir şeydə ixtisas qazanmışdı: qadın qəlbini ovlamaq, onu özünə ram etmək. Gülcahan xala ona keçmişdən söz açaraq Məryəmlə Ağamürsəlin ailə həyatından, Sona ilə Əşrəfin uşaq ikən savaşmalarından uzun-uzadı danışdı. Əşrəf də göstəriş olmaq üzrə atası Ağamürsəlin üç böyük evi satdığından və neft mədənini üç yüz manat alıb başqa mədənçinin yanında girov qoyduğundan, babasının min bir fəlakətlə əldə etdiyi sərvəti insafsızcasına dağıtmasından söz açdı. Gülcahan xala təəssüf etdi. Əşrəf özünü toplayaraq, məğrur bir tövrlə:
– Qəm çəkmə, xala can, birinin atası şüursuz olur, birinin oğlu. Atam mənim üçün böyük ibrət oldu. Şükür olsun, əvvəlindən bu cür işlərə boyun vermədim. Bu xüsusda özümdən çox razıyam. Sağlıq olsun, hamısını qazanıb yerinə qoyaram, – dedi.
Sadədil qadın Əşrəfin sözlərindən son dərəcə sevindi.
– Oğlum, allah kamalına görə versin, – dedi.
Əşrəf çox nəzakətlə Gülcahan xalanın əllərini əlləri içində sıxıb ayrıldıqdan sonra yalnız Sonanı düşünür, qüdrətin yaratdığı gözəlliyə afərin söyləyirdi. Gülcahan xala da Əşrəfi çox bəyənmiş olduğundan dili ağzına sığmırdı. Sonaya onu tərif edərək:
– Allah saxlasın, elə bil, şəkildir, kamalına, xasiyyətinə də söz yoxdur. Atasına bənzəmir. Danışığı, xasiyyəti rəhmətlik Məryəmin özüdür, – deyirdi.
Əşrəf Moskva sövdasını başından büsbütün çıxartdı. O gündən Gülcahan xalanı tez-tez ziyarət etməyə, qadınların mübaliğədən xoşlandığını bildiyi üçün hər bir sözü mübaliğəli olaraq söyləməyə, oturuşunda, duruşunda başqalıq göstərməyə çalışır və müvəffəq olurdu. Sadədil qadına Əşrəfin hər halı, hər hərəkəti xoş görünürdü. O, Əşrəfə tamamilə məftun olmuşdu. Odur ki, dayısı arvadı Zəhra xanım yarım rəsmi olaraq Əşrəf tərəfindən Sonaya elçi gəldiyi zaman Gülcahan xala onu son dərəcə hörmətlə qəbul etmiş, cavab olaraq: “Sona əvvəlindən Əşrəfindir. Rəhmətlik Məryəm xanımın vəsiyyətidir. Mənim heç sözüm yoxdur. Axşam Hacı ilə görüşüb sizə cavab verərəm” demişdi. Hətta Zəhra xanım gedərkən arxadan: “Əşrəfə söylə ki, qorxmasın, mən onun tərəfindəyəm” – deyə səslənmişdi. Zəhra xanım qayıdaraq əhvalatı olduğu kimi Əşrəfə danışmışdı.
Əşrəf Sonanı alacağı xəyalı ilə artıq yerə-göyə sığmırdı. Xüsusən iki gün sonra Gülcahan xalanın: “Hacının da sözü yoxdur, qudalarıma, kürəkənimə de ki, hazırlıq görsünlər” deyə göndərdiyi cavab onu xoşbəxt bir uşaq kimi sevindirmişdi.
Sona da eyni hallar keçirirdi. O gün qapı ağzında Əşrəfi görmüş, son dərəcə bəyənmişdi. Anası Gülcahan xalanın odlu bir dillə olan tərifi qızın ona qarşı olan məhəbbətini bir qat daha artırmış, uşaqkən ona qarşı bəslədiyi yoldaşlıq hissi başqa bir şəkildə canlanaraq, onu rahatsız etməyə başlamışdı. Sonanın məhəbbəti daha səmimi, daha kəskin idi. Həyatında birinci dəfə olaraq sevməyə başladığı Əşrəfə qəlbinin sönməz hərarətini, ruhunun ən incə, ən parlaq şəfəqlərini bəxş etmişdi. Onun dağ çeşməsi qədər saf qəlbini heç bir kirli əl qaraltmamışdı. Uşaq ürəkli, pəri xilqətli, sevimli, gözəl bir qız idi. Əşrəfi qəlbi kimi sevəcək, özünü ona sevdirəcək və bəxtiyar yaşaya biləcəklərinə əmin idi.
Hər iki gəncin bir-birinə qovuşmaq arzusu onları əzməkdə davam edirdi. Nəhayət, bir gün təntənəli bir toy bu iki həsrətlini bir-birinə qovuşdurdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-esrimizin-qehremanlari-dorduncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çeşməli yaşıl dağlar,Yazdır, gül, açıl, dağlar.
ŞikayətlərimYenə hər yanda hökm edir zülmət!Yenə söndü o nazənin ülkər!
Vətənə qayıdarkənEy bulanıq Kür, dərə, səhra, çəmən!Bu görünən sənmisən, ah, ey vətən?!
Hər şey köhnəDoğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
Стихи других поэтов
Vurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Dağıt o əyri qaşın üstə zülfi- qarə, yerDağıt o əyri qaşın üstə zülfi-qarə, yeri,Vuranda qeybəti-kübradə zülfüqarə yeri.