İkinci pərdə
Страница 2 из 2 · 50%
Fitnə
Padişah, padişah, bir ceyrana bax!
Uzaqda nə gözəl otlayır heyvan!
Bəhram
Qulağından onun alacam nişan.
Fitnə
Yox, qıyma zavallı, yazıq ceyrana!
Bəhram
Tiksəm ayağını mən qulağına
Nə deyərsən buna? Vərdişdir, hünər?
Fitnə
Gərək, padişahim, sən hünər göstər!
Bəhram nişan alıb ceyranı qulağından vurur, ceyran ayağını qulağına aparınca, bu
dəfə nişan alıb ayağını ox ilə qulağına tikir. Qürurlu tövr ilə Fitnəyə:
Bəhram
Necədir?
Vəzir
Eşq olsun, böyük hünərdir!
Bir oxun, ayağı qulağa tikir.
Bəhramın işarəsi ilə qulam ceyranı gətirməyə gedir. Fitnə acı-acı gülür.
Fitnə
Padişah, bu, məncə, vərdişdir, vərdiş.
Bəhram
(acıqlı)
Fitnəsən ey Fitnə, əcəlin gəlmiş.
Vəzir
Bu şeytan fikrilə olaraq əlbir,
Şahı sən hər zaman edirsən təhqir.
Bəhram
Dözülməz bu dərdə, qız bəsdir daha! Tənədir hey vurur vəzirə, şaha.
Bizi bir xanəndə qız da oynadır,
Hünərim gözünə ox kimi batır,
Mənliyim əlində olmuş oyuncaq.
Vəzir
Bu təqsir kimdədir?
Bəhram
Vəzir, bura bax!
Bu qızı al, sən də göstər bir hünər
Başımdan, saraydan uzaq olsun şər.
Al, əlim batmamış qadın qanına,
Rahat et, bir od sal fitnə canına!
Fitnə
Yanıldım, bağışla, bağışla, Bəhram!
Bəhram
Yox, Fitnə ölməsə, rahat olmaram!
Bəhram acıqlı-acıqlı ceyran tərəfə gedir. Vəzir bıçağını çıxarıb fitnəyə.
Vəzir
Bəhramın əmridir, neyləyim, Fitnə?
Fitnə
Of, aman!.. Ah, vəzir, rəhm elə mənə!
Vəzir
Çox ağır olsa da səni öldürmək,
Bəhramın əmrinə itaət gərək!
Fitnə qoynundan yeddi gövhər çıxarıb vəzirə uzadır.
Fitnə
Al, sənə verirəm yeddi gövhəri;
Şah xəzinəsinə dəyər hər biri.
Vəzir
Verdiyi gövhərə, şeyə uymaram!
İtaət etməsəm, məhv edər Bəhram.
Bəxtiyar əlində çəng gəlir, bunu görüncə cəld, atasının
əlindən tutur.
Bəxtiyar
Nə işdir bu, ata?! Əl saxla bir an!
Bu mələk səsliyə qıyarmı insan?
Bu el bülbülünü susdurma, çəkil!
Vəzir
Bu, şahın əmridir, oyuncaq deyil!
Bəxtiyar
Soldurma bu qönçə gülümü, ata!
Qoyma həsrət məni bu şən həyata!
Gəl bu gənc ömrümə bağışla onu!
Vəzir
Mənə də, sənə də bəladır sonu.
Fitnə
Yaradan eşqinə, rəhm elə mənə!
Vəzir
Mümkünmü, Bəhramdan qorxuram, Fitnə!
Fitnə
Məni şah tutur öz canından əziz,
Onun bir məclisi keçməyir mənsiz.
Bəxtiyar
Olacaq tutduğu işdən peşiman,
Səndən istəyəcək onu bir zaman.
Fitnə
Şah kinə doldu, sən bağışla məni!
Bəxtiyar
Fitnəsiz qoyma bu əziz ölkəni
Vəzir
(Fitnəni çəkərək).
Çarə yox.
Bəxtiyar
Ata can, dayan, bir az dur!
Fitnənin yerinə başımı gəl, vur!
Vəzir
(acıqlı)
Görünmə gözümə, düşgün, ədəbsiz! Səninçin bir odur hər şeydən əziz. Bu işdən Bəhram şah tutarsa xəbər, Bil ki, bircə anda başımız gedər.
Bəxtiyar
Fitnənin yolunda qurbandır bu baş, Ata can, rəhm elə, olma qəlbi daş!
Ağacda bülbül oxuyur. Fitnə qəmli-qəmli oxuyur.
Fitnə
Oxu bülbülüm, oxu.
Bəxtim mənə yağıdır.
Əcəl üstümü almış,
Artıq ölüm çağıdır.
Oxu, səsin titrəsin
Səmaları gəzərək.
Daha mənim səsimi
Kimsə eşitməyəcək.
Fitnə başını qucaqlayıb ağlayır. Vəzirin halı dəyişir, bıçağı yerinə qoyur.
Vəzir
Bu necə nəfəsdir, mərhəba Fitnə!
Doğrudan günahdır toxunmaq sənə. Şahları mat qoyan gözəl səsin var, Ölüyə can verən xoş nəfəsin var. Bəhramın bu əmri nahaqdır yenə.
Ölüm fərmanını yazsa da mənə,
Tökmərəm qanını, azadsan; ancaq
Bəhram şah demişkən, atma baş-ayaq! Sən mənim qızım ol, sarayımda qal,
Görək neylər fələk, şənlən, oxu, çal! Fitnə olduğunu kimsə bilməsin,
Bəhramdan danışma, dəyişsin səsin.
Fitnə
Çox sağ ol!
Bəxtiyar
Min yaşa, ey nəcib insan!
Hər zaman yar olsun sənə yaradan!
Vəzir
Bizim kaşanəyə apar Fitnəni!
Bəxtiyar
Yaradan bizə çox görməsin səni!
Bəxtiyar ilə Fitnə gedir, vəzir diqqətlə o tərəf-bu tərəfə baxır
Vəzir
Qoy getsin, yaşasın, dünya genişdir,
Qan tökmək, bu taxtü taca vərdişdir.
Qulam və Bəhram görünür. Qulamın çiynində oxla əli qulağına tikilmiş bir
ceyran var.
Vəzir
(həyəcanla).
Xeyir olsun, ah, gəlir uğursuz insan,
Gözündə oynayır ehtiras, al qan.
Bəhram yaxınlaşır, əli ilə ceyrana işarə edir.
Bəhram
Ceyranı gətirdim göstərim sənə
Hünər başqa şeydir biləsən, Fitnə!
Hanı o?
Vəzir
Öldürdüm onu, padişah! (Bəhram çox pərişan olur, vəzir qorxuya düşür)
Əmri siz verdiniz.
Bəhram
Of, aman allah!
Ey qoca, yox imiş səndə mərhəmət!
Ölüsü nə oldu?
Vəzir
Etdi vəsiyyət:
– Məni kəndimizə göndərin, – dedi.
Bəhram
Ah, onu bu qara torpaqlar yedi.
Vəzir
Əməl etdim onun vəsiyyətinə,
Qulama tapşırdım...
Bəhram
Ah, gözəl Fitnə!
Bəhram iki əli ilə başını tutub yerə oturur.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-fitne-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rəhm eylə, tərəhhüm çağıdır, xan, sənə qurban.Qoyma bizi gəl bisərü saman, sənə qurban.
Biri sənsən mələkciyim, biri mənQonşuda qarşı-qarşıya görünənİri camlı, genişcə pəncərədən
Bəradərim FiridunbəyəTƏQDİM ETDİYİM RƏSMİMİN ALTINA*Qəlbinə yəs, iğbirar açan
Nəcəfbəy Vəzirov həzrətlərinəSən ey bu yomi-ali qəhrəmanı, ey işıq ulduz!Təşəkkür etməyə səndən mənim qəlbim, dilim aciz.
Стихи других поэтов
Мы жить не можем, смерть поправ,— как тяжко умирать!На жизнь имея столько прав, как тяжко умирать!
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Kamın alSəy göstərib bu meydana çıxanda,Məclislərdən, toy-büsatdan kamın al.