Страница 1 из 2

Səhnə Səfi bəyin evini təsvir edir. Küçə tərəfdən iki pəncərə və həyətə açılan bö-
yük qapı. Həyət tərəfdə otaqların artırması. Ülkər pəncərədən küçəyə baxır. İldırım
keçərkən onu görüb yanaşır.

İldırım. Kimi gözləyirsən?

Ülkər (utancaq bir əda ilə). Hər an, hər dəqiqə gözlədiyimi.

İldırım. Elə isə mane olmayım. (Getmək istəyir)

Ülkər. Yenidən gözlətmək üçünmü gedirsən?

İldırım. Mənimi gözləyirdin?

Ülkər. Səncə, bəs kimi? (Başını aşağı dikir)

İldırım. Yerə nə üçün baxırsan? Yoxsa o gözləri məndən qısqanırsan?

Ülkər. Səndən qısqandığım heç bir şey yoxdur.

İldırım. Ax, Ülkər, şeytandan mələk, divdən pəri doğduğunu heç görməmişdim.

Ülkər. Pəri olduğumu nədən bilirsən?

İldırım. Onu mənə qəlbim söyləyir. (Əlindəki çiçəyi bir söz söyləmədən Ülkərə verir. Ülkər alıb qoxulayır)

Ülkər. Qəlbin səni aldadır.

İldırım. O məni heç bir zaman aldatmayıb, dostunu, düşmənini çox gözəl tanıyır. (Əllərini əlləri içinə alır) Ax, o əllər yıxır, bu əllər tikir.

Ülkər. Yıxan hansı əllərdir?

İldırım. Bu əlləri doğan əllər?

Ülkər. Doğrudur, o əllər yalnız səni yıxa bilmir.

İldırım. Əvəzinə bütün xalqa divan tutur. Mən buna dözə bilmirəm, Ülkər! Mən bütün varlığımla ona bağlıyam, onunla nəfəs alıram. Bəs sən necə?

Ülkər. Bunu nə üçün soruşursan?

İldırım. Bilmək istəyirəm.

Ülkər. Bu aydın deyilmi? Bəs sən kimsən?

İldırım (həyəcanlı). Bu sözləri sənə kim öyrədir, Ülkər?

Ülkər. Sənin gözlərindəki ildırım.

İldırım. Gözlərimdəki ildırım şimşəyi səndən alır... Demək, məqsədimiz birdir. Bəs o halda bu məzlumları əsirlikdən qurtarmaq istəmirsənmi?

Ülkər. Ax... atamın əsirliyindənmi?

İldırım (hiddətli). Bəli, atanın, atan kimilərin əlinə qılınc verən Nikolay siyasəti, çar səltənətidir... Onu kökündən qoparıb atmaq lazımdır.

Ülkər. Onu görüm, kor olsun, o heç yıxılan qüvvətdirmi?

İldırım. Əllərin əllərim içində olarsa, göyləri yerlərə yıxaram. Sən yalnız mənə söz ver!

Ülkər. Bu lazımdırsa, verirəm.

İldırım. O halda and iç!

Ülkər. Nəyə?

İldırım. Bu məzlum xalqın ayaqlanmış hüququna, əzilmiş mənliyinə!

Ülkər. Hər üçünə and içirəm!

İldırım. Üçüncü nədir?

Ülkər. Bir də İldırıma olan eşqimə!

İldırım. Ülkər, sənin bu hazırcavablığın ağlımı başımdan alır. (Əlini alıb öpmək istəyir. Nəyi isə xatırlamış kimi birdən durur, Ülkərin əlini buraxır) Səni görüncə hər şeyi unuduram...

Ülkər. Sənə nə oldu? Yoxsa...

İldırım. Ah, Ülkər... Mən sənə nə anlatmağa gəlmişdim, nələr dedim.

Ülkər. Allah xatirinə, söylə, söylə ki, ürəyimdəki bu şübhələr çıxsın, söylə!

İldırım (ciddi). Ülkər, bilirsən ki, mənim sənə olan eşqim köpüklü çaylar qədər coşqun, sahilsiz ümmanlar qədər genişdir. (Ülkər əlindəki çiçəyi qoxulayır. İldırıma aşiqanə nəzərlərlə baxır) Ancaq bizim dinc həyat qurmağımıza heç inana bilmirəm. Axı, mənim getdiyim yol çox qorxuludur. Mən ya zindanlarda çürüyəcəyəm, ya da günüm qaçaqlıqda, dağlarda, meşələrdə keçəcək. Sən isə mənim ucumdan gül kimi solub müsibətlər çəkəcəksən. Doğrusu, bunu mən istəmirəm.

Ülkər (əlindəki çiçəyi başıaşağı tutaraq, düşüncəli). Anlayıram, demək, belə, ürəyindən keçənlər məlum oldu.

İldırım. İnan, Ülkər, mən bunları yalnız, yalnız sənin xoşbəxtliyin üçün istəyirəm. Sən bir başqasını sevsən, daha bəxtiyar olarsan.

Ülkər. Sən bir başqasını sevib bəxtiyar olduğun kimi.

İldırım. Bilirəm nəyə işarə edirsən. Günəşə mən dostumun bacısı kimi hörmət bəsləyirəm. Ona qarşı ürəyimdə heç bir hiss yoxdur. Səni isə bizim kənddə xoşbəxt edəcək adamlar vardır.

Ülkər. Yoxsa özünü əvəz edəcək adamı da tapmısan?

İldırım. Elədir ki, var. Ancaq onu mən tapmamışam, o səni tapıb.

Ülkər. Eh, İldırım, bilirəm kimi deyirsən. Sən məhəbbətdə də öz mərdliyini, cəsarətini göstərmək istəyirsən. Ancaq bu baş tutan şey deyil. Sən öz dostuna məhəbbətini qurban vermək istəyirsən, eləmi? Bunu sən bəlkə bacararsan, qadın ürəyi bacarmaz. Ah, nə ağır təklif... (Əlindəki çiçəyin son ləçəklərini qırıb yerə səpir) Ey qəlbimdə açan təzə çiçəklər, siz də tökülün. (Birdən hıçqıraraq ağlayır)

İldırım. Onlar tökülsün, yerində daha təzə, daha şux çiçəklər açılsın. Qoy o çiçəklər inqilab bayramını bəzəmək üçün bir dəstə gülə çevrilsin.

Ülkər (ağlayır). Demək, hər şey bitdi. O gözəl günlər bahar buludları kimi uçdu, getdi.

İldırım. Ülkər, Ülkər, ağlama, mən...

Soltan xanımın səsi eşidilir.

Ülkər, sağ ol, gələn var, mən getdim. Görüşə qədər. (Gedir)

Ülkər. Görüşə qədər, heç nə anlamıram. Ey ömrümün əjdahaağızlı sirləri, dərdlərimi sən sil.

Soltanx an ı m (gəlir, Ülkəri ağlayan görüb). Qızım, niyə ağlayırsan?

Ülkər. Heç...

Soltanxanım. Necə heç... Yoxsa, yenə o gədənin tıspısıdır? Allaha and olsun, atan bilsə, ətini şişə çəkər. Bir o qalmışdı: rəiyyət, Səfi bəyin qızı! Eşidən nə deyər?

Ülkər. Rəiyyət olanda nə olar? Mən onun bir tükünü yüz bəy oğluna dəyişmərəm.

Soltanxanım (bir qədər yumşalır, Ülkərə yaxınlaşır). O da heç olmasa səni istəyirmi?

Ülkər. Heç baş açmıram, ancaq...

Soltanxanım. Yoxsa minnət qoyur? Burda deyiblər ki, qudurasan qurbağa, quruldayan yerində. Sənin kimi gözəl, mələk qıza ərmi tapılmır?

Ülkər. Mən nə gözələm, nə də mələk.

Soltanxanım. Bəs nəsən?

Ülkər. Səfinin qızı Ülkərəm.

Soltanxanım. Axmaq, Səfinin qızı olduğuna yoxsa peşmansan? Başqaları sənə həsəd edir.

Ülkər. Mən onlara həsəd etdiyim kimi, hamı mənə nifrət edir.

Soltanxanım. Sənə nə üçün nifrət etsinlər? Sən onlara nə pislik etmisən ki?

Ülkər. Etmədiyimiz nə qaldı? Yıxmadığımız bir ev, uçurmadığımız bir yuvamı var?

Soltanxanım. Qızım, bu fikirləri başından çıxar, bilirəm, bunları sənə o şeytan qılıqlı İldırım öyrədir.

Ülkər. Şeytan deyil, vicdan adlı bir mələk. Burada İldırımın nə təqsiri var? Gözüm kor deyil ki... (Səsini dəyişərək) Ana, heç insafın yoxdurmu? O sandıqlar dolusu zinətlər, o anbar dolusu mis qablar kimindir? Dul arvadların, yetimlərin göz yaşları deyilmi? Atamın doğruluqla qazandığı bir şeymi var?

Soltanxanım. Ay qızım, kişinin öz haqqıdır, alır. Bir də, tutaq ki, sən deyənlər doğrudur, atandır, neyləyək?

Ülkər. Axı, o, nə üçün belə edir?

Səfi bəyin ayaq səsləri eşidilir.

Soltanxanım. Sus, qızım, deyəsən, atan gəlir.

Səfibəy. Rəcəb... Rəcəb... (Rəcəb qozbel kimi ikiqat olub topalayaraq gəlir. Səfi onu başdan ayağa süzərək) Yenə kirpi kimi nə büzülübsən? Nə üçün axsayırsan?

Rəcəb. Çoxdan axsayıram, sınıqçıya göstərmişəm, deyir ki, sağalan şeyə oxşamır.

Səfibəy. Ay tülkü, tənbəllikdən bilmir nə kələk qursun.

Rəcəb. Yük daşımaqdan belim büküldü, topal oldum, yenə adım tənbəldir. Bir aydır ki, ayaqlarımın ağrısından nə gəzə bilirəm, nə də yata...

Səfibəy. Yaxşı, çox zarıma. Get, Mürşüd kişini çağır gəlsin. (Rəcəb gedir, əvvəlcə vekselləri, sonra qızılları, qadın zinətlərini bir-bir çıxarıb baxır, yenə sandığa qoyur. Bir qızıl boyunbağı götürüb Soltan xanıma göstərir) Ay arvad, bax, nə gözəl boyunbağıdır. Bunu Ülkərə al!

Soltanxanım. Mənim pulum hanı alım.

Səfibəy. Dayısı alıb bağışlasın.

Soltanxanım. Səninki azmı düşüb? Sən qızına bir boyunbağı qıymırsan, dayı qıyarmı?

Ülkər. Mənə heç bir şey lazım deyil.

Səfibəy (boyunbağını havada iki əli ilə tutaraq). Çıraq kimi yanır. Baxdıqca insanın gözləri işıqlanır.

Ülkər. Onlar yalnız sənin gözlərini işıqlandıra bilər. Heç kafirə də qismət olmasın, yazıqdır.

Səfibəy. Neçin?

Ülkər. Onlarda o qədər göz var ki... hamısı yetim-yesirin qanlı göz yaşıdır.

Səfibəy. Nə zaman sənə verdim, alma!

Ülkər. Sənin heç bir şeyin mənə lazım deyil!

Fərrux (sürətlə daxil olur). Ata, bu kənddə mən yaşaya bilməyəcəyəm. Burda savaşmadığım gün yoxdur. Bir gün ya məni öldürəcəklər, ya da bu kənddə bir qan edəcəyəm ki, hamı tamaşasına dursun.

Səfibəy. Nə üçün savaşırsan?

Fərrux. Sənin ucundan... hər kəs bir söz deyir. Elə sözlər söyləyirlər ki, susmaq olmur, adam özündən çıxır.

Soltanxanım. Qoy söyləsinlər, sən heç fikir vermə.

Fərrux. Mümkün olmur, ana... Şəhərə köçməkdən başqa çarəm yoxdur.

Soltanxanım. Oğlum, bu işlərə qarışma, atandan söz açılanda, sən qalx, get.

Fərrux (hiddətli). Söz danışdı... Camaat lap qudurub, ipə-sapa sığmayır... Deyirlər ki, sizin ağalığınızın axırıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Köç

Mayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq bir də: “Qalx oğlum! səndən başqa hamı hazırdır, arabamız da gəlib” – dedi.

191031 мин
Daşqın

Baharın dumanlı səhərinin rütubətli havasını udduqca yatağımdan qalxmaq istəmirdim. Boğazıma qədər yorğana sarılaraq gəmiklərim qızındıqca nəşəli bir kəsalət içində gözlərimi qapayıb qulaqlarımın ucunda çınlayan həzin bir gurultunu dinləyirdim. Birdən-birə artırmadan: “Kür daşmış, Kür daşmış!” – deyə ucadan heybətli səsdən dimdik qalxdım. Əlbəsəmi geyinər-geyinməz Kürə baxan uzun artırmaya qoşdum. Dəli Kür iki metroya qədər yüksəlmiş, sahilləri hiddətlə çeynəyən acıqlı boz dalğalar uzaq ormanlardan, bağlardan qoparıb gətirdiyi iri ağacları və sahildəki yoxsul taxta külbələri önünə qataraq qamçılaya-qamçılaya uzaq yerlərə götürüb gedirdi. bir çocuq hissi ilə bu amansız daşqının yapdığı fəlakətlərin seyr və tamaşasına dalmışdım...Sahil boyu uzanıb gedən sarp qayalar, yaşıl təpələr və hər tərəfdə gurultu qoparan tamaşaçılar, sevincindən hoppanıb-düşən çocuqlar bu mənzərənin gözəlliyini bir qat daha artırmışdı. Birdən-birə sahillərdən qopan müdhiş bir bağırtı qəlbimdə dərin bir həyəcan oyatdı. Nəhrin qaynağına doğru baxarkən suyun ortasında bir dəyirmançı külbəsinin qara dalğalarla çarpışa-çarpışa aşağı doğru axıb gəldiyini gördüm. İçindəkilər uzaqdan bir pişik yavrusu qədər görünürdü. Əllərini sahillərə doğru uzadaraq yardım istəyən bağırtıları hiddətli boz dalğaların gurultuları içində yayılıb gedirdi. Uzaqdan seyr edən tamaşaçılar bu müdhiş mənzərəyə çox acıdıqları halda, kimsədə onları qurtarmaq arzusu yox idi. Kür nəhri təbii halında axdığı zaman tam ortasında kiçik bir adacıq görünürdü. Sellərin gətirdiyi ağaclardan bir neçəsi haman quruda dərin köklər atmış olduğundan yerləşib qalmışdı. Yay zamanı ora kiçik yaşıl bir ada kimi canlanırdı. Üzgüçülər çox vaxt üzə-üzə gedib dörd tərəfi su olan o quruda, o kiçik adacıqda dincəlirdi. Bu dəfə də sellərin ilk gətirdiyi bir neçə qol-budaqlı iri ağac o dayaz yerdə möhkəm yerləşib qalmışdı. Külbə get-gedə yaxlaşır və nəhrin ortası ilə ağaclara doğru qoşurdu. Bu hal sahildə alay vuran tamaşaçıların qəlbində ümid nuru doğurmuş olduğundan hamı böyük bir maraq içində işin nəticəsini bəkləyib dururdu.

19104 мин
Göbələk

Tiflisdə olduğum günlərin ən bəxtiyar saatlarını “Gəncə bağında” keçirirdim. Qaynaşan gurultulu həyatdan özünü bir dağ yamacına çəkmiş və hər tərəfi uca, qalın divarlarla qucaqlaşmış bu bağın iri dəmir qapısından içəri girincə hər şeyi unudur, qarşımda başqa dünya, başqa aləm açılırdı. Təbiətcə ən gözəl bir lövhəyə təqlid edilərək düzəldilmiş bu bağın çox təbii görünən pərişan gözəllikləri, dolaşıq eniş-yoxuş yolları, başlarını bir-birinə əymiş uca və sıx ağacları vardı. Hər gün kəsə cığırlarla aşağıya, dərəyə qədər enər və orada bir daş üstündə oturub, saatlarla fikrə gedər, düşünərdim.Payızın dumanlı bir günü idi. Adətim üzrə, “Gəncə bağını” gəzdikdən sonra qısa addımlarla evə qayıdırdım. Birdən-birə arxadan eşidilən bir səsdən geri döndüm. Üst-başı təmiz, səliqəli geyinmiş bir gənc əli ilə “dur!” işarəsini verdi. Durdum. Yaxınlaşdı. Görüşdük.

19129 мин
Pirin kəraməti

İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.

19129 мин

Стихи других поэтов