Səhnə Jirikovun evini təsvir edir

Zəhra (yalnız). Of, nə ağır, nə çətin vəziyyət. Orda məni lənət və nifrət, burda namussuzluq və xəyanət gözləyir. Ey məni böyüdən, yaşadan yerlər, sənə son göz yaşlarımı tökürəm.

Aslan (yapıncıya bürünmüş halda). Zəhra!

Zəhra (görməyib). Bu kimdir?

Aslan. Zəhra!

Zəhra. Ah, Aslan! Məni öldürməyəmi gəldin? İntiqam almaqmı istəyirsən? Öldür məni, öldür! Mən ölməyə çoxdan razıyam.

Aslan. Qorxma, Zəhra, sənə nicat verməyə gəldim.

Zəhra. Nicat verməyə?

Aslan. Nicat verməyə, tez ol gedəlim!

Zəhra. Mənə nicat vermək istərkən özünü təhlükəyə saldın.

Aslan. Sənin yolunda hər şeydən keçirəm, Zəhra!

Zəhra. Söylə, Aslan, səndəmi mənə lənət oxuyursan?

Aslan. Yox, Zəhra! Qəlbim yenə də sənə qarşı daşqın bir məhəbbətlə çarpır, vaxt keçir, tez gedəlim!

Zəhra. Hara?

Aslan. Bu gün düşmənə hücum olacaq. Bu qalalar, səngərlər atəş və alov içində qalacaq.

Zəhra. Nə böyük müjdə. Fəqət mən gedə bilməyəcəyəm.

Aslan. Ölkənin bütün qəhrəmanları silahlanmış, hamısı Şamilin bir işarəsini gözləyir. Bu qalalar kül olmamış gəl buradan çıxalım! Qorxma, bu yapıncı rus qaradavoylarını aldadar.

Zəhra. Aslan, sən məni qurtarmağa gəldin, fəqət özün düşmən əlindəsən. Qaç, qaç qurtar.

Aslan. Sənsiz getmərəm, Zəhra! Burada sənin üçün ölüm və əsarət, orda azadlıq və səadət var. Atımız bizi bəkləyir.

Zəhra. Aslan, bilmirsən mən kiməm? Xain bir qız, düşmənlərimizin sevgilisi, mənim aldadıcı və xain qəlbimdə sizin üçün heç bir şey yox!

Aslan. Gözəl Zəhra, belə söyləmə!

Zəhra. Mən səni sevmirəm. Sən burada nə edirsən?

Aslan. Ah, Zəhra! Mən məhəbbət əsiriyəm. Hər tərəfə istəsə çəkir. Bu qalalar alovlanmamış sənə nicat vermək istəyirəm.

Zəhra. Məni nə üçün ora çəkirsən? Orda məni lənət və fəlakət bəkləyir.

Aslan. Yox, Zəhra, yanılırsan, orda səni azadlıq və səadət bəkləyir.

Zəhra. Çox razıyam, Aslan! Məni sevirsənsə Jirikovu bu təhlükədən qurtar, ona kömək ol, Aslan!

Aslan. Rus knyazı Jirikovumu?

Zəhra. Göstər mənə olan məhəbbətini, göstər!

Aslan. Bu, alçaqlıq və namussuzluqdur. Quşlar qədər azad yaşamış olan bu dağ igidlərini əsir etmək istəyən düşməni qurtarmaq olurmu? Bax, Zəhra, Elbrus dağının ətəklərində, Quban çayının dəhşətli dalğaları arasında al qan içində çeynənən bu dağ qəhrəmanları başlarını qaldırıb bağırır: qalxınız, ey dağların azad övladı, qalxınız!..

Zəhra. Aslan, Jirikova nicat ver, rica edirəm, Aslan!

Aslan. Bu nə qədər ağır təklif olsa da, sənin xatirin üçün onu qurtarmağa söz verirəm.

Zəhra. Sağ ol, Aslan! Sənin qəlbin dağ çeşmələrindən də saf və parlaqdır.

Aslan. Mən bu çadıra hücum edib Jirikovu salamat tutaram. Əmin ol, fəqət sənə indi nicat verməyə hazıram.

Jirikov, Qodunov daxil olur.

Jirikov (uzaqdan Qodunova). Əmr ver, ordugahdan keçməyə kimsəni buraxmasınlar!

Zəhra. Aslan, işin bitdi. Sən məhv oldun. Tez gizlən!

Aslan. Gecdir, Zəhra!

Jirikov (Qodunova). Bu nədir? Bizim çadırımızın qarşısında çərkəs atı. (Onları görür) Zəhra, burada nə edirsən?

Aslan. Knyaz, şikayətə gəldim.

Jirikov. Kimdən?

Aslan. Üçüncü tabur qazaqlarından.

Jirikov. Bilmirmisən böyüklərin hüzuruna yapıncı və papaq ilə gəlmək olmaz? Götür yapıncını! (Götürməz) Qaravul! Qaravul!

Qodunov. Məğrur adam! (Bir zabit, altı əsgər içəri girir)

Jirikov. Alınız yapıncını, həbs ediniz?

Zabit yapıncını almaq istəyir, Aslan verməz, əsgərlər dartıb alır. Aslan çərkəs liba-
sında, əynində dava geyimi, belində qılınc.

Aslan (qılıncı çəkər). Buraxın məni!

Jirikov. Vurun! (Əsgərlər tüfəngləri qaldırır)

Zəhra (aralığa atılıb). Durun! Səbir et, Aslan! Ver bura qılıncı! (Qılıncı alıb Jirikova verir)

Jirikov. Burada bir sirr var.

Zəhra. Bu mənim qardaşımdır, görüşməyə gəlmiş.

Jirikov (Aslana). Adın nədir?

Aslan. Aslan!

Jirikov. Çox gözəl, anladım. (Qodunova) Ehtiyatlı ol! Qaravulları ikiqat artır, bu casusdur, əsgərlərə xəbər ver. Bu axşam edam ediləcək.

Zəhra. Of, sən kömək ol, Allah!

Qodunov. İtaət. (Gedir)

Zəhra (Jirikovun qarşısında diz çökərək). Sevimli knyaz, bu əsiri bağışla mənə.

Jirikov. Qalx, boş yerə yalvarma. Bilirəm, sən öz sevgilini qurtarmaq istəyirsən. Mən öz səadətimi bir dağ vəhşisilə bölüşə bilmərəm.

Zəhra. And olsun inandığın Allaha, müqəddəs bildiyin hər şeyə, and olsun sənə olan eşqimə, mən onu sevmirəm.

Jirikov. Yox, o məhv olmalıdır! Müharibə qanunu bunu tələb edir. Onların məğrur başları bizim təpiklərimiz altında əzilməyincə, onlar padşahımıza itaət etməz.

Aslan. Bu heç bir zaman olmayacaq. Sənin padşahının sağ əli bizim buzlaqlara çatmaz.

Zəhra (qalxar). İnsafsız, sən məni heçmi sevməyirsən? Ah, axmaqlıq, sadəlik, aldandım... Belə olmaz, knyaz, son sözünü söylə, mənim bütün həyatım ondan asılıdır.

Jirikov. Mən rəhmsiz deyiləm. Sənin dostunu qurtarmaq üçün bir çarə var.

Zəhra. Nədir? Tez söylə!

Jirikov (Aslana). Aslan, and iç ki, bizim padşaha sədaqətlə itaət və xidmət edərsən, mən sənin qanından keçərəm.

Aslan. Heç bir zaman!

Jirikov. Tərs axmaq! Bu gecə edam ediləcək!

Zəhra. Aslan! Aslan!

Jirikov. O edam edilməlidir. Qoy bu qanlı xəbər dağlarda yaşayan kəndləri dəhşətə gətirsin.

Aslan. Nə axmaq xülya... Mənim qanım bu azad dağlarda kin və intiqam alovunu yüz qat daha artırar. Hamısı bir əl kimi intiqama qalxar. Onların dəhşətli nərələri şimal dağlarını titrədər. Bu səbəbə görə ölüm mənim üçün bir səadətdir. Yaxın bir zamanda sizin müstəbid padşahınızın qüruru qırılır.

Jirikov. Yazıqlar! Bizim padşahımızın qüvvət və iradəsi bitməz, tükənməzdir. Dünyanın yarısı onun ayaqları altındadır. Onun atəşli əmrlərinə bütün dünya itaət edir. Onun bir işarəsilə Şərqdə doğan bütün xam xəyalat bir anda sönər və hamısı qarşısında diz çökər. O, bütün Avropanı yalnız bir kirpiyində saxlayır. İndiyə qədər biz sizinlə oynayırdıq. Yaxın zamanda padşahımızın səbir kasası daşar, o zaman sizin dərələr, çöllər saysız qüvvətlə dolar. Dağların başından hiddət və dəhşət topları partlar. Nə qədər ki Qafqazın müdhiş uçurumları, Quban çayının qanlı dalğaları sizin cəmdəklərinizi udmamış, padşahımızın kin və hiddət təpiyi sizi əzəcək.

Aslan. Siz bizlərdən tək-tək öldürə bilərsiniz, fəqət müzəffər və qalib ola bilməyəcəksiniz.

Zəhra (bu söhbətlər arasında dalmış kimi durar, birdən-birə). Knyaz, axırıncı dəfə olaraq mənim ricamı qəbul et! Kömək ol Aslana!

Jirikov. Sus, alçaq! Hərb işlərinə qarışma. Bu cəsarəti sənə mənim məhəbbətim verirsə, unutma ki, sən əsir bir qızsan.

Zəhra. Knyaz, sən bu çirkin hərəkətinlə aramızda elə bir uçurum açdın ki, o məhəbbətlər ora gömüləcək və bir daha qayıtmayacaq.

Aslan. Yaşa, uca dağların azad qızı! Düşmən qarşısında boyun bükmə, cəsur və məğrur ol!

Zəhra (başını Aslanın umuzuna qoyaraq). İgid Aslan! Sən məni sevirdin, öyləmi?

Jirikov. Mənim hüzurumda... (onları hiddətlə bir-birindən ayırır).

Aslan. Yaşa, Zəhra, yaşa! Sən mənə cənnət məhəbbəti bəxş etdin!.. (Jirikova) Bundan sonra sizin qurşunlarınız məni qorxutmaz. Pəmbə buludlara bürünmüş günəş axşama qədər sönməyəcək.

Zəhra. İnan, Aslan, səni qurtaracağam (Jirikova) Ürəksiz, vicdansız, mərhəmətsiz!

Jirikov. Sus, azğın qadın!

Zəhra. Tiflisin ey gözəl gecələri, siz şahid olun ki, bu mənə istehza etdi. (Başından almas cıqqanı dartıb yerə atar) Ey xəyanət və namussuzluq cıqqası, sənin yerin başım deyil, ayaqlarım altıdır. (Boynundan inciləri dartıb yerə atar) Al, bu da sənin bəxşişindir. Ey məhəbbətlərim, siz də bunlar kimi dağılın! Sən mənim, xalqın, ölkəmin düşmənisən. Tez ol, alçaq, qaytar mənim namusumu!

Jirikov. Axmaq! Sən öz müqəddəratınla oynayırsan!

Zəhra. Lənət olsun sənə rast olduğum günə! O gün qəlbim nə üçün parçalanmadı? Nə üçün dəhşətli ildırımlar yandırıb məni kül etmədi? Bu azad dağlar şərəfinə namussuzluq düyününü açıb uca səslə deyirəm: lənət olsun mənə və sənə.

Aslan. Yaşa, Zəhra, yaşa!

Jirikov. Əsiri götürün. Axşam edam edilməlidir. (Zəhraya) Səbir et, sən də cəzasız qalmayacaqsan! (Zabit Aslanı götürür, Jirikov da dalınca gedir)

Zəhra. Of, bu vicdansızın qəlbini heç bir şey yumşaltmadı. Aslan isə ona nicat verməyə söz verdi. O mənimlə oynayırdı, o mənim məhəbbətimi bir oyuncaq kimi ölçüb-biçirdi. O məni şəfəqli göylərdən dərin uçurumlara atdı. Onun yolunda xar oldum, xain oldum, namussuz oldum. Yox, Aslan! Mən sənə nicat verməliyəm! (Düşünür, çıxmaq istərkən Qodunov daxil olur)

Qodunov. Dur, Qafqaz çiçəyi, dur!

Zəhra. Dəf ol, burax məni.

Qodunov. Sevirəm səni, Zəhra!

Zəhra. Mən sizdən nifrət edirəm.

Qodunov. Zəhra, Zəhra!

Zəhra. Rədd ol, deyirəm sənə.

Qodunov. Mən dolu ciblə bazara gəlmişəm. Aslanın həyatı mənim əlimdədir. Söylə, məni sevirmisən?

Zəhra. Sənə rədd ol deyirəm.

Qodunov. Almasa sədaqət gözilə baxmaq padşahımızın əmridir. Amma sən almasdan da gözəlsən, yanaqlarının şüası gözlərimi qamaşdırır. Söylə, Zəhra, məni sevirmisən?

Zəhra. Nə bura satqı bazarı, nə də mən satılıq qulam. Yoxsa bizləri əsir, qul zənn edirsiniz? Rədd ol başımdan. (Getmək istəyir)

Qodunov (onu qarşılayıb). Pəncəmdən qurtara bilməzsən. Yaxşı düşün!

Zəhra. Düşünməyə ehtiyac yox, rədd ol!

Qodunov. Acı mənə, Zəhra, nicat ver mənə!

Zəhra. Əl çək, alçaq!

Qodunov. Yaşıl dağların sevimli çiçəyi, pəncəmdən qurtara bilməyəcəksən. (Yaxınlaşır)

Zəhra (onun qılıncını qılafından dartıb çıxarır). Mən daha qorxmuram, alçaq!

Qodunov. Axmaq, bu səs-küy nəyə lazım? Bu çocuq hərəkətləri nəyə gərək?

Zəhra (bir az düşündükdən sonra kənara çəkilib özü-özünə). Burada bir nicat yolu var. (Qodunova) Bura bax, sənə bağlı olmayan bir qəlbi məcbur etmək olmaz. Sən onu heç bir zaman ələ gətirə bilməyəcəksən. Amma o, Jirikovu həmişəlik itirəcək. Mənə kömək et!

Qodunov. Nə olmuş, Zəhra?

Zəhra. Mən ondan nifrət edirəm, onunla yaşamaq istəmirəm. Onu sən də sevməyirsən, bilirəm, fikrimiz birdir. Nicat ver mənə.

Qodunov. Mən nə edə bilərəm?

Zəhra. Məni bu qaladan çıxar. Qaradavoylar səni tanıyır. Atları yəhərləyək, səyahət bəhanəsilə qaladan çıxaq. Mən də sənin yağmurluğuna bürünərəm. Qaravullar məni tanımaz.

Qodunov. Anladım, sən qaçmaq istəyirsən.

Zəhra. Bu təsadüfə məgər sən heç bir qiymət vermirsən? Bu xaindən intiqam almaq istəmirsənmi? O mənə bir qul, bir əsir kimi baxır.

Qodunov. Gözəl fikirdir, hazıram, Zəhra!

Zəhra. Söz verirmisən?

Qodunov. Verirəm. Heç olmazsa onun səadət bağçasından mən də bir çiçək qoparım. Onun qəlbinə öz əlimlə mən də bir yara vurum. Bu iş məni son dərəcədə sevindirir.

Zəhra. Elə isə al qılıncını! (Qılıncı verir)

Qodunov (qılıncı alırkən). Səadət bölgüsündə mənə ancaq boş qılaf qalır. Gedək, Zəhra, gedək!

Zəhra. Gedək! (Çıxırlar).

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dan yeri sökülür, hər tərəf rəngin

Dan yeri sökülür, hər tərəf rəngin,Şəfəqdən don geydi dağ, dərə əngin.

1 мин
İstəkli nəvəm Ülkərə

Bir gün səhər dalmışdım ulduzların seyrinə,Gözləyirdim üzümə haçan gülər Ülkərim.

19581 мин
Tülkü və xoruz

Bir it ilə bir xoruz köçdən qalmışdı. Bunlar bir-biri ilə dost olub çöldə yaşayırdılar. Gecələr xoruz ağac başında, it də ağacın altında yatırdı.Bir gün səhər dan yeri ağaranda xoruz ağac başında ucadan banladı. Yaxında ov axtaran bir ac tülkü xoruzun səsini eşidib gəldi. Ağac altında çömbəlib gözlərini xoruza dikib oturdu. Sonra mehriban səslə dedi:

1 мин
Dəvə və siçan

Bir dəvə qatarından ayrılıb çöldə tək qalmışdı, iştaha ilə qanqal yeyirdi. Bu aralıq bir siçan yuvasından çıxmaq istərkən dəvəni gördü. Əvvəlcə qorxub çəkildi. Sonra bir müddət durub o zorba heyvana heyrətlə tamaşa etdi. Bir az ürəklənib yaxın gəldi, dəvənin boynuna bağlanmış kəndirlə oynamağa başladı. Sonra kəndiri tutub çəkdi. Dəvə yerindən hərəkət etdi. Dəvə hərəkət etdikcə siçan ipi dartıb çəkdi. Siçan getdikcə dəvə də itaət edib onun ardınca gedirdi. Siçan özözünə lovğalandı: “Sən bu siçan bəydə hünərə və igidliyə bax, bu zorbalıqda heyvanı çəkib aparıram”. Dəvə eşidib dinməli.Onlar gəlib bir çaya çatdılar. Siçan dayandı, bir çaya baxdı, bir də dəvəyə. Dəvə dedi:

1 мин

Стихи других поэтов